Modern.az

3 həmsədr üçün 3 tarixi fakt və yeri görünən abidə

3 həmsədr üçün 3 tarixi fakt və yeri görünən abidə

Aktual

28 Yanvar 2019, 14:04

1988-ci il dekabrın 11-i Bakı-Gümrü reysi ilə uçan “İL-76M” markalı yük təyyarəsi səhər tezdən Gümrü hava limanına enişə az qalmış müəmmalı şəkildə qəzaya uğradı. 69 sərnişin və 10 heyət üzündən möcüzə nəticəsində yalnız təyyarənin qanad hissəsindəki yük maşınında olan Fəxrəddin Balayev sağ qaldı…

Biz onda ermənilərin başımıza gətirdiyi müsibətləri bir kənara qoyub, Spitak və Leninakanda zəlzələ nəticəsində fəlakətli vəziyyətlə üz-üzə qalmış bədnam, çörəyi dizinin üstündə olan qonşularımıza növbəti dəfə kömək əlimizi uzatmağa gedirdik…
1991-ci ilin 20 noyabrında Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən Azərbaycanın hərbi helikopteri vuruldu.

Mİ-8 N72 helikopterində həlak olanlar arasında Azərbaycan Respublikasının dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikasının daxili işlər nazirinin müavini Saylau Serikov, Azərbaycan dövlət televiziyasının reportyoru Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak oldu. Biz onda Qarabağ erməniləri ilə dil tapıb birgəyaşayışı davam etdirmək istəyirdik...

27 il əvvəlin bu günü, 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan “Mİ-8” mülki vertolyotu erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vuruldu. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak oldu. Mülki vətəndaşları məhv edən Ermənistan bu günədək işğalçı adlandırılmayıb beynəlxalq aləmdə!

Belələri ilə sülh danışıqlarının nəticəsi olmayacaq! Qeyd etdiyim 3 dəhşətli terror hadisəsini simvolizə edən bir abidəyə ehtiyac var Bakıda. Özü də Bakının ən yüksək nöqtəsində, lap elə Şəhidlər Xiyabanının aşağısındakı meydanda! Bizim vaxtilə vurulan 3 hava nəqliyyatının maketini qoyub da, düşmənin xain əməllərini dünyaya nümayiş etdirmək, Bakıya səfər edən, Şəhidlər Xiyabanını ziyarətə gələn diplomatlara, turistlərə təqdim etmək, həqiqətlərimizin yayılmasına kömək edirdi.

Bu, həm də şəhidlərimizin ruhunu şad edən addım olardı...

27 il əvvəl Şuşa səmasında vurulan vertolyotda həlak olan qadın və uşaqlar kimlərdir, onların haqqında məlumat varmı? Təəssüf ki, bu barədə bilgili insanlara rast gəlmədim internet resurslarında. İtkilərimiz barədə özümüz məlumatlı deyiliksə, yadlar hardan bilsin?

Bu üç hadisə illərdir bizi mənasız danışıqlara sürükləyən üç həmsədrə tutarlı cavab olar. Hər Bakıya gələndə onları aparırsan bu abidənin qarşısına, deyirsən baxın, bizim Ermənistana kömək əli uzatmağımıza, Qaraabğ erməniləri ilə anlaşma əldə etməyimizə reaksiya necə olub, görün! Görün ki, erməni bizim qadın və uşaqlarımıza da aman verməyib. Soyqırım cəhdi təkcə Xocalıda olmayıb!

Erməni cinayətlərinin sırasına birini də əlavə etmək olar. 1992-ci ilin 3 martında Kəlbəcərin Seyidlər kəndi yaxınlığında Mi-26 vertolyotu vuruldu. Gülüstan kəndinə uçuş edən ruslara məxsus Mi-26 helikopteri ermənilər tərəfindən Azərbaycana məxsus olduğu güman edilərək vurulmuşdu. Helikopterdə elə ermənilərə yardım aparan (!) 12 nəfərin öldüyü sonralar məlum oldu. Bu tarixi də əbədiləşdirib Ermənistanı himayə edən, ermənilərin Bakıya gələ bilməsi üçün yaxasını cıran Mariya kimi Rusiya rəsmilərinin də yaddaşını təzələmək olar. Erməni terroru fərq qoymur, qarşısındakı türkdür, rusdur, qazaxdır, yəhudidir...

Yeri gəlmişkən, “İL-76M”-də məhv olan insanlarımızın xarirəsinə “Neftçilər” Xəstəxanasının yaxınlığındakı parkda abidə qoyulması planlaşdırılırdı illər öncə. Hətta orada daş lövhə də qoyulmuşdu. Lakin sonra yolun genişləndirilməsi, parkın abadlaşdırılması ilə əlaqədar olaraq o daş ərazidən götürüldü, məsələ də unuduldu...

Bu hadisələri biz törətsək, ermənilər ona abid abidələri nəinki Ermənistanda, hətta xarici ölkələrdə qoyardılar. Eləcə də bu gün erməni terrorçusuna qoyulan abidəyə görə qınadığımız qonşu Gürcüstanda...

 

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi