Modern.az

Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

Aktual

11 Yanvar 2019, 22:23

“Düşmən də bilir ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və bu il bu istiqamətdə əlavə addımlar atılacaq. Eyni zamanda, biz keçən il əlbəttə ki, hərbi potensialımıza böyük diqqət göstərmişik və bu sahədə böyük nailiyyətlər var. Bizim ordumuzun döyüş qabiliyyəti artır və Naxçıvan əməliyyatı bunu əyani şəkildə sübut edib. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində biz 11 min hektar torpağa tam nəzarət edirik. Bu, çox uğurlu əməliyyat idi. Eyni zamanda, əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır. Yəni, bu hadisə - Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Sadəcə, danışıqlara ümid olduğu üçün biz danışıqlar yolunu hələ ki, əsas vasitə kimi görürük. Ancaq, eyni zamanda, hərbi gücümüzü də artırırıq. Döyüş qabiliyyətimizlə bağlı keçən il aparılan işlər əlbəttə ki, çox yüksək qiymətə layiqdir”.  Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyib.

 

İlham Əliyev vurğulayıb ki, uğurlu Naxçıvan əməliyyatında fərqlənən hərbçilərə dövlət tərəfindən müvafiq mükafatlar verilib:

 

"Biz keçən il ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı çox böyük işlər gördük. İki dəfə keçirilən hərbi paradda biz texnikamızın bir hissəsini nümayiş etdirdik. Mən onların arasında əlbəttə ki, xüsusilə uzaqmənzilli “Polonez” və “LORA” raket sistemlərini qeyd etmək istərdim. Qarşı tərəfin bu sistemlərə qarşı heç bir müdafiə imkanı yoxdur. Bu sistemlər 300 kilometr və ondan çox məsafəni qət edərək çox yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvə ilə istənilən hərbi hədəfi məhv edə bilər. Mən bir daha demək istəyirəm, düşmənin elə bir hərbi hədəfi yoxdur ki, biz onu dəqiqliklə məhv edə bilməyək.

 

Bu sistemlərin əldə edilməsi əlbəttə ki, bizim hərbi gücümüzü daha da artırır. Eyni zamanda, keçən il yeni pilotsuz döyüş uçuş aparatlarının əldə edilməsi bizim hərbi gücümüzü daha da artırır. Əlbəttə ki, son illər ərzində hava hücumuna, raket hücumuna qarşı aldığımız sistemlər müdafiə potensialımızı gücləndirir və digər sistemlər bizim hücum gücümüzü artırır. Bunu hər kəs bilir. Hərbi sahədə baş verən hadisələr heç kim üçün sirr deyil. Qarşı tərəf də - düşmən də bilir və bilməlidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və bu il bu istiqamətdə əlavə addımlar atılacaqdır".

 

İlham Əliyev bildirib ki, əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi: "Ona görə mən hesab edirəm ki, bu məsələ müvafiq beynəlxalq orqanlar tərəfindən çox ciddi araşdırılmalıdır və kriminal rejimə iyirmi il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası siyasətçilər məsuliyyətə cəlb olunmalıdırlar. Bizim tələbimiz bundan ibarətdir. Əgər bu, olmasa, demək heç nə dəyişilmir. Əgər bu, olmasa, onda bu gün bəzi beynəlxalq təşkilatlar tərəfindən səslənən ədalət, insan haqları haqqında cəfəng bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq. Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qoy, etiraf etsinlər ki, onlar iyirmi il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır