Modern.az

Deputat Flora Qasımovanın köməkçisi: “Şəhid oğlu olduğumu böyük əksəriyyət bilmir”

Deputat Flora Qasımovanın köməkçisi: “Şəhid oğlu olduğumu böyük əksəriyyət bilmir”

Müsahibə

21 Noyabr 2011, 15:56

122 saylı Xankəndi seçki dairəsinin deputatı Flora Qasımovanın köməkçisi Səbuhi Gündüz oğlu Səmədov 1983-cü il iyulun 15-də Xankəndində anadan olub. 1990-cı ildə S.Vurğun adına Xankəndi şəhər 6 №-li orta məktəbin I sinfinə daxil olub. Məlum səbəblərdən – erməni qəsbkarlarının Azərbaycan torpaqlarına ərazi iddiaları və azərbaycanlılara qarşı həyata keçirdikləri mənfur siyasəti nəticəsində digər soydaşlarımız kimi o da doğma Xankəndindən, ata-baba yurdundan didərgin düşərək Bakıda məskunlaşıb. Bakı şəhəri, Nərimanov rayonu, BMLK-nın 200 saylı orta məktəbini bitirib. 2001-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olub. 2005-2006-cı illərdə könüllü olaraq həqiqi hərbi xidmətdə olub. 122 saylı Xankəndi seçki dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımovanın köməkçisidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Deputatın köməkçisi Modern.az-a müsahibə verib.

- Necə oldu ki, deputat Flora Qasımovanın köməkçisi təyin edildiniz?

- 122 saylı Xankəndi seçki dairəsindən deputat köməkçisi təyin olunmağımda həm Flora xanımın bu dairədən olan seçicilərlə sıx təmasda olması, həm də erməni separatçılarının başımıza gətirdikləri faciələri görən və yaşayan bir xankəndli kimi şəhid ailəsinin üzvü olmağım mühüm rol oynadı. 

- Deputat köməkçisi olmaq çətin deyil ki?

- Çətindir, çünki tam məsuliyyətli bir işdir. Həm məsuliyyətli, həm də şərəfli. Bildiyiniz kimi deputat köməkçisi deputatla seçicilər arasında əlaqə rolunu oynayır. Seçiciləri narahat edən məsələlərin, onların problemlərinin, eləcə də təkliflərinin deputata vaxtında çatdırılması başlıca amillərdəndir. Bəzən elə olur ki, deputat özü hər bir seçici ilə təmas qura bilmir, deputat köməkçisi isə seçicilərlə hər zaman ünsiyyətdədir. Odur ki, bu istiqamətdə var gücümlə çalışıram.

- Flora Qasımovanın təmsil olunduğu dairənin insanları ilə əlaqə saxlamaq çətin deyil ki?

- Baxmayaraq ki, 122 saylı Xankəndi seçki dairəsindən olan seçicilər respublikamızın 40-dan çox rayon və şəhərində məskunlaşıb və bu məsələdə pərakəndə məskunlaşma daha çox yer alır, onlarla əlaqə qurmaq o qədər də çətin deyil. Deputat tərəfindən seçicilərin məskunlaşdıqları şəhər və rayonlarda, kəndlərdə görüşlər keçirilir, onların təklifləri dinlənilir və problemlərinin həlli istiqamətində işlər görülür.

- Siz şəhid övladısınız... Atanızın dostları ilə əlaqələriniz varmı?

- Bəli, atam Səmədov Gündüz Hidayət oğlu ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə - 1992-ci il may ayının 8-də Şuşanın müdafiəsi zamanı qəhrəmancasına həlak olub. Daxili xidmət kiçik leytenantı olmaqla yanaşı, Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin III kurs tələbəsi idi.
Prezident İlham Əliyev cənablarının 30 iyun 2005-ci il tarixli 867 saylı sərəncamı ilə atama ölümündən sonra “Vətən uğrunda” medalı verilib. Həmin mükafat təntənəli surətdə daxili işlər naziri Ramil Usubov tərəfindən digər təltifolunanlarla yanaşı anama təqdim olunub.
Həmişə atamın tutduğu yolu layiqli övlad kimi davam etdirməyə çalışıram. Bu yolda atamın dostlarının həyat təcrübəsi və biliyi mənə həmişə kömək olub. Atamın dostları ilə əlaqələrim var və çalışıram ki, bu əlaqələr həmişə sıx və davamlı olsun.

-  İş yerində şəhid oğlu olduğunuzu bilirlərmi?

- Xeyr, böyük əksəriyyət bilmir. Mən şəhid oğlu olmağımla fəxr edirəm və bu fəxr hissinin gətirdiyi məsuliyyəti həmişə dərk etmişəm. Bu məktəb illərində də belə olub, tələbəlik illərində də, hərbi xidmətdə də və belə də davam edəcək. Amalım odur ki, əməlimlə, gördüyüm işlərlə cəmiyyətə yararlı olum.

-  Məcburi köçkün və şəhid ailəsinin üzvü kimi hal-hazırda məcburi köçkünlərin problemləri ilə bağlı sizi ən çox narahat edən məsələ nədir?

- Heç şübhəsiz ki, çətin mənzil şəraitində yaşayan məcburi köçkün ailələrinin problemləri “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın mərhələ-mərhələ həyata keçirilməsi ilə öz həllini tapacaq. Ölkə Prezidenti İlham Əliyevin məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılmasını daim diqqətdə saxlaması və bununla bağlı imzaladığı sərəncamlar hər bir məcburi köçkün tərəfindən sevinc hissi ilə qarşılanır.

Mən deyərdim ki, son zamanlar əsas problemlərdən biri ayrı-ayrı vətəndaşların qanuni mülkiyyətində məskunlaşaraq yaşayan məcburi köçkün ailələrinin həmin mənzil sahibləri tərəfindən məhkəmələrə verilməsidir. Nəticədə də mülkiyyətçinin mülkiyyət hüququnun tanınması əsas gətirilərək məhkəmə tərəfindən məcburi köçkünün yaşayış yeri ilə təmin olunmadan mənzildən çıxarılması qərarı verilir.

Mənzildən çıxarılmaqla mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəməyə verilən məcburi köçkün ailələrindən biri də mənim ailəmdir. Həm məcburi köçkün, həm də şəhid ailəsiyik.

Belə bir qərarın verilməsində isə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları əsas rol oynayır. Konvensiyanın 8-ci maddəsində hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malik olduğu bildirilir.
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi isə mülkiyyət hüququnu təmin edir. Orada göstərilir: "Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Onu da qeyd edim ki, Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 saylı sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət proqramı”nda qeyd edilib ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Təəssüflər olsun ki, möhtərəm Prezidentimizin təsdiqlədiyi sərəncamdan irəli gələn məsələlərin icrasına birinci instansiya məhkəmələrində əksər hallarda önəm verilmir və ya məhkəmə proseslərində təqdim edilməsinə baxmayaraq, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları daha çox önə çəkilərək bu sərəncamın mövcudluğu göz ardına vurulur, hətta belə bir sərəncamın olmaması fikri ortaya atılır. Nəticədə bir vətəndaşın hüququnun bərpa olunması digər vətəndaşın - həm məcburi köçkün, həm də şəhid ailəsinin hüquqlarını pozur. 

- Fəaliyyətinizin 1 ili nə ilə yadda qalan oldu?

- Seçicilərlə keçirilən qəbullar, görüşlər, onların bir sıra sosial problemlərinin həlli, işlə təmin olunma ilə bağlı müraciətlərin bir hissəsinin müsbət həll olunması, həmçinin 8 oktyabr 2011-ci il tarixdə Xankəndi poçt şöbəsinin açılışının həyata keçirilməsi fəaliyyətimizin qənaətbəxş hesab edilməsinə əsas verir. Hal-hazırda isə www.xankendi.az saytı hazırlanma mərhələsindədir.

Bəli, artıq 1 il geridə qaldı. 122 saylı Xankəndi seçki dairəsi 2005-ci ildə yaradılıb. Yeni yaradılan seçki dairəsi kimi problemlərin movcudluğu yox deyildir. Görüləcək işlər çoxdur. Torpaqlarından didərgin düşən qaçqın və məcburi köçkünlərimizin ən ali istək və arzusu öz ata-baba yurdlarına qayıtmaqdır. Lakin bu gün Xankəndi ziyalısının, gəncinin əsas problemlərindən biri konkret olaraq bir ünvana üz tutaraq öz fikrini ifadə etmək, onları narahat edən məsələlərlə bağlı müraciət edəcəkləri bir qurumun, nümayəndəliyin olmamasıdır. Respublikanın müxtəlif rayonlarında məskunlaşan xankəndlilərin bir-biri ilə əlaqələri zəifdir. Yaşlı nəsillə gənc nəsil arasındakı bağlılıq tellərinin daha da gücləndirilməsi, əhalinin bir-biriləri ilə daha sıx əlaqə qurmasına, onların təşkilatlanaraq respublikanın ictimai-siyasi həyatında daha fəal iştirak etməsinə, problemlərinin daha çevik həll olunması baxımından xankəndlilər üçün yeni bir icra qurumunun yaradılmasına böyük ehtiyac hiss olunur. Seçicilərlə görüşlərdə, həmçinin deputata ünvanlanan müraciətlərdə xankəndlilər tərəfindən mütəmadi olaraq bu məsələ qaldırılır.

P.S. Səbuhi Səmədovun atası Səmədov Gündüz Hidayət oğlu 1957-ci ildə noyabr ayının 17-də Xankəndində anadan olub. Daxili xidmət kiçik leytenantı Gündüz Səmədov 1977-1979-cu illərdə Sverdlovsk şəhərində hərbi xidmətdə olub. 1986-cı ildən Şuşa 1 saylı həbs evində nəzarətçi, 1992-ci ilin mart ayından isə Şuşa həbs evi rəisinin növbətçi köməkçisi vəzifəsində çalışıb.
Kərkicahanda ilk özünümüdafiə dəstəsinin yaradılmasının təşəbbüskarı və təşkilatçılarından biri olmaqla Kərkicahan döyüşçülərinin döyüş sursatı ilə təmin olunmasında əvəzsiz xidmətləri olub.
1990-cı ildə M.Ə.Rəsulzadə adına Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. Universitet kollektivi onun əziz xatirəsini həmişə hörmətlə yad edir.
1992-ci il may ayının 8-də Şuşanın müdafiəsi zamanı başından aldığı snayper gülləsindən həlak olub.
Prezident İlham Əliyevin 30 iyun 2005-ci il tarixli 867 saylı sərəncamı ilə ölümündən sonra ona “Vətən uğrunda” medalıverilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...