Modern.az

“Yeni qayda neftin qiymətindəki dəyişkənliyin büdcəyə təsirini minimuma endirməyi hədəfləyir”  

“Yeni qayda neftin qiymətindəki dəyişkənliyin büdcəyə təsirini minimuma endirməyi hədəfləyir”   

21 Dekabr 2018, 15:38

Dekabrın 18-də Prezident İlham Əliyev “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Maliyyə Nazirliyinin (MN) mətbuat xidmətinin rəhbəri Mais Piriyev Modern.az-a bildirib ki, büdcə qaydasının əsas hədəf göstəricisi olan icmal büdcə xərclərinin yuxarı həddi iki üsulla hesablanır və onlardan daha kiçiyi yekun göstərici kimi qəbul edilir:

“Birinci üsula əsasən icmal büdcə xərclərinin yuxarı həddi ölkənin Xalis maliyyə aktivləri (XMA) nəzərə alınmaqla icmal büdcənin xərclənə bilən neft gəlirləri, icmal büdcənin qeyri-neft gəlirləri və icmal büdcəyə digər daxilolmaların cəmi kimi hesablanır. İkinci üsul isə icmal büdcə xərclərinin yuxarı həddini cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinə 3%-lik nominal artım tempinin tətbiqi əsasında hesablayır”.

 

M.Piriyev qeyd edib ki, icmal büdcə xərclərinin bu qayda ilə hesablanmış yuxarı həddi icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti üzrə aşağıdakı hədəflərə uyğun olmalıdır:

“1) Hər il qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti əvvəlki ilin müvafiq göstəricisindən az olmalıdır;
2) Qeyri-neft baza kəsri orta və uzunmüddətli dövrdə qoyulmuş hədəflərə uyğun olmalıdır. Bu hədəflər ortamüddətli dövr üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən ediləcək.

Büdcə qaydasının tətbiqi dövlət büdcəsinin neft qiymətlərindəki volatillikdən asılılığının azaldılmasına və fiskal intizamın əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə töhfə verəcək”.


Nazirlik rəsmisinin sözlərinə görə, dövlət maliyyə idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə 2018-ci ildə qəbul edilən struktur islahatlar, xüsusilə də 2020-ci ildən başlayaraq dövlət büdcəsinin Orta Müddətli Xərclər Çərçivəsi əsasında qurulması artıq dayanıqlı fiskal çərçivənin və yüksək dərəcədə fiskal intizamın olmasını tələb edir:


“2019-cu büdcə ili üçün icmal büdcə xərclərinin yuxarı həddinin büdcə qaydası əsasında hesablanması da məhz daha təkmil fiskal idarəçiliyin əsasını qoyacaq.

Qaydanın tətbiqi ilə neft qiymətlərindəki volatilliyin büdcə gəlirlərinə təsirinin minimallaşdırılması hədəflənir, bu da indiyə qədər büdcənin neft gəlirləri və büdcə xərclərinin arasındakı müsbət dinamika ilə əlaqədar ortaya çıxmış büdcə siyasətinin protsikliyinin kontr-tsikliklə əvəz olunmasına imkan verəcəkdir. Büdcə siyasətində kontr-tsikliyə nail olmaq, yəni neft gəlirləri ilə büdcə xərclərinin dinamikasında tərs mütənasiblik neft gəlirlərindəki volatilliyin büdcə xərclərinə mənfi təsirlərinin önlənməsi baxımından əhəmiyyətlidir. Belə ki, neft gəlirlərinin kəskin düşdüyü dövrdə büdcə xərclərinin azaldılması ölkədə iqtisadi aktivliyin zəifləməsinə, neft gəlirləri artdığı dövrdə isə büdcə xərclərinin artması ilə yumşaq büdcə siyasətinin tətbiqi iqtisadiyyatın “ifrat hərarətlənməsi”nə yol açır. Təsdiqlənmiş büdcə qaydası neft gəlirləri azalan zaman ehtiyatlar hesabına büdcə xərclərinin kəskin azalmasının, neft gəlirləri yüksəldikdə isə gəlirlərin Dövlət Neft Fondunda ehtiyatların toplanmasına yönəldilməsi ilə büdcə xərclərində kəskin artımın qarşısını almaqla büdcə siyasətinin neft qiymətlərindən tərs mütənasibliyini təmin edilməsinə yönəlib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir