Modern.az

Hüquqşünas Mehmanın vəziyyətindən DANIŞDI: “Aclığı dayandırıb, tam qidalanır, əsas narazılığı...”  

Hüquqşünas Mehmanın vəziyyətindən DANIŞDI: “Aclığı dayandırıb, tam qidalanır, əsas narazılığı...”   

8 Yanvar 2019, 15:29

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri - Əliməmməd Nuriyev, Rauf Zeyni, Səadət Bənənyarlı, Sahib Məmmədov 1 saylı istintaq təcridxanasında saxlanılan bloger Mehman Hüseynovla görüşüblər.

Hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında görüş barədə ətraflı məlumat verib.

Ə.Nuriyev qeyd edib ki, Mehman Hüseynov bir müddət əvvəl aclıq aksiyası keçirsə də, hazırda tam şəkildə qidalanır:

“O artıq qida qəbul edir, bu istiqamətdə hər hansı problemi yoxdur. Biz onunla bir saat müddətində geniş şəkildə müzakirə apardıq”.

Hüquq müdafiəçisi bildirib ki, blogeri narahat edən məsələ sonradan ona açılan cinayət işilə bağlıdır:

“Biz onun kamerasında da olduq. 4 nəfərlik kamerada özündən savayı iki nəfərlə qalır. Kamera yoldaşları ilə də heç bir problemi, narazılığı yoxdur”.

 

Ə.Nuriyev deyib ki, müzakirə edilən bəzi məsələlər konfedensial xarakter daşıdığından cəmiyyətə açıqlanmır:

“Mehman xüsusi olaraq ona qarşı sonradan qaldırılan cinayət işini ədalətli hesab etmir. Onun bu şikayətilə bağlı müvafiq orqanlara müraciətlərimiz olacaq. Mehman işin obyektiv araşdırılmasını xahiş edir. Biz də hesab edirik ki, iş obyektiv araşdırılmalıdır. Ümid edirik ki, bütün proseslərə qanun çərçivəsində qiymət veriləcək”.

 

Hüquq müdafiəçisi Mehman Hüseynovun əzgin təəssürat yaradan xarici görkəmilə bağlı bunları deyib:

“Bilirsiniz, nə qədər yaxşı şərait olursa olsun, insan təcridaxanda mülki həyatdakı kimi olmur. Şəraitlə bağlı heç bir şikayəti yoxdur. Həkim də səhhətinə nəzarət edir.

Səhhətində bir problemi var, o da hələ azadlıqda olarkən yaranıbmış. Mehman azadlıqda olduğu müddətdə ayağında damar genişlənməsi olub. Sırf bununla bağlı narahatlığı var. Əvvəl ona əməlliyyat təklif edilsə də, imtina edib. Deyir ki, azadlığa çıxdıqdan sonra özü müalicəsilə məşğul olacaq”.

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırda məhbus həyatı yaşayan və azadlığı çıxmasına iki ay qalmış blogerə yeni cinayət işi açılıb.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, bu il dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumatda bildirilib ki, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Rəsmi məlumata görə, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan etmişdi...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir