Modern.az

Azərbaycanlı xanımla evlənmiş italyan bəstəkar: “Üzeyir Hacıbəylidən faydalanmışam” - MÜSAHİBƏ  

Azərbaycanlı xanımla evlənmiş italyan bəstəkar: “Üzeyir Hacıbəylidən faydalanmışam” - MÜSAHİBƏ   

9 Yanvar 2019, 09:21

Almaniyadakı Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri, bəstəkar  Günay Mirzəyeva və həyat yoldaşı  italiyalı bəstəkar və təşkilatçı Françesko Macio Modern.az saytına müsahibə verib.

 

Həmin müsahibəni təqdim edirik:

 

- Günay xanım, sizi və həyat yoldaşınızı Azərbaycanda xoş gördük. Azərbaycanı Almaniyada necə təbliğ edirsiniz? Musiqilərimizi dinləməyə gəlirlərmi?

 

- Hər dəfə Azərbaycana həsr olunmuş layihə həyata keçirəndə almanlar daha çox bizi dinləməyə gəlir. Musiqimizlə həm almanları, həm də italyanları heyrətləndirə bilirik. Konsert zamanı həm muğamlarımıza, həm də xalq və bəstəkar mahnılarımıza yer veririk. Tez-tez almanlar üçün musiqi alətlərimizlə bağlı master-klasslar keçiririk. Çünki musiqi alətlərimiz haqqında çox az informasiyaya malikdirlər.

 

- Bildiyiniz kimi, futbolda olduğu kimi, musiqidə də siyasi çalarlar var. Cənubi Qafqaz regionunun münaqişə ocağı olduğunu, Qarabağ problemini  almanlara çatdıra bilirsinizmi?

 

- Düzü siyasətdən danışmağa çətinlik çəkirəm. Ancaq musiqilərimlə Qarabağ münaqişəsini tanıtmağa çalışıram. Azərbaycan həqiqətlərini mədəni formada Almaniyada, İtaliyada təbliğ edirik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində hər il dünyanın bir çox ölkələrində silsilə tədbirlər keçirilir. Təbii ki, biz də öz dəstəyimizi  göstəririk. Hətta həyat yoldaşım Françesko Maceo Xocalıya həsr olunmuş musiqi əsəri də yazıb. Təbii ki bütün tədbirlərimizə  alman vətəndaşları qatılır. 

 

- Musiqi də mədəniyyətin bir növüdür. Elə musiqi vasitəsilə də siyasi məsələləri diqqətə çatdırmaq mümkündür.

 

- Əlbəttə. Musiqi vasitəsilə buna nail olduğumuzu deyə bilərəm.

 

- Dediniz ki, musiqi təhsilinizi  Almaniyada davam etdirmisiniz.  Belə anladım ki, əsas fəaliyyətiniz də elə tələbəlik illərinizdən başlayıb.

 

- Uzun illərdir ki, Almaniyada yaşayıram. Musiqi təhsilimi də orada almışam. Bakıdakı musiqi konservatoriyasını bitirib Almaniyada magistr  təhsili almışam. 3 il olar ki, Almaniyada Azərbaycan Mədəniyyət Mərkəzini yaratmışam.

 

- İtaliyalı Françesko ilə tanışlığınız da bizim üçün maraqlıdır.

 

- Eyni musiqi məktəbində, eyni müəllimdən dərs almışıq. Elə ilk tanışlıqdan bizi musiqi, mədəniyyət  birləşdirib. Ona görə də aramızda sevgi və münasibət baş tutub. Onu da deyim ki, Françesko Azərbaycanı çox sevir. Hər ikimiz bəstəkarıq və ayrı-ayrılıqda təşkilat rəhbərləriyik. Azərbaycana tez-tez səfər edirik. Çünki fərqli layihələr həyata keçiririk. Konsertlər keçiririk. Azərbaycana həsr olunmuş layihələrlə tamaşaçı qarşısına çıxırıq. Bu təkcə musiqi yaxınlığı deyil, həm də ölkələrarası əlaqələrin  güclənməsidir.

 

- Bir evdə eyni anda İtaliya və Azərbaycan mətbəxinə  yer verə bilirsinizmi?

 

- Hər iki ölkənin mətbəxinə yer veririk. Bir gün Azərbaycan, bir gün də İtaliya mətbəxinin dadına baxırıq. Amma bizi birləşdirən əsas məsələ musiqidir. Çünki musiqinin daxilində bizə yaxın olan bir çox çalarlar var.

 

- Azərbaycan ənənələrinə uyğun davransaq, bir qızın xarici vətəndaşla nikaha girməsi birmənalı qarşılanmır. Ən azından, din fərqi əsas gətirilir. Sizin Françesko ilə ailə həyatı qurmağınıza ailələriniz necə razılıq verdi?

 

- Çox normal. Atam İlyas Mirzəyev də bəstəkardır.Dünyanı gəzmiş insandı. Azərbaycan Bəstəkarlar İttifaqının katibidir. Həmçinin  babam Musa Mirzəyev də xalq artisti, tanınmış bəstəkardırdir. Ona görə də italiyalı insanla ailə qurmağım ailəm tərəfindən normal qarşılandı.

 

- Yeri gəlmişkən, Françeskonun da  Azərbaycanla bağlı düşüncələrini öyrənmək istəyirik.  Françesko, Azərbaycanda özünüzü necə hiss edirsiniz?

 

- Əla deyə bilərəm. Azərbaycanda dəfələrlə olmuşam. İnsanlarınız  italyanlara çox bənzəyir.  Ölkəniz zəngin mədəniyyətə, tarixə malik ölkədir. Bu da biz avropalıları, italyanları çox cəlb edir. İtaliya ilə Azərbaycan fərqli ölkələr olsa da, bizi bir çox məsələlər birləşdirir. Məsələn, nümunə kimi Qobustan qayaüstü rəsmlərini götürmək olar. Hətta, qayaüstü rəsmlərdən ilhamlanaraq  “Qobustan” əsəri yazmışam. Demək olar ki, mən də Günay xanım kimi, diaspor sahəsində çalışıram. Almaniyada “İtaliya mədəniyyət və idman mərkəzi”nin rəhbəriyəm.

 

- Xarici qonaqlardan mütləq mətbəximiz barədə də soruşuruq. Siz necə bizim mətbəximizi bəyənirsizmi? Xüsusi sevdiyiniz yeməklərimiz varmı?

 

- Badımcan yeməklərinizi və zeytununuzu xüsusi sevirəm. Onu deyə bilərəm ki, sizin badımcan tərəvəziniz İtaliyadakı badımcandan daha dadlıdır. Badımcan dolmanız da çox dadlıdır.

 

- Musiqiçi olduğunuz üçün bizim musiqilərə də marağınızı öyrənmək istərdik. Hansı muğam ifaçımızı tanıyırsız?

 

- Çahargah üzərində bir əsər də yazmışam. Onu yazmadan öncə Üzeyir Hacıbəyovun əsərlərindən faydalanmışam. Alim Qasımovun ifasını çox bəyənirəm. Hətta onunla bir neçə dəfə görüşmüşəm. Azərbaycanın üç rəngli bayrağına musiqi yazmışam. Düşünürəm ki, sevgi olmasa bu əsərlər yazıla bilməz.

 

- Günay xanım, bir az da Almaniyaya necə getməyiniz barədə danışın. Almaniyada  təhsil almağınız necə baş verdi?

 

- Almaniyaya getməyim cənab prezident İlham Əliyevin təşəbbüsü ilə baş vermişdi. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının prezident təqaüdçüsü, Ştutqard konservatoriyasının, Roma Santa-Çeçiliya Konservatoriyasının və Karlsrue konservatoriyasının məzunuyam. Hətta, dünya şöhrətli bəstəkar, professor Volfqanq Rimin sinfində bəstəkarlıq üzrə doktor dərəcəsi almışam

 

- Tez-tez səfər edə bilirsinizmi ölkəmizə?

 

- Əlbəttə. Konsertlər vermək üçün mütəmadi olaraq bura gəlirik. Səfirliyin dəstəyi ilə çoxlu layihələr edirik. Almaniyanın bir neçə şəhərində maraqlı konsertlər veririk. Onu da deyim ki, Azərbaycanın mədəniyyət tarixi dünyada yayılıb inkişaf edir. Biz də çalışırıq ki, xaricdə yaşadığımız müddətdə ölkəmizi, mədəniyyətimizi, dəyərlərimizi tanıdaq. 

 

- Qayıdaq diaspor fəaliyyətinizə. 3 ildir ki, təşkilat yaratmısız. Əvvəlki diasporla bugünkü arasında hansı fərqləri müşahidə edirsiz?

 

- Fərqi bu gün daha çox hiss edirəm. Çünki əvvəllər yaxınlıq yox idi. Özümüzü Diaspor Komitəsinə yad hesab edirdik. İndi isə gördüyünüz kimi Azərbaycanda konsert layihələri həyata keçirməyə gələndə mütləq Komitəyə də baş çəkirik. Komitənin sədri Fuad Muradov xaricdə fəaliyyət göstərən hər bir azərbaycanlıya dəstək olur. Səsimizi, problemlərimizi dinləyir. Fuad Muradovun komitəyə sədr təyin olunmasından sonra yeniliklər gözə dəyir. Bir çox ölkələrdə, soydaşlarımızın təşəbbüsü ilə, Koordinasiya Əlaqələndirici Şuralar yaradılıb.

 

Düşünürəm ki, bu, ölkəmiz üçün çox böyük addımdır. Gələcəkdə bu istiqamətdə maraqlı tədbirlər həyata keçiriləcək. Əvvəllər pərakəndəlik vardı. Amma Koordinasiya Şuralarının yaradılması pərakəndəliyi aradan qaldıracaq. Eyni zamanda, İşçi qrupları da fəaliyyətə başlayıb. Bu da xaricdə yaşayan azərbaycanlıların bir mərkəzdən idarə olunmasına imkan verəcək. 

 

Birgə işlərin nəticəsində ölkəmiz daha çox tanınacaq. Bu cür uğurlu işlərə görə Komitə rəhbərliyinə təşəkkür edirik. Eyni zamanda, ən böyük arzumuz diaspor təşkilatımızın dünyada tanınmasıdır. Bu ideyanı alqışlayırıq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir