Modern.az

Prezident: “Azərbaycan iqtisadi inkişaf baxımından heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil”

Prezident: “Azərbaycan iqtisadi inkişaf baxımından heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil”

11 Yanvar 2019, 21:54

“2018-ci il ölkəmiz üçün uğurlu il olub. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf edib. Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunub, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilib”. Modern.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

 

Dövlətimizin başçısı qeyd edib ki, keçən il dünyanın müxtəlif bölgələrində, o cümlədən bizim bölgəmizdə çox xoşagəlməz proseslər gedirdi, yeni risklər, yeni təhdidlər yaranır: "Əvvəlki illərdə başlanmış münaqişələr, qanlı toqquşmalar davam edir, bir çox yerlərdə sabitlik pozulur, kütləvi etiraz aksiyaları geniş vüsət alır. Bu mənfi mənzərə fonunda Azərbaycanın uğurları özünü daha da qabarıq şəkildə büruzə verir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək".

 

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil: “İqtisadi müstəqillik bizə imkan verir ki, müstəqil siyasət aparaq, Azərbaycan xalqının maraqlarını müdafiə edək”.

 

Keçən ilin dərin iqtisadi islahatlar ili olduğunu və bu islahatların nəticələrini indi hər kəsin gördüyünü söyləyən Prezident vurğulayıb ki, büdcəmizə daxilolmalar böyük dərəcədə artıb: "İqtisadi islahatların əsas məqsədi bu sahədə şəffaflığı tam təmin etməkdir, xoşagəlməz hallara qarşı mübarizəni gücləndirməkdir və beləliklə, ölkəmizin uğurlu inkişafını sürətləndirməkdir. Deyə bilərəm ki, beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları Azərbaycanda gedən prosesləri çox böyük maraqla izləyirlər və bizim işimizə çox yüksək qiymət verirlər. Mən xüsusi qeyd etməliyəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. İl ərzində biz 32 pillə irəliyə getmişik. Hesab edirəm ki, bu, rekord göstəricidir. Biznesi aparmaq üçün yaradılan şəraitə görə dünya miqyasında 25-ci yerdə olmaq böyük nailiyyətdir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər