Modern.az

Habil Əliyevdən yeni əhvalatlar...

Habil Əliyevdən yeni əhvalatlar...

12 Noyabr 2011, 22:13

Azərbaycanda görkəmli sənətkar kimi tanınmış istedadlı kamança ustası Habil Əliyev həm də müdrik, hazırcavab və zarafatcıl söz adamıdır. Uzun illərdir  musiqiçilər, ziyalılar arasında onun lətifələri, atmacaları, məzəli söhbətləri gəzib dolaşmaqdadır.

Modern.az ötən günlərdə Habil Əliyevin duzlu-məzəli lətifələrindən bəzilərini oxucuların diqqətinə çatdırmışdı. Bu zarafatcıl söz adamının danışdığı daha bir neçə maraqlı əhvalatı sizə təqdim edirik:

***
Çox görüşlərim olub. Bir görüşümü isə həmişə xatırlayıram: Bakıdakı teatrlardan birinin binasında Tibb Universitetinin professor və müəllim heyəti, tələbələri ilə görüşüm keçirilirdi. Əvvəlcə mənim yaradıcılığım barədə məruzə oldu, neçə adam söz dedi. Sonra keçdilər sual-cavaba. Salonda əyləşmiş tələbələr bir-bir yerlərindən durub suallarını verirdilər. Mən də elə səhnədəcə mikrofonla onlara cavab verirdim.

Orta cərgədə bir tələbə ayağa durub, amiranə bir şəkildə müstəntiq kimi soruşdu:

- Yoldaş Əliyev, axı necə oldu ki, kamança çaldınız? Necə oldu ki, kamança alətini seçdiniz? Cavab verə bilərsinizmi?

Bunu deyib əyləşdi. Mən də bir müttəhim görkəmi aldım, büzüşüb məzlumlaşdım. Fağır, yazıq bir səslə dedim:

- Vallah, uşaq olmuşam, qanmamışam...

***

 
Ömrünün son aylarında Xan Şuşinski filarmoniyaya gəlmişdi. Dəstələşib söhbətləşirdik. Ətrafda adamlar dolu, çoxu da cavanlar idi. Xan Şuşinski sağa-sola baxıb, qəlyana astaca qullab vurub, başını tərpədə-tərpədə üzünü mənə tutub dedi:

- Ay Habil, filarmoniyaya nə çox oxuyan yığılıb?

 Mən də elə o dəqiqə dedim:

- Xan əmi, bunlar rayonlardan gələnlərdir. İnstituta girə bilməyiblər, əlacları kəsilib, boş qalmamaq üçün filarmoniyaya "giriblər".

***

Mən İranda olanda məclislərin birində qarşımda əyləşmiş kişidən soruşdum:

- Qardaş, təvəllüdün neçədir?

- Ağayi Habil, hüzurunuzda ərz edim ki, 1421-ci ildə Təbrizdə doğulmuşam.

Mən də təəccüb içində kişinin üzünə baxaraq dedim:

- Vallah, yaxşı qalmısan.

***

Görkəmli sənətkar Əlibaba Məmmədov, mən və Lütfiyar İmanov "Space" telekanalında xalq sənətimizin incisi sayılan muğama həsr olunmuş verilişdə çıxış edirdik. Mən söhbətin bir yerində üzümü tamaşaçılara tutub dedim:

- İndiki oxuyanlarımıza baxanda yazığım gəlir. Get-gedə tamam lütləşirlər. Vallah, qorxuram ki, bunlara soyuq dəyə...

***

Günlərin birində səhərin gözü açılmamış qapımın zəngi aramsız çaldı. Qapıda orta yaşlı bir dilənçi qadını görüb dedim:

- İmkan verin, səhərin gözü açılsın də.

Dilənçi qadın kefini pozmadan, bir az da ədalı tərzdə mənə "notasını" verdi:

- Bu qədər yatmaq olar?! Vaxtında durun da!!!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir