Modern.az

Ukraynada azərbaycanlılar birləşdi - Kiyevdə qurultay keçiriləcək  

Ukraynada azərbaycanlılar birləşdi - Kiyevdə qurultay keçiriləcək   

18 Yanvar 2019, 15:10

Dünən Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun ofisində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib.  Kiyev Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatı, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşkil etdiyi tədbirdə Ukrayna rəsmi dairələrinin nümayəndələri, bu ölkədəki Azərbaycan diasporunun rəhbərləri və fəalları, hər iki ölkənin tanınmış elm və mədəniyyət nümayəndələri,  eləcə də yerli və  xarici mətbuatın təmsilçiləri iştirak edib. 
20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və hadisələrlə bağlı sənədli film nümayiş olunub. Daha sonra tədbiri təşkil edən təşkilatların rəhbərləri - Oleq Krapivin, Hikmət Cavadov, Rövşən Tağıyev və digərləri çıxış edərək qanlı Yanvar hadisələri ilə bağlı təəssüratlarını bölüşüblər.

 
Tədbirlə bağlı diqqət çəkən əsas məqamlardan biri uzun müddət aralarında umu-küsü olan  diaspor təşkilatlarının rəhbərlərinin bir araya gəlməsidir.

Qeyd etmək lazımdır ki, Ukraynadakı diaspor təşkilatlarımızın uzun illərdən sonra birlik nümayiş etdirməsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyindəki dəyişiklikdən sonra gerçəkləşib. Xatırladaq ki, 2018-ci ilin aprelində Dövlət Komitəsinə sədr təyin olunan Fuad Muradov ölkə xaricinə ilk səfərlərindən birini Ukraynaya etmişdi. Məhz həmin səfər müddətində Hikmət Cavadovun başçılıq etdiyi Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Rövşən Tağıyevin rəhbərlik etdiyi Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi arasında Dövlət Komitəsi rəhbərliyinin təşəbbüsü ilə barışıq əldə olunmuşdu. İki böyük təşkilatı arasındakı soyuq münasibətə son qoyulması Ukrayna azərbaycanlıları diasporunun gələcəyi üçün optimist və təsirli fəaliyyət vəd edirdi.

Və artıq budur, ötən ilə kimi 20 Yanvar tədbirlərini ayrı-ayrılıqda keçirən Ukraynadakı Azərbaycan təşkilatları dünən gözlənilən müsbət fəaliyyəti nümayiş etdirdilər.

Bu, Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin uğurlu siyasətinin bariz nümunəsi idi.

Modern.az saytının əməkdaşı hər iki təşkilat rəhbərinin tədbirlə bağlı fikirlərini öyrənib.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov tədbirin əhəmiyyətini yüksək qiymətləndirib:

“Rövşən Tağıyevin sədri olduğu Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Millətlər Assambleyası ilə mənim rəhbərlik etdiyim Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Koordinasiya Şurasının yaradılması ideyasından irəli gələrək, tədbirləri bir yerdə keçirmək barədə düşünürük. Bura milli və dövlət əhəmiyyətli, Diasporla İş üzrə Dövlət Komitəsinin layihələrinə uyğun olan  tədbirlərin birgə keçirilməsi daxildir. Bu da normaldır. Eyni zamanda, ayrı-ayrılıqda isə təşkilatlar öz fəaliyyətləri ilə məşğuldurlar. Deyə bilərəm ki,  təşkilatlar arasında koordinasiyanı gücləndirmişik.

Dünən diasporun baş qərargahında 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirdik. Çıxışlarımızda barışığı, birliyi təbliğ etdik. Həmçinin, Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasının yaradılması ilə bağlı fikirlərimizi təsdiqləmək üçün layihələrimizi davam etdirəcəyik.
Hələlik Koordinasiya Şurasının toplantısı keçirilməyib. Hazırda ona hazırlıqlar gedir. Çünki sırf Koordinasiya Şurası adlanmayacaq. Güman ki, bu ilin əvvəlində bu işlərə müvəffəq olacağıq. Diasporla İş üzrə Dövlət Komitəsinin təkliflərini gözləyirik. Ümid edirik ki, yaxın zamanlarda  bu məsələ həll olunacaq”.
 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti Rövşən Tağıyev də dünənki görüşün gələcək planların əsas hissəsi olduğunu bildirib:

“Son bir neçə ay ərzində Azərbaycan diasporasında yeni mərhələ başlayıb. Son 6 ildə Azərbaycan diaspor nümayəndələri arasında yaşanan çəkişmələr aradan qaldırılıb. Fuad Muradov komitəyə sədr təyin olunandan sonra Ukraynada toplantımız oldu və qərara gəldik ki, hər iki təşkilatın nümayəndələrinin iştirakıyla birgə İşçi Qrupu yaradılsın və bu İşçi Qrup Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasını yaratmaq layihəsi üzərində işləsin. Koordinasiya Şurası olmasa da, başqa bir yenilik edək. Məsələn, Ukrayna Azərbaycanlıları Şurası yaradaq. Çünki Ukraynada məsələlər bir qədər başqa cürdür. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti olaraq mən və digər təşkilatlar birgə memorandum imzalayacağıq. Memorondumda əməkdaşlıq məsələləri qeyd olunacaq. Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqələrimiz mövcuddur. Təbii ki, bu ayın sonuna qədər Dövlət Komitəsindən bura səfər edəcəklər və yekun toplantımız baş tutacaq.
İşçi Qrupu bir neçə aydır ki, çalışır, müzakirələr gedir. Mart-may ayları ərəfəsində qurultay keçirilməsi gözlənilir. Hesab edirəm ki, bu çox yaxşı ideyadır. Ukraynada Azərbaycan lobbisinin yaranması üçün ən azı azərbaycanlılar arasındakı qarşıdurmalar aradan qaldırılmalıdır. Demək olar ki, buna  nail olmuşuq. Azərbaycanlılar arasında sülh və barış olmalıdır ki, konstruktiv işlərimizi həyata keçirə bilərik. Hesab edirəm ki, diaspor təşkilatlarımıza yeni kadrlar gəlməlidir. Çünki hər iki dövlət 27 ildir ki, müstəqildir. Həmçinin, Ukraynada azərbaycanlılar çoxdur. Onların diaspor sahəsinə gəlməsinə çalışırıq. Bunun üçün gənclərlə söhbətlər aparıram”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi