Modern.az

Bayraqlaşmış şəxsiyyətə MƏKTUB

Bayraqlaşmış şəxsiyyətə MƏKTUB

Mədəni̇yyət

30 Yanvar 2019, 17:26

Hörmətli Məhəmməd Əmin Bəy! Sizə uzaq doğma Novxanıdan 135 ədəd qızılgül gətirmişəm. Gülləri buradan da ala bilərdim, amma düşündüm ki, heç bir yerin gülü Sizə vətən torpağında yetişən güldən daha dəyərli ola bilməz. Önünüzdə sayqıyla dayandığım anda mənə elə gəldi ki, bu gülləri Sizə Nəsib bəy Yusifbəylinin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, siyasi varisiniz Əbülfəz Elçibəyin də adından təqdim edirəm. Bir anlığa  bu dəmətin Ərdəbildən Seyid Cəfər Pişəvərinin, Naxçıvandan Hüseyn Cavidin, Şəmkirdən Əhməd  Cavadın, Ağcabədidən Üzeyir Hacıbəylinin, Bakıdan Mikayıl Müşfiqin, Şəkidən Salman Mümtazın, Şamaxıdan Abbas Mirzə Şərifzadənin, Salyandan Əli bəy Hüseynzadənin  göndərdiyi güllərdən hörüldüyünü təsəvvür edəndə qəhərlənirəm.


Hörmətli Məhəməməd Əmin Bəy! Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin qurucusu olmaq şərəfini ilahi qüdrət məhz Sizin taleyinizə yazdı.  Əlahəzrət zaman Sizi həm də çox sınaqlara çəkib çox məhrumiyyətlərə düçar etsə də Sizi  heç bir vaxt nə əyə, nə də sindıra bildi. Siz getdiyiniz hər yerdə- İranda, Rusiyada, Finlandiyada, Polşada, Belçikada, Almanyada və digər ölkələrdə ancaq Azərbaycanı düşündünüz. “Sən bizimsən, bizimsən durduqca bədəndə can. Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”- sözləri dilinizdən heç düşmədi. Bir ömür boyu Azərbaycanın  müstəqilliyi və xoşbəxtliyi uğrunda nikbinliklik və  əzmlə sürdürdüyünüz siyasi mübarizədə  şüarınız “Bir kərə yüksələn bayraq bir daha enməz!” sözləri oldu. Dünyanızı dəyişəndə də “Azərbaycan, Azərbaycan” pıçıldadınız.

         
Hörmətli Məhəməməd Əmin Bəy! Xüsusi fəxrlə qeyd etmək istəyirəm ki, 1920-ci ilin aprel ayının 27-dən 28-ə keçən gecə Milli Parlamentin son iclasından sonra bolşeviklər tərəfindən endirilən  Dövlət Bayrağımız uzun müddət milli özünüdərk qabiliyyətinə malik olan mənəvi övladlarınızın ürəklərində qorundu, azadlıq aşiqlərinin röyalarını süslədi, təpərli övladlarınızı milli özgürlük mücadiləsinə yönləndirən məşəl oldu, qaranlıq beyinlərə işıq saçdı, yollarına nur çilədi. Qızlarımızın gəlinlik duvağı, şəhidlərimizin son örtüyü, barışın göyərçini, savaşın qartalı BAYRAĞIMIZ haqqında böyük uzaqgörənliklə söylədiyiniz sözlər gerçəkliyə çevrilmişdir. Sizin bizə əmanət etdiyiniz,  ilk ölncə qədirbilən yurtsevərlərimizin qəlbində ucaltdığınız o BAYRAQ indi qürur və əzəmətlə ən mühüm məkanlarda, ən mötəbər yerlərdə şərəflə dalğalanır.   


Bakının baş meydanında Sizin heykəlnizi görmək istərdim. Olmamasına əvvəllər kədərlənsəm də indi heç dərd eləmirəm. Düşünürəm ki, Sizin ən möhtəşəm heykəliniz  dünyanın harasında yaşamasından asılı olmayaraq  torpağına, elinə, millətinə sadiq qalan, onun naminə özünü fəda etməyə hazır olan bütün qeyrətli  Azərbaycan vətəndaşlarının qüruru olan Dövlət bayrağımızdır, himnimizdir, gerbimizdir!


Hörmətli Məhəmməd Əmin Bəy! Siz hər zaman bizimləsiniz, qəlbimizdəsiniz. İnanıram ki, Sizi tənqid edənləri  də, fikirlərinizə qarşı olanları da Siz çoxdan bağışlamışsınız. Neyləsinlər, axı  onların  qazancı, titulları Sizi tənqiddən asılıdır. Siz mənim ağaran saçlarıma baxmayın. Azərbaycan uğrunda ideoloji mübarizənin rütbəsiz, adsız-sansız, sıravi əsgəri kimi istənilən dilli, irqli, cinsli,  məkanlı, yaşlı, rütbəli, güclü  rəqiblə kompromissiz mücadəliyə tam hazır mücahidlərinizdənəm.  Məni buraya, Cəbəciyə gətirən taksiçi Əsriyə yaxınlaşanda çox duyğulandığımı görüb “abi, lütfen söyler misiniz, ziyaretine gittiğiniz kişi sizin kiminiz oluyor?” soruşanda qürurla “Kumandanımdır” söylədim. Taksiçi heyrətlə üzümə baxdı “asker misiniz, efendim?”. “Evet”- cavabı verib sürücüyə  “  eğer 28 Mayısda  buraya gelirseniz Kumandanımın ne kadar askeri olduğunu onda görürsünüz” deyə davam edəndə taksiçi marağını gizlədə bilməyib “mayısta niçin kalabalık olacakmış?” soruşanda ona səbəbini belə açıqladım:


Bir Mayısı vardır Fatih’in — İstanbul’a bakar,

Bir Mayısı vardır Atatürk’ün —  Samsun’a çıkar

Bir Mayısı vardır Resulzade’nin — özgürlük okur.

Mayıs ayı beyaz, mayıs ayı hürriyete  gebe…

 
Sürücünün bu sözlərin mənasını  anladığına əmin olmasam da Sizin  nədənsə məni də öz məfkurə əsgərlərinizdən sayacağınıza ümid edirəm. Dilim Əsridə  ruhunuza fatihə oxuyarkən beynimdən bu sətirlər süzülüb gəlir:


Düşündüm qəribsən. Yalnız başına

Səni ziyarətə, görməyə gəldim.

Doğma Novxanıdan sinə daşına

Dərdiyim gülləri sərməyə gəldim.

             ***

Yusifbəyli Kürdəmirdə yoldadır,

Topçubaşov Parisdə  iqbaldadır.

Fətəli xan Tiflisdə bərk haldadır.

Onlardan da salam  verməyə gəldim.

            ***

İnanıram sənə könül bağlayan

Yolunda yeriyən, gülüb ağlayan,

Ərənlərdən olur. Mən də bircə an

Hönkürüb əhdimə ərməyə gəldim.

         ***

Bilən bilir nələr gəldi başına,

Qıydılar Rəsulun cavan yaşına.

Əsridə qış çağı məzar daşına

Qızılgüldən çələng hörməyə gəldim.

     ***

Türbənə kölgələr salmış Bayrağın,

Zivəyə yüksəlmiş, qalmış Bayrağın,

Rəngini göylərdən almış Bayrağın

Uğrunda sinəmi gərməyə gəldim.


Professor Ramazan SİRACOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir