Modern.az

“Bu qədər gəncin işsiz qalması doğru deyil” - Marneuli azərbaycanlıları gələcəyə ümidlə baxır - REPORTAJ

“Bu qədər gəncin işsiz qalması doğru deyil” - Marneuli azərbaycanlıları gələcəyə ümidlə baxır - REPORTAJ

8 Dekabr 2018, 10:14

Marneuli bələdiyyəsi Gürcüstanda azərbaycanlıların say baxımından ən çox yaşadıqları rayondur. 1 şəhər, 1 qəsəbə və 72 kənddən ibarət Marneulidə 2014-cü ilin siyahıyaalınmasına görə 87 mindən artıq azərbaycanlı yaşayır. Bu, bölgənin ümumi əhalisinin 83,77%-i deməkdir. Bələdiyyə mərkəzindən paytaxt Tbilisiyə təxminən 45 kilometr məsafə var.

 

Modern.az-ın əməkdaşı Marneulinin rayon mərkəzinə səfər edərək, yerli sakinlərlə söhbət edib. Onlar rayondakı sosial-iqtisadi vəziyyət barədə danışıblar. Marneuli azərbaycanlıları iş yerlərinin, iri fabrik-zavodların olmamasından şikayətlənsələr də, gələcəyə ümidlərini ifadə ediblər.       

 

Marneuli sakini Qara Muradov mebel ustasıdır. Ailə üzvləri ilə birlikdə hazırladıqları mebeli yerli sakinlərlə satmaqla dolanırlar:

 

“Alver çox zəifdir. Əvvəllər bundan yaxşı idi. Yaşlı adamlar pensiya ilə, qalan camaat isə mal-qara və bazar hesabına dolanır. Fabrik-zavod yoxdur. Yeni prezidentdən istəyimiz sakitçilik və dolanışığımızın yaxşı olmasıdır. Başqa bir istəyim yoxdur”.    

 

Hacı Çobanov təqaüdçüdür. Əvvəllər polisdə işləyib. Yaşlı nəslin əksər nümayəndələri kimi Sovet dövrünü xiffətlə xatırlayır:

“Sovet İttifaqının vaxtı ilə müqayisə etsək, indi vəziyyət elə də yaxşı deyil. O vaxt işlər çox idi. Amma İttifaq dağılandan sonra iş yerləri azaldı və hazırda sıfıra enib. Camaat əkinçiliklə, maldarlıqla dolanır. Pensionerlər isə 20 lari artımın olacağını gözləyə-gözləyə qalıb.

 

Amma Marneulidə hamı düz yolla pul qazanmağa çalışır, pis yola baş vurmurlar. Saakaşvilinin yaxşı işləri çox olub. İvanişvili də gələndən sonra yaxşı işlər görüb. Bir neçə dəfə rayona gəlib görüşlər keçirmişdi. Amma biz daha yaxşısını gözləyirik”.

 

Marneuli sakini Rza Vəliyev poçtalyondur. O, ailəsinin ticarətlə məşğul olduğunu deyir. Rzanın fikrincə, hakimiyyətdə hansı partiyanın olmasının sadə insanlar üçün elə də ciddi fərqi yoxdur:

 

“Marneulidə işlər zəifdir, əksər gənclər işsizdir. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, mən əvvəlki həyatıma davam edəcəm, eyni işdə çalışacam. Böyük vəzifədə işləyən insanlar üçün hökumətin dəyişməsinin fərqi var, sadə xalq üçün yox. Hökumətdən istəyim odur ki, zavod-fabrik açsın. Bu qədər gəncin işsiz qalması doğru deyil”.         

 

Şükür Atakişiyev isə Marenuliyə yeni qayıdanlardandır. O, 20 ilə yaxın Azərbaycanda yaşayıb.

 

“İş yeri çox deyil. Əhali təsərrüfatla, əkin-biçinlə məşğul olur. İşsizliyə görə Avropaya, xüsusən Polşaya gedənlərin sayı artıb. Özüm 1998-ci ildən 2017-ci ilə kimi Azərbaycanda yaşamışam. Görürəm ki, artıq burada yaşamaq mümkündür, Marneulidən heç yerə gedən deyiləm”.  

 

Marneulidən Sadaxlıya gedən yolda yerləşən Şulaveri kəndi çoxmillətli kənd sayılır. Hazırda əhalinin mütləq çoxluğu etnik azərbaycanlılardan ibarət olsa da, kənddə erməni və gürcülərin də sayı az deyil. Axşam düşdüyü üçün kənd sakinləri gözə çox dəymirdi. Buna baxmayaraq, onların bir neçəsi Modern.az-ın suallarını cavablandırmağa razı oldu.

 

Qəssablıqla məşğul olan Ayxan Həsənov kənd sakinlərinin hərəsinin bir yolla yaşamağa çalışdığını dedi:

“Türkiyəyə işləməyə gedənlərin sayı az deyil. Hərənin bir işi var – kimisinin marketi var, kimisə çöldə-bayırda, mal-qara saxlamaqla dolanır. Ümumilikdə yaxşı yaşıyırıq, pis yaşamırıq. Millətlərarası problemlər də yoxdur. Hamı başını aşağı salıb öz işi ilə məşğul olur.

 

Kənd təsərrüfatı ilə məşğul olan Malxaz Davitadze də kənddəki vəziyyətdən razılıq edib:
 

“Kənd təsərrüfatı ilə məşğul oluram. Şulaveridəki vəziyyət Gürcüstanın əksər bölgələrindən yaxşıdır. Torpaq var, iş var, ticarət var. Kəndin haradasa, 60-70%-i işlə təmin olunub. Aqrar ərazi olduğu üçün torpaq əkib-becəririk. Düzdür, qışda bir az çətinlik olur, amma o da düzələr. Kəndimizdə qaz var, işıq var və su xətti də çəkiblər. Əvvəl bunların heç biri yox idi. Yaşamaq olar. Burada topdan satış mərkəzi var, insanlar burdan mal alır və bütün Marneuli boyunca satırlar”.

 

Şulaveridəki milli münasibətlərə toxunan Davitadze kənddə bu tip söhbətlərin olmadığını deyir:

 

“Burada gürcü-erməni-azərbaycanlı və ya xristian-müsəlman söhbəti yoxdur. XXI əsrdə insanların gözləri açılıb. Qarabağ münaqişəsinin Şulaveriyə heç bir dəxli yoxdur. Kəndin əsas əhalisi azərbaycanlılardır və onlar həyatlarından razıdırlar”.  

 

Gürcüstanın ən böyük kəndi azərbaycanlıların kompakt yaşadığı Sadaxlıdır. Sadaxlı kəndinin 10 minə yaxın sakini var. Maraqlıdır ki, seçicilərinin sayına görə, kənd Gürcüstanın 6 rayonundakı seçici sayını üstələyir.

 

Sadaxlı Ermənistanla sərhəddə yerləşir. Uzaqda Ermənistanın Baqrataşen kəndi və Gürcüstanla sərhəd-keçid məntəqəsi yerləşir. Kənd sakinləri söhbət zamanı Sadaxlının ortasından keçən magistral yolu insanlar üçün əsl “terror” mənbəyi olduğunu vurğuladılar. Belə ki, Ermənistandan bu yolla Rusiyaya və əks istiqamətə sərnişin, mal aparan ağır yük maşınları çoxsaylı qəzalara səbəb olur.   


Marneuli bələdiyyəsinin Sadaxlı kəndindən seçilən bələdiyyə deputatı Rövşən İsgəndərov kəndin son illər inkişafda olduğu, ciddi sosial-infrastruktur layihələrinin həyata keçirildiyini söylədi:

 

“Sadaxlı günü-gündən inkişaf edir. 2004-cü ildə hakimiyyətə gələn “Vahid Milli Hərəkat” Partiyasının vaxtında Sadaxlı kəndi diqqətdən kənar qalıb. Amma “Gürzü arzusu”nun hakimiyyəti illərində kənddə Avropa standartlarına uyğun bağça inşa olundu, hazırda kənd məktəbinin yeni korpusunun tikintisi müzakirə olunur. Həmçinin, kənd yollarının, içməli suyun çəkilişi də 2013-cü ildə hakimiyyətə gələn “Gürcü arzusu”nun zamanında gerçəkləşib.

 

Keçmiş hökumətin vaxtında 2010-2012-ci illərdə qonşu Ermənistan sərhədi xeyli irəli çəkdi və 100 hektar ərazi, həmçinin, Təzəkənd deyilən yerdə 3 evi öz nəzarətləri altına aldılar. Torpaqlarımızı satdılar, göz yumdular. Şəxsən uşaqlığım keçən Musa bulağı adlı səfalı yer indi ermənilərin əlindədir.

 

Azərbaycan dövlətinə də, Gürcüstan dövlətinə də təşəkkür edirəm. Aralarında Sadaxlı gənclərinin də olduğu 3 minə yaxın tələbəmiz Gürcüstanın ali təhsil müəssisələrində oxuyur və SOCAR onların pulunu ödəyir. Amma dövlətimizdən bir xahişim də olacaq. Zəhmət olmasa bu ödənişi magistraturada oxyuna soydaşlarımıza da şamil etsinlər. Zatən orada 15-20 tələbəmiz magistr kimi təhsil alır. Bunu çox xahiş edərdim”.

 

“Gürcü arzusu” Partiyasının üzvü olan Rövşən İsgəndərov Sadaxlıdan keçən magitral yolun kənd sakinlərinə ciddi təhlükə saçdığını etiraf edib. O, bu illər ərzində kənddə ermənilərə mal aparan ağır yük maşınlarının iştirakı ilə ölümlə nəticələnən bir neçə yol qəzasının olduğunu deyib:
 

“Burada Eldar Əliyev adlı sakinimizin gözünün ağı-qarası Məhəmməd adlı oğlu var idi. Həmin 12 yaşlı məktəblini 20 yanvar günü Ermənistana gedən yük maşını vurub şikəst etdi.

Bu hadisə Saakaşvilinin hakimiyyət illərinə təsadüf edir. Həmin sürücünü o vaxt Gürcüstan hakimiyyəti məsuliyyətə cəlb etmədən, uşağın valideynlərinin  fikrini almadan azadlığa buraxmışdı. Ömrü boyu bizə pislik edən xalq 20 yanvar günü daha bir cinayət törətmişdi.

 

Bir dəfə kəndimizin ağsaqqalarından biri “TIR”ın alıtnda qalaraq can verdi. Gənc qadının onurğası sınmışdə, şikəst qaldı. Bu kimi hallar dəfələrlə olub. Çünki yük maşınları yüksək sürətlə hərəkət edir. Yaxınlarda Azərbaycanın da iştirakçısı olduğu “Yeni İpək Yolu” inşa olunur. Bu yol Sadaxlı üçün çox yaxşı olacaq. Belə ki, yük maşınları daha Sadaxlıdan deyil, həmən yoldan keçərək gedəcək”.


Rövşən İsgəndərov məhz Salome Zurabişvilinin Gürcüstanı Avropaya tam interqasiya edəcəyinə ümidini ifadə edib:

 

“Məzh Salome xanım bizi Avropaya daşıyacaq. O Avropada doğulub, Avropa təhsilli bir xanımdır. Onu həmişə dəstəkləyəcəyik”. 

 

Əli Cəlilov Sadaxlı kənd bələdiyyəsində mütəxəssis işləyir. O, kənddə həyata keçirilən sosial infrastruktur layihələrindən danışıb:

“Kənddə yeni yollar çəkilib. Bu probleminin tam həlli üçün gələn ilin büdcəsindən 1,8 milyon lari pul ayrılıb. Su quyusu qazılacaq, hovuz inşa olunacaq”.

Müsahibimiz kənddə gürcü dilini öyrənən uşalqarın sayının kəskin artdığını deyib:

 

“Bəli, gürcü məktəblərinə axın var. Hamı dövlət dilini yaxşı bilmək istəyir. Amma təhsilimiz kifayət qədər yüksək səviyyədədir. Mollaoğlu kənd məktəbindən ötən il 17 nəfər ali məktəblərə daxil olub. Sadaxlıda isə bu göstərici 27 nəfərə çatır. Azərbaycan dövlətindən də çox razıyıq. Bizi qazla təmin edirlər. Sadaxlıda iş yerləri yoxdur, camaat əsasən təsərrüfatla məşğuldur. Amma hər səhər kənddən cavanlarla dolu 2-3 avtobus Tbilisiyə yollanır və onlar orada işləyirlər”.        

 

Abbas Nağıyev isə su kanalında inkassator vəzifəsində işləyir:

 

“Yollarımız müəyyən qədər asfaltlanıb, çınqıllanıb. 1240 abonentimizə su çəkilib, hələ işlər davam edir. Küçələrimiz də işıqlandırılıb. “Gürcü arzusu” Partiyasının fəaliyyətindən çox razıyıq”.

Abbas Nağıyev Sovet İttifaqı dönəmində kəndin mədəniyyət evində Azərbaycandan gələn müğənnilərin tez-tez konsert verdiyini xatırladıb, amma hazırda belə tədbirlərin təşkil olunmamasından narazı qalıb.

 

Nurlan Əhmədov uzun illər Rusiyada yaşasa da, tarixi vətəninə qayıtmağa qərar verən soydaşlarımızdan biridir. O, Samaradakı tikinti şirkətlərindən birində menecer kimi çalışıb, hazırda isə Sadaxlıdakı yeganə uşaq bağçasının direktoru vəzifəsini tutur. Gələcəkdə yeni bağçanın tikiləcəyini gözləyir: 

 

“Sadaxlı kənd uşaq bağçasının direktoruyam.

 

Uzun illər Rusiyada yaşamışam, Samara şəhərində ali təhsil almışam. Tikitni şirkətində menecer idim. Gördüm ki, Gürcüstan Avropaya gedir, əslən doğulduğum Sadaxlı kəndində inkişaf var, geri döndüm. Şəxsi biznesim də var. Get-gedə kəndə qayıdan insanların sayı artır. Əvvəllər toy və dəfn mərasimlərində insanların azlığı gözə dəyirdi. Amma indi Gürcüstan tam fərqli ölkədir.

 

Bağçamızda 3 yaşa qədər uşaqlar ancaq azərbaycanca danışırlar. Amma 4, 5 və 6 yaşlarında onlara gürcü dili öyrədilir. Çünki dövlətin dilini bilmək çox vacibdir.

 

Planlarımızda ingilis və rus dillərini də tədrisə əlavə etmək niyyəti var. Hazırda bağçamızda 205 uşaq var. Tələb çoxdur deyə gələn ildən yeni bağçanın tikilməsi planlaşdırılır. Hətta məktəbdən 1-2 otaq da bizə ayrılacaq. Uşaqlarımıza gürcü dilini ləhcə olmadan öyrədirik. Amma bütün uşaqlar Gürcüstanın himni ilə yanaşı, Azərbaycanın himini də bilir. Mübariz İbrahimovun portretini çəkirlər”.


Bakı-Marneuli-Bakı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir