Modern.az

“Əmanətlər 1 rubla 63 sent fərqi ilə qaytarılacaq...”

“Əmanətlər 1 rubla 63 sent fərqi ilə qaytarılacaq...”

24 Noyabr 2011, 09:57

Əli Məsimli sovet dövründən banklarda qalan əmanətlərin qaytarılma mexanizmini açıqlayıb...

Milli Məclisdə 2012-ci ilin büdcə sənədlərinin müzakirəsi zamanı əhalinin sovet dövründən əmanət bankında batıb qalmış əmanətlərilə baölı məsələ yenidən gündəmə gəldi. Hökumət nümayəndələrinin iştirak etdiyi büdcə müzakirələrində parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli əhalinin batmış əmanətlətinin nə vaxt qaytarılacağını soruşub.

Modern.az-a müsahibəsində Əli Məsimli həmin əmanətlərin taleyi ilə bağlı suallarımızı cavablandırıb, sovet dövründən banklarda qalan əmanətlərin qaytarılma mexanizmini açıqlayıb. 
        
- Əli bəy, son vaxtlar əhalinin sovet dövründə banklarda qalmış əmanətlərinin qaytarilması məsələsinin ətrafında mübahisə movsuna çevrilməkdə olan suallardan biri də budur ki, həmin  qanun layihəsini kim hazırlayıb Milli Məclisə təqdim etməlidir? 

- Düşünürəm ki, bu sual ətrafında mübahisəyə ehtiyac yoxdur. Çunki bu sualın ən dolğun cavabı Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ  Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətləri haqqında 26 oktyabr 2005-ci il tarixli Prezident sərəncamında öz əksini tapıb. Əmanət Bankında olan əmanətlərinin indeksləşdirilməsinə hazırlıq aparmaq üçün  ölkənin baş nazirinin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Komissiyaya maliyyə naziri, iqtisadi inkişaf naziri, əmək və əhalinin sosial müdafiəsi naziri, Mərkəzi Bank İdarə heyətinin sədri və digər qurumların rəhbərləri daxildir. Prezident sərəncamında  Dövlət Komissiyasına tapşırılıb  ki, əhalinin 1 yanvar 1992-ci il tarixinə Əmanət Bankında olan əmanət qalıqlarına təzminatların (kompensasiyaların) verilməsini tənzimləyən müvafiq qanun layihəsi və onların ödənilmə mexanizmi hazırlansın, həmçinin 1 yanvar 1992-ci il vəziyyətinə əhali qrupları və yaş kateqoriyaları üzrə bank hesablarının inventarizasiyasını aparsın və üç  ay müddətində təqdim etsin. Sərəncamdan göründüyü kimi əmanətlərin qaytarılması haqqında qanun layihəsini Dövlət Komissiyası hazırlayıb müvafıq prosedurlardan keçirməklə Milli Məclisə təqdim edilməsi üçün zəruri işləri həyata keçirməlidir.

- Bəzən mətbuatda belə fikirlər də səsləndirilir ki, əmanətləri qaytarmaqdan ötrü qanun qəbul etməyə eytiyac yoxdur...

- Əmanətləri qaytarmaqdan ötrü qanun qəbul etməyə eytiyac var. Ona görə ki, əvvəla biz qanunlarla idarə olunan, qanunlarla tənzimlənən dövlət-idarəetmə sistemi quruculuğu yolu ilə getməliyik. İkincisi, əmanətlərin qaytarılmasına dair 26 oktyabr 2005-ci il tarixli prezident sərəncamında göstərilib ki, qanun layihəsi hazırlansın. Prezident sərəncamının bu bəndi havadan götürülməyib, ölçülüb-biçildikdən sonra həmin qərara gəlinib. Üçüncüsü isə qanun lazım deyil demək, indiyə qədər əmanətlərin qaytarılması ilə bağlı müvafiq strükturların gördüyü işin üstündən xətt çəkib, hər şeyi sıfırdan başlamaq demək olardı. Bu isə qeyri-müəyyənlik yarada, əlavə vaxt itgisinə gətirib çıxara bilər. Ədalət naminə demək lazımdır ki, həmin sərəncamla baglı 2005-ci ildə müvafiq struktutlar, xüsusən də Əmanət Bankı və Maliyyə Nazirliyi tərəfindən xeyli iş görülüb. Əmanətlərin ödənilmə mexanizminin hazırlanması istiqamətində ilk addımlar atılıb. Qanun layihəsinin ilkin variantı hazırlanıb. 1 yanvar 1992-ci il vəziyyətinə əhali qrupları və yaş kateqoriyaları üzrə bank hesablarının inventarizasiyası istiqamətində xeyli iş görülüb. Dördüncüsü, hər dəfə bizim tərəfimizdən bu problem qaldırılanda geçikmənin əsas səbəbi kimi müvafiq qanun layihəsinin və onların ödənilmə mexanizminin  olmaması əsas gətirilir. Ona görə də biz qanun layihəsinin hazırlanması kimi ağır bir işin öhdəsindən gələ bildik və həmin layihəni birinci dəfə 2008-ci ilin mayında, ikinci dəfə 2010-cu ilin iyulunda və üçüncü dəfə isə noyabrın 22-də Milli Məclisdə 2012-ci ilin büdcəsi müzakirə olunan zaman hökumət nümayəndələrinin gözü qarşısında təqdim etdik. Noyabrın 22-də təqdim etdiyim qanun layihəsinin paketinə deputat həmkarım  Vahid Əhmədov da imza atdı. Müraciət etsək, digər deputatlar da imza atarlar. Amma bizim üçün əmanətlərin qaytarılması ətrafında şou yaradıb, 2 milyon ölkə vətandaşının problemindən özümüzə xal toplamaq yox, əhalinin batmış əmanətlərinin qaytarılmasının sürətləndirilməsi işinə öz töhfəmizi vermək əsasdır. Ona görə də Milli Məclisin iclasında bəyan etdiyimiz kimi, qanun layihəsinin müəlləfliyindən belə imtina etməyə hazırıq. Təki əhalinin çoxdan gözlədiyi batmış əmanətlərinin qaytarılması işini işıq uçu gələn tərəfə yönəldə blək.

 - Milli Məclisin iclasında siz qanun layihəsini İqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadənin stolunun üzərinə qoyduqdan sonra zalda olan hər bir kəs gördü ki, Milli Məclisin sədri Oqtay Əsədov Ziyad Səmədzadəni çağırıb hansısa tapşırıq verdi. Bundan sonra Ziyad müəllim əvvəlcə maliyyə naziri Samir Şərifova, sonra isə sizinlə söhbət etdi. Bununla əlaqədar mətbuatda belə bir məlumat getdi ki, əmanətlərin qaytarılması ilə baglı işçi qrupu yaradılır. Bu barədə nə deyə bilərsiniz?

- Komissiya sədrinin maliyyə naziri ilə nə barədə danışdıqları barədə məlumatım yoxdur. Komitə sədri akademik Ziyad Səmədzadənin mənimlə söhbətinin qısa məzmunu isə belə oldu ki, mən xarici səfərdən qayıdandan sonra (Əli Məsimli Ukrayna və Estoniyada səfərdədir-red) əmanətlərin qaytarılması ilə bağlı ona təqdim etdiyim qanun layihəsi paketi ilə bağlı ətraflı söhbət edək. Bizim təqdim etdiyimiz paketdə qanun layihəsindən əlavə digər zəruri sənədlər də var. İşçi qrupu ilə bağlı isə yalnız onu deyə bilərəm ki, mənin parlamentdəki çıxışımdan sonra Milli Məclisin sədri cənab Oqtay Əsədovun açıqlamasındakı məqamlardan başqa əlavə bir məlumatım yoxdür.

 - Sizin hazırladığınız qanun layihəsilə 2005-ci ildə hökumətin hazırlamağa başladığı qanun layihəsinin prinsipial fərqləri nədən ibarətdir?

- Hər iki layihə əmanətlərin qaytarılmasına dair 26 oktyabr 2005-ci il tarixli Prezident sərəncamında irəli sürülən tələblər çərçivəsindı hazırlanıb. Yəni hər iki layihədə az məbləğdə olan əmanətlərə daha yüksək indeksin tətbiq edilməsi və əmanətlərin mərhələlərlə qaytarılması prinsipləri əsas götürülüb.

Fərqli cəhət isə odur ki, hökumətin hazırladığı ilkin variantdan fərqli olaraq bizim variant normativ hüquqi aktlar haqqında qanunun tələblərinə daha dolğun şəkildə cavab verir. İkincisi qanunun 2005-ci il də hazırlanmış hökumət variantının maliyyə tutumu təqribən 600 milyon manat nəzərdə tutulurdu. Bəlkə də həmin dövr üçün bu keçmiş SSRİ-də ən yaxşı göstəricilərdən birı idi. Amma bu qədər gecikmədən sonra bu məbləğdən çıxış etməklə əmanətləri qaytarmaq, problemə ədalətsiz yanaşıb əlavə problem yaratmaq demək  olar.

Müstəqil ekspertlər bir tərəfdən əmanətlərin birə-bir variantında qaytarılması fikrini, digər tərəfdən isə bunun üçün 800 milyonla 1 milyard arasında vəsaitin tələb olunduğunu bildirirlər. Burada bir yanlışlıq var. Həmin variantı tətbiq etməkdən ötrü 800 milyon yox, 5 milyard manat ( 6,3 milyard dollar) lazımdır. Əvvəla, birə-bir variantına heç bir ölkə nəinki getməyib, heç yaxın belə düşməyib. Çünki iqtisadiyatdan az-çox başı çıxan hər kəs bilir ki, belə bir varianta gedən ölkədə on illər boyu inflyasiyanı yığıb-yıgışdırmaq mümkün olmaz və əhali qazanmaq əvəzinə  itirər. Ona görə də biz heç bir populizmə getmədən  1 sovet rubluna 63  sent təklif etmişik. Bu halda əmanətləri qytaqmaqdan ötrü 1,9 milyard manat pul lazımdır. Düşünürəm ki, bu qədər gecikmədən sonra, bizim variantın tətbiqi daha ədalətli olmaqla, Litva variantından (1rubla görə 40 sent) da önə çıxmış olardıq. Bundn artıq məbləğ göstərmək sadəcə özünü xalqa yaxın göstərmə populizmidir və əmanətləri inflyasiyanın yeminə çevrib əhalini yenidən narazı salmaq variantıdır. İqtisadi qanunları pozanda o, çox sərt şəkildə cəzaləndırır. Bundan ziyan çəkən isə daha çox yoxsul təbəqə olur. Əğər biz istəyiriksə ki, əhalinin əmanətlərindən onların özləri faydalansın, onda əmanətlərin bizim variantda olduğu kimi, infilyasiya yaratmayan variantını tətbiq etmək lazımdır.

- Əmanətlərin hası nisbətdə qaytarılmasını təklif edirsiniz?

- Əmanətlərin təqribən 40 faizə qədəri 2000 rubla qədər olan əmanətlərdir. Layihədə təklif olunur ki, həmin əmanətlər 2 rubla görə 1 manat (1,3 dollara yaxın) nisbətində indeksləşdirilsin. Yəni 2000 sovet rubluna görə 1000 Azərbaycan manatı (1300 dollar) verilməsini təklif etmişik. Əmanətlərin təqribən 30 faizə qədəri 2000-5000 rubla qədər olan əmanətlərdir. Layihədə təklif olunur ki, həmin əmanətlər 1000 manat, üstəgəl  2000 rubldan yıxarı olan hissəsi 3 rubla görə 1 manat  nisbətində indeksləşdirilsin. Əmanətlərin təqribən 20 faizə qədəri 5000-10000 rubla qədər olan əmanətlərdir. Layihədə təklif olunur ki, həmin əmanətlin 5000 rubla qədər olan hissəsi əvvəlki prinsip üzrə, 5000 rubldan yüksək olan hissəsi isə 4 rubla görə 1 manat  nisbətində indeksləşdirilsin. Əmanətlərin 10 faizdən bir qədər artığı 10 min rubldan yuxarı olan əmanətlərdir. Layihədə təklif olunur ki, həmin əmanətlin 10 min  rubla qədər olan hissəsi əvvəlki prinsip üzrə, 10 min  rubldan yüksək olan hissəsi isə 5 rubla görə 1 manat  nisbətində indeksləşdirilsin.
Əmanətlərin strukturu göstərir ki, əmanətlərin 70 faizə qədəri 5 min rubla qədər olan əmanətlərdir və layihədə də həmin məbləğlər üstun indeksləşdirilib. Bu prinsip sovet dövründən qalma əmanətlər qaytarılarkən bütün ölkələrdə tətbiq olunub. Postsovet məkanında ən yüksək indeksləşməni isə layihədə biz təklif etmişik. Yəni əmanət qalıqlarına həmin sxem üzrə təzminat ödənilməsi həyata keçirilsə, bu keçmiş SSRİ-yə daxil olan yeni müstəqil dövlətlər içərisində ən yüksək göstərici olacaq.

- Əmanətlərin hansı ardıcıllıqla qaytarılmasını təklif edirsiniz?

- Hokumətin 2005-ci ildə hazırladığı ilkin variantda əmanətlərin azı 8 ilə qaytarılması nəzərdə tutulmuşdu. Bu, çox uzun müddətdir. Bir sıra ekspertlər hesab edir ki, əmanətləri 2-3 ilə və bundan da tez qaytarmaq olar. Bu isə əmanətlərin qaytarılması ilə bağlı real işlərin həcmi barədə məlumatsızlıqdan doğur. Əhalinin əmanətləri infilyasiyanın yeminə çevrilməsin deyə, qanun layihəsinin 8-ci maddəsinin tələblərinə əsasən, əmanət qalıqlarına görə hesablanmış təzminat, mərhələlik və fərqləndirmə prinsipləri əsas götürülməklə, hər biri 2 ildən ibarət olan 3 mərhələ üzrə 5 il, üstəgəl mübahisəli məsələlərin həllinə əlavə olaraq 1 il ayırmaq şərtilə 6 il müddətində ödənilir. Birinci mərhələni  başa vurduqdan sonra mülahizə yürütmək olar ki, əmanətlərin qaytarılması müddəti 5 il qalsın, yoxsa bir-iki il ixtisar olunsun.Birinci mərhələdə ilk növbədə şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına, I qrup əlillərə və 1940-cı ilə qədər anadan olan əmanətçilərə təzminat ödənilməsi nəzərdə tutulub. İkinci mərhələdə 1950-ci ilə qədər anadan olanlara və əvvəlki illər də daxil olmaqla onların varislərinə təzminat ödənilir. Üçüncü mərhələdə 1950-ci ildən sonra anadan olanlara və onların varislərinə, həmçinin müvafiq komissiyalar tərəfindən araşdırmalardan sonra əmanət kitabçası itmiş, əmanət kitabçası almamış və digər səbəblər üzündən qanunvericiliklə müəyyən olunmuş təzminatı ala bilməyən əmanətçilərə informasiya bazasının məlumatlarının araşdırılması əsasında təzminat ödənilməlidir.

- Bir sıra ekspertlər hesab edir ki, əmanətlər qiymətli kağızlar, əmlak və s. formalarda ödənilməlidir.

- İqtisadi və Sosial İnnovasiyar İnstitutu xətti ilə bu ilin əvvələlərində Şəki-Zaqatala regionunda bizim apardığımız sosioloji sorguların nəticələrinə görə, əmanətlərin qaytarılması məsələsi öz aktuallığına görə birinci yerə çıxıb. Əhali öz əmanətlərini  pul formasında almaq variantına üstünlük verir. Bununla belə layihənin 5-ci maddəsinin 11-ci bəndində göstərilib ki, əmanətçinin istəyindən asılı olaraq əmanət qalığına görə təzminatın nağd pulla ödənilmə üsulu ilə yanaşı, qiymətli kağızlarla hesablaşma, depozitə köçürülmə və istənilən növ xüsusi hesabın açılması üsullarından da istifadə edilə bilər. Bu prinsipin reallaşdırılması, həmin pulların bir hissəsinin layihənin 7-ci maddəsinin 5-ci bəndində göstərildiyi kimi, faiz ödənilməklə əlverişli şərtlərlə Bankda saxlanılmaqda davam etdirilməsi vasitəsilə dövriyyəyə əlavə pul kütləsinin daxil olmasını məhdudlaşdırmaq məqsədi güdür.

- Tez-tez belə bir məsələ qaldırilir ki, infliyasiyanın yenidən sürətlənməsi ilə əlaqədar olaraq əmanətlərini birinci növbədə alanlar uduşlu, üçüncü mərhələdə alanlar isə uduşsuz vəziyyətdə olacaqlar...

- İnfliyasiyanın yenidən sürətlənməsi ilə əlaqədar olaraq əmanətçilərə ödənilən təzminatın dəyərdən düşməsinin qarşısını almaq məqsədilə, Qanun layihəsinin 7-ci maddəsinin 7-ci bəndində nəzərdə tutulub ki, ikinci ildən başlayaraq hər il özündən əvvəlki ilin infliyasiya səviyyəsi nəzərə alınmaqla əlavə kompensasiya hesablansın.

- Dünyasını dəyişən əmanətçilərlə bağlı problem necə həll olunacaq?

- Qanun layihəsinin 9-cu maddəsinin 3-cü bəndinin tələblərinə görə əmanətçi vəfat etdikdə, ona əmanət qalıqlarına görə hesablanmış təzminat müvafiq sənədlər təqdim edilməklə, qanunvericiliklə müəyyən edilmiş qayda və müddətdə əmanətçinin hüquqi varisinə verilir. Həmin prinsipin sistemli şəkildə tətbiqi əlavə vaxt tələb etdiyindən, əmanətlərin varislərə verilməsi prosesinin əmanət qalıqlarına təzminat ödənilməsinin ikinci mərhələsinin 2-ci ilindən başlayaraq həyata keçirilməsi nəzərdə tutulur.

- Bəs mübahisəli məsələrin həlli üçün layihədə hansı variantlar nəzərdə tutulub?

- Layihənin 13-cü maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının əmanət qalıqlarına təzminat verilməsi haqqında qanunvericiliyin pozulması və əmanətlərin ödənilməsi prosesində yaranan mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə, o cümlədən məhkəmə qaydasında həll edilməlidir.

- Mübahisəli məsələlərin ən ciddisinin Azərbaycanda əmanətləri olan, lakin hazırda ölkədə yaşamayan və Azərbaycan vətəndaşı olmayanlar tərəfindən təzminat almaq iddiaları ilə əlaqədar ola bilərmi?

- Digər ölkələrin təcrübəsinə əsaslanaraq qanun layihəsinin 4-cü maddəsinin 3-cü bəndində göstərilib ki, əmanət qalığına görə təzminat ödənilməsi yalnız Azərbaycan Respublikası vətəndaşlarına şamil edilir. Bu prinsip Rusiya və digər ölkələrdə əmanətlər qaytarılarkən də tətbiq olunub. Əmanət Bankına 1 yanvar 1992-ci ilə qədər əmanət qoymuş hər bir Azərbaycan vətəndaşı həmin tarixə qədər olan əmanət qalığına görə bu Qanunla müəyyən edilmiş qaydada təzminat ala bilər. Azərbaycan  Respublikasının  vətəndaşlığı  haqqında  Qanunun 8-ci maddəsində göstərilib ki, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin ərazisində yaşaması Azərbaycan Respublikasının vətəndaşlığının xitamına səbəb olmur. Ona görə də əgər əmanətçi Azərbaycan vətəndaşıdırsa, onun harada yaşamasından asılı olmayaraq, bu Qanunun 8-ci maddəsinin 2-ci bəndində göstərildiyi kimi, təqdim etdiyi şəxsiyyət vəsiqəsi və əmanət kitabçası və müvafiq formada doldurulmuş ərizə əsasında təzminat ala bilər.

- Bəs Azərbaycandan köçüb gedənlər məsələsi ilə bağlı söhbətlər barədə nə fikirdəsiniz?

- Azərbaycandan köçüb gedənlərə gəldikdə isə onların xeyli hissəsi ölkəni tərk etməzdən əvvəl əmanətlərini Bankdan çıxarıblar. Bununla yanaşı köçüb gedənlərin bir qismi bankdakı hesablarını bağlamayıb. Dağlıq Qarabağ erməniləri isə 1989-cu ildən əmanətlər üzrə balanslarını və statistik hesablarını Azərbaycan Əmanət Bankından çıxarıb və Rusiya Əmanət Bankına təhvil verib. Ona görə də Dağlıq Qarabağ əmanət idarəsinin əmanətçilərinin Azərbaycan Əmanət Bankında əmanət hesabları yoxdur. Həmin əmanətlərə təzminat hazırda onların öz büdcəsindən ödənilir.

Bu sahədə yarana biləcək mübahisəli məsələlərə Qanun layihəsinin 7-ci maddəsinə görə əmanətlərin qaytarılmasının sonuncu ilində baxılması nəzərdə tutulub. Həmin qəbildən ola biləcək iddiaların məlum hissəsinə isə Ermənistandan çıxarılan 250 mindən artıq soydaşımızın orada qalan əmanətlərinə aydınlıq gətiriləndə baxıla bilər. Məlum olduğu kimi, Ermənistan 2006-cı ildən başlayaraq əmanətlərin qaytarılması istiqamətində addımlar atır. Amma Ermənistandan çıxarılan soydaşlarımızın orada qalan əmanətlərinə aydınlıq gətirilməyib.Onlar bu haqda heç düşünmürlər də...

 Bununla belə bu məsələnin problemli olmasını və Ermənistanın həmin əmanətləri qaytarmayacağını nəzərə alaraq, Qanun layihəsinin 7-ci maddəsinin 6-cı bəndində göstərilib ki, Ermənistan zorla çıxarılmış və hazırda Azərbaycan Respublikası vətəndaşı olan soydaşlarımızın Ermənistan tərəfindən qaytarılmayan əmanətlərinə görə bu qanunla müəyyən edilmiş prinsiplərdən istifadə olunmaqla müvafiq icra orqanı tərəfindən hazırlanmış xüsusi qaydalar üzrə təzminat ödənilməsinə baxılması təklif olunur.

- Əmanətlər hansı mənbə hesabına  ödəniləcək?

- Qanun layihəsinin 10-cu maddəsinin tələblərinə görə əmanət qalıqlarına görə təzminat verilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Əmanət qalıqlarına görə təzminat verilməsi ilə əlaqədar hesablanan məbləğ büdcədə nəzərdə tutulan dövlətin daxili borcu hesabına ödənilməlidir. Əmanət qalıqlarına görə təzminat verilməsi ilə bağlı işlərin görülməsindən ötrü zəruri olan xərclər də dövlət büdcəsinin vəsaiti hesabına örtülür. Bununla yanaşı 10-cu maddənin 5-ci bəndində belə bir maraqlı təklif irəli sürülüb ki, dövlət büdcəsinin borc yükünü azaltmaq, dövlət maliyyə vəsaitlərinə qənaət etmək, əmanətlərin müəyyən olunmuş müddətdə və ardıcıllıqla qaytarılmasında dövlətin, bankın və əmanətçilərin maraqlarını uyğunlaşdırmaq məqsədilə əmanət qalıqlarına təzminat müvafiq icra orqanı tərəfindən banka verilmiş kredit resurslarından əldə olunan faiz hesabına da ödənilə bilər.

- Prosesi asanlaşdırmaqdan ötrü layihədə nəsə nəzərdə tutulubmu?

- Qanun layihəsinin 11-ci maddəsinin tələblərinə görə əmanət qalıqlarına görə təzminat verilməsinin səmərəli təşkilini təmin etmək məqsədilə müvafiq icra orqanı tərəfindən zəruri tədbirlər kompleksini özündə əks etdirən fəaliyyət proqramı, mexanizm, eləcə də məlumat bazası, reyestr, bu Qanunun tətbiq dairəsinə aid əmanət qalıqlarına görə təzminatın hesablanması, uçotu, ödənilmə qaydaları, təlimatlar və digər sənədlər hazırlayıb həyata keçirməlidir. Eyni zamanda, infliyasiya nəticəsində dəyərdən düşmüş əmanətlərə təzminat verilməsi prosesində qarşıya çıxan problemlərin həllini sürətləndirməkdən ötrü, ölkə, şəhər və rayon səviyyələrində xüsusi komissiyalar, müvafiq orqanlarda isə görülməli işlərin miqyasına uyğun qurumların formalaşdırılması məqsədəuyğun hesab edilir.

Vətəndaşların əmanət qalıqlarına görə təzminat verilməsi haqqında qanunvericiliyin pozulmasına görə təqsirkar olan hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşımalıdırlar. Bununla əlaqədar olaraq daha çox hallandırılan əmanət kitabçalarının kütləvi surətdə saxtalaşdırılması ehtimallarına gəldikdə isə qeyd etmək lazımdır ki, təzminat ödənilərkən əmək kitabçasından əlavə əmanətçinin adına açılan şəxsi hesab vərəqəsinə, ilkin mədaxil orderinə, gündəliyə və əmanətlər barədə mühasibat sənədlərində olan məbləğə baxılır və tutuşdurma aparıldıqdan sonra ödəniş həyata keçirilir.

Qanun layihəsinin 12-ci maddəsinin tələblərinə görə bu Qanunun prinsipləri əsasında hazırlanan proqramın və digər sənədlərin reallaşdırılmasına nəzarətin Milli Məclis və onun orqanı olan Hesablama Palatası vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulub. Əmanət qalıqlarına təzminat verilməsini həyata keçirən orqan ildə bir dəfə müvafiq proqramın yerinə yetirilməsinin vəziyyəti barədə Milli Məclisə hesabat verməlidir. Əmanət qalıqlarına görə təzminat verilməsinə ictimai nəzarəti həyata keçirməkdən ötrü isə Müşahidə Şurasının yaradılması təklif olunur.

Elşad EYVAZLI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı