Modern.az

İlham Əliyevin iqtisadi islahatları uzun müddət inkişafı təmin edəcək  

İlham Əliyevin iqtisadi islahatları uzun müddət inkişafı təmin edəcək   

24 Dekabr 2018, 08:29

Hər bir ölkədə onun inkişaf səviyyəsindən və dövrün tələbindən asılı olaraq daim iqtisadi islahatlar həyata keçirilir. İqtisadi islahatlar isə iqtisadi sistemləri və formaları səmərəli dəyişməyə yönəlmiş mürəkkəb və çoxmərhələli bir prosesdir.

İstənilən iqtisadi islahatın əsas məğzi onun innovasiyalı xarakter daşımasıdır. Çünki hər bir islahat başqasını təkrar etmir, onun həyata keçirilməsinin özünəməxsus xüsusiyyəti və şərtləri olur.

SSRİ dönəmində də müxtəlif vaxtlarda müəyyən islahatlar aparılırdı. Lakin 1991-ci ildə suverenliyini bərpa edən Azərbaycanın qarşısında demokratik dövlət quruculuğu və sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtisadiyyatın formalaşdırılması kimi vəzifə dururdu. Bu vəzifələrin öhdəsindən gəlmək üçün ölkədə iqtisadi islahatlara ilk növbədə qiymətlərin və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasından başlandı.

Həmin dövrdə aparılmış sistemsiz və elmi əsaslara söykənməyən zəif iqtisadi islahatlar və tədbirlər, habelə 1991-ci ildən 1993-cü ilin ikinci yarısına kimi ölkədə səriştəsiz idarəetmə nəticəsində müstəqilliyin ilk ilindən başlayan iqtisadi tənəzzül nəinki aradan qaldırılmadı, hətta 1995-ci ilə kimi davam etdi. O dövrdə ümumi daxili məhsul istehsalı hər il 13-20 faiz azalmış, əhalinin pul gəlirləri real ifadədə 3,6 dəfə aşağı düşmüşdü. 1994-cü ildə inflyasiya səviyyəsi 1763,5 faiz olmuşdu. Bu da onunla əlaqədar idi ki, iqtisadi islahatlara sosial-psixoloji, normativ hüquqi, kadr, təşkilati, texniki, informasiya və iqtisadi-metroloji fəaliyyət komponentlərini özündə cəmləşdirən və iqtisadi islahatın nəzəri əsaslarını əxz edən layihə hazırlanmadan başlanmışdı. Digər tərəfdən, ölkədə mövcud olan siyasi qeyri-sabitlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, düşünülməmiş pul-kredit, vergi-büdcə, maliyyə-bank və xarici ticarət siyasəti tədbirləri dövlətin real iqtisadi imkanları ilə uzlaşmadığından istehsalın kəskin azalmasına və inflyasiyanın sürətlənməsinə təkan verirdi. Heç də təsadüfi deyil ki, həmin dövrü, sözün həqiqi mənasında, müstəqil Azərbaycan Respublikası iqtisadiyyatının tənəzzül dövrü adlandırırlar.

Belə bir ağır siyasi, iqtisadi və sosial şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü ilin 15 iyununda Azərbaycan Respublikasının Ali Sovetinin Sədri seçilməklə hakimiyyətə qayıdan ümummulli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla müharibədə atəşkəsə nail olundu və 20 sentyabr 1994-cü ildə bir çox tanınmış xarici neft şirkətləri ilə "Əsrin müqaviləsi” bağlandı. Bununla da iqtisadi inkişafa zəmin yaradan siyasi sabitlik bərqərar oldu və 1995-ci ildən başlayaraq iqtisadi tənəzzülün qarşısı alındı və ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən böyük nailiyyət isə ondan ibarət oldu ki, həmin dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu modelin, başqalarından fərqli olaraq, əsas xüsusiyyətlərini iqtisadi siyasətin sahələrarası əlaqələndirilmiş proqramlar üzrə həyata keçirilməsi, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarının və milli mentalitetin nəzərə alınması, gələcəyə hesablanan qərarların qəbul edilməsi, sosialyönümlüyün gözlənilməsi və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil edirdi.

İqtisadi sahədə islahatların bu model üzrə ardıcıl və sistemli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun olaraq ilk növbədə müvafiq qanunvericilik bazasının yaradılması üçün əsaslı işlər gördü. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahənin bazar münasibətlərinə uyğun tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edildi, 100-dən çox fərman və sərəncam imzalandı, 30-dan yuxarı dövlət proqramı təsdiq olundu. Görülən tədbirlər nəticəsində çox qısa bir müddət ərzində Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf modelinin həyatqabiliyyətli və səmərəli olması öz təsdiqini tapdı. Belə ki, müstəqilliyinin ilk dövrlərindən başlayaraq dərin iqtisadi böhran keçirən respublikamızda 1996-cı ildən etibarən inflyasiyanın səviyyəsi 2-3 faizə kimi endi, ölkədə makroiqtisadi sabitliyə nail olunaraq dinamik iqtisadi inkişafı təmin etmək mümkün oldu. Bununla da kompleks və məqsədli xarakter daşıyan dərin iqtisadi islahatların aparılması üçün möhkəm və əlverişli zəmin yaradıldı.

İqtisadi islahatların gecikmədən həyata keçirilməsinin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayan ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə 1995-ci ildən islahatların ən mühüm istiqamətlərindən olan özəlləşdirilmə prosesi başladı. 1995-1996-cı illərdə qəbul edilmiş "Aqrar islahatın əsasları haqqında”, "Sovxoz və kolxozların islahatı haqqında” və "Torpaq islahatı haqqında” qanunlar əsasında sovxoz və kolxozların daimi istifadəsinə verilmiş dövlət mülkiyyətində olan torpaqlar və bu təsərrüfatlara məxsus əmlak özəlləşdirilməyə başlandı və proses qısa müddətdə başa çatdırıldı.

Torpaq islahatı nəticəsində 3,4 milyon nəfər və ya 873,6 min ailə torpaq payı aldı. Eyni zamanda ölkənin vahid torpaq fondunun (8,6 milyon hektar) 56,9 faizi (4,9 milyon hektarı) dövlət mülkiyyətində saxlanıldı, 23,4 faizi (2 milyon hektarı) bələdiyyə mülkiyyətinə, 19,7 faizi (1,7 milyon hektarı) xüsusi mülkiyyətə verildi. Bununla da daşınar və daşınmaz əmlak üzərində Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri bərqərar oldu və sahibkarlığın inkişafı üçün əlverişli şərait yarandı. Torpaq üzərində bu mülkiyyət münasibətlərindən asılı olaraq ailə-kəndli, kooperativ, səhmdar və məhdud məsuliyyətli cəmiyyətlər və digər formalı müxtəlifnövlü təsərrüfatlar fəaliyyətə başladı. Hazırda ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının 99 faizi torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsalanan təsərrüfatların payına düşür.


2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev ulu öndərin ölkəmizin hərtərəfli inkişafı üçün başladığı siyasəti keçən dövr ərzində uğurla davam etdirdi. Həmin tarixdən ötən 15 il ərzində Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan, özünün enerji təhlükəsizliyini təmin etməklə bir çox ölkələrin bu sahədə təhlükəsizliyinə töhfə verən və siyasi sabitliyə malik demokratik bir ölkə kimi tanınır. 1993-2017-ci illərdə ölkə iqtisadiyyatının inkişafı üçün əsas kapitala bütün mənbələrdən 217,3 milyard manat investisiya yatırılmışdır. Bu vəsaitin 55 faizindən çoxu istehsal təyinatlı obyektlərin tikintisinə sərf edilmişdir. Bunun nəticəsidir ki, məhsul istehsalı durmadan artır. Təkcə 2017-ci ildə 70,1 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 1995-ci ilin göstəricisindən 32,9 dəfə çoxdur.

Bu illər ərzində milli iqtisadiyyatın bazar prinsipləri əsasında qurulması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət, regionların və ayrı-ayrı iqtisadi və sosial sahələrin inkişafına dair dövlət proqramlarının uğurla icra olunması və müntəzəm olaraq aparılan zəruri islahatlar sayəsində ölkə əhalisinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Əhalinin sosial rifah halının yaxşılaşması yoxsulluğun azalmasına müsbət təsir göstərmiş və müqayisə olunan müddətdə yoxsulluq səviyyəsi 49 faizdən 5,4 faizə enmişdir. Həmin dövrdə məşğul əhalinin sayında da kəskin artım müşahidə olunmuşdur. İşsizliyin səviyyəsinin 2017-ci ildə cəmi 5 faiz təşkil etməsi bunun təsdiqidir.

Əhalinin sosial vəziyyətini səciyyələndirən əsas amillərdən biri də ölkə əhalisinin içməli suya olan tələbatının ödənilməsidir. Bu məqsədlə Prezident İlham Əliyevin təşəbbüsü ilə Oğuz-Qəbələ- Bakı su kəməri qısa müddət ərzində inşa edilmiş və bununla da paytaxtda içməli su problemi öz həllini tapmışdır. Bakı və Sumqayıt şəhərlərini içməli və texniki su ilə təmin edən Ceyranbatan su anbarında 2015-ci ildə yüksək məhsuldar ultrasuzgəcli sutəmizləyici qurğular kompleksinin tikintisi başa çatdırılmışdır ki, bu da Sumqayıt və Bakıətrafı qəsəbələrin su təminatını əsaslı surətdə yaxşılaşdırmışdır. Bu gün də ölkənin bütün ərazisində yeni su xətlərinin, nasos stansiyalarının, subartezian quyularının və digər qurğuların tikintisi, mövcud su və kanalizasiya xətlərinin təmiri genişləndirilir. Bunun nəticəsidir ki, hazırda ölkə üzrə mərkəzləşdirilmiş su təchizatı ilə təminat və 24 saat fasiləsiz su təminatı ölkə və Bakı şəhəri üzrə yüksək səviyyəyə çatmışdır.

Cənab İlham Əliyev prezidentliyinin ilk ilindən başlayaraq ölkə iqtisadiyyatının şaxələndirilməsi hesabına neftdən asılılığı azaltmaq üçün qeyri-neft sektorunun və onun əsas sahələrindən olan aqrar sektorun inkişafını təmin etməyi əsas vəzifə kimi müəyyən etmişdir. Bu vəzifənin yerinə yetirilməsinə nail olmaq üçün ilk növbədə ölkədə infrastrukturun yaradılmasına böyük ehtiyac yaranmışdır. Məhz Prezidentin 2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” bu problemin həllində əsaslı dönüş yaratmışdır. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair ilk dəfə qəbul edilmiş bu dövlət proqramı çox uğurla həyata keçirilmiş, ölkə ərazisində sosial-iqtisadi inkişafın təmin edilməsi üçün ilk növbədə daha çox ehtiyac duyulan infrastruktur və emal sənaye obyektlərinin yaradılması, habelə digər sahələrin inkişafını təmin edən tədbirlər icra edilmişdir. Proqramda nəzərdə tutulan bütün bu tədbirlərin vaxtında yerinə yetirilməsi isə ilk növbədə 2002-ci ildə təməli qoyulmuş və 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti nəticəsində ölkəyə böyük valyuta axınının başlaması olmuşdur. Bunun nəticəsində 2005-2007-ci illərdə Azərbaycan Respublikası dünyada analoqu olmayan 25-35 faiz illik iqtisadi artıma nail olmuşdur.

Ölkədə yaranmış böyük və davamlı maliyyə imkanlarından daha səmərəli istifadə etmək üçün yeganə düzgün siyasi və iqtisadi qərar həmin vəsaitin Prezident İlham Əliyevin təsdiq etdiyi dövlət proqramları çərçivəsində xərclənməsi idi. Hadisələrin sonrakı gedişi bir daha sübut etdi ki, İlham Əliyevin 15 illik prezidentliyi dövründə regionların sosial-iqtisadi inkişafına, yoxsulluğun azaldılmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına və müxtəlif sahələrin inkişafına dair qəbul olunan çoxsaylı dövlət proqramları vaxtında atılmış addımlar idi. Həmin sənədlərin icrası nəticəsində ölkəmizin davamlı və dinamik inkişafının möhkəm təməli qoyulmuşdur. Bununla da Azərbaycan qloballaşan dünya iqtisadiyyatında dinamik inkişaf edən, digər ölkələrin iqtisadiyyatının möhkəmlənməsinə töhfələr verən və siyasi sabitliyini təmin edən bir ölkə kimi özünəməxsus mövqe tutmuşdur.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, zamanın çağırışlarına uyğun olaraq, hazırda innovasiyalar tətbiq etmədən ölkə iqtisadiyyatını inkişaf etdirməyi təsəvvür etmək çox çətindir. İnnovasiya elmi-texniki tərəqqinin yeni texnologiyada və məhsulda öz əksini tapması kimi anlaşıldığına və dərin islahatlar strategiyasının əsasını təşkil etdiyinə görə müasir dünya təcrübəsinə yiyələnərək respublikamızda istehsal olunan məhsulların daha çox elmi tutumlu olması istiqamətində geniş işlər aparılır. Əlbəttə, yenilik dövlət dəstəyi olmadan inkişaf edə bilməz. Belə yeniliklərdən biri Sahibkarlığa Kömək Milli Fondunun yaradılması idi. Bu fond tərəfindən indiyə kimi sahibkarlara 2,2 milyard manat güzəştli kreditlər verilib, bu hesaba 163 min yeni iş yeri açılıb. İnvestisiya təşviqi mexanizminin tətbiqi sayəsində isə özəl sektor qeyri-neft sektoruna 2,5 milyard manat sərmayə qoyub. Bu sərmayələr nəticəsində ölkəmizdə dünya standartları səviyyəsində rəqabətədavamlı müxtəlif çeşiddə sənaye və kənd təsərrüfatı məhsulları istehsal edən sənaye parkları və aqroparklar inşa edilir.

Müasir dövrdə iqtisadiyyatın qeyri-neft sənaye sektorunun inkişafında sənaye və texnologiyalar parklarının yaradılması böyük əhəmiyyət kəsb edir. Prezidentin müvafiq sərəncamlarına uyğun olaraq dəyəri 3,6 milyard dollar olan Sumqayıt, Balaxanı, Qaradağ, Gəncə, Mingəçevir, Pirallahı və digər sənaye parklarının və məhəllələrinin yaradılması qərara alınmışdı. Bunlardan bir çoxu artıq fəaliyyət göstərir. Bu ilin may ayında Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, "Cənub qaz dəhlizi”nin və Sumqayıt Polipropilen Zavodunun açılışı oldu. Mingəçevirdə 750 nəfərin işlədiyi 2 böyük iplik fabriki məhsul verməyə başladı. Bu şəhərdə toxuculuq və tikiş fabriklərinin istifadəyə verilməsi istiqamətində də işlər sürətlə davam edir. Yaxın zamanda Sumqayıtda azot zavodunun istifadəyə verilməsi isə respublikamızı bu məhsulun idxalından azad edəcək və onun bir hissəsini xaricə satmaq imkanı yaradacaq. Bu müəssisələr tam gücü ilə işlədikdə həm də on minlərlə insan daimi və yüksək maaşlı işlə təmin olunacaq.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun və onun əsas sahələrindən biri olan aqrar sektorun inkişafı prioritet istiqamət kimi önə çəkilmişdir. Dövlətin maliyyə dəstəyi ilə hazırda 30 rayonda 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan çox olan 45 aqroparkın yaradılması üzrə böyük işlər görülür. Aqroparkların beşində birinci mərhələ üzrə işlər başa çatdırılıb və yaxın zamanda 14 aqropark istifadəyə veriləcək. İstifadəyə verilmiş aqroparklarda məhsuldarlıq ölkə üzrə müvafiq göstəricilərdən bitkiçilikdə 2-3 dəfə, heyvandarlıqda isə 4-5 dəfə çoxdur.

Müstəqilliyinin ilk dövrlərində iqtisadiyyatın inkişafını təmin etmək üçün xarici investorlara böyük ehtiyacı olan ölkəmiz indi xarici ölkələrə investisiya qoyur. Hazırda Türkiyənin, Gürcüstanın, Ukraynanın, Rumıniyanın və digər ölkələrin bir çox müəssisələri Azərbaycanın sərmayəsi əsasında fəaliyyət göstərir. SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmirdə inşa etdiyi "Star” Neft Emalı Zavodu 2019-cu ilin yanvar ayından tam gücü ilə fəaliyyət göstərəcək.

Davamlı və dinamik inkişafla dayanıqlı iqtisadiyyatı təmin etmiş Azərbaycan modeli qloballaşan dünya iqtisadiyyatının çağırışlarına uyğun olaraq daim təkmilləşir və zamanın tələbinə cavab olaraq modernləşir. İqtisadiyyatın Azərbaycan modelinin baslıca xüsusiyyətindən biri də yalnız bu gün üçün yox, həm də gələcək üçün möhkəm təməl yaratmaqdır. Bu məqsədlə "Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinin 2050-ci ilə qədər uzadılması haqqında müqavilə imzalanmışdır.

Bu gün abadlaşan bölgələrimiz, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakı, tikilən 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, 50-dən çox Olimpiya Mərkəzi, çəkilmiş 11 min kilometrdən çox yol, 250 mindən çox köçkün üçün salınmış 100-ə yaxın təzə qəsəbə, yeni yaradılmış enerji infrastrukturu, dinamik inkişaf edən və şaxələndirilən iqtisadiyyat - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etməyə yönəlmiş sistemli islahatlarla daim təkmilləşən iqtisadiyyatın Azərbaycan modeli dayanır. Bu modelin bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və İlham Əliyev tərfindən müasir tələblərə uyğun modernləşdirilərək inkişaf etdirilmişdir.

Son 15 ilin yekunları onu sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə formalaşan və dövrün müasir tələblərinə uyğun daim təkmilləşən sosialyönümlü iqtisadi siyasət ölkəmizin əldə etdiyi uğurları daha da möhkəmləndirəcək, uzunmüddətli gələcək inkişafımızı təmin edəcək.

 

Eldar İbrahimov,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri,
iqtisad üzrə elmlər doktoru
, professor

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi