Modern.az

“Agetch and Green Energy” beynəlxalq forumu başa çatıb

“Agetch and Green Energy” beynəlxalq forumu başa çatıb

12 Dekabr 2018, 18:19

Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə keçirilən “AgTech and Green Energy” Beynəlxalq Forumu başa çatıb.

 

ADA Universitetində keçirilən 2 gün davam edən foruma dünyanın 16-ya yaxın ölkəsindən 40-dək xarici mütəxəssis və 1100-dən çox iştirakçı qatılıb. “Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında keçirilmiş tədbir dünyanın müxtəlif ölkələrindən aqrar və yaşıl texnologiyalar üzrə ixtisaslaşmış ən uğurlu startapların, şirkət sahiblərinin, elm xadimlərinin və tədqiqatçıların, vençur kapitalistlərin, ölkəmizdə artıq bu sahələr üzrə uğur qazanmış yerli mütəxəssislərin marağını cəlb edib.

 

“AgTech and Green Energy” forumunda energetika və aqrar texnologiyaların gələcəyi, yeni innovativ ekosistemlər və digər mövzularda panel müzakirələri aparılıb, informativ sessiyalar keçirilib. Tədbir çərçivəsində həmçinin startaplar və fermerlər üçün seminarlar təşkil olunduqdan sonra bağlanış mərasimi baş tutub.

Bağlanış mərasimində kənd təsərrüfatı naziri İnam Kərimov, energetika naziri Pərviz Şahbazov, ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev, ABŞ-ın Stanford Universitetin prorektoru Paul Marca da ishtirak ediblər.

 

Forumda çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev tədbir iştirakçılarına təşəkkür edərək bildirib ki,  aqrar texnologiyaların inkişafı zamanın tələbidir və Azərbaycanda bu forumun keçirilməsi yaşıl enerji və aqrar texnologiyaların inkişaf etdirilməsinə təkan verərək, bəşəriyyətin üzləşdiyi qlobal problemlərin həllinə öz töhfəsini vermiş olub. Rektor rəhbərlik etdiyi ADA Universitetində də hazırda yaşıl enerjinin tətbiqi üçün addımlar atıldığını qeyd edib.

 Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov deyib ki, aqrar sahədə innovasiyaların tətbiqi şərtdir və zəruridir. Aqrar innovasiyalar istiqamətində görülən işlər fermerler və kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar üçündür. İnnovasiyaların tətbiqi fermerlerin problemlərini həll etməyə və məhsuldarlıqlarını artıraraq xərclərini azaltmağa imkan yaradır.

 

Nazir əlavə edib ki, forumun keçirilməsinə verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevaya, ADA Universitetinin rəhbərliyinə, beynəlxalq təşkilatlara, xarici və yerli tərəfdaşlara təşəkkür edib: “Bu tədbir eyni zamanda təcrübə mübadiləsi aparmaq üçün yeni platforma rolunu oynayır. Hesab edirik ki, Azərbaycan aqrar sahədə innovasiyaların daha çox tətbiq olunduğu lider ölkələrdən birinə çevriləcək”.

Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, ilk dəfə bu cür tematik mövzuda keçirilən beynəlxalq forumda müasir dövrdə uğurla tətbiq olunan aqrar və yaşıl texnologiyalar, onların energetika sektoruna və aqrar sahəyə tətbiqinin yaratdığı üstünlüklərdən bəhs edilib. Enerji effektivliyinə nail olmağın vacibliyini vurğulayan nazir bildirib ki, ölkədə bioresurslardan istifadə potensialı çox böyükdür, bu potensialdan, xüsusilə bərpa olunan və alternativ enerji mənbələrindən yararlanmaqla daha böyük fayda əldə etmək olar. Bu forum bioenerji layihələrinin təqdim olunması, startapların inkişafı baxımından yeni bir platforma rolunu oynamış olacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi