Arxiv
29 Yanvar 2019, 10:08 | QARABAĞ
Qarabağ söhbəti: “Müharibədə qorxaqlıq etdilər, atəşkəsdən sonra qeyrətdən danışdılar” - LAYİHƏ

Üzeyir Cəfərov: “Zakir Həsənovun vaxtında komandirlərə rahatlıq yoxdur”


“Ermənistana jurnalist qismində getdim, bəzi materiallar gətirib Səfər Əbiyevə təqdim etdim”

 

Modern.az saytı “Qarabağ söhbəti” layihəsi çərçivəsində silsilə müsahibələrə davam edir. Budəfəki həmsöhbətimiz hərbi ekspert, Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovdur. Onunla müsahibəni təqdim edirik:

 

- Üzeyir müəllim, həyatınızın Qarabağla bağlı olan hissəsindən kompleks, sistemli məlumat tapmaqda çətinlik çəkdik. İlk olaraq, bu haqda ətraflı danışardınız...
 

- Azərbaycan müstəqillik əldə etdikdən sonra mən Gürcüstanda idim. Zaqafqaziya Hərbi Dairəsinin qəzetinin azərbaycanca müxbir məntəqəsinin hərbi rəisi idim. Məni bura transfer etdilər. O zamanlar “Xalq ordusu” (indiki “Azərbaycan ordusu”) qəzetinin baş redaktoru vəzifəsində çalışmağa başladım. 20 Yanvar hadisələri və digərləri - hamısı mənim gözümün önündə olub. Proseslərin içərisində olmuşam. Qəzetin baş redaktoru olanda təkcə Bakı ilə məhdudlaşmırdım. Qarabağa gedib-gəlirdik. Bütün cəbhə bölgəsini ziyarət edirdik. Çox ağır vaxtlar idi.  Sovetlər dövründə Zaqafqaziya Hərbi Dairəsinin müxbir məntəqəsinin rəhbəri kimi gedib-gəldiyim yerlərə sonradan Qarabağda ağır döyüş əməliyyatları olan vaxtlarda da  yollandım. Bir müddət qəzetin baş redaktoru olandan sonra o zamankı müdafiə naziri Rəhim Qazıyevin əmri ilə vəzifədən çıxarıldım. Füzulidəki 702 saylı hərbi hissənin komandir müavini vəzifəsinə aparıldım.

- Yəni, Rəhim Qazıyev sizi işdən çıxardı? 

- Təxminən 2 il əvvəl mən Rəhim bəydən müsahibə götürürdüm. O özü belə bir etiraf etdi: “Mənə düzgün məlumat verməyiblər, mən sənə qarşı haqsızlıq etdim”.

Rəhim Qazıyev dedi ki, mənimlə bağlı qərarı həyatının ən səhv qərarlarından olub. Mən gedəndən sonra yerimə Adil Hüseynov adlı ehtiyatda olan leytenantı vəzifəyə gətirdilər. O isə gələn kimi özünə general-mayor ştatı hazırladı. Redaksiya və Nəşriyyat kompleksi. Rəhim bəyin özünə də qəribə gəldi ki, müharibə aparan bir ölkənin qəzetinin baş redaktoru özünə gələn kimi vəzifə hazırlayır. 

- Sizinlə bağlı səhv məlumat nə idi? 

- Mən onu hələ də bilmirəm. Çox dərin məsələlər var. Açığını deyim ki, bu gün respublikanın iki tanınmış jurnalisti Milli Məclisin o zamankı rəhbərliyinə məndən məktub yazmışdılar. Adlarını demək istməmirəm, artıq yaşa dolublar.

Bakıya qısa müddətli ezamiyyətə gəlmişdim, kollektivimə baş çəkəndə, şikayəti yazan makinaçı Sveta xanım ağladı, boynumu qucaqladı ki, sizin başınıza bir iş gəlsə, özümü bağışlaya bilmərəm. “Məni məcbur etdilər, o məktubu çap maşını ilə yazdım” dedi. Sveta xanım Yusibova, hazırda Müdafiə Nazirliyində mülki şəxs kimi çalışır. Həmin o iki jurnalistin ikisi də sağdır. Biri bir qədər xəstədir, digəri də yaşa dolub. 



- Briqada komandirininin müavini təyin olunmağınız cəza idi?

- Əslində guya mənə pislik etdilər. Amma həyatımın ən şərəfli günlərini məhz orada yaşadım. Şəhərdən gəlmiş bir insan idim, ağır döyüşlərin içərisinə düşmüşdüm. Döyüşlərdə yaşlılar da, müxtəlif təyinatlı şəxslər də var idi. Qısa müddətdə, əsgərlərin və zabitlərin etimadını qazana bildim. Onlar bu gün də məni gördükdə, qucaqlayıb, öpürlər ki, siz bizim üçün ata, qardaş olmusunuz. O mənə hər şeydən üstündür. Mən ən böyük uğurları da məhz Qarabağda yaşadım. Rəhmətlik ulu öndər Heydər Əliyevlə görüşümüz, onunla söhbətimiz, mənim çıxış etməyim, bütün Silahlı Qüvvələrin komanda toplantısında mənim söz alıb, ona bəzi məsələləri çatdırmağım... O vaxt müdafiə naziri Məmmədrəfi Məmmədov idi. Kəlbəcər yenicə işğal olunmuşdu, Məmmədrəfi də general-leytenant rütbəsi almışdı. Mən iclasda bir neçə məsələni qeyd etdim, Məmmədrəfi bəy haqqında da bəzi şeyləri diqqətə çatdırdım. Çünki o faktiki mənə qarşı idi. O, Rəhim bəydən sonra müdafə naziri oldu. Mən isə Heydər Əliyevlə görüşdə nə var idi faktlarla çatdırdım. Sonrakı dövrdə həyatımda qara izlərin getməsi də indiki Ali Məhkəmənin sədri Ramiz Rzayevlə bağlı idi. O zaman Ramiz Rzayev Beyləqanın mülki prokuroru işləyirdi. Mən Heydər Əliyevə dedim: “Cənab Ali Baş Komandan, yaxşı ki, gəldiniz. Biz heç olmasa bildik ki, ətrafda polis rəisi, prokuror kimdir. Çünki onlar görünmürdülər. Siz gəldiniz, onlar peyda oldular”. 

O zaman Füzuli rayonunun icra başçısı Nəbi Muxtarov idi. Biz bilavasitə onunla əlaqədə idik. Prokurorlarla bağlı Heydər Əliyevə giley-güzarım isə sonrakı karyeramda çox böyük problemlərlə müşayiət olundu. Mənə qarşı cinayət işi qaldırdılar, Milli Məclisin üzvləri məni çox müdafiə etdilər. Mən briqada komandirinin müavini idim. Faktiki olaraq, komandirlər o zaman döyüş aparırdı. Amma əsgərlərin mənəvi-psixoloji hazırlığı, təlim-tərbiyə işləri hamısı mənim üzərimdə idi. Demək istəyirəm ki, Qarabağ mənə böyük uğur gətirib. Adi bir jurnalist kimi də. Baxmayaraq ki, mən Azərbaycanın birinci ali təhsilli hərbi jurnalist kadrıyam. Qarabağ məni tanıtdırdı, televiziya kanallarında, tədbirlərdə və s.

Mən əsgərlərimlə heç vaxt rəsmi münasibətdə olmamışam. Döyüş şəraiti elə bir şeydir ki, biz həmişə səmimi olmuşuq.

- İlk praktiki döyüşə nə zaman başladınız?

- Qarabağa gələn kimi bizim briqada komandirimiz öz müavinlərini hər batalyona təhkim etmişdi. Mən isə hazırda Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərindən biri olan polkovnik Elnur Məmmədovun batalyonuna təhkim olunmuşdum. Şükürbəyli istiqamətində xidməti maşınımın sürücüsü maşını saxladı. Yavaş-yavaş irəliləməyə başladıq. Güllələr başımızın üstündən uçurdu. Mən həyatımda ilk dəfə döyüş şəraitində güllə səslərini eşidirdim. O uşaqlar üçün adi idi, mənim üçünsə çox qəribə idi. Mənə dedilər ki, komandir narahat olmayın. Mən belə güllə səsləri eşitmişdim, qəzetin baş redaktoru olanda da Qarabağa getmişdim. Amma biri var ki, sən o səsləri məsafədən eşidəsən, bir də var ki, döyüş zamanı. Mən əsgərləri yığıb söhbət etdiyim yerdə, bir də görürdün əsgərlər qışqırır ki, uzanmaq lazımdır. Əsgər artıq bilirdi ki, düşmən minaatandan atəş açır. O silahdan açılan atəşi müəyyən edə bilmirsən ki, hara düşəcək. Hətta mənim yanımda olub ki, əsgərimi parça-parça edib. Sonra biz onun parçalanmış hissələrini tabuta yığıb, şəhid kimi dəfn etmişik. Briqada komandirinin müavini olmağıma baxmayaraq, ön səngərdə dururdum. Əsgərlərimlə bir yerdə, rabitəçi yanımda, silah çiynimdə. Əsgər yanında öz komandirini görəndə artıq əmindir. Amma briqada komandirinin müavinini, faktiki olaraq, briqadanın cavabdeh şəxslərindən birini görəndə o bir az da özünü güvənli hiss edir. Deyir, öləcəyiksə, hamımız öləcəyik.

- Dağlıq Qarabağın işğalından sonra Qarabağ ətrafı rayonlar da getdi. Bu işğallara görə kimləri təqsirləndirək? Necə edək ki, bəzi məsələlər gün işığına çıxsın?

- Bu məsələlərdə, hərə öz mövqeyindən çıxış edir. Siyasilər siyasi, hərbçilər hərbçi mövqeyindən danışır. Bu məsələlərdə Azərbaycanın heç bir günahı yox idi. Azərbaycanın başına gələn faciələrin kökündə Moskva dururdu. Mən bunu həmişə demişəm. Rəsmi, dostyana görüşlərimdə həmişə demişəm ki, rəsmi Moskvanın Azərbaycana qeyri-səmimi, xain münasibəti idi ki, hələ də bu faciə davam edir. Əslində ermənilər kim idi ki? Biz bunu həmişə demişik. Sayına görə bizdən az, iqtisadi göstəricilərinə görə qat-qat Azərbaycandan zəif olan formal dövlət. Mən onu öz gözümlə görmüşəm ki, Ermənistan çox bərbad bir durumdadır. Ermənistanın Azərbaycanla baş-başa gəlməsi mümkün deyil.



- Amma belə deyirlər ki, müharibə başlayanda artıq onların peşəkar zabitləri var idi...

- Gəlin, onları çox da şişirtməyək. Xocalı faciəsinin ildönümü yaxınlaşır. 366-cı motoatıcı alay SSRİ-nin deyildi, Rusiyanın idi. Ermənilər bizdən güclü olmayıblar. Sadəcə olaraq, ermənilərin ruslara verdikləri pulun, qadınların hesabına onlar irəli getdilər. Bizdə erməni qadınlarının ruslara verilməsindən az danışırlar.

Rusların içərisində qadın düşkünləri var idi, hansı ki, əyyaşlığı daha çox sevirdilər. Erməni ayağı sürüşkən qadınlarını qabağa verirdi, onların isə erməniyə sevgiləri bir az da artırdı. Erməni konyakı, erməni qadını, erməni lobbisinin göndərdiyi pullar... Əsas bizim başımıza gələn faciələrin kökündə bu dururdu.

Bizdə də zabitlər var idi. Amma o zaman bir az vahid komandanlıq, güclü silah yox idi. İndiki silahın 15-20 faizi o vaxt olaydı, inanın Allaha, Ermənistanda bir nəfər qalmazdı.


- Üzeyir müəllim, SSRİ dağılıb, Azərbaycan yenicə müstəqil olub. Ordu yox, vahid komandanlıq yox. Siz bu şəraitdə döyüşdünüz.


- Bizim hərbi hissədə özbaşınalıq az idi. Qonşu, bizdən sağ tərəfdə olan hərbi hissədə mən bir şeyin şahidi olmuşdum. Biz indi bu haqda az danışırıq, amma Azərbaycan Silahlı Qüvvələrində cəbhəyə tamam başqa məqsədlər üçün gedənlər var idi. Mən açığını deyirəm, hazırda yüksək rütbəli zabitlər, generallar var ki, o zaman cəbhəyə başqa məqsədlər üçün gedirdilər. Vaxtilə onlar müharibədə Azərbaycana layiq olmayan şəkildə özlərini aparıblar. Təkcə Müdafiə Nazirliyi sistemində deyil, Daxili Qoşunlar, digər qoşun birləşmələri sistemində də xidmət edən bu cür şəxslər olub. Hətta bəziləri var ki müharibədə qorxaqlıq göstərib, aradan çıxdılar. Atəşkəsdən sonra isə Azərbaycanda peyda oldular, millətə qeyrətdən-namusdan danışmağa başladılar. Adlarını da çəkə bilərəm, amma o insanlar sadəcə olaraq, özlərində güc tapmalı, etiraf etməlidilər ki, bəli, o vaxt bəzi səbəblərə görə qorxaqlıq edib aradan çıxdılar. Onların bəziləri Moskvaya, bəziləri Ukraynaya, bəziləri isə hətta xaricə getdilər. Amma atəşkəs elan ediləndən sonra hamı üzə çıxdı, qəhrəman oldu. İki onillikdən bir az çox vaxt keçib, özlərinə fəxri adlar, ordenlər axtarırlar. Həyatda ən zəhləm getdiyim məsələ orden, medal söhbətidir. Dəfələrlə olub, mənə deyiblər ki, briqada komandirinin müavini postu öz əlinizdə idi, komandir və digər şəxslər mənim üçün yaza bilərdi. Həyatım boyu belə məsələlərdən qaçmışam. Aldığım medallar yubiley medallarıdır. SSRİ vaxtında təhsil aldığım, xidmətimə görə verilən medallardır. Heç vaxt onları taxmağı xoşlamamışam. Nə zaman Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olunar, ordenləri, medalları sinəmə taxaram.  

O vaxt çox mürəkkəb bir dövr idi. Nə SSRİ-nin tam dağılmışdı, nə də Azərbaycan normal, müstəqil dövlət kimi formalaşmışdı. İndi isə hamısı “savadlıdır”, “yol göstərir”. Müharibəyə oyuncaq kimi baxanlar var. Mən həmişə demişəm, indi də deyirəm. Dövlət rəhbərliyində olan şəxslər həmişə maraqlıdırlar ki, ortada uğur olsun və o uğurla tarixə düşsünlər. 

- 2016-cı ildə aprel döyüşləri oldu. Müəyyən strateji yüksəkliklər alındı. Bu gün bəziləri bunu uğur kimi qəbul etmir. Hərbi baxımdan isə o yüksəkliklərin böyük strateji əhəmiyyəti var. Bəs niyə bu, bəziləri tərəfindən uğur kimi qəbul edilmir?


- Mən sizə bir söz deyim. 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələri müharibə aparmayıb. Biz sadəcə olaraq, düşmənin təxribatının qarşısını alarkən cüzi qüvvə ilə - bunu rəsmilər həmişə deməlidir - əks-hücum etmişik. Bəziləri düşünür ki, Azərbaycan Silahlı Qüvvələri döyüşüb. Amma biz müharibədə iştirak etməmişik. Əgər döyüş raketləri, tanklar, toplar hamısı iştirak etsəydi, ortaya tamam fərqli mənzərə çıxardı. Ermənistan hərbi polisi qoymuşdu ki, əsgərlər qaçmasınlar. Ermənistan ordusu panik əhval-ruhiyyədə idi. Sadəcə olaraq, o vaxt düşmənin təxribatının qarşısı alındı. Azərbaycana rəsmi Moskvanın ermənilərə görə dil tökməsi maneçilik göstərdi. Amma indi biz özümüz də peşmanıq. Görürsən, bəzən Rusiya Azərbaycana qarşı qeyri-səmimilik göstərir. XİN rəhbəri Sergey Lavrov, onun mətbuat katibi Mariya Zaxarova və digərləri. Haqlı olduğumuz halda Azərbaycana elə dil uzadırlar ki, elə bil, biz onların torpaqlarını işğal etmişik.

Mən bu işdə optimistəm. Bəzən yazıram ki, zaman bizim xeyrimizə işləmir. Mətbuatdan da, sosial mediadan da məsələni bir balaca yerindən tərpətmək üçün bəzi variantlardan istifadə edirik ki, yerindən tərpənsin. Onsuz da tərpənəcək. Bunun başqa variantı yoxdur. Kim düşünürsə ki, Qarabağla bağlı məsələ uzun müddətliyə yenə dondurulacaq, səhv edir. Beynəlxalq qurumlar da bunu başa düşürlər, Azərbaycanda da bunu istəyirlər ki, məsələ həll olunsun. Ermənistan hələlik istəyir ki, vaxt udsun. Amma Ermənistanın uzun müddətə hiyləgərliyi davam edə bilməz.


- Üzeyir müəllim, 2001-ci ildə jurnalist qismində Yerevanda olmusunuz. Bu, xüsusi tapşırıq idi?

- 2001-ci ildə rəsmilər tərəfindən dəvət olundum. Zaqafqaziya Hərbi Dairəsində xidmətimi bildikləri üçün məni dəvət etdilər. Mən özəl telekanallardan birinin əməkdaşı qismində Ermənistana getdim. Şuşada, Laçında oldum. İlk dəfə Laçından görüntülər çəkib gətirdim. O vaxtkı müdafiə naziri Səfər Əbiyevə təqdim etdim. Çox vacib məlumatlar idi. Detalları demək istəmirəm. Üstündən 17-18 il keçib. Elə məsələlər var, danışmaq olar.

Səfər yoldaşlarım hər biri bu gün sağdır. Eləsi var, mətbuatda, eləsi var rəsmi, qeyri-rəsmi işdədir. Bilirlər ki, mənim oradan gətirdiyim görüntülərdə çox hərbi strateji xarakterli məlumatlar var idi.

- Erməni tərəfi bilmirdi ki, siz Müdafiə Nazirliyində çalışırsınız? 

- Yox bilmirdilər. Onlar bilsəydilər ki, mən zabit qismində ora getmişəm... Allah bilir ki, axırım necə olacaqdı...

- Hansı təşkilat dəvət etmişdi? 

- ATƏT. Anjej Kaspşikin rəhbərliyi altında getdik. Nazirlik icazə verdi, mən saqqal saxlayırdım. Sonra elə oldu ki, Heydər Əliyevlə Ter-Petrosyanın görüşü ərəfəsində dedilər ki, səfər ləğv olundu. Saqqalımı qırxdım, formamı geyindim, sabahısı zəng etdilər ki, gedirsiniz. Təsəvvür edin, mən Ermənistana saçqırxılı, üz tərtəmiz, zabit kimi getdim. Orada hətta məclislərin birində jurnalist dostlardan biri erməni arağından içəndən sonra erməniyə qayıtdı dedi ki, bizim burda hərbçi var, ondan soruşa bilərik bəzi məqamları. Ani olaraq, rəng alıb, rəng verdim. Mən dedim ki, əvvəllər hərbidə olmuşam - sözü fırlatdım. Deyə bilməzdim ki, Müdafiə Nazirliyində işləyirəm.

Mən Ermənistana gedənə qədər sənəd düzəltmədilər. O sənəd indi də durur. Onu paylaşmışam.Ermənistan XİN-in mənə verdiyi vəsiqənin kopyası. 

Mən polkovnik-leytenant rübəsində gedirəm düşmən ölkəyə, kamera çiynimdə ölkə üçün məlumatlar toplayıram. Onlar isə çox rahat buna yanaşdırlar. Yenə deyirəm, məni Allah saxladı.

Məni ən çox bir məqamda dəhşət götürdü. 1981-1985-ci illərdə Ukraynada təhsil aldığım tələbə yoldaşım məni Ermənistan Müdafiə Nazirliyində gördü. Amma yatıb, yuxusuna girməzdi ki, mən ora gedə bilərəm. O siyahını bilmirdi. Biz sonuncu gün İcevandan Ermənistan Müdafiə Nazirliyinə gəldik. Həmin vaxt Serj Sarkisyan müdafiə naziri idi. Həmin gün o, Düşənbədə idi. Bizə dedilər ki, görüş olmayacaq, çünki Sarkisyan Düşənbədədir. Sonra dedilər ki, təcili qayıdırsınız İrəvana, Sarkisyan Düşənbədən qayıdıb və Azərbaycan jurnalistləri ilə görüşmək istəyir. Həmin görüşdə hazırda İctimai Televiziyanın baş direktor müavini Murad Hüseynov da var idi. O vaxt “Lider” televiziyasında işləyirdi, Serj Sarkisyana çox çətin suallar verdi.

Sarkisyan əsəbləşdi, rus dilində Murada dedi ki, qulaq as, cavan oğlan, sən bura gəlmisən mənə ağıl öyrətməyə? Çox böyük gərginlik var idi. Hətta qorxduq ki, Bakıya qayıdarkən bizim təyyarəni vura bilərlər. Sözümün canı ondadır ki, mənim Ermənistana səfərim digər jurnalistlərdən fərqli missiya idi. Sırf mənim yolları, hərbçiləri çəkməyim məqsəd idi.

O kadrlar indi də durur. Avtobusda qarşımızda, arxamızda erməni müşayiətçilər idi. Bizə dedilər ki, heç nə çəkmirsiniz, video, foto olmaz. Onlar guya deyirdilər ki, Laçında məskunlaşma var. Guya artıq ermənilər köçüblər, “öz yurdları”ndadırlar. Biz qayıdanda, Qarabağ separatçılarının o zamankı lideri Arkadi Qukasyan orada idi, ondan icazə aldıq, Laçında çəkiliş apardıq. Həmin kadrlar bizim jurnalistlər tərəfindən indi də saxlanılır, istifadə olunur. Məqsəd o idi ki, reallığı sadəcə Azərbaycan jurnalistlərindən gizlətsinlər. Azərbaycan jurnalistləri görməsinlər ki, Laçında heç bir yaşayış yoxdur.

- Dediniz ki, materialları Səfər Əbiyevə təqdim etdiniz. Bunun bir praktiki xeyri oldumu?

- Ən azından hər bir ölkənin xüsusi xəritəsi olur. İstənilən müharibə aparan ölkənin baş xəritəsi var. O xəritədə hər gün dəqiqləşmələr aparılır. Olur ki, hərbi hissənin yerini dəyişirlər. Hətta tankına, topuna kimi yerdəyişmə, məlumat komandirin döyüşdə uğur qazanması üçün vacibdir. Düşmən haqqında geniş bilgiyə sahib olmaq şərtdir. Mən səfərimlə bağlı Səfər Əbiyevə məruzə etdim. O, isə məni Baş Kəşfiyyat İdarəsinin rəisi Talib Məmmədovla calaşdırdı. Biz onunla oturub, xeyli vacib məqamları müzakirə etdik. Çünki onlar vacib idi. Komandir qərar qəbul etməzdən əvvəl düşmən haqqında ən xırda detalına qədər – yeməyi, içməyi, yolları, texnikası ruh yüksəkliyi və s. bilməlidir.


- Yerevanda və Qarabağda olanda ermənilər sizi ələ almaq üçün hansısa priyoma əl atdılar?

- Çox çalışdılar ki, bizi spirtli içkilərlə içirdib, danışdırsınlar. Amma biz buradan gedəndə təlimat almışdıq, bilirdik hara, nəyə gedirdik. Biz düşmən qarşısında özümüzü o səviyyəyə qoymazdıq ki, düşmən bizdən istifadə etsin.

Ermənilər hər şeyə getdilər. Hətta xüsusi seçilmiş qadınları qarşımıza gətirdilər.

Onlar vaxtı ilə Bakıda yaşamış erməni qızları idi. Bizi yerlilər kimi tanış etdilər. Özü də elə-belə qızlar deyildi, biri hansısa kafedə işləyir, o biri başqa yerdə və s. Doğrudan da çox cəhd etdilər. Amma biz bilirdik ki, harda olur-olsun, erməni erməniliyini saxlayır.

- Sualımız Horadiz əməliyyatı barədədir. Bu uğurlu əməliyyatın baş tutmasında gah Milli Ordunun rolu qabardılır, gah Daxili Qoşunların, gah da xüsusi təyinatlıların. Yəni kimlərsə, bu uğuru da bütün Azərbaycan adına deyil, hansısa qrupun adına çıxarmaq istəyirlər. Bu haqda nə deyəcəksiniz?

- Mən bu əməliyyatlarda iştirak etməmişəm. Horadizdə uğur qazanan Azərbaycan əsgəridir. Sadəcə mən anlaya bilmirəm ki, bu məsələni qabardan adamların məqsədi nədir. Hər bir qoşun növünün konkret vəzifəsi olur. Hərbdən başı çıxan adam necə deyə bilər ki, bu, yalnız bir qrupun işidir?

Ordu torpağı geri alırdı, gedirdi qabağa. Orada müəyyən postlarda sağdan-soldan müdafiə olunmaq lazım idi. Bunu Müdafiə Nazirliyi etməməliydi ki?! Bu yaxınlarda Qərb istiqamətində müəyyən ərazilər Dövlət Sərhəd Xidmətinə verildi. Normaldır. Orada – bilavasitə Azərbaycan-Erm'nistan sərhədində sərhəd qoşunları qalmalıdır. Biz əvvəldən də bunu istəyirdik. Müdafiə Nazirliyi orada müvəqqətidir. Məsələ həll ediləndən sonra çəkiləcək öz dislokasiya yerlərinə. Bütün dünyada belədir. Sərhədə cavabdeh Dövlət Sərhəd Xidmətidir. Heç nə dəyişmir, tank, top, təyyarə Müdafiə Nazirliyinindir. Gəlsinlər, Daxili Qoşunlar, digər qoşun növləri desinlər ki, tank təyyarə bizdə idi və s. Digər qoşunlar onlara ayrılmışdı, sadəcə növbətçi kimi. Əsas güc isə Müdafiə Nazirliyinin əlində idi. Bunu hamı da çox yaxşı bilir. Bunu kiçiltmək lazım deyil. Mən həmişə demişəm, burada Məmmədov, Əliyev, Cəfərov, Ramaldanov və digərləri fərd olaraq iştirak etməyiblər. Atalar sözlərini bilməyən insanlardır: Tək əldən heç vaxt səs çıxmır. Tək müdafiə naziri heç nə edə bilməzdi. Orada hamının əziyyəti, zəhməti var. Bütövlükdə Horadiz əməliyyatı bir nəfərin işi deyil. Bu, müharibədir, müharibəni isə ordu, xalq aparır. Ona görə, belə söhbətlərə əsəbləşirəm, sərt reaksiya verirəm. Mən heç vaxt deməmişəm ki, bu əməliyytlarda digər qoşunların əməyi olmayıb. Bu, sadəcə haqsızlıq olar.

Biz hər il yanvarın 5-i, saat 3-də yığışırıq. Küsmək, incimək nəyə lazımdır? Biz kimdən küsürük? Əksinə, bir araya gəlmək lazımdır ki, həm dostlarımıza, həm düşmənlərimizə nümayiş etdirək ki, o vaxtlar da, indi də birik. Onsuz da biz bu məsələni fərd şəklində, tək Müdafiə Nazirliyi təşəbbüsü ilə deyil, bütövlükdə Azərbaycan dövləti olaraq həll etməliyik.


- Daşaltı əməliyyatının daha bir ildönümü tamam oldu. Bu əməliyyatın uğursuzluğunun səbəbi nə idi? Xəyanətmi, səriştəsizlikmi? 

- Əslində o zamankı müdafiə naziri Tacəddin Mehdiyev əməliyyata getməməli idi.  Düşünmürəm ki, o, orada bilərəkdən uğursuzluğa getdi. Mən onu yaxından tanıyan bir adam kimi  bunu deyirəm. O, general rütbəsini burda alıb, polkovnik rütbəsinə qədər SSRİ dönəmində Səfər Əbiyev və digərləri ilə birgə yüksəlmişdi. Amma generalı və nazir vəzifələrini onlar Azərbaycan müstəqillik əldə edəndən sonra aldılar. Tacəddin Mehdiyev bilsə idi ki, orada belə xəyanət olar, bu əməliyyata getməzdi.

Əslində bu tarixçilərin, tarixi öyrənənlərin işidir, gec-tez ortaya çıxaracaqlar ki, orada böyük xəyanət olub. Daşaltının uğursuzluğu nəticəsində orada elə oğullarımız həlak oldu ki. Mən həmişə demişəm, hər bir komandir, siyasi, hərbi rəhbər ortaya qoyduğu işi incələməli, müsbət və mənfi cəhətlərini bilməlidir ki, bu dəfə bunda uğur qazandım, gələn dəfə bu səhvi etməməliyəm.

Daşaltı əməliyyatı ilə bağlı məsələlər hələ tam çözülməyib, incələnməyib. 

- Bu xəyanəti kimlər etdi? Cavabını bilirsiniz, ancaq demirsiniz? 

- Mən onu bilirəm ki, qanı qarışıq olanlar qanı təmiz olanları pis vəziyyətdə qoydu. Çünki ermənilərlə münasibətləri, qohumluq əlaqələri olanlar əməliyyat ərəfəsi onları məlumatlandırdılar. Oğullarımızın çoxu orada xəyanətin qurbanı oldular. Əslində orada “Rembo” cəsarətində oğullar olub. Sadəcə xəyanət, pusquya düşmək, ehtiyatsızlıq bu faciəyə gətirib çıxardı. 

- İlk işlətdiyiniz cümlə bu oldu. “Tacəddin Mehdiyev əməliyyata getməməli idi”. Niyə? 

- O vaxtı buraxılan səhvlərin bəzilərini sonralar da görürdüm. Müdafiə naziri əgər döyüşə girirsə, bu, onun faktiki olaraq, ordunu və dövləti zərbə qarşısında qoyması deməkdir.

Tacəddin Mehdiyevin Daşaltıda nə işi var idi? Ümumi rəhbərliyi Bakıdan da idarə edə bilərdi. Tacəddin Mehdiyevin səhvini Rəhim Qazıyev, digər nazirlərin bəziləri də təkrarladılar. 

Daşaltı nazir səviyyəsində əməliyyat yox, uzağı bir batalyon, polk səviyyəsində planlaşdırılmalı idi. Bir az da eyforiya var idi, hazırlıq yaxşı idi. Doğrudan da hazırlıq var idi, silah, geyim sarıdan. Amma nə olsun ki? Xəyanət olandan sonra heç nə edilmir. Oturan yerdə düşmən səni zəhərləyə bilər. 

Biz Daşaltıda da, digər əməliyyatlarda da böyük səhvlərə yol verdik. Onlar bizə baha başa gəldi. 

ATƏT-in Minsk qurpu ilə bağlı çox da optimist olmamalıyıq. Çünki onlar üçün bu çox gözəl bir iş yeridir. Ötən ay Bakıda böyük bir rəsmi tədbirdə politoloq Elxan Şahinoğlu və digərləri ilə birlikdə həmsədrlərin birinə sual verdim. O diplomat hazırda da Bakıda çalışır, ATƏT-Minsk qrupunun həmsədr ölkələrindən birinin nümayəndəsidir. Dedim ki, açıq etiraf edin, siz bivecsiniz? Deyir niyə ki, nə yaxşı ki, Qarabağ problemi var, biz burda iş görürük. Dedim ay sağol, demək etiraf edirsən ki, Qarabağ sizin çoxunuzu kişi edib, milyoner edib, çörəyə çatdırıb. Ona görə, istəmirsiniz Qarabağ məsələsi həll olunsun.

Onlar istəyirlər ki, münaqişə uzansın. Çünki məvacib alırlar. Həmsədrlər dünyanın ən bahalı kurort şəhərlərində görüşürlər, kamera qarşısından “hi-hi, ha-ha” deyə poz verirlər, amma ortada heç nə yoxdur. Beynəlxalq hüquq işləsəydi, onların şalvarlarını boyunlarına keçirərdilər ki, 20 ildir, milyonlarla vəsait dağıtmısınız, ortada heç bir nəticə yoxdur.

- Leyla Yunus Müdafiə Nazirliyində işlədiyi vaxtlar bəzilərinin dediyi kimi, həqiqətənmi düşmənə məlumat ötürüb?

- Mənim xidmətim onunla ayrı-ayrı vaxtlara düşüb. Elə olub ki, Müdafiə Nazirliyinin Mərkəzi Aparatından uzaqlaşdırılmışam, ondan sonra Leyla gəlib. Rəhim Qazıyevlə eyni komandada olub. Hər nazir özünə layiq bildiyi şəxsi vəzifəyə gətirir, mətbuatla əlaqəli, ya da digər vəzifələrə təyin edir. O vaxt da Leyla Yunusu gətirdilər. Leyla heç özü də gizlətmir ki, onun ailə üzvlərindən biri bizə düşmən münasibətdə olan bədnam qonşularımızdandır. O millətə aid şəxslərdəndir. O, bunu heç vaxt gizlətmir. O zamanlar qarışıq zaman idi. Azərbaycanlıların ermənilərlə, ermənilərin azərbaycanlılarla qarışığı, ailə qurması olurdu. Bu haqda çox danışılmışdı. Mən isə başqa məqama diqqət etdim. Onun Müdafiə Nazirliyində xidmətinə mən pis yanaşmışam. Axı hərbini hərbçi bilər, peşəkar bilər. Azərbaycanın ən böyük bəlalarından, bu gün bəzi məsələlərin yerində sayılmasının səbəblərindən biri peşəkarların yerində olmamasıdır. Ölkə başçısı tərəfindən etimad göstərilmiş şəxslər düşünülməmiş addımlar atırlar. Dövlət və dövlətçilik bir kənara qalır. Düşünür ki, qohumu, əqrəbanı, dostu, tanışı gətirmək olar.

Leyla Yunusun o vaxt işlədiyi insanlardan biri mənə yaxın yoldaşlardan olub. O insanla həmişə əlaqə saxlamışam. Bu gün də… Leyla özünə bir komanda götürmüşdü. Hesab edirəm ki, onun komandası o qədər də uğurlu deyildi. Onlar çalışırdılar, görüntü var idi, ortada məzmun yox idi.

- Məzmunun olmaması səriştəsizlik idi, yoxsa bilərəkdən, düşünülmüş strategiya idi?

- Elə qarışıq vaxt idi ki… Mənim Leyla Yunusa heç vaxt müsbət münasibətim olmayıb. Bir az özündən razı, yuxarıdan aşağı baxması, azərbaycanlılara, bizim özümüzə də təkəbbürlü yanaşması və s. Mən bu keyfiyyətlərinə görə onu heç vaxt xoşlamamışam. İndi xaricdədir, öz xətti ilə gedir. İnsanın daxilində nə varsa, istər indi olsun, istər 10 il sonra, özünü büruzə verir. Onun göstərdiyi fəaliyyət bizi qane etmirsə, Azərbaycana qarşıdırsa, fəaliyyəti dönəmində də müəyyən şeyləri təxmin etmək olar. Bəzən də əmin ola bilərsən. Kim zəmanət verə bilər ki, o bəzi məlumatları bölüşmürdü, danışmırdı, ailə üzvləri ilə paylaşmırdı?! İndi bu məsələ daha asandır. Çünki onlayn rejimdə, internet əsrində belə şeylər tez aşkarlanır. Məlum hadisələr vaxtı, hüquq-mühafizə orqanlarımız müəyyən etdilər ki, bəziləri xəyanət yolunu tutublar. Bəziləri məhkəmə qaydasında, bəziləri belə cəzalandırıldı.


- Müdafiə Nazirliyindən sonra hərbi sahədən niyə getdiniz? 

- 2004-cü ildə indiki müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev mənim rəisim idi. Davamlı şəkildə təkid etdim ki, ordu sıralarından uzaqlaşım. Bayaq qeyd etdiyim bir neçə məsələ var idi. Ona görə uzaqlaşdım. Amma fəaliyyətimi həmişə davam etdirmişəm, dövlətçilik xəttini tutmuşam. Ailə üzvlərimin də əksəriyyəti dövlət işlərində çalışırlar. Oğlum da, kürəkənlərim də, qızlarım da həmişə Azərbaycan dövlətinə xidmət ediblər. Baxmayaraq ki, mənim özümə fəqli münasibət olub, haqsızlıqlar görmüşəm... Baxın, QHT sektorunda hərbidə çalışanların heç biri yoxdur. Yaşar Cəfərli, Cəsur Sümərənli, Ələkbər Məmmədov xarici ölkələrdə yaşayırlar, vətəndaşlıq da alıblar. Mənim də xaricə getməyə imkanım olub, amma həmişə Azərbaycana bağlı olmuşam. Heç buradan getmək fikrim də yoxdur.  

- Üzeyir müəllim, Zakir Həsənov nazir postuna gələndən sonra istər ordu haqqında neqativ düşüncələr, istərsə də ordunun daxilindəki müəyyən problemlər aradan qaldırıldı. Bəs Səfər Əbiyevin özünün yanlışları nə idi?

- Əslində müharibə aparan ölkənin naziri kabinet nədir, bilməməlidir. Zakir Həsənov onu sübut edib. Helikopterdən istifadə edib, istənilən an istənilən nöqtəyə gedə, otağından tağım komandiri səviyyəsində hər şeyi izləyə bilər. Ən müasir texnologiyalar alınıb, onlayn rejimdə ən ucqar nöqtədəki tağım komandirinin nə işlə məşğul olduğunu bilir. O istənilən an düyməni basıb, deyə bilər ki, məsələn, Murovdağda filan postdakı Məmmədov, vəziyyət necədir? Əsgərin məsuliyyəti də artıb ki, nazir istənilən an çıxa bilər. Açığını deyim ki, Zakir Həsənov Səfər Əbiyevdən daha çox həm mətbuatla, həm ictimaiyyətlə işləməyi bacarır, həm də müasir texnologiyalardan istifadə edir. Onun ən böyük üstünlüyü odur ki, mətbuata qapalı deyil. Mən həmişə demişəm ki, mətbuatla dost olan adam həmişə uduşda olur. Çünki kifayət qədər işlər görülür. Amerika kimi nəhəng, 200 illik dövlətin prezidenti öz səhvlərini etiraf edir. Bunun nəyi pisdir ki? İş olan yerdə səhv də olur. İnsan robort deyil. Səfər Əbiyev isə daha çox Bakıya qapılmışdı. Zakir Həsənov əksinədir. Ola bilər, Səfər Əbiyevin səhvlərinə baxıb, öz işlərini rahat qurub. Amma onu bilirəm ki, Zakir Həsənovun vaxtında komandirlərə rahatlıq yoxdur. İstənilən an nazirin helikopteri baş qərargah rəisi ilə birlikdə gün ərzində bütün cəbhə bölgəsində peyda ola bilər və olur da.

Mətbuatla işləri yaxşı qurublar. Azərbaycan əsgəri gündəlik su ilə, hazır yeməklə təmin olunur. Əvvəllər belə idi ki, əsgərin yeməyi postlara saatlarla aparılırdı. İndi isə orda da əsgərin yeməyi hazır vəziyyətdə saatı ilə verilir. Əsgərin təminatı, geyimi, yeməyi yüksək səviyyədidirsə, problemləri gözləməyə dəyməz.

- Səfər Əbiyevi yaxından tanımısınız. Bəs o niyə Zakir Həsənov kimi deyildi?  


- Mən Səfər Əbiyevlə Azərbaycana gələnə qədər bir yerdə Tiflisdə xidmət etmişik. O kadrlaşdırılmış hərbi hissənin komandiri idi. Müharibə elan olunanda bütün hərbi hissəyə şəxsi heyət yığılırdı. Səfər Əbiyev çox qaraqabaq, yeniliklərə ləng reaksiya verən adam idi. O da allahsızlıq olar ki, onun vaxtında iş görülmədiyini deyək. Heydər Əliyevin uzun illər etibar etdiyi adam olub. Savadlı kadr idi. Sovetlərin həm hərbi məktəbini, həm də akademiyasını bitirmişdi. Hər azərbaycanlını gətirib hərbi hissə komandiri qoymazdılar. Onu Müdafiə Nazirliyinə dəvət edəndə də, biliyinə, bacarığına görə dəvət etdilər. Çünki o zamanlar kadrlarımız yox idi.

Səfər Əbiyevin dönəmi başqa dönəm idi. Zakir Həsənovun vaxtı isə daha fərqlidir. Kobud müqayisə etsək, Səfər Əbiyev XX əsrin adamı idi, Zakir Həsənov isə XXI əsrin adamıdır. Fərqi görmək üçün haqqı demək lazımdır.

Bu gün Azərbaycan komandirləri ən keyfiyyətli, müasir, mobil sürətli vasitələrlə təmin olunublar. Bizim ən böyük arzumuz idi ki, sovetin “UAZ”ından komandirlər xilas olsun. Ermənilər bəlkə milyonlar xərcləsələr də, bizim komandirlərin əllərində olan rabitə vasitələrindən əldə edə bilməzlər. Hətta o rabitəyə müdaxilə edə bilməzlər. O vaxt elektron cihazlar vasitəsilə komandirlərin rabitə avadanlıqlarına müdaxilə edirdilər, dalğanı vururdular, əlaqə yaratmaq mümkün deyildi. Bu gün isə ən müasir texnologiyalar var. Bütün avadanlıqların hamısı yenilənib.

- Ermənistanın ən çox qorxduğu region Naxçıvan bölgəsidir. Ötən ilin mayında Prezident İlham Əliyev Naxçıvanda olarkən dedi ki, burada yerləşdirilmiş uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Naxçıvan niyə ermənilərin qorxulu röyasına çevrildi?

- Ümumiyyətlə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu bu gün bütün göstəricilərinə görə, irəlidədir. Naxçıvandakı qoşun birləşməsi general-leytenant Kərəm Mustafayevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin mobil görünüşüdür. Burada nə varımızdırsa, Naxçıvanda ondan da artığı var.
Hərdən ermənilər bizə hədə-qorxu gələndə onların ağılsızlıqlarına gülməyim tutur. Deməli, Naxçıvandan İrəvana  “Qasırğa”dan atəş açsaq, onlar bilməyəcəklər ki, raketləri hansı yerdə vuruldu. Amma başlarına  od-alov tökülə bilər.

Nəyə görə 11 min hektar ərazi geri alındı? Ona görə ki, ermənilər o qədər özlərinə arxayın oldular ki, o qədər başıpozuqluq var idi ki, orada döyüş əməliyyatı keçirilmədi. Biz orada Adil Tatarovu itirdik. Bu isə səngər tam hazır olmadığına görə, ermənilərin açdığı atəş nəticəsində oldu.

Naxçıvanda elə bir ordu kontingenti formalaşdırılıb ki, o kontingent ən yüksək səviyyədə hazırlıqlıdır.

- Gəlin bir mübahisəyə aydınlıq gətirək. 11 min hektar ərazi neytral ərazi idi, yoxsa düşmənin nəzarətində idi?

- Düşmənin nəzarətində olan ərazilər idi. O vaxt, başıpozuqluq vaxtında – ordu tam formalaşmamışdı, hərbçilər geri çəkilmişdilər. Ermənilərin ilk vaxtlar gücləri var idi. Sonradan dərk etdilər ki, nə qədər saxlaya bilirlər saxlasınlar. Bir müddət beləcə nəzarət etdilər. Sonra isə bizimkilər o strateji yola nəzarət etməkdən ötrü, çox ağıllı iş gördülər. Həm mühəndis- istehkam, həm də digər məsələlər baxımından onu həll etdilər, nəzarətə aldılar. Ermənilər hazırda ora yaxın düşə bilməzlər.

Həm aprel döyüşləri, həm də Günnüt əməliyyatı Ermənistan ordusunun altını üstünə, üstünü altına çevirdi.  


- Ermənilərin bizi ən çox hədələdiyi strateji məntəqəmiz Mingəçevirdir. Amma Azərbaycanın hava hücumundan müdafiə sistemi güclüdür. Ermənilərin Mingəçevirə hər hansı müdaxiləsi realdırmı?

- Nağıldır. Azərbaycan keçmiş SSRİ vaxtı hava hücumundan müdafiəyə görə ən etibarlı hərbi dairə olub. General-polkovnik Tofiq Ağahüseynov sağdır. Bakı Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı olub. O uzun müddət Heydər Əliyevin də, sonradan İlham Əliyevin də müşaviri oldu. Respublika Silahlı Qüvvələr Veteranları Təşkilatının sədridir. SSRİ vaxtı Azərbaycan hava hücumundan müdafiə olunurdu. Çünki 5 hərbi dairə Azərbaycana baxırdı. Zaqafqaziya, Şimali Qafqaz, Türküstan, Orta Asiya və Xəzər donanması. İndiki Müdafiə Nazirliyinin oturduğu bina Cənub qoşunlarının inzibati binası idi. Hava Hücumundan Müdafiə Qüvvələri həmişə Azərbaycanda güclü olub. O zaman da biz Mingəçeviri etibarlı müdafiə edirdik. İndi İsraildən, Türkiyədən, Rusiyadan alınmış o qədər avadanlıq var ki, heç düşmənin raketləri Mingəçevirə 10 kilometrlərlə məsafəyə çata bilməz. Biz o qədər ağılsız deyilik ki, həmin hissəni boş buraxaq. O elə hazırlanıb ki, neçə bal gücündə zəlzələyə davamlıdır. Mingəçevirlə bağlı bir şey olsa, doqquzmərtəbəli binanın hündürlüyündə sel Bakıya kimi gələr. Ora ən yüksək səviyyədə qorunur.

- ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, Avropa dövlətləri Ermənistana siyasi dəstək verirlər. Amma hərbi məsələdə nədənsə Azərbaycan etibarlı tərəfdaşa çevrilib. Hətta Rusiyanın belə etibarlı tərəfdaşıdır.

- Bu sağ qulağı sol əllə qaşımaqdır. Onlar xaricdə əməliyyatları yerinə yetirmək üçün Ermənistandan uçub gedəcəklər? Azərbaycanı Allah elə bir yerdə yaradıb ki, bütün marşrutlar buradan keçir. Hava məkanına görə məcburdular ki, Azərbaycana ağız açsınlar. Azərbaycan da onlara hava məkanını verib. Allah onlara qeyrət versin ki, başa düşsünlər, Azərbaycan heç vaxt xəyanətkar olmayıb. Niyə buranı seçmişdilər? Cənub istiqamətlərin qoşunları gedib Gürcüstanda, Ermənistanda oturardı da. Azərbaycanda yerin altında da, üstündə sərvətdir. Qarabağ xaricdə çoxlarını "kişi" etdiyi kimi, biz onun davamını görürük. Onlar istəmirlər bu məsələ həll olunsun. Həll olunsa, onların ayaqları buradan kəsiləcək. Ona görə bu məsələni uzadırlar. Sərf edir.

- Sosial şəbəkələrdə izləyirsiniz. Hərbi əməliyyatlarla bağlı, hərbidən başı çıxmayan o yana, heç hərbiyə getməyən şəxslər rezonans doğuran fikirlər ortaya atırlar. Kütlə də onların arxasınca gedir. Bunun qarşısını necə almaq lazımdır?

- Ümumiyyətlə, Azərbaycanın ciddi əməliyyatlar apardığı ərəfədə sosial şəbəkələrlə bağlı addımlar atılmalıdır. Çünki adicə təlimlər keçiriləndə, tankları bir yerdən başqa yerə aparanda o qədər düşüncəsiz hərəkət edirlər ki! Az qalırlar hərbi hissənin dislokasiya yerini nömrəsi ilə göstərsinlər... Belə hallara yol vermək olmaz. Tank bütövlükdə dövlətin, xalqın təhlükəsizliyinə cavabdeh döyüş texnikasıdır. Onu göstərməklə nəyə nail oluruq, kimə özümüzü göstəririk? Bir az səbirli olmaq lazımdır. Humanistlik çoxdur. 3-4 nəfər belə şəxs cəzalansa, onlara maliyyə sanksiyası tətbiq edilsə, ağıllanacaqlar. Sosial şəbəkədən sui-istifadə etmək olmaz. Bu, çox ciddi ideoloji silahdır. Adicə ehtiyatsızlıq nə qədər problem yaradar. Məsələn, yaza bilərlər ki, qoşunlar Beyləqandan geri çəkilir. Bu, görün nə qədər panikadır. Yüz minlərlə vətəndaş, hərbçilər orada yaşayır. Valideynlərin, insanların ora getməsi, oradakıların gəlməsi, xaos yaradacaq. Bu, döyüş ruhunu qırmaq üçün ən yaxşı vasitədir.

- Azərbaycan bəyan etmişdi ki, Xocalı aeroportunda uçuşlar aparılsa, düşmən təyyarəni vuracaq. Sizə elə gəlmirmi ki, ermənilər Azərbaycanın güclü raket sistemindən qorxduqları üçün uçuş həyata keçirə bilmirlər?

- Serj Sarkisyan deyirdi ki, o aeroporta enəcək ilk sərnişin də özü olacaq. Reallaşdırdı?

- Hərbi helikopterlə gəlmişdi...

- O demişdi ki, mülki təyyarə ilə ilk gələn sərnişin olacaq. Bütün sualların cavabı budur ki, Ermənistanın hünəri var, bu gün Dağlıq Qarabağı müstəqil dövlət kimi tanısın. Əgər 20 ildən çoxdur, özlərində o cəsarəti tapmayıblarsa, bundan sonra heç tapa da bilməzlər. İkincisi, onlar bilirlər ki, Dağlıq Qarabağ məsələsi onsuz da həll olunacaq. Böyük güclər məcbur olub, bunu həll edəcəklər. Çünki nə olur-olsun Azərbaycan dirəniş göstərir. Əvvəlki kimi deyil. Prezident də, müdafiə naziri də - hər kəs bilir ki, biz bu məsələni həll etməliyik. Bu, həll olunmasa, onların ağzında şirinlik qalacaq. Hərdən bizə hədə-qorxu gəlirlər – “Yevlaxı kəsəcəyik, Gəncəni tutacağıq” – qələt edirlər. Əvvəlki zaman deyil, indi kifayət qədər güc də, imkanlar da var. İndi azərbaycanlılar da 90-cı illərin azərbaycanlıları deyil. Hərdən Azərbaycanın aldığı silahları nəzərdə tutub yazırlar ki, bu dəmir-dümürü ne ediirk? Kompüter arxasında bizimkilər şir-pələngdir. Amma reallığı bilsələr...

Hamıdan çox Prezident istəyir ki, bu münaqişə həll olunsun. Ən azından tarixə adını qızıl hərflərlə yazdıracaq. Sadəcə, siyasi məsələlər var. Dövləti də risk altında qoymaq olmaz. Hər şeyin vaxtını elə yetişdirmək lazımdır. Əlimizə çiban çıxanda istəyirik, onu tez kəsib ataq. Amma özü-özünə təmizlənir, vaxt keçdikcə. Qarabağ məsələsinin həllini də hamımız istəyirik və həllini tapacaq.

 


Aqşin KƏRİMOV
Aysel ASLAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Axtarışda olan azərbaycanlı Qazaxıstanda saxlanıldı 16 İyul 2019, 09:59 Tikilən məktəbdən oğurluq edən Astara sakini tutuldu 16 İyul 2019, 09:43 Ermənilər atəşkəsi ara-sıra pozdu 16 İyul 2019, 09:38 Bakıda yol qəzası - prospektdə tıxac yarandı   16 İyul 2019, 09:34 Nərimanovda hər məhəlləyə yeni zibil qutuları qoyuldu 16 İyul 2019, 09:31 Tofiq Qasımov: “AXC-nin proqramına radikal islam elementlərini salmaq istəyirdilər” 16 İyul 2019, 09:24 UNEC-də  nəticələr açıqlanacaq- Canlı yayımda 16 İyul 2019, 09:22 Sabirabadın Mərkəzi Bazarında güclü yanğın - YENİLƏNİB 16 İyul 2019, 09:12 Uğur qazanan yerli seriallar - Kinorejissor adlar çəkdi 16 İyul 2019, 09:02 Azərbaycan Xalça Muzeyi “Milliləşdirildi” 16 İyul 2019, 08:48 Manat və dolların bugünkü məzənnəsi 16 İyul 2019, 08:43 Xanım müdafiə naziri istefa verir 16 İyul 2019, 00:37 Xırdalanda un məmulatları dükanı yandı 16 İyul 2019, 00:19 Bu gün Çempionlar Liqasında cavab oyunları keçiriləcək 16 İyul 2019, 00:03 Bağdadda törədilən partlayışda 5 nəfər öldü 15 İyul 2019, 23:46 Azərbaycan nefti ucuzlaşdı 15 İyul 2019, 23:32 Saakaşvilidən  Azərbaycan və Gürcüstana müraciət 15 İyul 2019, 23:14 Avropa Birliyindən Türkiyəyə sanksiya 15 İyul 2019, 22:47 Azərbaycanda maqnit qasırğası 15 İyul 2019, 22:31 Türkiyədə 5 min 778 terrorçu məhv edilib 15 İyul 2019, 22:13 Hindistanda daşqınlarda 51 nəfər öldü 15 İyul 2019, 21:54 Gürcüstanda daha 4 etirazçı saxlanıldı 15 İyul 2019, 21:42 Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib 15 İyul 2019, 21:23 Şəki Xan Sarayında xəsarət alan turist öldü 15 İyul 2019, 21:09 "Megafon" Azərbaycan xalqından üzr istədi 15 İyul 2019, 20:54 “Qarabağ”ın oyununu bu hakimlər idarə edəcək 15 İyul 2019, 20:43 Bakıda ağır yol qəzası 15 İyul 2019, 20:29 Qorxulu xəstəlik 450 can aldı 15 İyul 2019, 20:13 Gürcüstanda azərbaycanlı ailənin evində yanğınsöndürən öldü 15 İyul 2019, 20:03 9 manata görə 8 il 3 ay həbs olundu 15 İyul 2019, 20:00 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə anlaşdı - FOTO 15 İyul 2019, 19:54 Rəsədxanada “Kosmos yay festivalı” təşkil edilib - FOTO   15 İyul 2019, 19:45 Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətdədir - Bakı Metropoliteni 15 İyul 2019, 19:36 78 yaşında universitetə sənəd verdi   15 İyul 2019, 19:27 Əbülfəs Qarayev Hafiz ur Rəhmanla görüşüb -FOTO 15 İyul 2019, 19:18