Modern.az

Allahşükür Paşazadə Ayaz Mütəllibovun əvəzinə necə qol çəkmişdi... - TARİX  

Allahşükür Paşazadə Ayaz Mütəllibovun əvəzinə necə qol çəkmişdi... - TARİX   

8 Dekabr 2018, 12:54

Azərbaycanın İslam Əməkdaşıq Təşkilatına üzv olmağından  27 il keçir

 

Azərbaycanın İslam Əməkdaşıq Təşkilatına (İƏT) üzv olmasından 27 ili tamam olur.  
1969-cu ildə Mərakeşdə müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmış İƏT 60-a yaxın dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər.

İslam Əməkdaşıq Təşkilatı BMT ilə sıx əməkdaşlıq edir. İƏT 1975-ci ildən BMT yanında müşahidəçi statusu alıb. 2011-ci ilin iyun ayında Qazaxıstanın paytaxtı Astanada keçirilmiş İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin 38-ci sessiyasının Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) dəyişdirilib.

 

Azərbaycan Respublikası da bu təşkilatın işində fəal şəkildə iştirak edir.27 il əvvəl SSRİ-nin müttəfiq respublikası olan Azərbaycandan İƏT-in Dakarda keçirilən sammitinə getmiş nümayəndə heyəti böyük risk hesabına ölkəmizi bu nufuzlu quruma tam hüququlu üzv edə bilmişdi.


Bəs bu tarixi hadisə necə baş verib?


İlk olaraq qeyd edək ki, sovet dövründə Azərbaycanın müsəlman ölkələri ilə münasibətləri normal səviyyədə olmayıb. 1980-ci illərə qədər bu əlaqələr çox məhdud idi. Əlaqələrdə böyük dəyişikliyin 1986-cı ildən başlandığını demək olar. 1986-cı ilin oktyabrında Azərbaycan SSR-in paytaxtı Bakıda Qafqaz Müsəlmanları Ruhani İdarəsinin  (indi QMİ) sədri Allahşükür Paşazadənin təşkilatçılığı ilə və  İslam Konfransı Təşkilatının himayəsi altında keçirilmiş “Müsəlmanlar sülh uğrunda mubarizədə” adlı beynəlxalq konfrans Azərbaycanın dünya müsəlmanlarının yeni əməkdaşlıq mərkəzinə çevrilməsində mühüm rol oynayıb.

Həmin il Bakıya 60 müsəlman ölkəsindən 600 nümayəndə gəlmişdi. 3 gün ərzində davam edən bu konfrans özünün siyasi mesajları və bəyanatları ilə azərbaycanlı müsəlmanlarının dünyadakı din qardaşları ilə həmrəyliyinin nümayişinə çevrildi.

 

Bakıda keçirilən bu konfrans Azərbaycanın müsəlman dünyası ilə yaxın əlaqələr qurmasında bir vəsilə oldu. Üstündən 5 il ötəndən sonra –1991-ci ilin dekabrında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin bilavasitə təşəbbüsü və təkidi sayəsində Azərbaycan SSRİ-nin müsəlman respublikaları arasında ilk olaraq, İslam Konfransı Təşkilatının (indiki adı İƏT – İslam Əməkdaşlıq Təşkilatı) üzvlüyünə qəbul edildi.

 

QMİ sədri müsahibələrinin birində 1991-ci ilin dekabrında ölkəmizin bu mötəbər quruma üzvlüyündə oynadığı rolu həyatının ən yadda qalan hadisəsi adlandırmışdı: Ən çox yadımda qalan hadisə hələ sovetlərin dağılmadığı vaxt, səhv etmirəmsə 1990-cı ildə Seneqalda İslam Əməkdaşlığı Təşkilatının toplantısında iştirakımla bağlıdır. Hələ SSRİ vardı, Azərbaycanın prezidenti Ayaz Mütəllibov idi. Seneqaldakı həmin toplantıda mən İranla, Pakistan baş naziri Nəvaz Şəriflə, Səudiyyə Ərəbistanı və daha bir çox dövlətlərin rəhbərləri ilə danışıqlar apardım. Və nəticədə bir il sonra Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatına üzv elədik. Hansı ki, hələ kommunist dövləti qalırdı”.


Araşdırmamız zamanı bu tarixi hadisənin bəzi təfərrüatlarını öyrənə bildik.  1991-ci ildəki Dakar sammitində Azərbaycanın quruma üzvlük məsələsi gündəlikdə olmayıb.  QMİ sədri Allahşükür Paşazadə ilə birgə sammitə Azərbaycanın o zamankı kommunist rəhbərliyinin rəsmiləri də gedib. Elə oradaca Azərbaycanı İKT-tə üzv etmək ideyası yaranıb. Lakin bunun üçün Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibovun razılğı və imzası zəruri idi. Nümayəndə heyətində olan kommunist rəsmilər bu müzakirənin başlanmasına qəti etiraz edirlər və şeyxə Bakıya qayıtmağı təklif edirlər. Lakin A.Paşazadə yaranmış fürsəti əldən buraxmamaq qərarına gəlir. O, prezident Ayaz Mütəllibovun adından sənədi imzalamaı qərara alır. Bu çox təhlükəli və riskli qərar idi. Çünki SSRİ hələ mövcud idi və bunun nəticələrinin necə olacağı dumanlı idi. Allahşükür Paşazadə ilə sammitə gəlmiş Azərbaycanın yüksək çinli hakimiyyət rəsmisi QMİ sədrini bu addımı atmaqdan çəkindirməyə çalışır, sammiti tərk edir və Bakıya qayıdır. 

Allahşükür Paşazadə isə Azərbaycanın İKT-yə üzv olması üçün ərizəni dövlət başçısı adından imzalayır.

Seyxülislam “Yeni Müsavat”a müsahibəsində bu prosesi belə xatırlayıb: “Adını demək istəmirəm. Çox cəhd etsəm də, həmin adam qalmadı, geri qayıtdı. Orda Azərbaycanı SSRİ tərkibində ola-ola İƏT-ə üzv etdik. Yeganə bir dəfə qanunu onda pozmuşam. Prezident Ayaz Mütəllibovun əvəzindən üzvlük sənədinə qol çəkdim. Azərbaycanı təşkilata üzv qəbul etdilər. Müsəlman dövlətlərinin rəhbərləri mənə yaxınlaşaraq hamısı bir-bir təbrik etdi. O zaman ilk dəfə Azərbaycanın müstəqilliyini hiss etdim. Azərbaycan əlifba sırasına görə başa keçirildi və bayrağımız birinci sıraya qoyuldu. O gün çox qürur duydum ölkəm, xalqım adına. İndiki kimi yadımdadır, həmin məmur mənə dedi ki, “evin yıxılsın, öz evini də yıxdın, mənim evimi də””.



Bu qərardan xəbər tutan rəsmi Bakı buna birmənalı yanaşmır. QMİ sədri isə baş verə biləcək təhlükəni adlamaq üçün üç gün Bakıya qayıtmır. Sonra SSRİ-nin dağılması ilə nəticələnən Belovejsk sazişinin imzalanması ilə siyasi ab-hava dəyişir və QMİ sədri Azərbycana qayıdır.


Bu, faktiki olaraq, 47 müsəlman dövləti tərəfindən Azərbaycanın müstəqil müsəlman ölkəsi kimi qəbul edilməsi, Qarabağ probleminin beynəlxalq müstəviyə çıxarılması demək idi. Toplantıda iştirak edən Türkiyə, Səudiyyə Ərəbistanı Krallığı, Əlcəzair, Misir və 20-yə yaxın ölkənin dövlət rəhbərləri ilə şəxsi görüşləri sayəsində Şeyxülislam Azərbaycanı həm İslam Konfransı Təşkilatının, həm də İslam İnkişaf Bankının tamhüquqlu üzvü etməyə nail olmuşdu. 

Məhz həmin toplantıda Pakistanın Baş Naziri Nəvaz Şərif ölkəsinin Azərbaycanın müstəqilliyini tanıdığını ilk olaraq rəsmən bəyan etmişdi.

 

90-cı illərin əvvələrində erməni təcavüzü ilə üz-üzə qalan Azərbaycan üçün o zaman İKT-nın dəstəyi mühüm faktora çevrilir. Həmin dövrdə ölkəmizin mövqeyin İslam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi. 1991-ci ildə İslam Konfransı Təşkilatının (İKT) nümayəndə heyəti problemi öyrənmək və münaqişəni sülh yolu ilə tənzimləmək imkanlarını araşdırmaq məqsədi ilə Azərbaycana səfərə gəlir. O zaman İKT BMT, Ermənistan, Türkiyə və Rusiyanın nümayəndələri ilə problemlə bağlı müzakirələr aparır. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqe İKT-nin Ermənistan ilə bu məsələyə dair hər-hansı məsləhətləşmələrinə son qoyur və təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İKT-nin yekdil və birmənalı mövqeyi formalaşır.

1992-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı İKT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin ənənəvi koordinasiya görüşünün yekun sənədində “Ermənistan-Azərbaycan münaqişəsinə dair” müvafiq maddə salınır. İKT üzv ölkələri xarici işlər nazirlərinin 1993-cü ilin aprel ayında Kəraçidə keçirilmiş XXI konfransında “Ermənistan və Azərbaycan arasında münaqişə” adlı qətnamə qəbul edir.



Mərhum prezident Heydər Əliyevin
1994-cü ilin dekabrında İKT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş VII Zirvə konfransında iştirakı və İKT Baş katibi, həmçinin bir sıra üzv dövlətlərin xahişi ilə Asiya ölkələri qrupu adından çıxışı Azərbaycanın mövqeyini təşkilat daxilində daha da möhkəmlətdi və üzv dövlətlər tərəfindən dəstəklənməsi imkanlarını artırdı. Bunun nəticəsində İKT Zirvə görüşləri tarixində ilk dəfə Kasablankada “Ermənistan və Azərbaycan arasında münaqişə haqqında” siyasi qətnamə qəbul olundu.

Zirvə toplantısında həmçinin Qarabağ münaqişəsi və Azərbaycana iqtisadi yardımın göstərilməsi ilə bağlı qətnamə qəbul olunur. Qərar BMT qətnamələrinin yerinə yetirilməsini və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edir.


Həmin ildən etibarən İKT-nin  BMT ilə əməkdaşlığı üzrə müzakirə edilən problemlər siyahısına “Ermənistan və Azərbaycan arasında münaqişə” mövzusu mütəmadi salınmağa başladı.


Həm İKT Baş Katibliyi, həm də üzv dövlətlərlə aparılmış məqsədyönlü iş nəticəsində, az müddət ərzində İKT çərçivəsində daha iki qətnamə: “Azərbaycan Respublikasına iqtisadi yardım” (İKT XİN XXII konfransı - 1994-cü il- Kasablanka və İKT VII Zirvə konfransı -  1994-cü il Kasablanka) və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” (İKT XİN XXVI konfransı - 1999-cü il Uaqaduquda və İKT IX Zirvə konfransı - 2000-ci il Doha) adlı qətnamələr İKT gündəliyinə daxil edilərək növbəti Zirvə və XİN konfranslarında Azərbaycan tərəfinin bir sıra əlavələri ilə bütün üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edildi.



İlk dəfə olaraq 1996-cı ilin dekabrında Cakartada keçirilmiş İKT Xarici İşlər Nazirlərinin XXIV Konfransında və 1997-ci ilin dekabrında Tehranda keçirilmiş İKT dövlət və hökumət başçılarının VIII Zirvə görüşündə siyasi qətnamənin adı dəyişdirilərək, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” başlığı ilə qəbul edildi. Bu, Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynadı.

Sözügedən qətnamə növbəti İKT XİN və Zirvə konfranslarında Azərbaycan tərəfinin bir sıra əlavələri ilə mütəmadi qaydada qəbul edilib.

Siyasi qətnamədə üzv dövlətlərin erməni təcavüzünü qətiyyətlə pisləməsi, işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılmasının tələb edilməsi, bu problemə dair Baş katibin ənənəvi illik hesabatları, İKT çərçivəsində keçirilən görüşlərdə qəbul edilən yekun bəyannamələrin müvafiq bəndlərində səsləndirilən müddəalar, habelə qondarma “Dağlıq Qarabağ Respublikasında” keçirilmiş müxtəlif qeyri-qanuni seçkilərin beynəlxalq hüquq normalarına zidd və İKT üzv ölkələri tərəfindən tanınmayan amil kimi qiymətləndirilməsi Ermənistanın İKT dövlətlərinə qarşı narazılığına səbəb olsa da, qurum öz mövqeyində ardıcıl olur. Qeyd olunan qərar və qətnamələr əsasında həm İKT qurumları, həm də üzv dövlətlər tərəfindən Azərbaycana o zaman çox vacib olan geniş humanitar yardım fəaliyyəti həyata keçirilmişdi.

 
8 dekabr 1997-cildə prezident Heydər Əliyev VIII İƏT sammitində iştirak etmək üçün Tehrana səfər edir. Səfər zamanı prezident İKT baş katibi İzəddin Laraki ilə görüşür. Tehran sammitində Azərbaycan Respublikasına iqtisadi yardımın göstərilməsi ilə bağlı növbəti qətnamələr qəbul edilir.

2000-ci illərdə də Azərbaycanın İKT ilə əlaqələri yüksək səviyyədə olub. Prezident İham Əliyevin 2005-ci ilin dekabrında İKT-nin Məkkədə keçirilmiş III fövqəladə Zirvə görüşündə iştirakı, onun təşəbbüsü ilə 2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda İKT xarici işlər nazirlərinin növbəti XXXIII konfransının keçirilməsi qeyd olunan siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər.


2006-cı il 4 oktyabr
tarixində İSESCO-nun prezidenti Osman əl-Tuvejri Azərbaycana səfərə gəlir. Osman əl-Tuvejri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı təhsil və mədəniyyətlərarası dialoqun inkişafı sahəsində xidmətlərinə görə İSESCO-nun xoşməramlı səfiri elan edir.

Həmçinin, 2008-ci ilin 10-11 iyun tarixlərində, “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilmiş beynəlxalq forumda iştirak edən İKT Baş katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim edir. Əlamətdar haldır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır. 

Qeyd etmək lazımdır ki, İKT qətnamələri Azərbaycan üçün yalnız siyasi əhəmiyyət daşımır, respublikamıza müsəlman ölkələri tərəfindən göstərilən humanitar, texniki və s. yardımın böyük bir hissəsi İKT konfranslarının qəbul etdiyi bu kimi mühüm sənədlər əsasında həyata keçirilir. Bu mötəbər beynəlxalq qurum tərəfindən qəbul olunmuş qətnamələrdə Ermənistanın Azərbyacana qarşı təcavüzü qəti şəkildə pislənilir və ondan işğalçılıq siyasətinə son qoymaq tələb olunur. 

İKT bu gün Azərbaycanın öz haqlı mövqeyini dünyaya çatdırılmasında və müsəlman aləmi ilə əlaqələrində etibarlı platformasıdır. 



A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?