Modern.az

Qubadlıdan Amerikaya gedən yol - “Çox uzaqda olsam da, ürəyim Azərbaycanla döyünür”  

Qubadlıdan Amerikaya gedən yol - “Çox uzaqda olsam da, ürəyim Azərbaycanla döyünür”   

Diaspor

4 Fevral 2019, 08:19

Həkimlik müqəddəs peşədir. Onlarla üz-üzə gələndə istər-istəməz ehtiram göstəririk. Bəlkə də, bu ondan irəli gəlir ki, həkimlər Allahla bəndə arasında bir vasitəçi olub, insanlara şəfa verməyi bacarırlar…

Haqqında söhbət açdığım Rauf Şahbazov da həkimdir - sıradan bir həkim yox, yüksək səviyyəli alim, transplantasiyanı dərindən bilən çərrah…

O, 1970-ci ildə Qubadlı rayonunun Tarovlu kəndində dünyaya gəlib. 8-ci sinfi bitirdikdən sonra, Bakıdakı 5 nömrəli Kimya-Biologiya təmaüllü məktəbə üz tutub. 1987-ci ildə orada orta təhsilini qızıl medalla başa vurub. Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olunub, 1993-cü ildə orada həkim cərrah ixtisasına yiyələnib. 1994-1996-cı illərdə 5 saylı xəstəxanada "Qara ciyər və öd yolları cərrahiyə şöbəsi"ndə ümumi cərrah işləyib. 1996-cı ildə orduya çağrılıb. 1999-cu ilədək N saylı hərbi hissənin səhra hospitalında hərbi cərrah kimi xidmət keçib. Ordudan tərxis olunduqdan sonra 5 saylı xəstəxanaya qayıdıb, 2000-ci ilədək orada işləyib. 2000-2005-ci illərdə Səudiyyə Ərəbistanında Böyük Britaniyanın "Edinburq Kral Cərrahiyə Universiteti"nin "Kral Feysəl klinikası"nda cərrah kimi çalışıb. Burada işləyə-işləyə Şotlandiyaya gedərək, tələb olunan imtahanları verib, "MRCS" cərrahi ixtisas dərəcəsinə yiyələnib. Bu dərəcə ona dünyanın hər yerində cərrah kimi işləmək hüququ verib. 2005-2007-ci illərdə Bakıdakı Xəzər Universitetinin tibb fakultəsində müəllim, dekan müavini vəzifəsində işləyib. Eyni zamanda, Nəsrəddin Tusi adına Klinikada cərrahiyə şöbəsinin müdiri olub…

Sonra qərara gəlib ki, orqan nəqli üzrə ixtisas təlimlərinə başlasın. Bu məqsədlə 2007- 2009-cu illərdə dünya şöhrətli cərrah Mehmet Haberalın rəhbərliyi altında "Ankara Başkənd Universiteti"nin tibb mərkəzində təlimlərdə iştirak edib. 2009-cu ildə vətənə dönərək, "Mərkəzi Neftçilər Xəstəxanası"nda Transplantasiya şöbəsinin yaradıcılarından olub. 2011-ci ilədək orada aparıcı cərrah kimi çalışıb. Burada çalışarkən Portuqaliyanın Porto şəhərində "Fellow European Board of Surgery" ixtisas dərəcəsinə yiyələnib. Sonra bir il Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində çalışıb. 2012-ci ildən tibb üzrə fəlsəfə doktorudur. (PhD) 


Rauf Şahbazov 2012-ci ildə "Amerika Cərrahlar Cəmiyyəti" tərəfindən ABŞ-a dəvət alıb. 2015-ci ilədək Texas ştatının Dallas şəhərindəki "Baylor Universiteti"nin Tibb Mərkəzində mədəalti vəzin adacıq hüceyrələrinin transplantasiyası sahəsində elmi tədqiqatlarını davam etdirib, bu sahədə mütəxəssis kimi püxtələşib. 2013-2014-cü illərdə "USMLE Step" imtahanlarını uğurla verərək, ABŞ-da həkim işləmək hüququnu qazanıb. 2015-2018-ci ilədək "Virciniya Universiteti"nin Tibb Mərkəzində böyrək və qara ciyər transplantasiyası ilə məşğul olub. 
2018-ci ildən Nyu York ştatının Sirakuz şəhərindəki "Upstate Medical University"da həm müəllim və həm də transplantasiya üzrə cərrah işləyir. Mədəaltı vəz və adacıq hüceyrələri transplantasiyası proqramının rəhbəridir…

…Rəhmətlik atası Oqtay Şahbazov uzun illər Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyib.

Rauf həkim ömür-gün yoldaşı Sevda xanım İslamzadəylə birlikdə iki övlad böyüdürlər. Böyük qızı Nigar 10-cu, kiçik qızı Aydan isə 5-ci sinifdə oxuyur. 


…2017-ci ildə "Azərbaycan Amerika Tibb Assosasiyası"nı yaradaraq, ictimai fəaliyyətə başlayıb. Həmin təşkilatın saytı belədir: www.aamamedical.org 

O, bu təşkilata azərbaycanlı həkimlərlə yanaşı, Azərbaycana rəğbəti olan amerikalı həkimləri də cəlb edə bilib.
Vaxtaşırı bir yerə toplaşıb, müzakirələr aparır, faydalı layihələr həyata keçirirlər. Məsələn, Azərbaycan Xalq  Cümhuriyyətininn 100 illiyi münasibəti ilə həvəsləndirici təqaüd təsis ediblər. Həmin təqaüd hər il ABŞ-a tibbi təhsil almağa gəlmək istəyən bir elmli azərbaycanlıya veriləcək... 

Deyir ki, - "Mən Azərbaycandan küsüb gəlməmişəm. Çox uzaqda olsam da ürəyim Azərbaycanla döyünür. Burada bir sıra elmi nailiyyətlərə imza ata bilmişəm, transplantasiyasının sirlərinə mükəmməl yiyələnmişəm. Azərbaycanlı tələbələrə isə tövsiyyəm odur ki, təhsil almaqdan, daha da savadlanmaqdan qorxmasınlar. Yalnız bilik, bacarıq və əzmkarlıqla zirvələri fəth etmək olar"…

…Bu ilin mayında Vaşinqtonda ABŞ və Kanadada yaşayan azərbaycanlı tibb peşəkarlarının konfransını keçirməyi planlaşdırır. Ciddi, bir az da gülərüz olan Rauf Şahbazovun ABŞ-da yaşayan azərbaycanlı təbiblərlə bağlı arzuları böyükdür. İstəyir ki, həkimlərimiz birləşərək böyük uğurlara imza ata bilsinlər. Bu yolda ona uğurlar diləyirik…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı