Modern.az

And pozulmaz

And pozulmaz

Aktual

6 Dekabr 2018, 21:00

Mahir QABİLOĞLU                                                          

 

Ağlım kəsəndə anladım ki, mən SSRİ boyda dövlətin vətəndaşıyam. Həmyaşıdlarım kimi SSRİ-nin gerbini, bayrağını tanıyırdım, himnini əzbərdən bilirdim. Amma 15 müttəfiq respublikadan biri olan Azərbaycanımın nə himnini öyrədirdilər, nə də gerbini, bayrağını divara asıb göz yaddaşımıza həkk edirdilər.


2-ci sinifdə oxuyanda Lenin muzeyində oktyabryata keçirtdilər. Nə bayrağımıza and içdik, nə də himn oxuduq. And yerimiz Lenin “baba”nın büstü oldu. Döşümüzə proletariatın rəhbərinin uşaqlıq əksi olan ulduz taxdılar. İbtidai sinfi bitirəndən sonra isə pioner olduq. Yenə də Lenin muzeyinə apardılar. Lenin “baba”mızın büstü önündə söz verdik ki, Vətənimizi həmişə sevəcəyik və onun keşiyində dayanacağıq. Şeypurlar səsləndi, barabanlar gurladı. Boynumuza qırmızı qalstuk bağladılar, döşümüzə Leninin əksi olan, “Vseqda qotov” sözləri yazılmış nişan taxdılar. Sonda komsomol katibi qışqırdı: “Hazır ol!”. Biz də xorla cavab verdik: “Həmişə hazır!” Demə bu, pionerin devizi imiş.

Beləcə çevrilib olduq pioner. Elə ki, səkkizinci sinfə çatdıq, dedilər ki, artıq böyümüsünüz, komsomol olmaq vaxtıdır. Sıraya düzdülər, qalstuku boynumuzdan çıxarıb, döşümüzə üstündə Leninin əksi və «ВЛКСМ» abbreviaturası yazılan bayraq şəkilli nişan taxdılar. Üstəlik kitabça da verdilər. Başladıq ayda 2 kopeek üzvlük haqqı verməyə. 9-10-cu siniflərdə Hərbi hazırlıq dərsləri keçdik, Hərbi Komissarlıqda “çağırışçı” kimi qeydiyyata alındıq. Nəhayət, 18 yaşında hərbi xidmətə çağrıldıq. Leninin büstü və SSRİ bayrağı önündə and içdik. Əlimizdə də silah. Bu and ömürlük bir and idi – Vətənə sədaqət andı. Bu andı pozmağa görə həbs cəzası vardı. Müharibə şəraitində isə ölüm hökmü. Əsgərlik illərində həm də kommunust oldum.

Qulluğumu başa vurub geri universitetə qayıtdım. Yenidənqurma, mitinqlər başladı. Universitet tələbələri olan bizlər bu hərəkatın önündəydik. 7, 10, 15, 21 yaşlarında qarşısında söz verdiyim, 18 yaşında diz çöküb öpərək, Vətənə sədaqət andı içdiyim sovet bayrağını elə Leninin adına daşıyan meydanda, onun əzəmətli heykəli önündə yerə atıb tapdaladım. Bir az keçəndən sonra əzəmətli heykəlləri böyrü üstə yıxaraq Leninin boynuna minib şəkil də çəkdirdik. Sərhəd tellərini qırıb dağıtdıq. Bakıya ordu yeritdilər. Təzəcə əsgər andı içənlər andlarına xilaf çıxan bizləri qanına qəltan elədi. Etiraz etdik. Etiraz əlaməti olaraq isə partiya biletlətlərini yandırdıq.

Əvəzində müstəqilliyi qazandıq, yeni nəslə ərmağan elədik. İndi 28 ildir ki, yeni nəsil yetişir. Öz dövlətinə sədaqət andı içir. Bayrağını öpür, himnini oxuyur. Uğrunda şəhid olur, sağlamlığını itirir. Baxıram, gözlərim dolur. Bu vətən mənim vətənimdir. Ovaxtkı bütün yaşıdlarımın, məndən yaşca böyük olanların da Vətənidir. Özü də heç bir and içmədən. Bircə fərqimiz var. Mən dörd dəfə Leninə söz vermişəm, SSRİ adlı dövlətin bayrağına and içmişəm, sonra isə andımı pozmuşam. Çünki məcburi and içdiriblər. Deyiblər ki, “Söz verin!” – söz vermişik. Deyiblər “And için!” – And işmişik. Ucdantutma və yaş hədlərinə görə.

And ürəkdən gəlməlidir. Gənclərin isə əsgəri xidmətə hazırlanmasında 7 yaşını qeyd edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rolu böyükdür. Bunu tək mən demirəm, hamı deyir.

And müqəddəsdir. Andınızı heç vaxt pozmayın, ey müstəqil dövlətimin yeni vətəndaşları. Çünki siz öz dövlətinizin, ana torpağınızın bayrağına and içmisiniz. 

 

Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının  7-ci ildönümü münasibətilə elan edilmiş yazı müsabiqəsinə təqdim olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub