Modern.az

Şəlvə sovməəsi - Laçının əsir abidələri - FOTO

Şəlvə sovməəsi - Laçının əsir abidələri - FOTO

8 Dekabr 2018, 16:07

Laçın rayonunda ən böyük kəndlərdən biri sayılan Şəlvə kəndi Şəlvəçayın vadisində yerləşir. Eyni adlı inzibati ərazi dairəsində yerləşən kəndin yaranması haqqında dəqiq bir tarix olmasa da orta əsr mənbələrində bu ada rast gəlinir.

 

Modern.az Karabakhmedia.az-a istinadən xəbər verir ki, Kənddə olan daş abidələrdə bunu sübut edir. Kəndin adının etimologiyasına gəldikdə isə yaşayış məntəqəsini ikiyə bölən Şəlvə çayın adından yaranması istisna deyildir. Mənası isə Azərbaycan dialektlərindəki şel– qol, budaq mənasında işlənmişdir. Sözün ikinci hissəsi olan ab – su sözünün yerli dialektə uyğun forması av/ava sözündən düzəlib, çay qolu, su qolu mənasını daşıyır.

Kənd dəniz səviyyəsindən 1540 m yüksəkliyindədir. Ən köhnə tikililər kəndin cənub tərəfində qərarlaşmışdı. Kəndin ərazisində XV əsrdə inşa edilməsi təxmin edilən Şəlvə sovməəsi daha çox diqqəti cəlb edir. Tikintinin inşa strukturu ətraf ərazilərdə olan bir nefli, mərkəz tipli bazilikası olan digər sovməələrlə səsləşir, memarlıq qruluşuna görə onlara daha çox bənzərliyi diqqəti cəlb edir. Onlar arasında əhəmiyyətli fərq yalnız qurbangahın apsisinin hər iki tərəfində keşiş cübbələrinin və kilsə avadanlığının saxlandığı yerlərin mövcud olmasıdır. Sovməədə işıqlandırma məsələsi pəncərələrlə həyata keçirilir. 4 pəncərənin üçü sovməənin şərq divarında, biri isə qərb divarındadır. Sovməəyə giriş tikilinin qərb tərəfindəndir. Yonulmamış yerli, eləcə də qəbirüstü abidə daşlarından və əhəng-qum qarışığından inşa edilən sovməə içəridən yaxşıca suvanmışdı. Şimal divarınıda yuxarıda ənənəvi qaydaya uyğun olaraq tarixçə yazılsada onu oxumaq mümkün deyil. Yerli şəraitə və materiallara uyğun olaraq divarlar yetərincə qalın şəkildə hörülmüşdür. Hətta qərb tərəfdə hörgünün qalınlığı bəzən 1,4 m-ə çatır. 

Qeyd etdiyimiz kimi sovməənin giriş qapısının üzərində timpanının üzərində olan yazı isə yoxdur. Daha doğrusu eroziyaya düçar olaraq müəyyən dəyişikliklərə uğramış və oxunmaz hala düşmüşdür. Həmçinin sovməənin şərq divarında, orta pəncərənin alt hissəsinə hörülmüş qəbirüstü daş üzərində də oxunması mümkün olmayan bir neçə yazı aşkar edilmişdir.

Sovməənin xaricdən uzunluğu 13,5, eni isə 8,5 metrdir. Sövmənin yenidən tikintisi üçün yerli təbbi daşlarla yanaşı əvvəllər onun ətrafında salınmış qədim qəbiristanlıqda olan məzar daşlarından da tikinti materalı kimi istifadə edilməsi açıq aydın görünür. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarı hesab edilsə də, əslində bu tikililərin ilk inşa tarixi bizim eranın xristianlıqdan xeyli əvvəlki dövrünə aid olan uçub-dağılmış (uçurulmuş) hər hansı bir tikilinin təməli üzərində yenidən inşa edilməsi ilə nəticələnmişdir.

Sovet hakimiyyəti illərində sovməədən müxtəlif vaxtlarda kolxoz və ya sovxoz üçün anbar kimi istifadə edilmişdir. Bu tarixi əhəmiyyətli sovməə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya əsasən dövlət tərəfindən 4741 №-li invetar kimi qeydiyyata alınmışdır. Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına adı əlavə edilmiş Şəlvə sövməəsinin XV əsrdə inşa edilməsi qeyd edilir. Yetərincə dəyərli memarlıq abidələri sırasına daxil olan sovməənin ərazisində təəssüf ki, heç bir vaxt hansısa xırdaca bir arxeoloji qazıntı işləri aparılmamışdır.

 

Şəlvə sövməəsi və ona yaxın ərazilərdə inşa edilmiş bu tip digər sövmələrin nədən hər hansı yaşayış məskəninin ərazisində deyil, məhz qədim qəbristanlıqların ərazisində, həmçinin hər hansı qədim bir tikilinin özülü üzərində inşa edilməsi məni daha çox düşündürür. Məncə sövməələrin bu ərazilərdə tikilməsinin əsas səbəbi bu yerlərə çox da yaxın olmayan ərazilərdə baş verən amansız müharibələrdən canını qurtaran xristianların uca dağların əlçatmaz yamaclarının keçilməz sıx meşəlik hissəsinə sığınaraq türklərlə birgə yaşamaları oldu. 

Getdikcə sayı artan xristian əhali qədimdən qalma irili-xırdalı bütün qeyri-xristian məbəd və tikililəri xristianlaşdırdılar. Türk əhali isə həm yaylağa və arana edilən köçlər, həm də tez-tez baş verən müharibələr səbəbindən nə bu prosesə qarşı çıxırdı, nə də onlara maneəçilik törətmirdilər. Bu proses zamanı qəbristanlıqların ərazisinin seçilməsi isə tikintinin asan və ucuz başa gəlməsi ilə yanaşı din pərdəsi altında apaılan tikinti işlərinə haqq, bəraət qazandırmaq olmuşdur. Tikinti işlərində təkcə tikinti qalıqları deyil, ərazidə ki, məzar daşlarından da istifadə edilirdi. Bu cür tikinti işləri XVI əsrin sonu XVII əsrin əvvəllrində son həddə çatdı.

Uzun sürən müharibə və qarətlərdən təngə gəlmiş yerli türklərin bir çoxu artıq qışı yaylaqda qalır, qışlağa dönmürdü. Bu səbəbdən də xristian əhali yavaş-yavaş bu əraziləri tərk etməyə başladı. XVIII əsrin ortalarında Qarabağ xanlığının yaranması bu ərazilərdə yaşayan xristian əhalinin (etnik mənşəcə albanlar) dağları tərk etməsi işini bir azda sürətləndirdi. Xanlığın tam möhkəmlənməsi və vergilərin toplanmasına başladıqdan sonra bu proses demək olar ki, başa çatdı. Və bundan sonra yerli türklərin islam dininə qulluq etməsindən məharətlə istifadə edən haylar bu sahibsiz qalmış kilsələri özününküləşdirərək, özləri üçün saxta tarix yaratmağa üstünlük verdilər.

XVIII əsrin ortalarından başlayaraq Rusiyanın himayəsi altında ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi Azərbaycan torpaqlarına köçürülməsinə başlandı. Bu köçürmələrdən qaynaqlanan erməni dövlətinin yaradılması heç də təsadüfi hadisə deyildir. Əsrlərlə davam edən bu siyasət hal-hazırda da davam edir. 18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Laçın rayonu, o cümlədən Şəlvə kənd ərazisində hayların qeyri-qanuni məskunlaşdırılması bu günkü yerli hay mətbuatında yetərincə etiraf edilir. Belə ki, Ermənistan KİV-nin verdiyi məlumata əsasən kənd ərazisinə yeni məskunlaşan hayların sayı həm köçürülmə, həm də doğum nəticəsində durmadan artır. 

Çoxəsrlik tarixi, mədəniyyəti, adət və ənənələri olan heyrətamiz kəndlərimizdən biri olan qədim Oğuz yaşayış məskəni - Şəlvə kəndinin maddi və mənəvi mədəniyyətinin əsas tərkib hissəsi olan bu tip daş abidələrin hay əsirliyinə düşdüyü bir qənirəyə yaxın dövr ərzində ki, taleyi haqqında bu gün dəqiq məlumatımız yoxdur. Yalnız işğaldan sonra haylar tərəfindən sərgilənən bir neçə şəkildən məlum olur ki, Şəlvə sovməəsi hələlik orta normal vəziyyətdə qalmaqdadır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı