Modern.az

Müslüm Maqomayevin ABŞ-dakı yadigarı - Marina xanım

Müslüm Maqomayevin ABŞ-dakı yadigarı - Marina xanım

2 Yanvar 2019, 16:23

Deyir ki, atası indi yaşadığı evi heç vaxt görmədi, xəstə vaxtlarına düşdü. Amma təkidlə tövsiyə edirdi ki, evdə hökmən ağ royal və kamin olsun. Kaminin üstündə də İtaliyanı əks etdirən rəsm...

“Mən 1961-ci ildə Bakıda doğulmuşam. Həmin gün qar yağırmış. Atam məni o vaxtdan qarqız deyə çağırırdı…”.

Marinanın anası Ofeliya Ağsu rayonunun yetirməsi Vəli Şəmsəddin oğlu Vəliyevin qızı olub. Anası isə Zinaida Petrovna Temeryuk şəhərindən imiş. Müslümlə Bakı Musiqi məktəbində bir qrupda təhsil alıblar. Dediyinə görə, Ofeliya çox cazibədar qız imiş. Hər ikisinin 18 yaşı olanda evləniblər...

Müslümün tez evlənməsinə narazılığını bildirən nənəsi onun Ofeliya ilə rəsmi nikaha girə bilməməsindən ötrü, bir müddət nəvəsinin pasportunu gizlədib. Sonradan nənəsini razı salaraq pasportu geri alan Müslüm Ofelya ilə rəsmi nikaha girib. Müslüm bir müddət qayınatasıgildə yaşayıb. Və aradan çox vaxt keçməmiş gənc cütlük qərara gəlir ki, ev-eşik qurmaqdan ötrü, qazanc dalıyca Qroznıya getsinlər. Belə də edirlər.

Qroznıda yaşayarkən gənclərin arasında fikir ayrılığı yaranır. Ofeliya Bakıya qayıdır. Və burada Marinanı dünyaya gətirir. Gənc Müslüm üçün də Çeçenstanda rahat olmur. Yavaş-yavaş tanınsa da, oradan köçməyə qərar verir. Övladının dünyaya gəldiyi xəbərini alıb, Bakıya dönür. Bir müddət sonra Müslüm Ofeliyadan boşanır. Qayınanasının "Sən heç vaxt yaxşı ər olmayacaqsan" sözləri onun çox acığına gəlir.

Və boşanarkən, qızını unutmayacağını, aliment ödəyəcəyini, ondan diqqətini əsirgəməyəcəyini söyləyir. Elə də olur, Marina son gününədək Müslümün sevimli qızı olur. Hətta müğənni qızının şərəfinə "Marina" mahnısı da bəstələyib, tədbirlərdə tez-tez oxuyur…

Marinanın dediyinə görə, atası onu çox istəyib. Hər bir arzusunu həyata keçirməyə çalışıb. İllər keçdikdən sonra Müslüm etiraf edib ki, onun həyatında üç böyük sevgi olub - musiqi, qızı Marina və həyat yoldaşı Tamara…

Marina xeyli vaxtdır ki, ömür-gün yoldaşı Aleksandr Kozlovskiylə ABŞ-da yaşayır. Ailənin bir övladı var - Allen dahi Müslüm Maqomayevin nəvəsi olmağından qürur hissi keçirir…

Ohayo ştatının Sinsinati şəhərində yaşayan Marina deyir ki, Bakıda doğulub, bu şəhərdə böyüyüb boya-başa çatıb.

“Azərbaycan mənim üçün doğma, əziz ölkədir. Sonuncu dəfə atamın dəfnində orada olsam da, Azərbaycan deyiləndə, içimdə isti bir rahatlıq yaranır. Mən bu ölkəyə sülh və əminamanlıq arzulayıram. Və insanlarını öz doğma bacı-qardaşlarım hesab edirəm…”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi