Modern.az

Şallağa, gəl, şallağa  

Şallağa, gəl, şallağa   

13 Yanvar 2019, 19:00

Azad Müzəffərli

 (hekayə)

         
Yol polisinin gecəsi-gündüzü yox idi. Bütün heyət ayağa qaldırılmışdı. Tapşırıq beləydi; kimliyindən asılı olmayaraq istər sürücülər, istərsə də piyadalar bir nəfər kimi yol hərəkəti qaydalarına əməl etməliydi. “İslahatçılar qrupu”nda xaricdə təhsil alanlar, beynəlxaql təcrübəni görüb-götürənlər, bu sahədə illərlə zəngin təcrübə toplayanlar cəmləşmişdi. Özlərinə əl qatmışdılar, bütün günü yollardaydılar. Onların tövsiyyələri əsasında qısa müddətdə şəhərdəki nahamar yollar asfaltlanmış, səkilər qaydasına salınmış, yeni yol nişanları, işıqforlar quraşdırılmış, hərəkətin gur yerlərində yeraltı və yerüstü piyada keçidləri, həmçinin, piyadalar üçün zolaqlar araya-ərsəyə gətirilmişdi. Dövlət bütün bunlara xalqın bir ətək pulunu xərcləmişdi. Di gəl, camaatın əksəriyyəti yolu dədə-baba qaydasınca keçməyindəydi; köhnə hamam, köhnə tas. Yenə də sürücülərə şükür, piyadaların əvvəlki təkin Araz aşıqlarından, Kür də topuqlarından idi.

      
Qanun keşikçiləri növbəti iclasda da “piyada səddi”ni aşmağın yollarını arayırdılar. Bu toplantıya yol polisinin say-seçmə əməkdaşları qatılmışdılar. Bircə nəfərdən – uzun illər boyunca bu sistemdə vicdanla çalışan yaşlı serjantdan başqa hamı dil-dil ötürdü. Di gəl, heç cür mətləb üstə gələ bilmirdilər. Qəflətən rəis sözü bayaqdan səbirlə həmkarlarını dinləyən bu əməkdaşa – serjanta verdi. Həmin nurani kəs özünü toparlayaraq kimsənin yuxusuna belə girməsi mümkün olmayan  təklifini irəli sürdü:


-      Fikrim aydın olsun deyə birbaşa mətləbə keçirəm. Hamıya bəllidir ki, münbitliyini itirən torpaqdan bol məhsul götürmək, dəryada əllə balıq ovlamaq sevdasından qətiyyən fərqlənmir. Gərək, əvvəlcə həmin torpağı ilkin normal vəziyyətinə gətirəsən ki, oranın bəhəri də istəyincə olsun. Bu baxımdan aylarla çalışsaq da, biz piyadaları dinə, iman gətirə bilmirik ki, bilmirik. Bundan sonra lap göyə də dırmaşsaq da, köklü şəkildə heç nə dəyişməyəcək. Zənnimcə, bunları yola gətirməyin bircə yolu var, şallaq. Təklifim sizə qəribə gələ bilər, amma mənim qənaətimcə,  hələ də yerlərində təpik döyən belə kəsləri  nuh əyyamına qaytarmaqdan başqa çarə yoxdu.

        
Təklif səslənər-səslənməz salondakılar özlərinə bir əl qatdılar ki, gəl görəsən.  Kimisi qəhqəhə çəkib səsini başına atdı, kimisi atmacasından qalmadı, kimisi də zənguləyə keçdi.


-      A kişi, 21-ci əsrdi ey, sən nə danışdığını heç anlayırsan?! Əcnəbiləri bizə güldürmək istəyirsən?! Onsuz da çıraqla bəhanə gəzirlər, qaraguruhlarından qulaq tutular e...

-      Guya indi ağızlarına su alıb lal-kar olublar ki... Yeri gəldi-gəlmədi bizə qarşı cəfəngiyyat yağdırmırlar bəyəm?! Bizim piyadaların xeylisi də qayda-qanuna əməl eləmək əvəzinə güc veriblər dillərinə. Ağızlarını qoyublar Allah yolunda, hara desən, şikayəti, şikayət dalınca kökləyirlər... Mən qandığımı dedim... Məsləhət sizindi...

     
Bu dəfəki iclas da nəticəsiz qaldı. Yol polisləri az qala başlarını itirmişdilər, daha neyləyəsiydilər. Qanun daxilində əl atmadıqları nəsnə qalmamışdı. Hiss olunacaq irəliləyişdən söhbət belə gedə bilməzdi. Bir növ kor-peşiman vəziyyətdəydilər. Di gəl, geriyə də yol yoxdu. Çıxış yolu mütləq tapılmalıydı, nəyin bahasına olursa, olsun. Bir sözlə, yol polisləri elliliklə Ələddinin “sehrli çırağı”nın axtarışındaydılar.

       
Aylar bir-birini əvəzləsə də, müsbət dəyişikliklərdən söhbət belə gedə bilməzdiNə işıqfora, nə də piyadalar üçün keçid və zolaqlara kimsə əhəmiyyət vermirdi. Sanki, uzaq dağ kəndində yol keçirdilər, avtomobillərə məhəl qoymadan. Elə bil yazılmamış qanundur, yol həmişə piyadalarındır. Nə boynuna metrəyarımlıq qalstuk keçirənləri, nə ağsaqqalı, ağbirçəyi, nə də gənc, yeniyetmə və uşaqlar yol hərəkəti qaydalarını qətiyyən  veclərinə almırdılar. Ədalət naminə, bəlkə, haradasa, hər min nəfərdən təqribən beş-altısı yolu ədəb-ərkanla keçirdi. Adamın gözlərinə inanmağı gəlmirdi, sanki, onlar da  göydən zənbillə düşənlər, yad planetlərdən təşrif buyuranlardı. Belələrinə rişxəndlə baxanlar da tapılırdı. Bəzi piyadaların ədası isə heç yerə, göyə də sığmırdı. Bu cür özündən razılar yolu keçəndə adamın lap əti tökülürdü. Tövrlərindən belə çıxırdı ki, deyəsən, cümlə-cahanı bunlar yaradıblar. Nəinki maşınlar, hətta, bütün canlılar onlar yoldan ötəndə faragat dayanmalıdırlar. Belələrinin əksəriyyətinin məhz qadınlar olması isə adamı az qala cin atına mindirir. Gur yağışlı günlərdə bir addımlıqdakı piyada keçidini qoyub, saymazcasına yolu keçərkən üst-başları çamura bulaşanların sürücülərə olmazın söyüşlər yağdırmalarından isə danışmağa dəyməz. 

        
 Cərimə cərimə dalınca gəlsə də, xeyri yoxdu. İnzibati tənbeh tədbirləri də bunlara kar eləmirdi. Yol polisinin piyadalar üçün məxsusi hazırladığı, üç cüt, bir tək yol hərəkəti qaydasından ibarət kitabçaya yaxın düşən də yoxdu. Havayı paylayırdılar, götürən tək-tükdü, o da, xala-xətrin qalmasın. Cərimə ödəməyə pulları yoxdu deyə hayqırtı vuranlar əl boyda bu kitabçalara yiyə durmaqdan vaz keçirdilər. Hələ yol polisini günahkar çıxarmağa cəhd göstərərək onlarla əlbəyaxa olanlar da tapılırdı. Ələlxüsus da, belələri arasında “ağsaqqallığını” bəhanə gətirib səsini başına atanlar  üstünlük təşkil edirdi. Bu hələ harasıdır, yol polisindən haqsız şikayətlər saya gəlmirdi. Yolu adam kimi keçmək əvəzinə min bir əziyyətə qatlaşaraq beynəlxalq təşkilatlara, məhkəmələrə də müraciət edənlər kifayət qədərdi.

      
 Bütün bunlara rəğmən yol polisi əməkdaşları ruhdan düşmürdülər, gecələrini gündüzlərinə qatmışdılar. Rəis də sözün yaxşı mənasında inadkarın biriydi, prinsipiallıqda dədəsinə də güzəştə gedən deyildi. Di gəl, bir il keçsə də, ortalıqda irəliləyişdən xəbər-ətər yox idi. Sonda əlacsızlıqdan yaşlı serjantın irəli sürdüyü təklifin üstə dayanmaqdan başqa çıxış yolu qalmadı. Bunu da sınamaq qərarına gəldilər. Hökumətlə birtəhər dil tapıb işə girişdilər.

     
Sifarişlə ölkəyə xeyli şallaq gətirildi. Bundan başqa cağbacağ söyüd və nar çubuqları da tədarük olundu. Gündəlik dolanışıq üçün qəbirstanlıqlarda qismətini arayan mollalarla da sövdələşmələr aparılaraq islahatın “növbəti mərhələsi”nə start verildi. Qərara alındı ki, qayda-qanuna məhəl qoymayan heç bir sürücü və  on səkkiz yaşdan yuxarı piyadaya güzəşt edilməyəcək. İlk dəfə qaydanı pozan kişilərə üç şallaq cəza kəsiləcək. Yolu necə gəldi keçməkdə davam edən qadınların əlləri isə söyüd və ya nar çubuqları ilə beş dəfə döyəclənəcək. Təkrarən qaydanı pozanların cəzası hər dəfə ikiqat artırılacaq.

        
 Aradan heç bircə həftə ötməmişdi ki, xeyli evlərdə xörək üzünə həsrətdilər. Şallaq zərbələrindən yanpörtü gəzən kişilərin sızıltısı da söyüd və nar çubuqlarından əlləri cadar-cadar olan qadınların mələrtisinə qarışmışdı. Bu minvalla cəmi bir ay ərzində yol hərəkəti qaydalarına məhəl qoymayanların sayı heçə endi. Vəziyyət tamamilə dəyişdi, hətta, tam mübaliğəsiz, yəqinki, Qərbin ən inkişaf eləmiş ölkələrində də bu qədər dəqiqliklə yol hərəkəti qaydalarına əməl olunmurdu. İndi yol polisinin dərdi tamam başqaydı. Bu dəfə piyadalar onları gözümçıxdıya salmışdılar. Vaxtilə kimsənin yaxın düşmək istəmədiyi yol hərəkətinə dair kitabçalar mataha dönmüşdü. Sifariş o qədər çox idi ki, çap eləyib çatdıra bilmirdilər. Tezliklə, şallaq, söyüd və nar çubuqlarının da yol polisinin muzeyində ən dəyərli eksponatlardan biri kimi özünün layiqli yerini tutacağı şəksizdi.                 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir