Modern.az

ABŞ-da yaşayan azərbaycanlı kimyaçı... - FOTOLAR

ABŞ-da yaşayan azərbaycanlı kimyaçı... - FOTOLAR

18 Yanvar 2019, 10:35

Kübarlıq irsən gəlir, nəsildən nəslə qanla ötrürülür. Belə insanların davranışı, başqaları ilə ünsiyəti də yüksək mədəniyyət çərçivəsində olur. O, səyahət etməyi çox xoşlayır. Demək olar ki, Avropanın bütün ölkələrində, Şimali Amerikada, Asiyanın bəzi dövlətlərinə səyahət edib… 

Atası Musa Rüstəmov kimya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademikdir. Uzun illər Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnistitutunun direktoru olub. 88 yaşlı akdemik dövlətimizin bir neçə ali mükafatları ilə təltif olunub…

Anası Azadə xanım Həsənzadə də alimdir, kimya elmləri namizədidir. Uzun illər bu sahədə çalışıb…

Həyat yoldaşı Kimiya xanım Məmmədova "Kaliforniya-Azərbaycan dostluq cəmiyyəti"nin icraçı direktorudur. Azərbaycanla bağlı xeyli işlər görür…

Haqqında söhbət açdığım İsmayıl Rüstəmov da ailə ənənəsinə sadiq qalıb, kimyaçıdır. Üzr istəyib, zarafatla: - Görün, nə qədər bu elmə bağlısınız ki, ailə qurarkən də Kimiya adlı xanım seçmisiniz, deyəndə gülümsəyib, təsdiq edir…

...O, 1960-cı ildə Bakı şəhərində dünyaya gəlib. 1977-ci ildə Bakı şəhərindəki 1 nömrəli orta məktəbi bitirərək Azərbaycan Neft-Kimya İnistitutuna qəbul olunub. 1982-ci ildə oranı kimyaçı mühəndis kimi başa vurub. Elə həmin il göndərişlə Azərbaycan Elmlər Akademiyasının Kimya Texnalogiyasının Nəzəri Problemləri İnistitutuna mühəndis kimi işə götürülüb. Orada çalışarkən, eyni zamanda aspiranturada təhsilini davam etdirib. 1988-ci ildə kimya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 1992-ci ilədək həmin inistitututda böyük elmi işçi vəzifəsinədək yüksələ bilib. 

1992-ci ildə ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərinə üz tutub. Ştatın Los Ancles şəhərinə köçənədək bir il burada, kollecdə ingilis dili üzrə təhsil alaraq dil biliklərini təkmilləşdirib. 1993-cü ildən əhalisinin sayı 13 milyon olan meqapolisdə - Los Ancles şəhərində yaşayır və çalışır.

Hal-hazırda bu şəhərdə fəaliyyət göstərən, dünyaca məşhur "Phenomenex" şirkətinin elmi tədqiqat şöbəsinin "Texnologiyalar və kimya sorbentləri qrupu"na rəhbərlik edir. Rəhbərlik etdiyi qrupda 7 amerikalı alim elmi araşdırmalarla məşğuldur…

…Ötən bu müddətdə çox uğurlara imza atıb, iki potentin (ixtiranın) müəllifidir. İşlədiyi şirkətə bir neçə azərbaycanlını işə düzəldə bilib. Bir neçə ildir ki, "Azərbaycan-Amerika Şurası"nın prezidenti seçilib. Həmin şuraya rəhbərlik edən bir soydaşımız kimi onun Azərbaycan naminə həyata keçirdiyi layihələri görəndə sevinməyə bilmirsən. Tez-tez ABŞ konqressmenləri və senatorlarla görüşür, Qarabağla bağlı həqiqətləri onların nəzərinə çatdırır. ABŞ-da yaşayan azərbaycanlı gənclərin forumunu təşkil edir, xeyli xeyriyyə işlərinin təşkilatçısıdır…

…Dörd övladı var, bir oğlan, üç qız. Ən böyük arzusu övladlarını gələcəkdə xoşbəxt görməkdir. Onlara yüksək təhsil verməkdən ötrü bütün ömrünü həsr etməyə hazırdır. Deyir ki,- "Mən Amerikaya gələndə çox çətinliklərə sinə gərmişəm. Şükür Allaha ki, yaşadığım şəhərdə nüfuz sahibiyəm, sözümü eşidirlər. Azərbaycan mənim üçün səcdə yeridir, qibləgahımdır. İstəyirəm ki, inkişafda olan ölkəmiz daha da irəli getsin, daha da yüksəklərə qalxsın. Əminamanlıq bu ölkədən heç vaxt əskik olmasın. Azərbaycan deyiləndə hər bir əcnəbi, bu ölkəni tanıdığını söyləsin"…

…Alicənab, həm də yüksək intelektə malik olan bu soydaşımızın varlığından qürur hissi keçirdim. Bəli, bu insan Amerikada milli mənəvi dəyərlərimizi yaşadan özü boyda bir Azərbaycandır…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi