Modern.az

 Atla dərsə gələn şagirdin, 700 bal toplamış məzunun məktəbindən REPORTAJ  

 Atla dərsə gələn şagirdin, 700 bal toplamış məzunun məktəbindən REPORTAJ   

25 Yanvar 2019, 16:21

Təhsil Nazirliyi İsmayıllı rayonunun Gəndov kəndində və Lahıc qəsəbəsində yeni təmir olunan məktəblərlə tanış olmaq üçün mediatur təşkil edib.

Modern.az-ın da əməkdaşının iştirak etdiyi mediaturda hər iki mətkəbdən hazırlanan reportajı təqdim edirik.

Mediaturun ilk dayanacağı İsmayıllı rayonu Gəndov kəndində yerləşən yeni istifadəyə verilmiş  modul tipli məktəb oldu.

44 şagirdin təhsil təhsil aldığı məktəb 7 sinif və 1  müəllim otağından ibarətdir. Məktəb 56 sagird üçün nəzərdə tutulub. 

 

İllər öncə köhnə və şəraitsiz, pəncərələri sınıq vaqon-məktəb…

Məktəbə daxil olan kimi gözümüz yeganə I sinif şagirdi Mirzə Mikayılova sataşır. Mirzə sinfə daxil olan izdihama fikir vermədən “Hüsnxətt” dəftərinə öyrəndiyi hərfləri yazırdı. Onun arzusu böyüyəndə polis olmaqdır:

“Ən çox Azərbaycan və rus dili dərslərinə marağım var. Müəllimlərimin hamısını çox sevirəm, elə məktəbimizi də...”.


Onun müəllimi 16 ildir bu vəzifədə çalışan Vüsalə Zeynalovadır. O Vüsalə müəllimə ki, məktəbin şəraiti yaxşılaşdırılmazdan öncə şagirdlərinə sınıq pəncərəli vaqonda dərs keçib. O, hazırda Lahıc qəsəbəsində yaşayır:

“Gəndov kəndi də mənə doğmadır. 16 ildir ki, hər gün Lahıcdan 5 km yolu məktəbə dərs demək üçün gəlirəm. Yeni məktəbin ənənəvilərdən  çox fərqi var. İşə təzə gələn vaxtlar şagirdlərə vaqonda dərs keçirdim. 2 gözlü vaqon idi, köhnə və şəraitsiz. Üstəlik, pəncərəsi də sınıq. Yeni məktəbdə dərs keçmək arzumuz idi. Amma hazırda da başqa kəndlərdən kilometrlərlə yolu məktəbə gələn şagirdlərimiz var”.

“Hər gün evimizdən məktəbə 1 saatlıq yolu atla gəlirəm”

Sinif otağından çıxanda məktəbə hər gün atla gəldiyini öyrəndiyimiz Familəyə yaxınlaşırıq. O, V sinifdə Azərbaycan dili dərsində əyləşmişdi.

Familə çoxsaylı suallardan sonra bizə məktəbə atla gəlişindən danışdı:

“Atam məni hər gün atla dərsə gətirir. Dərə kəndindən məktəbə qədər 1 saatlıq yolumuz var. Qardaşım da elə bu məktəbdə, II sinifdə oxuyur. Ən çox riyaziyyat dərsinə həvəsim var”.


Familənin parta yoldaşı Elnur Mütəllimov da məktəbə gəlmək üçün hər gün Köhnə Daxar kəndindən 4 kilometrlik məsafə qət edir.

 


Təbiətin canlı kompüter olduğu coğrafiya dərsi

Buradan ayrılıb yuxarı siniflərdə dərs keçilən otaqlara üz tuturuq.

VIII sinifdə coğrafiya dərsidir. Fənni tədris edən isə məktəb üzrə işə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş (52 bal) Orxan Kamallıdır. Orxan Kamallı bu məktəbi öz istəyi ilə seçdiyini deyir:

“2015-ci ildən burada çalışıram. Əslən İsmayıllı rayonundanam. İqtisadi coğrafi şərait münbit olduğu üçün buranı seçdim. Kəndimiz şəhərdən 28 km uzaqdadır. Şəhərdən məsafə 20 km-dən uzaqdırsa, müəllimlərə H2, azdırsa H1 verilir. Maaşım ümumilikdə 500 manatdır”.

Orxan Kamallıya görə məktəbin yerləşdiyi ərazinin təbiəti açıq kömpüter funksiyasını yerinə yetirir:

“Ərazi dağlıq relyefində olduğu üçün coğrafiyanın tədrisi daha rahatdır. Şəhərdə şagirdlərə dağları izah etmək çətin olur. Burda kompüterdən də istifadə edirik. Amma buranın təbiəti açıq kompüterdir. Beləcə, şagirdlərə fikrimizi daha rahat çatdıra bilirik”.

 


İkinci dayancaq İsmayıllı rayonu, Lahıc qəsəbə tam orta məktəbi olur...

 

Gəndov kənd məktəbi ilə ümumi tanışlıqdan sonra üzüyuxarı, Lahıc qəsəbə tam orta məktəbinə yollandıq.

Qısa xatırlatma: 400 yerlik məktəb 3 mərtəbədən ibarətdir. Binanın  daxilində  hər mərtəbədə şagird və müəllimlər üçün ayrı-ayrılıqda sanitar qovşaq, idman zalı üçün də xüsusi olaraq paltardəyişmə otağı, duş yerləşir.

 

“Lahıcdakı məktəbimi, Bakıdakı məktəbimdən çox sevirəm”

47 ildir riyaziyyat müəllimi kimi çalışan Lahıc məktəbinin direktoru Hikmət Haqverdili sanki yuxuda olduğunu vurğulayır:

“2018-ci ildə məktəbin 130 illiyi tamam oldu.Köhnə məktəbimizdə istilik odunla idi. İndi isə hər bir şəraitimiz var. Yollarımız təhlükəlidir, buna görə məktəbə avtobus da hədiyyə edilib. Qəbul imtahanlarında şagirdlərimizin yüksək nəticələri çoxdur. 2017-ci ildə 700 bal toplayan Vahab Cəbrayılov bizim məzunumuzdur”.

Məktəbin ən gənc kadrlarından biri, MİQ imtahanlarında 50 bal toplayaraq Lahıcda  ibtidai sinif müəllimi kimi çalışan Rəna Əlsəfli seçimindən peşman deyil:

“Lahıc mənim diqqətimi hər zaman cəlb edib. Buranı seçdiyim üçün çox sevincliyəm. Həm şagirdlər, həm kollektiv gözəldir. Uşaqlar çox tələbkardır. Gediş-gəlişdə problem yaranmasın deyə, Lahıcda kirayə qalıram”.

Yuxarı sinif şagirdlərinə biologiya dərsi keçilir. Diqqətimizi təhsilini illər öncə Bakıda, hazırda isə Lahıcda davam etdirən Mehrab Qədirli çəkir. Mehrab Lahıc məktəbini Bakıda dərs aldığı məktəbdən çox sevir:

“Anam İsmayıllının mərkəzindən, atam isə Lahıcdandır. Babamgil Bakıda olduğuna görə bir müddət orada təhsil almışam. Sonra isə atamın kəndinə, Lahıca gəlmişik. Bu məktəbimi hər cəhətdən Bakıdakı məktəbimdən çox sevirəm”.

 

“Söz vermişəm ki, hər sinifimdən 700 bal toplayan bir şagirdim olacaq”

20 ildir ki, ibtidai sinif müəllimi işləyən, məktəbin 700 bal toplamış məzunu Vahab Cəbrayılovun anası və ilk müəllimi Günay Cəbrayılovanın dərsində iştirak etdik. Pəncərədən mənzərəni görməsəniz, Bakıda hansısa özəl liseydə dərsə daxil olduğunuzu zənn edə bilərsiniz.

Günay Cəbrayılova kənd məktəbində dərs deməyin çətinlikləri barədə danışdı:

“Lahıcda uşaqların təhsilə marağı yaxşıdır. Amma dağlıq yer olduğuna görə, uşaqlar intellekt cəhətdən zəif olurlar. Belə olan halda da müəllimin üzərinə çox yük düşür. Şəhərdə uşaq hər şeyi görür, dərsə hazır vəziyyətdə gəlir. Bu baxımdan, kənddə işləmək daha çətindir”.


Günay Cəbrayılova Lahıcda doğulub və hazırda da burada yaşayır:

“Vahabın ilk müəllimiyəm. O, çox çalışqan uşaq idi, evdə bütün gün tapşırıqlarını edirdi. Mən ona “dərsini oxu” deməmişəm. Hər şey planlı olanda, çətinlik aradan qalxır. Söz vermişəm ki, hər sinfimdən 700 bal toplayan bir şagirdim olacaq. Şəraitimiz hazırda çox gözəldir. Valideyn və müəllim olaraq bu şəraiti bizə yaradan hər kəsə təşəkkür edirəm”.

Qeyd: Vahab Cəbrayılov 2017-ci ildə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olub. Hazırda təhsilini yüksək qiymətlərlə davam etdirir.




Bakı-İsmayıllı-Bakı

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi