Modern.az

“Leyla Əliyevanın təşəbbüsü ilə Macarıstanın Debrecen Universitetində təhsil alıram” – azərbaycanlı tələbə

“Leyla Əliyevanın təşəbbüsü ilə Macarıstanın Debrecen Universitetində təhsil alıram” – azərbaycanlı tələbə

15 Yanvar 2019, 20:46

Azərbaycanı son illərədək sadəcə petrol ölkəsi kimi tanıyırdılar. Amma şükürlər olsun ki, qara qızılımızı insan kapitalına çevirə bilmədiyimizdən gileylənənlər üçün tutarlı cavab olacaq çox müasir və peşəkar gəncliik ordusuna sahiblənməkdəyik. Bu gün gənclərimizin sorağı dünyanın ən nüfuzlu universitetlərindən gəlir və onlar təkcə təhsil almaqla kifayətlənmirlər, eyni zamanda vətəndaşı olduqları ölkənin həqiqətlərini dünyaya çatdırmaq üçün sözün həqiqi mənasında mücadilə aparırlar. Bunlardan biri də Yusifdir.

 

Modern.az Macarıstanın Debrecen Universitetində təhsil alan azərbaycanlı tələbə Yusif Hüseynlinin Moderator.az-a verdiyi müsahibəni təqdim edir:

 

- Yusif, bir az özün haqqında məlumat verərdin...

 

- Hüseynli Yusif  2000-ci ildə Bakı şəhərində anadan olmuşam. Heydər Əliyeva adına liseydə təhsil almışam. Ailəm Kəlbəcər rayonunundandır. Kəlbəcərin ermənilər tərəfindən işğal olunmasından sonra ailəm məcburi köçkün düşüb.

 

- Liseydə oxuyarkən dərslərinə necə hazırlaşırdın?

 

- Dərslərimə həmişə hazır gəlirdim, çünki müəllimlərimlə münasibətim yaxşı idi. Liseyin özü bildiyiniz kimi unikal təhsil ocağıdır, Ulu Öndər Heydər Əliyevin adını daşıması kifayətdir ki, orada hansı təhsil standartlarının hökm sürdüyü bəlli olsun. Bacım da həmin liseydə təhsil alır. O, da imtahanlara hazırlaşır. Dərsdən sonra hazırlıqlarım olurdu, dərslərimə görə elə olurdu sutkada üç saat yatırdım. Məhz bu zəhmətsevərliyin nəticəsində uğurlu karyera quruculuğunda ilk addımımı atmağa nail oldum. Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırda Macarıstanın Debrecen Universitetinin İqtisadiyyat və Biznesin İdarə edilməsi fakültəsində təhsil alıram.

 

 

 

- Hələ liseydə oxuyarkən çoxlu uğurlarının olduğunu deyirsən. İlk naliyyətin hansı olub?

 

- Liseydə oxuyarkən beşinci sinifdə riyaziyyat üzrə yaşıdlarım arasında respublika üzrə qalib oldum. Sonra idman sahəsində də uğrularım olub. “Qarabağ” futbol komandasının 14 yaşlı heyətində dörd il futbol oynadım. Bir müddət sonra zədələndim və dərslərimə görə futboldan uzaqlaşdım. Düzdür, futbolçu olmaq arzum idi, amma sonradan bu fikrimdən daşındım.

 

- Bəs belə bir universiteti seçmək ideyası hardan ağlına gəldi?

 

- Birincisi, o universitetdə təhsil alan dostlarım var və onlarla əlaqə saxlayıb universitet barədə məlumatlar topladım. Sonra universitetlə internet üzərindən də tanış oldum. Çox xoşum gəldi. Debrecen Universiteti 1538-ci ildə yaranıb, Avropanın ən qədim universitetlərindən biridir. Mənim həmin universitetitdə təhsil almağıma gəlincə bildirim ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva buna təşəbbüs göstərdi. Sənədlərimi universitetə yolladım və İELTS və SAT imtahanlarından yüksək bal topladım və Universitetin İqtisadiyyat və Biznesin İdarə edilməsi fakültəsinə qəbul olundum.

 

 

 

- Oxuduğun universitetdə neçə nəfər azərbaycanlı tələbə təhsil alır?

 

- Ümumi Macarıstan üzrə 500 nəfər azərbaycanlı tələbə təhsil alır və onlardan da 60 nəfəri mənim təhsil aldığım universitetdə oxuyur. Bir-birimizlə münasibətlərimiz çox yaxşıdır.

 

- Bir çox gənclərimiz xaricdə təhsil aldıqdan sonra vətənə qayıtmaq istəmirlər. Sən necə düşünürsən?

 

- Düzdür, bir çox səbəblərə görə gənclərin çoxu geri dönməyə həvəs göstərmirlər. Amma mən təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıdacam. Bunu əvvəldən fikirləşmişəm. Bizə dövlətimiz təhsil almağımız üçün dəstək olursa, niyə sonradan xaricdə qalmalıyam? Xaricə təhsil alırıq, amma bu şəraiti bizə dövlətimiz yaradıb. Təbii ki, bu təhsili almaq üçün bizə Heydər Əliyev Fondu dəstək olur və fürsətdən istifadə edib ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya öz minnətdarlığımı bildirirəm ki, gənclərimizə bu cür qayğı göstərirlər. Bilirsiniz, bu gün məhz Mehriban xanımın birbaşa dəstəyi və təşəbbüsü ilə minlərlə gənc dünyanın nüfuzlu universitetlərində təhsil alırlar və eyni zamanda həmin ölkələrin cəmiyyətinə kövrək addımlarla olsa belə, inteqrasiya edərək Azərbaycan həqiqətlərini doğru-dürsüt çatdıra bilirlər. Bu baxımdan həmin tələbələr həm də dispor nümayəndələri və diplomat kimi də elə indidən onlara göstərilən bu etimadı layiqincə qiymətləndirməyə çalışırlar. Hesab edirəm ki, Mehriban xanımın Azərbaycanın uğurlu gələcəyi naminə himayədarlıq etdiyi bu xoşməramlı təşəbbüs çox böyük millətsevərlik və vətənsevərlikdir. Ona görə də belə bir xoş niyyətə biz də öz töhfəmizi verməyə borcluyuq. Bir vacib məqamı da vurğulamasam insafsızlıq etmiş olardım. Təbii ki, Azərbaycanın parlaq gələcəyini quracaq gəncliyin müasir dövrün çağırışlarına cavab verən səviyyədə olması üçün çox uzaqgörən tarixi missiya həyata keçirən prezident İlham Əliyevə də böyük minnətdarlıq payı düşür. Məhz onun rəhbərliyi altında ölməz Heydər Əliyevin sovetlər dönəmində ittifaq respublikalarının nüfuzlu ali təhsil ocaqlarına göndərilən gənclərin bu gün çox parlaq davamçıları yetişməkdədir və hesab edirəm ki, estafet çox etibarlı əllərdədir. Bu əllər ölkəmizin ərazi bütövlüyünə nail olunması və işğalçının burnunun ovulmasına qadirdir. Buna kimsənin şübhəsi olmasın.

 

 

- İlk altı ayı təhsil aldın. Birinci semestrdən sonra iki həftəlik tətilini vətənə qayıtmısan. Hansı təəssüratların var həmin ölkə haqqında?

 

- Avropa olduğu üçün bir az bahadır hər şey. Amma sən tələbə olub xaricdə təhsil almağı düşünürsənsə, bunları nəzərə almaq lazımdır. Burda bir çox millətlərdən tələbələr təhsil alır. Bizim onlarla da münasibətlərimiz yaxşıdır. Hər bir tələbə özü ölkəsinin güzgüsüdür. Bizim də borcumuz odur ki, ölkəmizi layiqincə təmsil edək. Universitetdəki müəllimlərimiz macarlardır və dərslər ingilis dilində keçirilir. Özüm də rus və ingilis dillərini normal səviyyədə bilirəm.

 

- Azərbaycanlı tələbə olaraq orda ölkəmizi layiqincə təmsil edə bilirsinizmi?

 

- Biz Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevlə tez-tez görüşük. V.Quliyev özü də bizimlə çox maraqlanır. Məsələn, 20 Yanvarda, 26 fevral Xocalı faciəsinin anım günündə, milli bayramlarımızda səfirliyimizlə birlikdə tədbirlər təşkil edilir. Bizim hansısa bir problemimiz olanda səfirliyimizə çox rahat şəkildə gedə bilirik və bizi çox yaxşı qarşılayırlar. Bundan əlavə  Diasporla İş üzrə Dövlət Komitəsi də Macarıstanda yaşayan və təhsil alan azərbaycanlılarla  təşkilatlarımızda daimi maraqlanırlar. Komitə sədri Fuad Muradov bizlərin problemləri ilə daimi maraqlanaraq öz köməkliyini göstərir. Hesab edirəm ki, onun rəhbərliyi altında qısa zamanda Macarıstan da daxil olmaqla dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımızın parlaq diaspor quruculuğunun şahidi olacağıq. Fuad müəllimin qısa zamanda pərən-pərən olmuş soydaşlarımızın vahid bir mərkəzdən idarə olunmaqla yumruq kimi birləşərək erməni yalanlarına sarsıdıcı zərbə vuracağına hamımızın inamı böyükdür. Etiraf edək ki, qarşıda hamımızın görməli olduğumuz çox işlər var və nəhayət, beynəlxalq aləmin işğalçının iç üzünü görməsi üçün təkcə təhsil almaqla kifayətlənməməli olduğumuzu anlayırıq, eyni zamanda bir diaspor fəalı kimi də gecə-gündüz çalışmalı olduğumuzu bilirik.

 

 

- Kəlbəcər rayonu ata-baba yurdundur. Sən təbii ki, Bakıda anadan olmusan. Kəlbəcər haqqında necə təsəvvürün var, heç olmasa atanınızın necə bir bənzərsiz Vətən torpağını itirdiyini bilirsinizmi?

 

- Kəlbəcər 1993-cü ildə ermənilər tərəfindən işğal olunub və mən isə 2000-ci ildə anadan olmuşam. Ailəmdə atamın, anamın, babamın dediklərindən bilirəm ki, çox dilbər güşələrimizdən biri olub. Fakültəm iqtisadiyyat və bizneslə bağlıdır. İnşallah Kəlbəcər işğaldan azad olunsun, orada öz ixtisasımla bağlı işlərimi davam etdirərəm. İnanıram ki, torpaqlarımız işğaldan azad ediləcək və mən öz ata yurdumu gedib ziyarət edəcəm.

 

- Yusif, qarşıda hansı məqsədlərin var?

 

- Məqsədim ilk növbədə ali təhsilimi başa vurmaqdır. Sonra vətənə qayıdım hərbi xidmətə gedəcəm. Bu hər bir Azərbaycan gəncinin vətənə borcudur. Bundan sonra vətəndə işləmək istəyirəm.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir