Modern.az

Bakı Musiqi Akademiyasında erməni plagiatlığı müzakirə olundu  

Bakı Musiqi Akademiyasında erməni plagiatlığı müzakirə olundu   

21 Dekabr 2018, 16:25

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi-tədqiqat laboratoriyasının növbəti elmi seminarı keçirilib.
Modern.az-ın məlumatına görə, seminarda aparıcı elmi işçi, dosent Ariz Abduləliyevin “Azərbaycan xalq mahnı və rəqsləri erməni saxtakarlığının hədəfində” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Azərbaycan musiqisinə qarşı erməni bəstəkarları, musiqişünasları, ifaçıları tərəfindən on illərlə həyata keçirilən məqsədli plagiat, mənimsəmə, özününküləşdirmə, oğurluq və yalan faktları üzərində dayanılıb.

Erməni saxtakarlığının musiqişünaslıq və etnomusiqişünaslıq metodları ilə araşdırılmasının, sübut  və ifşa olunmasının musiqi ictimaiyyəti qarşısında vacib və aktual məsələ kimi dayandığı diqqətə çatdırılıb.

Məruzəçi bu istiqamətdə ilk olaraq, erməni klassik bəstəkarı Komitasın fortepiano üçün altı nümunədən ibarət “Rəqslər” toplusunda (Moskva, 1939 ) dörd  Azərbaycan, iki Ərzurum xalq rəqsinin “erməni rəqsi” adı ilə nota yazıldığını müqayisə və təhlillərlə ifşa edib. Xalq rəqslərimizin qədim nümunələrindən “Otuziki” (digər adı “Toy rəqsi”), “İnnabı”, “Aşqabadı” (digər adı “Şuşa maralı”) bu məcmuədə “Eranqi Eravanskiy”, “Unabi Şuşinskiy”, “Marali Şuşinskiy” adı ilə yer almışdır. “Nə baxırsan, yanı-yanı” xalq mahnımız isə “Eranqi Vaqarşapatskiy” adı ilə rəqs kimi nota yazılıb.

Bəstəkar, pedaqoq, SSRİ xalq artisti A.Babacanyanın piano üçün 1978-ci ildə yazdığı “Elegiya” pyesinin xanəndələrimiz tərəfindən Füzulinin məşhur qəzəlinə oxunan “Şur təsnifi”, “Vaqarşapat rəqsi” pyesinin (1948) qədim “Otuziki” rəqsimiz, E.Petrosyanın “Axalsix kadrili”nin isə “Koroğlu havası” olması seminarda sübuta yetirilib. Bu nümunələrdən vaxtilə Ü.Hacıbəyli öz opera və musiqili komediyalarında sitat kimi istifadə edib.


A.Abduləliyev həmçinin bəstəkar və pedaqoq E.İ.Baqdasaryanın İrəvanda 1974-cü ildə “Ayastan” nəşriyyatında çap olunmuş “Erməni rəqsləri” not məcmuəsi haqqında ətraflı məlumat verib. Məcmuədə 41 nümundən 22-sinin Azərbaycan xalq rəqsi olduğunu konkret dəlillərlə aşkar edib. Məsələn, “Əndican” rəqsimiz həmin məcmuədə “Naz par”, “Aşqabadı” rəqsimiz “Nunufar”, “Qızılgül” rəqsimiz “Djeyranı”, “Naz eləmə” rəqsimiz “Erevanskiy trınqı”, “Vağzalı” rəqsimiz “Qyumriyskiy tanets”, “Şağani” rəqsimiz “Şutoçnıy tanets”, “Dərvişi” rəqsimiz “Zanqequri”, “Xançobanı” rəqsimiz “Zurna trınqi”, “Turacı” rəqsimiz “Javoronok” adı ilə  və erməni rəqsi kimi nota yazılıb “Tərəkəmə”, “Şalaxo”, “Uzundərə”, “Köçəri”, “Ənzəli”, “Fincan” rəqslərimiz isə eyni adla, lakin yenə də erməni rəqsi kimi məcmuəyə daxil olunub.


Məruzə zamanı erməni not toplularındakı “eranqi”, “trınqı” sözlərinin musiqimizdəki “rəng”, “diringi” termin və nümunələrindən əxz olunduğu bildirilib.

Seminarda BMA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Xalq artisti, professor Ramiz Quliyev, Respublika Bilik Fondunun məsul işçisi Ramilə Qurbanlı, elmi laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Mədəniyyət naziriliyinin mütəxəssisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, Milli Konservatoriyanın professoru Fəttah Xalıqzadə, rəqs sənətinin tədqiqatçısı, fəlsəfə doktoru Rauf Bəhmənli və başqaları çıxış edərək, mövzu ətrafında fikir mübadiləsi aparıblar. Faktlar əsasında verilənlər bazasının yaradılması təklif olunub.

Tədbir iştirakçıları Azərbaycan musiqisinə qarşı erməni saxtakarlığının nüfuzlu beynəlxalq jurnallar və tədqiqatlar vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasının, elmi əsaslarla araşdırımasının vacibliyini vurğulayıblar.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?