Modern.az

Bakının küçə musiqiçiləri: onlar sənətlə məşğuldurlar, yoxsa dilənçiliklə? - REPORTAJ

Bakının küçə musiqiçiləri: onlar sənətlə məşğuldurlar, yoxsa dilənçiliklə? - REPORTAJ

Reportaj

3 Yanvar 2019, 16:02

Modern.az saytında “Art Time” rubrikasına davam edirik. Bu dəfə hədəfimiz küçə musiqisi, küçə müsiqiçiləridir...

Tarixdə ilk dəfə küçə musiqisinin təbliğatçıları Hindistandan dünyaya səpələnən qaraçılar olub.  19-cu əsrdən etibarən Amerikaya gələn miqrant axınının fonunda, Amerikada küçə musiqiçiləri çoxaldı və küçə musiqisi dəb halını almağa başladı. Orqan isə küçə musiqiçilərinin ən sevimli alətlərinə çevrildi. Təsadüfü deyil ki, orqan bir musiqi aləti kimi populyarlığını məhz küçədə qazanıb. Amerikada inkişaf etməyə başlayan küçə musiqisi, dünyaya iki böyük sənətkar - Vudi Qatri və Joan Baezi qazandırıb. Məhz onlar Amerika xalq musiqisini nəinki bu ölkədə, bütün dünyada məhşurlaşdırıblar.

Dünyada Oskar və Gremi mükafatı almış, milyonlarca albomları satılmış, bu gün konsertlərinə bilet tapa bilmədiyimiz bir çox əfsanəvi musiqiçilərin yetişməsinə də küçələrdə ifa olunan mahnılar böyük təkan verib. Əfsanəvi Edit Piaf, Bob Dlan, Carlos Santana, Joni Mitchell, Joan Boez küçə musiqisindən böyük sənətə gedən yolda tanınmış sənətçilərdir.

Bəs küçə musiqisi nədir?

Küçə musiqisi ilk növbədə sənətçinin öz istedadını və performansını göstərmək üçün kütləyə hesablanan çıxışın ən sadə və asan üsuludur. Təbii ki, istedadlı musiqiçidən söhbət gedir. Əgər istedadını və həyatını musiqiyə bağlayan bir musiqiçi gün ərzində seçdiyi repertuarı uğurlu performansla ortaya qoyacaqsa, artıq bu sözün əsl mənasında sənətdir. Əgər bu, sadəcə ac qalmamaq üçün musiqiçinin alətdən istifadəsidirsə, o zaman söhbət sənətdən deyil, sərt şəkildə desək, dilənçilikdən gedir.
Küçə musiqiçisinin sənətinə kütlə tərəfindən ən düzgün reaksiya və mesaj musiqiçinin alət çantasına atılan və atılmayan pullarla ölçülür. Estetik zövqü oxşamayan musiqiyə adətən pul atılmaz. Musiqi bəyənilmədən musiqi alətinin qabına atılan pul, dilənçiyə verilmiş kimidir...


Bakıda küçə musiqisinə verilən reaksiya...

Çox təəssüf ki, Bakıda sakinlərin çoxu küçə musiqisinə bir sənət kimi deyil, dilənçilik kimi baxırlar. Bəlkə bu, bizdə küçə musiqisinin çox zəif inkişaf etməsiylə bağlıdır? Elə buna görə də sakinlərimizin çoxunda bu anlayış formalaşmayıb. Bəlkə də bu milli mentalitetimizdən irəli gələn, həmişə zəif insanlara kömək etmək anlayışı ilə bağlıdır. Bəlkə də bu amil insanların çoxunda mərhəmət duyğusu fonunda dəyərli bir küçə musiqisiylə, dəyərsiz bir küçə musiqisinə olan kəskin münasibət arasındakı fərqi  itirir...

Müşahidələrim əsasında deyə bilərəm ki, bizim kütlədən olan əksəriyyət küçə musiqiçisi görən kimi üzlərində acıma duyğusu dolu bir ifadə ilə, alət qutusuna yaxınlaşaraq pul atır. Çox az insanlar tapılır ki, dayanıb musiqini incələsin və ondan zövq almağa çalışsın və daha sonra musiqiçiyə olan münasibətini atdığı pulun həcmi ilə bildirsin. Adətən insanlar səs-küylü musiqiçilərin ətrafında toplaşıb, onları telefonlara çəkirlər. Səs-küylü, əyləncə xarakterli, zərrə qədər də olsun sənətə adiyyatı olmayan musiqinin doğurdan da heç bir estetik zövqü oxşamadığını, sıx kütlə ilə boş alət qutusu arasındakı ziddiyyəti görəndə daha yaxşı anlayıram. Bəzən lirik bir musiqinin sədası altında şəhərimizin keçidlərindən keçərkən tək ifaçı ilə dolu alət qabını görəndə sevinirəm ki, yaxşı sənətə qarşı diqqət var.

Küçə musiqiçilərinə polislərin münasibəti...


Dünya təcrübəsi göstərir ki, əgər musiqi insanların yoğun hərəkət etdikləri yerlərdə, onları narahat edəcək bir şəkildə səslənirsə, məsələyə polis, bələdiyyə işçisi və icra nümayəndəsi müdaxilə edə bilər. Təbii ki, sakinlərin şikayəti olmadan heç bir qurumun üzvü yaxınlaşıb musiqiçiyə təzyiq edə bilməz.
Azərbaycanda mental dəyərlər, mərhəmət duyğuları çox yüksəkdir.


Belə olan halda nə üçün bəzi polislərimiz küçə musiqiçilərinin kabusuna çevriliblər?


Peşəsi asayişi təmin etmək olan bəzi polislərimiz nə üçün küçədə musiqiçi görən kimi vəzifədən istifadə edərək, onların üstünə hücum çəkirlər? Yəqin ki, həmin polislər küçə musiqisinin incəliklərindən xəbərsiz olduqları üçün küçə musiqisi ilə, küçə davranışını eyniləşdirirlər. Əgər istedadlı bir küçə musiqiçisi öz istedadını, musiqi duyumunu, birbaşa olraq yaradıcılığını, fərdi musiqi yanaşmasını, individual musiqi konseptsiyasını küçədə mükəmməl səviyyədə nümayiş etdirirsə, həmin musiqiçiyə polis tərəfindən vurulan zərbə, birbaşa olaraq musiqimizin, incəsənətimizin inkişafına vurulan zərbə deyilmi?

Bugün küçə musiqiçilərimizin polis qorxusu danılmazdır. Düzdür, müşahidə etdiyim küçə musiqiçilərinin az bir qismi polislərimizdən razılıq etdilər, amma əksəriyyəti polis adını eşidən kimi qaçmağa başlayırdı...

Yaxşı bir küçə musiqisi Bakıya nələr qazandıra bilər?..

Yaxşı bir küçə musiqisinin bir şəhərin mədəniyyət, turizm və iqtisadiyyatı ilə əlaqələnməsi, bu sahələrin inkişafına müsbət təsir edə bilər. Musiqimizdən xəbərsiz olan turistlərin şəhərimizdə diqqətini cəlb edən əsas məqamlardan biri də, məhz küçə musiqisidir. Azərbaycan milli musiqi alətlərində səslənən musiqilərimizin sədasının yaratdığı fərqli akustikadan heç bir turist yan keçə bilməz. Bu baxımdan, küçə musiqilərində milli alətlərimizin uğurlu ifası birbaşa olaraq məddəniyyətimizin təbliğinə xidmət edir. Turistlər üçün tar, kamança, balabanın ifasında səslənən bir musiqi, gitarada səslənən bir musiqidən daha maraqlı və ecazskardır. Çünki gitara ifa edən küçə musiqiçiləri ilə turistlər öz ölkələrində də mütamadi olaraq qarşılaşırlar. Milli musiqimizin və musiqi alətlərimizin küçə musiqisində uğurlu təbliği Bakımıza turist axınını gücləndirən başlıca səbəblərdən biri ola bilər. Bu isə birbaşa olaraq şəhərimizin iqtisadi durumunun güclənməsinə gətirib çıxara bilər.

Bu gün İrlandiyanın paytaxtı Dublin dünyada küçə musiqisinin inkişaf etdiyi ən məhşur şəhər kimi tanınır. Dublinə turist axının gücləndirən əsas səbəblərdən biri, məhz haqqında danışdığım küçə musiqisidir. Təbii ki, Dublində küçə musiqiçiləri ifalarında milliliyi, professionallığı ortaya qoyurlar. Yerli əhalinin də küçə musiqisinə olan münasibəti, əsl musiqiçiyə, əsl sənətə və sənətkara olan münasibətdir. Əgər Dublində bir küçə musiqiçisi acından ölməmək üçün sənətdən xəbərsiz şəkildə alətdən istifadə edirsə, yerli əhali onun alət qutusunu boş qoyur. Loru dillə desək, sənəti biabır etməkdənsə, acından öl və özünə başqa peşə seç. Məhz əhalinin bu birtərəfli mövqeyi Dublində professional küçə musiqiçilərini ortaya çıxarır və onlar arasındakı rəqabəti gücləndirir. Əhali tərəfindən küçə musiqisinə olan düzgün yanaşma tərzi bu gün dünyada milyonlarca albomları satılan irlandiyalı ifaçılar Domien Raysın, Rodriqo və Gabriella cütlüyünün sənətini dünya musiqisiqi tarixinə yazdırıb.



Küçə musiqisi ilə məşqul olmaq istəyən musiqiçi nələrə diqqət etməlidir?


Bir çox istedadlı musiqiçilər on illərdir ki, gələcəyə ümidli olmadıqlarına görə ya musiqini buraxırlar, ya da ifalarını kütləyə təqdim etməyə cəsarət etmirlər. Səbəbini soruşduqda isə maddi problemlərlə üzləşdiklərini deyirlər. Bu gün Bakıda fəaliyyət göstərən yaxşı bir küçə musiqiçisi əldə etdiyi gəlirlə müəyyən bir studiyaya yaxınlaşaraq, mahnı yazdırıb internet məkanına yerləşdirə bilər. Əgər küçə musiqiçisinin ifasının, arzularının fövqündə sənət dayanırsa, o, mütləq belə edəcək. Yox, əgər qarın doyurmaq dayanırsa, o musiqiçi elə küçə səviyyəsində də qalacaq. İnternetdə ifasının yayımlanması bir ifaçının dünyaya birbaşa olaraq çıxışı deməkdir. Yaxud da gözəl ifa olunan bir küçə musiqisi sonunda ifaçının hər hansı bir restoran, televiziya, radio menecerindən iş təklifi almasına səbəb ola bilər ki. bununla da o, küçənin soyuğunu, komfortlu bir məkana dəyişə bilər. Axı niyə də olmasın?....


Küçə musiqiçisinin uğur qazanması üçün zaman və məkandan düzgün istifadə bacarığı olmalıdır. Əhalinin mütamadi olaraq hərəkət etdiyi məkan, həmin məkanlarda hansı saatlarda əhalinin sıxlaşması və seçəcəyi düzgün repertuar, küçə musiqiçisinə gözlədiyindən daha çox gəlir gətirə bilər...

Mənim istedadlı qəhrəmanlarım...

Küçə musiqisi haqqında onlardan müsahibə almağımı söylədiyim zaman əksər küçə musiqiçiləri buna razılıq vermədilər... Səbəb kimi isə polisi göstərdilər... Canları sağ olsun...

Müsahibə almaq niyyətində olduğumu bilənlər arasında hətta məni axıra kimi dinləməyib, alətləri çantaya qoyub məkandan qaçanlar da oldu. Küçə musiqiçilərinin məhdud dünyagörüşləri, bəsit düşüncələri məni bu sənətin təbliğində maraqlı biri olaraq çox üzdü. Bu kimi musiqiçiləri görəndə dedim ki, vaxtilə küçələrdə döyülən, lakin yenə də uğurlu musiqisini təbliğ edən fədakar sənətçilərin ruhu bizi bağışlasın...


Haqqında danışacağım qəhrəmanlardan da bəziləri müsahibə vermək istəmirdilər. Mən onlara bu sənətin böyüklüyü, küçə musiqisinin uğurlu təbliği, bu amilin onları böyük sənətə aparan ən başlıca yol olduğunu izah etdikdən sonra danışmağa  razılaşdılar. Hətta şəkil çəkdirməyə belə razı oldular. Bəziləri alət qutsunu belə nümayiş etdirməkdən çəkinmədi.
Haqqında danışacağım küçə musiqiçiləri Bakının Nizami və Nəsimi küçələrində, həmçinin buradakı keçidlərdə fəaliyyət göstərirlər.


Teymur və Tural adlı gənclər gitara və tarı sintez edərək bir ilə yaxındır ki, küçə musiqisi ilə məşğuldurlar. Cütlük keçidin yuxarı hissəsində dayanaraq musiqi ifa edir. Öncələr tək olaraq küçə musiqisi ilə məşqul olan Teymur birlikdə ifanın onlara daha çox gəlir gətirdiyini söyləyir. Əlavə olaraq bir kursda gitara dərsləri verən Teymur, küçə musiqisindəki gəlirindən razı olduğunu dyir. Teymurun heç bir musiqi təhsili olmasa da, Tural Zabratda 1 saylı musiqi məktəbində və Şuşa musiqi kollecində tar üzrə təhsil alıb. Ən böyük arzusu bu sənəti davam etdirmək və Konservatoriyada tar üzrə ali təhsil almaqdır. Musiqi hər iki gəncin həyatının ayrılmaz hissəsidir. Gün ərzində 3 saat küçə musiqisi ilə məşğul olan gənclər fəaliyyətləri ərzində bir çox məşhurlarla qarşılaşdıqlarını və onlardan da xeyir-dua aldıqlarını söylədilər. Məşhur tarzən Ramiz Quliyevin ayaq saxlayaraq Turalın tarda ifasını dinləməsi sonra pul ataraq ona uğurlar arzu etməsi, bu küçə musiqiçisinin həyatının ən unudulmaz günlərindən biri olub.

bir neçə dəfə baş nazirin hazırkı müavini Hacıbala Abutalıbovla qarşılaşdıqlarını söyləyən gənclər onun da dayanaraq musiqiyə qulaq asmasını və yaxınlaşıb münasibət bildirməsini sevinclə xatırlayırlar. Bəzi restoranlardan iş təklifi aldıqlarını söyləyən gənclər küçə musiqisinin onlara restoranların təklif etdikləri məbləğdən daha çox gəlir gətirdiyini söylədilər.



İsmixan adlı digər gənc isə keçidin içərisində tar ifa edir. Ali təhsil müəsisələrindən birində təhsil alan İsmixan küçə musiqisinə maddi problemlərlə əlaqədar başlayıb. Mərdəkanda 5 illik musiqi məktəbində aldığı təhsil ona qarşılaşdığı işsizlikdən asan çıxış yolu tapmağa kömək edib. Küçə musiqisindən qazandığı gəlirin onun gündəlik xərclərini ancaq qarşıladığını söyləyən İsmixana fəaliyyətində uğurlar arzu edib ondan ayrıldım.



“Torqovıy”da gitara ifa edən Elnur da küçə musiqisinə maddi ehtiyacdan başladığını bildirdi. Ətrafına xeyli sayda turist toplaması bəlkə də Elnurun kifayət qədər səmimi və şux ifası ilə bağlı idi. Gitaraya toxunanda hər şeyi unutduğunu söyləyən Elnur bildirdi ki çalmağı özü öyrənib. Bu sahədə heç kimdən dərs almayıb. Müşahidəm əsasında dərs almış bəzi musiqiçilərdən daha yaxşı ifa etdiyini əminliklə söyləyə biləcəyim Elnur da bir neçə yerdən iş təklifi alıb... Amma küçə musiqisinə “xəyanət” etməyib...


Sonda qeyd etmək istərdim ki, Bakıda küçə musiqisinin inkişafı haqqında fikirləşməyə dəyər... 

 
Leyla Əsədullayeva

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir