Modern.az

Eldar Quliyev: “Məmurların içində özəl sektora yuxarıdan aşağı baxanlar var”

Eldar Quliyev: “Məmurların içində özəl sektora yuxarıdan aşağı baxanlar var”

Müsahibə

28 Noyabr 2011, 19:01

“Anası erməni olanın Maştağaya heç bir dəxli yoxdur”

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, “Azərİttifaq”ın  idarə heyətini sədri Eldar Quliyev Modern.az saytına müsahibə verib.

Eldar müəllim, 2012-ci ilin büdcə müzakirələri başa çatdı. Gələn ilin büdcəsini necə qiymətləndirirsiniz?

- Noyabrın 22-də Milli Məclisin plenar iclasında büdcənin müzakirəsinə başladıq. Ondan öncə isə komitələrdə bu sənədi geniş müzakirə etdik. Son illər komitələrin iclaslarında nazirlər iştirak edirlər. Bunun özünü yüksək qiymətləndirirəm. Müzakirə 3 gün çəkdi. Müzakirələr çox gərgin keçdi. Birinci gün demək olar ki, hökümətin rəhbərliyi Baş nazir başda olmaqla bütün üzvlər, bir-iki naziri çıxmaq şərti ilə müzakirələrə qatıldılar. Vaxt az olmasına baxmayaraq 60-dan yuxarı millət vəkili çıxış etdi. Əksəriyyəti bu sənədi dəstəklədi, irad və təkliflərini də bildirdi. Mən də çıxışımda irad və təkliflərimi bildirdim. Çox söz demək olardı, deputatların hamısı çıxış etmək istəyirdi.

Aqrar sektorla bağlı müəyyən təklifləriniz oldu. Bu təkliflərin gerçəkləşməsi üçün gerçək imkanlar varmı?

- Hökümətin təqdim etdiyi büdcə layihəsini dəstəklədim. Mən Sabunçu rayonu 28 saylı dairədən millət vəkiliyəm və sosial məsələlərlə əlaqədar təklif verdim. Seçicilərimin qarşımda qoyduğu məsələlərdən biri bu dairə ərazisində mədəniyyət evlərinin uzun illərdən bəri işləməməsidir. Maştağada iki, Zabratda bir, Nardaranda bir, Bilgəhdə bir mədəniyyət evi var. Bu gün onların heç biri fəaliyyət göstərmir. Amma mədəniyyət evi işləməlidir və camaatın da buna doğurdan ehtiyacı var. Burada  müəyyən tədbirlər keçirmək olar. İkincisi mədəniyyət evlərinin olmaması nəticəsində uşaqlar boş vaxtlarını çayxanalarda keçirirlər. Bundan əlavə, həmin məkanlarda mədəni-kütləvi tədbirlər keçirmək olar. Məsələn, sabah böyük konsert keçirmək üçün bu kəndlərdə böyük yer yoxdur. Hərdən tədbirlər keçirmək istəyəndə şadlıq evlərinə üz tuturuq. Mədəniyyət evlərinin olması  həm də iş yerləri deməkdir.
Tarixi abidələrlə əlaqədar olaraq biz dəfələlərlə hökümət qarşısında məsələ qaldırmışıq. Hətta ölkə Prezidentinin göstərişi ilə Bakı və Bakıətrafı qəsəbələrin inkişaf proqramında tarixi abidələrin bərpası məsələsi var. Son illərdə ölkənin starteji sahələrindən biri də turizmdir. Onun inkişafı üçün dövlət vəsait ayırıb. Həm Bakı, həm Bakıdan kənarda, ayrı-ayrı rayonlarda turizmin inkişafı üçün böyük işlər görülür, otellər tikilir, tarixi abidələr bərpa olunur. Bakıda da qədim qəsəbələrdə müəyyən tarixi yerlər var. Turistlər üçün də maraqlıdır ki, gəlib bizim tarixi abidələrimizə baxısınlar. Həm də bu bizim keçmişimiz, tariximizdir. Ancaq onu deyim ki, bu illərdə ərzində Nardarandakı Xan bağı üçün maliyyə ayrılıb və orada Mədəniyyət və Turizm Nazirliyi iş görüb. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və onun müavini Ədalət Vəliyevlə bu abidələrə baxış keçirmişik. Mədəniyyət evlərinə də baxmışıq. Nazir də eyni məsələni qaldırır ki, gərək maliyyə ayrılsın ki, bu işləri həyata keçirək. Mən də müzakirələrdə maliyyə nazirindən xahiş etdim ki, bunları öz nəzarətinə götürsün. Bu, seçicilərin tələbidir.        İndu bütün dünyada elan olunub ki, iqtisadi böhranın ikinci mərhələsi başlayır. Birinci mərhələ bizlər üçün asan keçdi. İkinci mərhələni asan keçmək üçün onun qarşısını müəyyən tədbirlər görüb almalıyıq.
Aqrar siyasət komitəsinin sədr müavini kimi mənim üçün bir nömrəli məsələ ərzaq məhsulları ilə təminatıdır. Bu, ölkənin prioritet məsələlərindən biridir. Ölkə Prezidenti bu gün də məsələ qoyub: o məhsullarla ki, özümüzü təmin edə bilərik, onu Azərbaycanda istehsal etməliyik, onu kənardan gətirməməliyik. Ona görə də mən hesab edirəm bu sahəni diqqətmizdə saxlamalı və tədbirlər planı hazırlamalıyıq ki, bu illər ərzində nələr edə bilərik.
“Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun layihəsi artıq ikinci oxunuşa hazırdır və biz onun üzərində çox ciddi çalışırıq. Məsələ qoymuşuq ki, sənədi ilin sonuna qədər ikinci oxunuşa verək. Biz məsələ qoyuruq ki, istehlakçı ilə istehsalçı arasında əlaqə kooperativlər tərəfindən həll olsun. Məsələn, çox insan məhsulu, əkib-biçir, çox əziyyət çəkir, amma onu bazara çıxara bilmir. Monopolislər məhsulun qiymətini qaldırmır, özlərinə şərait yaratmaq üçün məhsulu ucuz alıb baha satırlar. İstesalçının imkanı yoxdur ki, özü bazara çıxsın. Sadəcə, burada artıq onlara inam lazımdır ki, məhsulu yetişdirsinlər. Baxın, keçən il bazarda qarpız və pomidor məhsulu az oldu, camaat bu il həm çoxlu qarpız, həm də  pomidor əkdi. Nəticədə bu yay qapız da, pomidor da əllərdə qaldı. Bostanlarda qarpızı 2-3, pomidoru 4-5 qəpiyə almırdılar. Çünki burada normativlərə riayət edən yoxdur. Kortəbii işin nəticəsi belə olacaq. Tələbatı öyrənən yoxdur. Bu səbəbdən də gələn il həmin məhsulları becərən olmayacaq.  Ona görə biz məsələ qoyuruq ki, bəzi strateji əhəmiyyətli məhsullara dövlət özü də sifarişlər versin. Biz demirik ki, belə sifarişlər daimi olsun. Heç olmasa müvəqqəti olaraq orta, xırda sahibkarlığın inkişafını təmin etmək üçün 5-10 illik proqram qəbul etsinlər. Biz demirik ki, bu, bütün məhsullara aid edilsin. Taxıl, pambıq, hansısa tərəvəz, meyvələrə müqavilə ilə dövlət sifarişləri versinlər və istehsalçı bilsin ki, bu gün əkdiyi, becərdiyi məhsulu sabah kimsə ondan alacaq. Məhsul əlində qalmayacaq və bunu pula satacaq. Biz bunu yaratmasaq, kəndçi torpaqdan soyuyacaq. Məcbur olub bir "Jiquli" alıb gələcək Bakıda taksı sürməyə... Ona görə də kəndçilərdə bu inamı yaratmaq üçün təklif verdim ki, dövlət sifarişləri olsun, normativlər işlənilsin, müvvəqəti olaraq hansısa məhsullara dövlət özü baxsın, hansı məhsulları starteji əhəmiyyətli sayılırsa, o məhsullara sifarişlər versin. Bu sifarişçi kooperativlər olmalıdır. O kooperativlər gətirib pulu istehsalçıya, sonra hesabatı dövlətə verməlidir, lazım olarsa dövlət tərəfindən hansısa subsidiyalar verilməlidir. Bu gün bizdə “Pambıqçılıq haqqında”, “Arıçılıq haqqında” qanunlarımız var. Orada  qeyd etmişik ki, müəyyən stimullaşdırıcı addımlar atılmalıdır. Axı bütün dünyada kənd təsərrüfatı subsidiyalarla işləyir.  

Müzakirələrdə pambıqçılıqla bağlı da məsələ qaldırıldı...

- Bununla bağlı iqtisadi inkişaf naziri müəyyən müəssisələrin tikilməsi haqqında məlumatlar verdi. Ancaq pambığın emalı haqqında heç bir söz demədi və söhbət burada ilkin emaldan getmir. Mənim qaldırdığım məsələ ilkin emaldan başlayaraq son hazır məhsula qədər olan prosesdən gedir. Yəni pambıq parça istehsalı, pambıq parçadan pal-paltar istehsalı, pambığın yağı və s. Pambıq elə bir məhsuldur ki, onun heç bir çıxarı olmur. Hərbi sənayedə barıtın bir hissəsi pambıqdan hazırlanır, mebel sənayesində onun kollarından istifadə olunur. Sonuncda isə mal-qara yemi... Bunun üçün emal müəssisələri lazımdır. Bu, ölkə üçün strateji məhsul olmaqla yanaşı, həm də ölkədən kənara da satıla bilər. Söhbət ölkənin öz ehtiyaclarından getmir. Xammal kimi biz niyə kənara satırıq? Bu gün də onu emal edib, özümüzü təmin edə bilərik. Dünyada ən böyük pambıq istehsalçı Amerika və Çindir. Bunlar bir qram da xammal kənara satmırlar. Hesab edirəm ki, bununla bağlı mütləq zavodlar, fabriklər açılamalıdır. Bu, həm də əhalinin işlə təmini deməkdir. Məlumdur ki, bu müəssəsilər  regionlarda açılacaq. Bununla biz Bakının yükünü bir az azaltmış olarıq. Burada söhbət həm əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatından, həm yeni iş yerlərinin açılmasından, həm də strateji məhsulların ölkəmizdə istehsalından gedir. Məsələn, çovdar məhsulunu biz kənardan alırıq. Bunu niyə kənardan almalıyıq? Bu, dəmyə bitən məhsuldur, dağ, dağətəyi rayonlarda əkilir. Çovdar ununa, məhsuluna bu gün Azərbaycanda böyük ehtiyac var. Biz onu özümüz istehsal edib kənara sata bilərik.

Hazırda kəndlərdə monitorinq aparan, maarifləndirmə işini yerinə yetirən qurum varmı?

- Özəlləşdirmə nəticəsində torpaqlar əhaliyə verilıb. Lakin bu gün bu sahədə bir kortəbiilik var. Hüququ baza var, torpaq var, amma kənd təsərrüfatı elmi tədqiqat institutlarının bu cəhətdən işi zəifdir. Bir az onları gücləndirmək lazımdır. Əvvəl belə idi ki, elmi-tədqiqat insitutları nazirliklə birlikdə yerlərdə olurdular. Böyük müşavirələr keçirilirdi. Belə müşavirələr son 15 ildə keçirilmir. Bəlkə hansısa sahibkar kənd təsərrüfatı sahəsini bilmir. O cəhətdən biz deyirik ki, aqrar sahə üzrə strateji araşdırmalar mərkəzi olmalıdır. Bəlkə də var. Bunu deyə bilmərəm, amma onun fəaliyyəti mənə məlum deyil.

Eldar müəllim, yeri gəlmişkən, “Azadlıq” qəzetində barənizdə yazı dərc olunub. Buna münasibətiniz necədir?

- Mən özüm də bu yazını oxudum və təəccübləndim. Birinci, müxbir yazı hazırlayırsa, bizim də mövqeymizi öyrənsin, Maştağadakı ofisimizə baş vursun. Ayda 4-5 dəfə mən seçicilərlə görüşürəm. Bunu bütün seçicilər də bilir. Ən çox müraciət bizə edilir. Bundan əlavə, həftənin 6 günü köməkçim orada oturur. Orada onun xidmət sahələri üzrə yanında 2-3 işçisi var, hansı ki, kömək göstərirlər. Yəni bu insanlar hər gün oradadır, qapı da açıqdır. Mənimlə bağlı danışan Tahir Poladzadə adlı bir nəfərdir. Onun anası ermənidir. Bunlar Bakıya, Maştağaya aid olmayan adamlardır. Anası Katya Maştağadakı bələdiyyədə xadimə işləyir. Onun bacısı gəlib Maştağa sakini ilə ailə qurub. Sonradan onları da bura gətirib ev veriblər, onlar da ana-bala burada yaşayırlar. Özü həm şəkil çəkir, həm də toy, yas mərasimlərində videokamera işlədir. Şantajçı çxışlarına görə Maştağa cavanları 2-3 il bundan əvvəl onu döymüşdülər. Belə danışığına görə 2-3 dəfə polisə düşüb. Elə danışır ki, elə bil yerli adamdır. Soruşurlar sən yerlisən? Bundan əlavə,  sən get Maştağanın tarixinə bax, orada bir erməni olmayıb. 1918-ci ildə atamın iki əmisi Zabrat yolunda ermənilərin qarşısını kəsərkən şəhid olublar. O dövrdə erməniləri bizimkilər saxlayıblar. Ermənin ayağı Maştağaya dəyməyib. O insan daha sonra bələdiyyənin sədrindən danışır. Bəli, indiki bələdiyyənin sədri 6 ay bundan əvvəl ərizə yazıb işdən çıxıb. Yerli adam idi, camaat da ona etibar edirdi. Xəstəliyi ilə əlaqədar işdən ərizə yazıb çıxdı. Orda müavin Cəbrayıl qaçqınıdır, deyir ki, bu adam deyir ki, gədəbəylidir, heç bilmir hardandır. Məktəbin direktoru Nailə xanımdan danışır. O 30 ildən yuxarıdır ki, Maştağada gəlindir. Düzdür, Qərbi Azərbaycanlıdır, amma bizim gəlinimizdir, bu gün onun uşaqları var, nənədir. Sən onun haqqında rüşvətxordur, nədir, boş-boşuna nə danışırsan? Kəndin insanları adından kim sənə o icazəni verib danışırsan. Mənim haqqımda deyir ki, Eldar Quyliyev kəndə gizli gəlib-gedir. O gizlənsin camaatdan, mən niyə gizlənirəm. Camaat məni seçib. Seçicilərim məni, mənim nəslimi, nəcabatimi gözəl tanıyır. Qohumlarım, böyük qardaşım Maştağada yaşayır. Daha sonra o, Ramazan bayramından danışıb. Biz bu bayramda 1300 nəfərlə görüş təşkil etdik. Böyük bayram süfrəsi açdıq. Çox gözəl bayramı keçirdik. Ondan sonra da qurbanlıq bayramında hərəsi iki kiloqram olmaqla 200 adamlıq Nardarana, 200 adamlıq Bilgəhə, 150 adamlıq da Zabrata ət göndərdik. Maştağada isə adam çox olduğu üçün siyahı tutmadıq. 500 adamlıq ət Maştağa məscidinə verdik ki, adamlara paylanılsın. Qocalarımız üçün  Koperasiya Universiteti oktyabrın 7-də yemək hazırlatdırdı. Bayramı onlarla keçirdilər. İndi isə Yeni ilə hazırlaşırıq.
Ay, Tahir, sən neyləmisən? Sən kimsən axı Maştağanın adından danışırsan. Bir dəfə onu döyüblər asfaltda qalıb. Sonra deyir ki, köhnə borclar qalıb. Prezidentinin fərmanı da olub, icra olunub və bu gün kimsədən köhnə borc istənilə bilməz, bunun hamısı sərəncamla silinib. Təzə borclar var, köhnə borclar yoxdur. Hamı bunu təsdiq edir. Ümumiyyətlə, “Bakıelektrikşəbəkə”yə rəhbər Baba Rzayev gələndən sonra Bakının hər tərəfində, eləcə də bizim qəsəbələrdə işıq problemi aradan qalxıb. Heç Tahir Maştağanın əhalisinin sayını bilmir. Deyir buranın 150 min əhalisi var, halbuki burada 78 min adam yaşayır. Onun da 21 mini qeydiyyatdan keçməyib. Cənab Prezident fərman verib ki, kimki orada ev tikib, onu qeydiyyata götürsünlər. Abşeronun torpaqlarından yazır. Keçmiş kolxoz, sovxoz torpaqları Abşerona məxsus olub. Bu gün nə Sabunçu İcra Hakmiyyəti, nə də mən bu məsələyə qarışırıq.
Bilirsiniz, boş-boş orada oturub kimlərəsə qoşulmaq, suyu bulandırmaq lazım deyil, əgər iş görmək istəyirsə, gəlsin, desin, mən iş görürəm. Hazırda biz Maştağa məscidini təmir edirik. Bunu camaatın gücü ilə edirik. Biz öz gücümüzlə yığışıb parkı təmir etdirdik. Bizim yanımıza gələn  insanlara imkanımız daxilində kömək etməyə çalışırıq. Bu gün ən ciddi problemlərimizdən biri kanalizasiya ilə bağlıdır. Ölkə Prezidentinin də sərəncamı var, pul da ayrılıb. Bu, indinin məsələsi deyil, ömür boyu bu qəsəbələrdə kanalizasiya olmayıb. İndi evlərin  altından kanalizasiya çəkmək o qədər də asan deyil. Bu problemlər var və bunlar yavaş-yavaş həll olunmalıdır. İş yerlərini deyir, mən də hesab edirəm ki, bizim qəsəbələrdə iş yerlərinə ehtiyac var. Hardasa kiçik fabriklər, sexlər şəklində bunu həll etmək lazımdır. Bu gün Azərbaycan investisiya qoyulan ölkədən investisiya qoyan dövlətə çevrilib. Artıq Azərbaycan inkişaf edən ölkələrin içərisində aparıcılardan biridir. Büdcəmiz də ilbəil artır. Biz hamımız istəyirik ki, 2000 manat maaş alaq. İstəmək asandır, pul kağızıdr, axı onun arxasında məhsul olmalıdır. Bu sabah inflyasiya yarada bilər. Bu gün bizim qarşımızda ən böyük məqsəd inflyasiyanın bir rəqəmli olmasıdır. Azərbaycan dövlətinin pul-kredit siyasəti çox yüksəkdədir. Avropa Birliyi kimi güclü qurum artıq zəifləyib və dağılmaq təhlükəsindədir. Bu gün Yunanıstanın, İspaniyanın, İtaliyanın vəziyyətlərinə baxın. Azərbaycan özünü qoruyub saxlaya bilir. Həm də biz müharibə aparan dövlətik. Bu il təhsilə ən yüksək həddə vəsait ayrılıb. Ancaq bir məsələni qeyd edəcəm. Bizim bəzi məmurlar özəl sahə ilə barışa bilmirlər, onu qəbul edə bilmirlər. Bilmək lazımdır ki, özəl sahə ölkənin aparıcı sahəsidir. Ölkə Prezidentinin qoyduğu məqsəd orta və kiçik  sahibkarların güclənməsidir. Məmurlar hərdən bununla barışa bilmirlər.. Hətta özəl sahəyə yuxarıdan aşağı baxanlar da var. Əksinə bunları dəstəkləməlidirlər. Bu sahələr inkişaf etməlidir.

Saytımızda deputatlarla bağlı sorğu keçirilir. Siz bu sorğuda ikinci yerə çıxmısınız. Bunun üçün tərəfdarlarınızı səfərbər etdinizmi?

- Səmimi deyəcəm, mənim sorğu barədə sonradan xəbərim oldu. Deputatlardan biri dedi ki, baxmısanmı, mən də baxdım. Seçicilərlə daim işlədiyimizə görə onlarla daim təmasdayıq. Görüşdə də mənə dedilər ki, sizə səs veririrk. İndi heç bilmirəm ki, orada faiz nə qədərdir. Mən əsas gücü seçicilərlə işə sərf edirəm. Ancaq belə sorğuların keçirilməsi yaxşı haldır. 

Aytən ƏLIYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü