Arxiv
22 Yanvar 2019, 11:10 | ƏDƏBİYYAT
Həqiqəti tapmaq yolu: Xoca Əhməd Yəsəvidən İmadəddin Nəsimiyə - I YAZI

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor


Əhməd Yəsəvi təriqət adamı kimi həyatının bütün məqamlarında Allaha ümid, inam yeri kimi baxır və həmişə ona doğru can atır. Onun dərgahında olmaq, onun qulu olmaq Əhməd Yəsəvi təriqətində əsasdır. Və belə demək olarsa, dünyanı, həyatı dərkin ən ali zirvəsi elə məhz bu məqamdır. Əhməd Yəsəvi həm əməlinə, həm də hikmətlərinə görə ən böyük övliyalardan biridir. O, Yəsəvi təriqətinin başçısı kimi hər bir dərdin əlacını, hər bir sorğu-sualın cavabını, hər bir işə verilən qiyməti və hər bir kəsin qiymətini Allahın verəcəyi qiymətdə axtarır. Əhməd Yəsəviyə görə, aciz olmayan bir Allahdır, hər şeyi bilən bir Allahdır. Ona görə də ona doğru can atmaq, ona dualar etmək, ondan kömək istəmək hər bir bəndənin borcudur. Əhməd Yəsəvi yazır:

 

Ömrüm ahir bolğanda ne kılğay min Hudaya Can alğuçı kilgende ne kılğay min Huday

Can birmekni vehmidin Azazilni zahmıdın Şefkat bolmasa sindin ne kılğay min Hudaya

 

Əhməd Yəsəvi özünü Allahın günahkar qulu sayır, burada da yenə bir övliya adamı kimi hərəkət edir.

 

Günahım köp ilahım kiçürgey sin günahım Bırça kullar içində asi kuldur Hace Ahmed 

 

Əhməd Yəsəvi yolu, məsləki olmayanları, həqiqəti başa düşməyənləri, təriqət başçılarını saymayanları yazdığı hikmətlərlə başa salmağa çalışır.

 

Tarikatnı bilmedin hakikatğa kirmedin

Pir buyruğın tutmadın özri köptür Hace Ahmed

 

Əhməd  Yəsəvi  həqiqəti  tapmaq  yolunu,  Allahın rəğbətini qazanmaq üçün hansı əməllərdə bulunduğunu, Allahın əmrlərini yerinə yetirmək və onu anmaq qaydalarını ədalətli bir şəkildə, yaradana layiq bir tərzdə hikmətlərində ifadə edir, göstərir. O, dünyada yaşayan insanları izlədiyini və bu məqamda dörd yanından yollar keçdiyini bəyan edir. Belə olan təqdirdə, təbii ki, ağıl sahibləri, hikmət sahibləri bu yollardan ən doğrusunu, düzgününü seçməlidir. Əhməd Yəsəvi də belə edir. O, dörd yanından keçən bu yollardan hansını seçmək üçün ağıla üstünlük verir. Və ağıl əsasında dörd yanından keçən yolların seçimini edir. Ağıl çoxlarına nəsib olduğu kimi, bir çoxlarına da Allahdan pay kimi verilmir. Bu mənada Əhməd Yəsəvi ağıl və hikmət sahibi olmaqla ağıl vasitəsilə insanları anlamaq, onları bir-birindən ayırmaq və nəticə çıxarmaq qabiliyyətinə malikdir. Sufilərə görə, ağıl ilahi bir nurdur. Və bu nur da Əhməd Yəsəvidə var. Həmin nur vasitəsilə Əhməd Yəsəvi hər bir şeyi ayırd edir, həqiqətin yolunu tapır, Allaha yaxın olmağa can atır. O yazır:

 

Halikımnı izlermin tün kün cihan içinde Tört yanımdın yol indi kevn ü mekan içinde 

 

Əhməd Yəsəvi dörd yanından keçən yollardan hansını  seçəcəyini  yaxşı  bilir.  Ağıl  vasitəsilə  bunları  ayırd edə bilir. Yeri gəlmişkən onu da qeyd edək ki, sufilər iki cür ağlın varlığını qəbul etmişlər: “əqli-küll”, “əqli-cüz”. “Əqli-küll” hər şeyi qavrayan ağıldır. Bu ağıl ilk meydana gələn ağıldır. Buna “əqli-əvvəl” və ya “ruhi- Əzəm” da deyilmişdir. Sufilərə görə, Əzəm Allahın adlarından biri olmuşdur.

Sufilərə görə, “nəfsi-küll”, “əqli-küll”dən passiv olan ağıldır. Əski inamlara görə, hər iki ağlın birləşməsi doqquz  göyü  yaradır.  Doqquz  göyün  ardıcıl  fırlanması dörd ünsürü (od, hava, torpaq, su) meydana gətirir. Doqquz göylə dörd ünsürün birləşməsi isə varlığı, dünyanı yaradır.

Sufilərə görə, “əqli-cüz” hər bir insanda olan ağıldır və gündəlik həyatımızda bu ağıldan istifadə edirik.

Əhməd Yəsəvi “Dörd yanımdan yol indi kövnü məkan içində” misrasında “dörd” sözünü təsadüfi işlətmir. Dörd rəqəmi, görünür ki, təsadüfi rəqəm deyildir. Bu rəqəm təkcə od, hava, torpaq, su ünsürlərinə işarə deyil, həm də onun işarə etdiyi digər məqamlar da vardır. Birincisi, dünya dörd cəhətdən (şimal, şərq, qərb, cənub) ibarətdir. Görünür ki, Əhməd Yəsəvi buna da işarə edir. İkincisi, həyatda hər şey dörd sütun üzərində qurulur. Məsələn, stolun, stulun dörd ayağı, insanın iki əli, iki ayağı (cəmi dörd), maşının dörd təkəri, istənilən bitkinin gövdəsindən ayrılan iki budaq və həmin budaqların aşağıdan və yuxarıdan bərkidiyi gövdənin iki hissəsi (cəmi dörd), heyvanların dörd ayağı və s. Bütün bunlar ona işarə edir ki, qurulan, yaranan hər şey dörd sütun üzərində öz varlığını, mövcudluğunu təsdiq edə bilir. Üçüncü bir tərəfdən kü rə şəklində olan yerin özü də dörd sütunun üzərində qurulur. Çərxi fələk (dünya) dörd sütun üzərində fırlanır. Çarxın özündə də dörd sütun var. Yeri gəlmişkən qeyd edək ki, xaç işarəsi də dörd sütundan ibarətdir. Ona görə də xristianlar müqəddəs işarə kimi xaçdan istifadə edirlər.

Bundan başqa, dörd sözünün müqəddəs kitablara işarə etdiyini də yəqin hesab etmək olar: “Qurani-Kərim”, “İncil”, “Tövrat”, “Zəbur”. Bu kitablar vəhy yolu ilə nazil olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, peyğəmbərlərdən yalnız dördünə vəhy yolu ilə müqəddəs kitablar verilmişdir: Davud Peyğəmbərə Zəbur, İsa Peyğəmbərə İncil, Musa Peyğəmbərə Tövrat, Məhəmməd Peyğəmbərə “Qurani-Kərim”.

Beləliklə, Əhməd Yəsəvi “Dörd yanımdan yol indi kevn ü mekan içinde” misrasında dörd sözünün ifadə etdiyi simvolları, çox güman ki, bilmiş və onların hər birinin mahiyyətini dərindən dərk etmişdir.

Əhməd Yəsəvi yuxarıda qeyd etdiyimiz hikmətində bəlkə də varlığın, dünyanın yaranmasına işarə edir və “Dörd yanımdan yol indi kevn ü mekan içində” deyərkən doqquz göylə dörd ünsürün birləşməsi və nəticədə varlığın, dünyanın yaranması məqamlarını yada salır. Sonra isə dörddən (dörd ünsürdən) yeddiyə çatdığını və buradan da göyün doqquzuncu qatına getdiyini söyləyir. Burada dörddən yeddiyə çatdığını deyərkən ona işarə edir ki, göy qübbəsi yeddi qatdan ibarətdir. Əski astroloji yozumlarda göy qübbəsinin doqquz qatdan ibarət olduğu söylənsə də, “Qurani-Kərim”də yeddi qatın olduğu göstərilir. Odur ki, Əhməd Yəsəvi göy qübbəsinin yeddi və doqquz qatdan ibarət olmasına işarə edir. Eyni zamanda doqquzuncu qatda qalmayaraq oradan da ikinci qata — Zühəl  ulduzunun  olduğu  göy  qatına  gəldiyini  bəyan edir. Bu barədə o yazır:

 

Törtdin yitige yittim tokuznı güzer ittim Ondın ikige kildim çerh-i Keyvan içinde

 

Təsəvvüf ədəbiyyatında ruh aləmi dolaşır. Ruh Allah tərəfindən verildiyindən təkrar olaraq ona da qayıdır. Məhz burada dörd, yeddi, doqquz iki göy qübbəsinin dördüncü, yeddinci, doqquzuncu, ikinci qatlarına işarədir. Əhməd Yəsəvi göyün bu qatlarına vardığını söyləyir, bununla da hikmət sahibi olmaq üçün hansı mərhələlərdən, sınaqlardan keçməyin  vacibliyini qeyd edir. O yazır:

Üç yüz altmış su kiçtim tört yüz kırk tört tağ aştım Vahdet şarabın içtim tüştüm meydan içinde

 

Təsəvvüfün qaydası belədir ki, həqiqətə çatmaq üçün müəyyən mərhələləri keçmək, aşmaq lazımdır. Odur ki, buradakı “üç yüz altmış su” və “dörd yüz qırx dörd dağ” keçilməsi, aşılması vacib olan mərhələlərdir. Bu mərhələləri aşmadan həqiqətə çatmaq olmaz. Məhz Əhməd Yəsəvi bu mərhələləri aşaraq həqiqətə çatdığına işarə edir. “Vəhdət şərabını içdim” dedikdə isə əzəli, əbədi olan yeganə varlığa (Allaha) inamla, onu bir və mütləq bilməklə birlik şərabını içdiyini, ilahi eşq ilə sərxoş olduğunu söyləyir. Deməli, həqiqətə çatmaq üçün qeyd olunan sayda mərhələlər keçmək vacibdir. Bundan sonra isə vəhdət şərabını içmək mümkündür. Onu da qeyd edək ki, “dörd yüz qırx dörd” ifadəsi həm də insanın vücudundakı varlığı  qəbul edilən dörd yüz qırx dörd sümükdür. Eyni zamanda “üç yüz altmış” rəqəmi varlığı qəbul edilən nəyəsə işarədir. Bu barədə dəqiq fikir söyləmək mümkün deyildir. Ona görə də araşdırılmasına ehtiyac vardır. Ancaq bu barədə onu demək olar ki, Əhməd Yəsəvi hikmətlərində “üç yüz altmış damarları lerzan kılar” söyləyir. Bəlkə də insanda üç yüz altmış damarın olduğuna işarə edir. O yazır:

Kayda sin dip kayda sin dip aşık aytar Aşıklarğa had ne bolğay maşuk aytar

Ağzı aytmas tili aytmas dili aytar Üç yüz altmış tamurları berzan kılur

 

Müqayisə üçün qeyd edək ki, İzzəddin Həsənoğlu bədəninin yetmiş iki cür damardan ibarət olduğunu söyləyir.

 

Tənim yetmiş iki dürlü damardır, Kimin irmaq, kimin dərya qılan kim?

 

Hər halda insan bədənində üç yüz altmış, yaxud yetmiş iki cür damarın olduğunu dəqiqləşdirməyə ehtiyac vardır.

Əhməd Yəsəvi həqiqətə çatmaq yolunda nələr etdiyini bir-bir sadalayır. Qeyd edir ki, həqiqətə çatmaq istəyənlər meydanda çoxdur. Həqiqəti axtaran yüz min ariflərin hər biri vəhdət şərabını içmək üçün meydanda gəzir, dolaşırlar. Ancaq Əhməd Yəsəvi özü həqiqətə çatmaq üçün həqiqət dənizinə girdiyini, buradakı bütün varlıqları gördüyünü, incini sədəfdə, cəvahiri öz yerində gördüyünü bildirir. Açıq demək istəyir ki, həqiqət olan yerdə hər bir şey öz qaydasında və məkanında olur.

Əhməd Yəsəvi göyün səkkizinci və doqquzuncu qatına vardığını, Allahın ilgisini və iradəsini gördüyünü (Allah əvvəl kəlamı və sonra üzərinə olacaq şeylər yazılmış lövhəni yaradıbdır) və bununla da haqqı tapdığını təsdiq edir. Yerin altına girərkən sorduqlarının hamısının cavabını özündə tapmaq gücündə olur. Bu Allahın ixtiyarı ilə mümkün olan bir iş kimi qiymətləndirilir. Deməli, Əhməd Yəsəvi haqqı tapdıqdan sonra Allaha yaxınlaşır. O yazır:

 

ÇünkitüştümmeydanğameydannıtolakördümYüzmingarifnikördümbarçacevlaniçinde

 

ĞavvasbahrığakirdimvücudşehrinikizdimDürnisadefdekördimgühernikaniçinde

 

ArşuKürsiniyördümLevhüKalemnikördümVücudşehrinikizdimaydımbucaniçinde

 

CannıkördümcanandaışknıkördümmeydandaAşıklarnıngmeydanıcümlebustaniçinde

 

İrnikördümirgeştimistedügümnisordumBarçasısindedidikaldımhayraniçinde

 

Hayranbolubankaldımbi-huşbolubantaldımÖzümniderdgesaldımtaptımdermaniçinde

 

Əhməd Yəsəvi haqqı tapmaqla öz canını, ruhunu ən qiymətli daş-qaş, mənbə, ocaq sayır. Eyni zamanda hər yeri özünün məkanı bilsə də, özünü məkansız sayır. Bununla o, bir daha Allaha yaxın olduğunu bəyan edir. Əhməd Yəsəvi hər yeri özünün məkanı bilib, ancaq özünü məkansız saymaqla heç bir məkanın sahibi, yiyəsi olmadığını da söyləyir. Ancaq hər bir şeyin, məkanın sahibi, yiyəsi Allahdır. Allah hər şeyi yaratdığı kimi, həm də yaratdığı hər bir şeyin yiyəsidir, sahibidir. Zahirən elə görünə bilər ki, Allah da, sufilər də, o cümlədən Əhməd Yəsəvi də hər bir yerdədir, hər bir məkandadır, eyni zamanda məkansızdır. Ancaq Allah hər bir yerdə, məkanda olmaqla yanaşı, həm də məkansızdır. O, yaradan bir qüvvə kimi hər şeyin, o cümlədən məkanın sahibidir, yiyəsidir. Ona görə də o, yaratdıqlarının sahibi, yiyəsi kimi hər şeyi görür. Sufilərə gəldikdə isə onlar özlərini hər yerdə saysalar da, eyni zamanda məkansız hesab etsələr də, Allahın yaratdığı hər bir şeyin sahibi, yiyəsi deyillər. Bununla da onlar Allahın böyüklüyünü, şəriksizliyini, təkliyini qəbul edərək ona yaxınlaşırlar, özlərini Allaha və onun qüdrətinə borclu sayırlar. Bir fərqi xüsusilə, nəzərə çatdırırlar ki, Allah hər bir şeyin sahibidir, onlar isə heç bir şeyin sahibi deyillər. Bundan başqa, Allah hər bir şeyi yaradandır, onlar isə heç bir şeyi yaratmayıblar.

Onlar sadəcə olaraq yaradana — Allaha yaxın olmağa can atan sufilər, təriqət adamlarıdır. Bu mənada  da  Əhməd  Yəsəvinin  aşağıdakı  hikməti  bir  təriqət adamının, sufinin görüşləridir.

 

MiskinHaceAhmedcanıhemgüherdürhemkanıCümleanıngmekanıolla-mekaniçinde

 

Həqiqət axtarışında haqqı tapmaq Allaha yaxınlaş- maqdır. Allaha yaxınlaşan hər kəs yerin, göyün, var olan hər bir şeyin qədrini bilir. Hər bir kəsi Adəm övladı kimi özünə doğma sayır, özünü hər bir yerdə sərbəst hiss edir. Başqa sözlə, haqqa qovuşan hər bir kəs Haqq adamı, Allah adamı kimi bütün məkanlarda olur. Haqq adamı, Allah adamı olmaq onu o qədər ruhlu edir ki, o, məkansızlıq zirvəsinə yüksəlir. Bu məkansızlıq zirvəsi təriqət sahiblərində, daha doğrusu, onların təriqət görüşlərində etiraf olunur. Məkansızlıq etirafı Əhməd Yəsəvidə olduğu  kimi,  Hürufilik  təriqətinə  mənsub  olan  İmadəddin Nəsimidə də vardır. İmadəddin Nəsimi də Əhməd Yəsəvi kimi özünü “laməkan” sayır. O yazır:

 

Məndə sığar iki cahan, mən bu cahana sığmazam! Gövhəri - laməkan mənəm, kövnü məkana sığmazam!

 

İmadəddin Nəsimi də Əhməd Yəsəvi kimi məkansızlığa çatmaq üçün haqdan keçən bir yol keçir. Bu yolu keçənlər Haqqı, Allahı tanıyır, bildiklərini gümanla, şübhəylə yox, haqqın yolunda olmaqla bilirlər.

 

Kimsə gümanü zənnilə olmadı həqqilə biliş,

Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam.

 

İmadəddin Nəsimi “laməkan mənəm” deməklə Allaha yaxın olduğunu, Allahın dərgahına yüksəldiyini bəyan edir. Sufilərə görə, bunu o kəslər edə bilmişdir ki, onlar Haqqın, Allahın yolunda olmuşlar, eyni zamanda həqiqət yolunu keçmişlər. Haqqı özlərinə məkan seçmişlər, həmin məkanda olmaqla onlar da haqqa məkan olmuşlar. Haqqın yolunda olmaqla, haqqın yerinə, məkanına çevrilmişlər. Ona görə də Nəsimi yazır:

 

Mən mülki-cəhan, cəhan mənəm, mən Mən həqqə məkan, məkan mənəm, mən.

 

Yaxud:

Mənsurəti- mənidə həqəm, həq,

Mən həqqi - əyan, əyan mənəm, mən.

 

Haqqın yolunda özünü sorğu-suala tutmaq, belə demək olarsa, imtahana çəkmək prinsipi bütün təriqət sahiblərində, o cümlədən Əhməd Yəsəvidə də geniş yer almışdır. Bunu İmadəddin Nəsimidə də görürük. İma- dəddin Nəsimi təsadüfi demir ki, “Həq yoluna sadiqmi- sən?” O yazır:

 

Ey Nəsimi, aşiqmisən? Həq yoluna sadiqmisən? Közyərməyə layiqmisən?

Mən səndən üz döndərmənəm!

 

İmadəddin Nəsimi Əhməd Yəsəvi kimi aşiqliyi, sadiqliyi, eyni zamanda nəyəsə layiqliyi haqq yolunda, doğru yolda, daha doğrusu, bu yolun özünə sadiq olmaqda görür. Bunu onun qəzəlləri də təsdiq edir.

 

Cana, sən candan nə kim, gəlsə cigərlər ağrımaz Həq bilir, bir zərrə nəştərdən damarlar ağrımaz.

 

Yaxud:

Zahidin əfsanəsindən soydular nahaq məni

Həq bilir səndən şəha, sahib nəzərlər ağrımaz.

 

Başqa bir misal:

Zahidin bir barmağın kəssən dönər həqdən qaçar, Gör bu gerçək aşiqi çərpa soyarlar ağrımaz.

 

Əhməd Yəsəvi haqq yoldan, doğru yoldan, düzgün yoldan, həqiqəti dərketmədən uzaq olanları haqqa çağırdığı kimi, İmadəddin Nəsimi də qəflət yuxusunda yatanları, fani dünyaya ayılmayıl olanları oyatmağa çalışır.

 

Eyözündənbixəbərqafiloyan Həqqə gəl kim həq deyil batil, oyan Olma fani aləmə mayil, oyan Mərifətdən nəsnə qıl hasil, oyan.

 

Əhməd Yəsəvi özünü gövhər, inci, dürr hesab etməklə yanaşı, həm də bu qiymətli daş-qaşların mənbəyi hesab edir, onların hər birini məkanı saysa da, məkansız olduğunu söyləyir.

 

Miskin Hace Ahmed canı hem güherdür hem kanı Cümle anıng mekanı ol la-mekan içinde

 

İmadəddin Nəsimidə də aləmə, kainata yanaşma mövqeyi prinsipcə eynidir. O, aləmdə, kainatda öz nişanələrinin olduğunu söyləyir, ancaq nişanələrinə (əlamət- lərinə, izlərinə) sığmadığını da bəyan edir, əslinin, təbiətinin başlanğıcını məkan qədər qədim hesab edir. Ancaq bu məkanı yaradan var, onun sahibi var. O qüvvə İlahidir, Allahdır.

 

Kövnü məkandır  ayətim,zatinədir  bidayətim, Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.

 

Yer, məkan yeraltı və yerüstü sərvətləri ilə zəngindir. Bu zənginlik içərisində İmadəddin Nəsimi özünü həm sədəf, həm inci, həm də onların hamısının bir yerə toplandığı məkan sayır. Bununla yanaşı, qiyamət günündə cəhənnəm üzərində qurulmuş qıl körpüdə salamat saxlamaq gücündə olduğunu deyir. İncə, zərif toxunma parçalardan hazırlanmış çoxlu paltarları ilə bu dünya dükanına sığmadığını söyləyir. Doğrudan da, o, əgər hansısa bir məkana, lap özünün söylədiyi “dükana” sığarsa, onda həqiqət axtarışı sona çatar. Həqiqəti isə bir dəfə axtarmaqla iş bitmir, qurtarmır, onu ömrü boyu axtarmaq lazım gəlir. Bu cür müntəzəm həqiqət axtarışı İmadəddin Nəsimini və digər təriqət sahiblərini Allahın dərgahına yaxınlaşdıra bilir. Ancaq onlar həqiqət axtarışında olduqları üçün daimi məkanları olmur, bununla belə, bütün məkanlarda izlərinin, əlamətlərinin, nişanələrinin varlığını görürlər. Bu varlığın özünü var edən yenə də Allahdır. Ona görə ki, haqqın yolunda olmaq ən azı Allahın sevimli bəndəsi olmaq imkanını verir. Allahın sevimli bəndəsi Allahın öz izni ilə təriqət düşüncəsini poeziyanın poetik imkanları çərçivəsində təqdim edir.

 

Həm sədəfəm, həm inciyəm, həşrü sirat əsənçiyəm, Bunca qümaşü rəxt ilə mən bu dükanə sığmazam.

 

Məkansızlıq təriqət sahiblərini gizli saxlayır, bu, İmadəddin Nəsimidə belə bəyan  olunur. O, özünü gizli daş-qaş, xəzinə saxlanan yer hesab edir, eyni zamanda özünü gözlə görünən, aydın, aşkar, bəlli kimi təqdim edir. Həm özünü gizli xəzinə, həm də aşkar, bəlli hesab etmək təzadlı mövqe deyil, əksinə, hər ikisini inkar etmək, əslində isə yenə də konkret məkanda yerləşməməkdir.

 

Gənci - nihanmənəm, mən uş, eyni-əyanmənəm, mən uş

Gövhəri -kanmənəm, mən uş, bəhrəvükanəsığmazam.

 

İmadəddin Nəsimi özünü gövhər, daş-qaş satanların mənbəyi saymaqla ona pay verən mənbəyə sığmadığını söyləyir. Bununla o, daş-qaş satanların mənbəyini və pay verən mənbəyi Allahın yaratdıqlarının çox-çox cuzi bir hissəsi olduğunu bəyan edir. Allahın yaratdıqları, var etdikləri içərisində onların heç nə olduğunu deyir və bu heç nəyə sığmazlığında israrlı olur.

Məkansız olan Əhməd Yəsəvi də, İmadəddin Nəsimi də Adəm Peyğəmbəri — yer üzərində ilk insanı, ilk peyğəmbəri anır, Adəm övladı adəm olduqlarını söyləyirlər. Əhməd Yəsəvi yazır:

 

On altımda barça ervah ülüş birdi Hay hay sizge mübarek dip Adem kildi

 

FerzendimdipboynumkuçupkönglümaldıOnyitimdeTürkistandaturdummuna

 

 

İmadəddin Nəsimi yazır:

Gərçi  -mühiti  -əzəməm, adım Adəmdir, adəməm, Turiləkün-fəkanmənəm, mən bu məkanə sığmazam.

 

İmadəddin Nəsimi Adəm övladı kimi haqqa çağırışında gücü, təzyiqi qəbul etmir, ətrafındakılara qarşı güc, təzyiq  işlətməyin  əleyhinə  çıxır.  Bununla  belə,  özünü Tur dağı, dünya, aləm saysa da, bunların heç birinə sığmır. Ona görə ki, o, haqqın carçısıdır və bir “mən” kimi Adəm övladıdır. O, haqqın carçısı kimi Allahın qulluğunda hazırdır. Allah haqq carçısı kimi ona buyruq göstərir, bir yerdə dayanmayan, bir yerdə durmayan Allah buyruqçusu konkret bir məkanda necə ola bilər və ora necə sığa bilər?! Və onu da qeyd edək ki, Adəm övladı olan hər bir kəs, o cümlədən Əhməd Yəsəvi və İmadəddin Nəsimi həmin Adəmi yaradan Allahın buyruqçusu olmaya bilməz. Başqa cür mümkün də deyildir, o mənada ki, ilk insanı, ilk peyğəmbəri — Adəmi Allah yaratmışdır.

 

 

“Qurani-Kərim”in “Əl -hicr” surəsininiyirmi altıncı ayəsinə görə Allah ilk insanı və ilk peyğəmbəri quru çamırdan, qara palçıqdan yaratmışdır. Uca Allah Cəbrayıla, Mikayıla və İsrafilə yeddi qat yerdən yeddi ovuc torpaq gətirmələrini tapşırmışdır. Torpaq gətirildikdən sonra Allah günlərlə yağış yağdırmış, torpağı yumşaltmış və bu torpaq mələklər tərəfindən yoğrulmuşdur. Allah öz qüdrətiylə Həzrəti-Adəmə şəkil vermişdir. Rəvayətə görə, Həzrəti-Adəm səksən il şəkilsiz, yüz iyirmi il ruhsuz qalmışdır. Həzrəti-Adəm yaradıldıqdan sonra Allah mələklərə buyurmuşdur ki, ona səcdə etsinlər. Əzazil Həzrəti-Adəmə səcdə etməmiş və Həzrəti-Adəmin çamırdan, özünün isə oddan yaradıldığını söyləmişdir. Bütün mələklər səcdə etsələr də, Əzazil səcdə etmədiyi üçün Allahın lənətinə uğrayaraq cənnətdən qovulmuş və İblis adını almışdır.

Həzrəti-Adəm öz qadını Həvva ilə cənnətdə yasaq olunmuş almanı yedikləri üçün oradan yer üzünə qovulmuşdur. Sərəndib (Səylan) adasına düşən Həzrəti-Adəm burada iki yüz il qadını Həvvadan ayrı yaşamış və tövbə etməklə məşğul olmuşdur. O, dualar edərək Allah tərəfindən günahlarının bağışlanmasını istəmişdir. Günahlarından təmizləndiyi üçün ona Həzrəti-Adəm Səfiyullah “Allahın saf, təmiz, günahsız qulu” ləqəbi verilmişdir.

Həzrəti-Adəmin günahı təmizləndikdən sonra Cəbrayılın köməyi ilə o, Ərəfata getmiş və qadını Həvva ilə görüşmüşdür. Qalan ömrünü qadını ilə birgə keçirmişdir.

İmadəddin Nəsimi haqqın carçısı kimi, Adəm övladı kimi öz əslini, nəcabətini, zatını unutmur və yazır:

 

Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qüreyşiyəm, Məndən uludur ayətim, ayətə, şanə sığmazam.

 

Haşimilərə,  qüreyşilərə  mənsubluğunu  bəyan  edən Nəsimi yazır:

 

İsbat edirəm daim “Ənəlhəqq”imi həqdən, Bir mənciləyin aşiqi - bərdarkimin var?

“Ənəlhəqq” düsturunun açılışına ehtiyac var. Bunun açılışı vaxtilə “mənəm Allah” kimi izah olunmuşdur. Və Nəsiminin “ənəlhəqq” deyimini “mənəm Allah” kimi şərh etmişlər. “Ənəlhəqq” deyimi barədə Əhməd Yəsəvinin və İmadəddin Nəsiminin təriqət görüşlərini müqayisəli təhlil etməklə həqiqəti üzə çıxarmaq olar. Əhməd Yəsəvi hikmətlərində yazır ki, mollalar  Mənsurun “Ənəlhəqq” deməsini Mənsura Qırxlar şərbət içirdi və Mənsur “ənəlhəqq” dedi kimi izah edirlər. Mənsur təriqət adamı kimi Allaha qovuşmaq üçün mənəvi bir yol keçmişdir. Həmin mənəvi yolun zahiri üzü şəriətdir, daxili üzü həqiqətdir. Deməli, Allaha qovuşmaq üçün mənəvi yol şəriətdən və həqiqətdən keçir. Bu mənada çox güman ki, Mənsur “ənəlhəqq” deyəndə “haqq deyən, doğrunu deyən, düzgünü deyən mənəm” demişdir. Ancaq o dövrdə onu düzgün başa düşməmişlər. Əhməd Yəsəvi hikmətlərində yazır ki, mollalar Mənsurun “ənəlhəqq” deməsini nahaq saymış, onu daşa tutaraq öldürmüşlər. Əhməd Yəsəviyə görə, mollalar “ənəlhəqq” sözünün mənasını bilmədikləri üçün Mənsur kimi bir vəlini kafir sanmış və qətlə yetirmişlər. Halbuki, ənəlhəq “haqqı, düzgünü, doğrunu söyləyən mənəm” deməkdir və Mənsur da bu sözü həmin mənada işlətmişdir. İndi isə Əhməd Yəsəvinin hikmətlərində bu barədə yazılanlara diqqət yetirək.

 

Tınmay aşık Hu dirler Hudayığa yalvarıp Yörür anı ışkıda kiçe kündüz sarğarıp

 

Zar yığlatıp aşıknı ışk ilgide Hudayım İşk yolıda melamet anga kördi münasib

 

Mansur bir kün yığladı irenler rahm eyledi Çil-ten şerbet içürdi Mansurğa mihrin salıp

 

Mansurayturenel-hakirenlerişiber-hakMollalarayturna-hakköngligeyamanalıp

 

Aytmağılenel-hakdipkafirboldungMansurdipKuraniçreboldurdipöltürdilertaşatıp

 

Bilmedilermollalarenel-haknımanasınKalehliğahalilminHakkörmedimünasip

 

RivayetlerbitildihalınanıbilmediMansurdikevliyanıkoydılardarğaasıp

 

BiganedipmollalarŞeyhMansurnıöltürdiKafirdipöltürdilerüçyüzmollatalaşıp

 

Külinkökkesavurdıatıpderyağasaldı

Zevkderyasımevcurdıaktıderyakaynaşıp

 

UşolküniolderyakıldıefğanvaveylaAşıklarğaHudayakılğıldıdarıngnasib

 

EfsanedürşeriatferzanedürhakikatDürdanedürtarikataşıklarğamünasib

 

HalkıalemyığıldıMansurdipferyadkıldıMansurnıyaranlarıkaldıandayığlaşıp

 

TevbekılğılHaceAhmedbolğayHakdıninayetYüzmingvelileröttisımısırgeulaşıp

 

 

Mollalar Mənsurun “ənəlhəqq” kəlməsini anlaya bilməmiş, onu təhrif olunmuş şəkildə başa düşmüşlər. Belə fikir söyləmişlər ki, Mənsur guya “Allahlıq” oyununda iştirak edir. Halbuki, bu sözlə Mənsur “haqq məndə göründü”, “mən Allahın sayəsində var oldum” demək istəmişdir. “Haqq məndə göründü” ifadəsi “düzünü deyən,  həqiqəti  deyən”  mənasını  bildirir.  Bu mənada  İmadəddin  Nəsiminin “ənəlhəqq” kəlməsi haqdan doğan bir kəlmədir və “düzünü deyən, həqiqəti deyən” mənasındadır. Bunu aşağıdakı misralar da təsdiq edir.

 

İsbatedirəmdaim “Ənəlhəqq”imihəqdən, Birmənciləyinaşiqi-bərdarkiminvar?

 

İmaddədin Nəsimi Mənsurun “ənəlhəqq” kəlməsini yaxşı anladığı üçün qəzəllərində Mənsur barəsində həqiqəti verir.

 

Çünənəlhəqdarınımənsurolandanistəyin, OlmayanMənsurənəlhəqləysə-fid-dar, istəməz.

 

Yaxud:

TəxtəçıxmaqistəməzMənsurolan, yaminbərəHərki, Mənsuroldu, çıxdışahi-eşqindarinə

 

Mənsurun tam adı Əbul-Muğis əl-Hüseyn Mənsur əl-Bəyzavidir. Onun adı Hüseyn, ləqəbi isə Həllac olmuşdur. O, 857-ci ildə Fars əyalətinin Bəyza şəhəri  yaxınlığındakı  Turda  anadan  olmuşdur. Üç dəfə Həccdə olmuş və üçüncü Həccdən sonra Bağdada getmişdir. Hind və türk ellərinə səyahətlər etmiş İslam dinini yaymışdır. “Ənəlhəqq” sözünü işlətdiyi üçün həbs olunmuş, səkkiz il həbsdə qalmışdır. 922-ci ildə Bağdadda işgəncəli bir yolla edam olunmuşdur. Əvvəl qamçılanmış, sonra bədəni parça-parça edilmiş, dar ağacına çəkilmiş, başı kəsilmişdir. Onun türk sufiləri arasında böyük nüfuzu olmuşdur. Təsadüfi deyildir ki, Əhməd Yəsəvi, İmadəddin Nəsimi, Yunus İmrə və digərləri Həllac Mənsura böyük dəyər vermişlər. Onun tərəfdarları onu Allah yolunda bir şəhid kimi qəbul etmişlər.

Mənsur “Həllac” ləqəbini dostu olan bir həllacın dükanında qazanmışdır. Barmağı ilə işarət edərək pambığı çiyidindən ayırmışdır. Bunu görən dostu ona “Həllac” ləqəbini vermişdir. “Həllac” sözü “pambıq darayan” mənasındadır.

Mənsur Həllac təsəvvüfə dair xeyli əsər yazmışdır.

Bu əsərlər dövrümüzə qədər gəlib çatmışdır.

Əhməd Yəsəvi hikmətlərindən aydın olur ki, Yəsəvi dərvişləri Allah yolunda, haqqın yolunda göz yaşı tökmüş, hikmətlər qoşmuşlar. Dərvişlər Allahın qulları olmaqla  həqiqəti  dərk  etmişlər.  Dərvişlər  söhbətində  insanlar  saflaşır,  təmizlənir,  Allah  yolunda  həqiqəti  başa düşürlər. Əhməd Yəsəvi yazır:

AmkilsehasboluryulduzkilseaybolurMiskilsealtunbolurdervişlersöhbetinde

 

Başqa bir hikmət:

Kul Hace Ahmed söhbetde dem urar münacatda Zihi boş saadetde dervişler söhbetinde

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İradə Cavadova da deputatlığa namizəd oldu 15 Dekabr 2019, 22:19 Bakıda 9 yaşlı uşağın qarnına oxlov batdı 15 Dekabr 2019, 21:46 Daha 26 qanunsuz miqrant saxlanıldı 15 Dekabr 2019, 21:31 YAP-çı deputat “Aprel döyüşləri”nə görə prezidentin mükafatlandırdığı polkovnikin həbsini PİSLƏDİ 15 Dekabr 2019, 21:20 Çirkli hava səbəbindən 1 541 nəfər xəstəxanaya düşdü 15 Dekabr 2019, 21:00 Müsavat Partiyası 70 dairə üzrə deputatlığa namizədini müəyyənləşdirdi 15 Dekabr 2019, 20:52 Üzeyirin bu çağırışına 1 milyon insan toplandı - VİDEO 15 Dekabr 2019, 20:33 Bakıda təcili yardım maşını qəzaya düşdü 15 Dekabr 2019, 20:18 Daha bir kütləvi məzarlıq aşkarlandı 15 Dekabr 2019, 20:03 Oqtay Gülalıyevin səhhətində irəliləyiş var 15 Dekabr 2019, 19:53 Qubada yük maşını aşıb 15 Dekabr 2019, 17:52 “Əməkdar jurnalist” Ləman Ələşrəfqızının özünə arzuları - MÜSAHİBƏ 15 Dekabr 2019, 17:47 General deputatlığa namizədliyini irəli sürdü  15 Dekabr 2019, 16:48 Sevr və Lozandan başlanan ERMƏNİ YALANI 15 Dekabr 2019, 16:41 Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb 15 Dekabr 2019, 15:59 Polkovnik Vəlişov niyə həbs edilib? - DİN açıqlama yaydı, yaxınları etiraz etdi 15 Dekabr 2019, 15:39 Sizə bir sirr açım - “Politologiya” adlı elm yoxdur 15 Dekabr 2019, 15:36 İtaliyada bomba təhlükəsi: 54 min sakin təxliyə edilib 15 Dekabr 2019, 15:08 Bu qədər şərləmək olmaz axı! 15 Dekabr 2019, 14:28 Suriyaya 900-dən çox qaçqın qayıdıb 15 Dekabr 2019, 14:28 Masallıda zəlzələ olub 15 Dekabr 2019, 14:08 Sabahın hava PROQNOZU 15 Dekabr 2019, 13:45 Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin QIZIDIR 15 Dekabr 2019, 13:31 “Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan MÜSAHİBƏ 15 Dekabr 2019, 12:39 Metroda faciənin qarşısı sərnişinlər tərəfindən alındı - FOTO 15 Dekabr 2019, 12:38 Filippində 6,8 bal gücündə zəlzələ olub 15 Dekabr 2019, 12:10 Səxavət Məmmədovun Amerikadakı YADİGARI 15 Dekabr 2019, 12:04 “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm” - 73 yaşlı Xalq şairi 15 Dekabr 2019, 11:28 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb 15 Dekabr 2019, 10:46 Mingəçevirdə qardaş qardaşı bıçaqladı 15 Dekabr 2019, 10:42 Nepalda avtobus dərəyə yuvarlanıb: 14 nəfər ölüb 15 Dekabr 2019, 10:39 Bələdiyyə seçkilərinə 1 həftə qaldı: bildirişlərin paylanması prosesi başa çatır 15 Dekabr 2019, 10:29 Küçədə qışlayanlar - Nazirlik neçə nəfərə sahib çıxıb? 15 Dekabr 2019, 10:14 Məşhurların qəribə sonları 15 Dekabr 2019, 10:00 Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final başlayır 15 Dekabr 2019, 09:52