Modern.az

Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ  

Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ    

4 Fevral 2019, 08:32

“Kəndimiz əvvəlki simasını qoruyub saxlaya bilməyib, dadı-tamı, cah-cəlalı yoxa çıxıb” 

Modern.az saytının “Mənim kəndim” layihəsinin qonağı sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlidir.

Qabil Hüseynli 1953-cü ildə Tərtər rayonunun Seydimli kəndində anadan olub. Uşaqlıq illəri, orta məktəb dövrü Seydimli mühitində keçən ziyalı o dövrdən yaddaşında qalan xatirələrini bizimlə bölüşdü. 

““Xan evləri”ndə oxumuşuq”

- Seydimli tarixi keçmişi zəngin olan kənddir. Qarabağ  xanlığına daxil olan bir bölgədir. Hətta kəndimizdəki Qarabağ xanlarının nəslindən olan insanların yaşadıqları binalar qalmaqdadır. Oxuduğumuz orta məktəbin yerləşdiyi üç böyük bina “xan evləri” kimi təqdim edilirdi. Həmin “xan evləri” qırmızı kərpicdən tikilmiş, kürsülü, XIX əsrin əvvəllərində ərsəyə gəlmiş olsa da, XX əsrin ortaları üçün də görüntüsü xoş olan binalar idi. Bəzilərinin içərisində taxta döşəməsi var idi, bəziləri isə sadəcə torpaq döşəmələrlə qurulmuşdu. Binaların üstü də torpaq idi, geniş pəncərələri, bəzəkli divarları salamat qalmışdı. Sinif otaqlarımızın yeri torpaq idi, məktəb direktorunun, tədris işləri üzrə müavinin kabinetləri isə döşəməli “xan evləri”ndə yerləşirdi.

Məktəbimiz səkkizillik məktəb idi. Biz 4-cü sinifə qədər “xan evləri”ndə oxuduq. Çünki məktəbimiz üçün yeni bina tikilmışdı. “Xan evləri” kəndin aşağı hissəsində, kənarında idi. Yeni bina isə kəndin ortasında, daha əlverişli, şagirdlərin əksəriyyətinə yaxın yerdə idi. Düzdür, ilk addımlarımızı “xan evləri”ndə atmışdıq, qələm tutmağı orada öyrənmişdik, o binaların xatirəsi bizim üçün xüsusi önəmlidir. Amma yeni məktəb binasında da az illərimiz keçməyib. Həm də yeni məktəb binası müasir tipdə tikilmişdi və təhsil üçün  normal şərait yaradılmışdı.

“Xan evləri” indi də kənddə qalıb. Amma orada qaçqınlar yerləşdirilib, təəssüf ki, tarixi abidə şəklində qorunmur. Əvvəlki əzəmətini də itirib və məhv olmağa doğru gedir. 

“Birinci sinfə yanvar ayında başlamışam” 

- Digər şagirdlərdən fərqli olaraq, mən məktəbə 6 ay gec getmişəm. Dərslər sentyabr ayının 1-də başlayırdı, mənim isə yaşım çatmırdı. Məktəbin direktoru 7 yaşım tamam olmayınca, məni məktəbə götürməyəcəyini demişdi. Atam məni yanvar tətilindən sonra məktəbə apardı. Artıq sinif yoldaşlarım əlifbanı öyrənib bitirmişdilər. Ana dilini öyrənir, inşa yazırdılar, oxular olurdu. Mən məktəbə başlayanda ibtidai sinif müəlliməmiz, rəhmətlik Mahitaban müəllimə bizə dərs keçirdi. Müəllimə çox yaxşı pedaqoq idi. Amma dərs ilinin ortasında gəldiyimə görə məni soyuq qarşıladı. Bundan sonra necə oxuyacağımı təsəvvür edə bilmədiyini dedi. Müəllimə məni ən arxa partada əyləşdirdi. Dərs vaxtı, digər uşaqlara ana dili, riyaziyyat, oxu tapşırıqları keçəndə, arada bir neçə dəfə yanıma gəlir, mənə bir-bir hərfləri yazmağı, tələffüz etməyi öyrədirdi. Əvvəl günə bir hərf öyrənirdim. Müəllimənin mənim əlifbanı mənimsəməyimlə bağlı ümidləri, demək olar, yox idi. İnanmırdı. Amma artıq ikinci gündən müəllimə bir hərfi deyəndə, mən xahiş etdim, ikincini də öyrətsin. Zehnimin yaxşı olması tez mənimsəməyimə kömək etdi. Qısa müddətdə gündəlik dərs yükümü artırmaqla, cəmi 10 günə əlifbanı tam öyrəndim. Mahitaban müəllimə özü də təəccübləndi. Sonradan o məni də digər uşaqlara qoşdu, onların qaldığı hissədən dərsə davam etdim. Yanvar ayında dərsə daxil olmağıma baxmayaraq, proqramda digər uşaqlara çatmışdım. Nəhayət, yaxşı qiymətlər də aldım, birinci sinfi əlaçıqlıqla başa vurdum. 


“Özümüz müəllimə üçün kəsib hazırladığımız nar çubuğu ilə özümüz döyülürdük”

- İbtidai sinif müəllimimiz çox yaxşı insan idi. Amma oxumayan uşaqları döyürdü. Sinifdə nar çubuğu saxlayırdı. Açığını deməliyik ki, o dövrdə müəllimlərin çoxunda bu çubuqlardan olurdu, üstəlik, uşaqlara kəsdirib gətirdərdilər. Nar çubuqları kolxozun nar bağından idi. Heç kim övladının döyülməsinə görə müəllimdən şikayət etmirdi. Əksinə, valideyn tələb edirdi ki, müəllimlər uşaqları nə yolla olur-olsun təhsilə cəlb etsinlər, oxutsunlar, öyrədib, adam etsinlər. Sinfə daxil olanda şagird müəllimin ixtiyarında idi. Müəllimlərin də hədəfləri uşaqları yaxşı oxutmaq, onlara bilik vermək idi. Bunun nəticəsidir ki, tək bizim sinifdən 25 nəfərin 18-i ibtidai sinfi əlaçılıqla başa vurdu.

Yaxşı oxumayan şagirdlər kəndin qoyun fermasında çalışan çobanların övladları idi. Onlar zehinli, istedadlı olsalar da, mütəmadi dərsə gələ bilmirdilər. Çünki qoyun qışlağa gedəndə uşaqlar da ailələri ilə birlikdə “Haramı düzləri” adlanan yerlərə köç edirdilər. Onlar yerli camaat deyildi, təhlələr adlanan köçəri türk tayfalarından idilər. Bu gün isə Bərdə və Tərtər rayonunda həmin tayfalar artıq oturaq həyata keçiblər. 

“VII sinifdə qəzetin Seydimlidəki müxbir postunun rəhbəri idim”

Mən kəndimizdə VIII sinifə qədər oxumuşam və yaxşı qiymətlərlə bitirmişəm. Artıq VII sinifdən məni rayonda çıxan “Qızıl bayraq” qəzetinin müxbiri seçmişdilər. Hətta qəzetin Seydimlidəki müxbir postunun rəhbəri statusum da var idi. O vaxt həmin qəzetə yazılar yazırdım. Sadə xəbər janrında olan yazılardan tutmuş, oçerk tipli yazılara qədər, hətta şeirlərim də dərc olunurdu.

O zaman biz 9-10-cu sinifləri oxumaq üçün ya rayon mərkəzinə getməli, ya da kəndimizdən nisbətən aralıda olan Cəmilli kəndindəki tam orta məktəbdə təhsil almalı idik. Həmin kəndə getməyi üstün tutduq. İndi qəribə və çətin görünə bilər, amma o zaman biz hər səhər 10 kilometr yolu piyada dərsə gedirdik. Qarda, soyuqda, yağışda dillənmədən, şikayətlənmədən məktəbə yollanırdıq. Torpağa qış suyu verilən vaxt, bu prosesə “arat” deyilirdi, yollar palçıq olurdu. O zamanlar qar da çox yağırdı, qışda yağan qar az qala 3 ay ərimirdi. Bütün bunlara baxmayaraq, biz həmin yolları qət edirdik. Çünki Cəmilli kəndində təhsilin, tədrisin səviyyəsi yüksək idi. Orada həyatını bəlkə də şama çevirmiş, xatirimizdə yaxşı iz qoyan müəllimlər vardı. 


“Müəllimin məni vurması, dərsinin əlindən alınması ilə nəticələndi”

- Cəmillidə riyaziyyat müəllimimiz Göyüş müəllim idi. O həm də fizikanı bizə gözəl tədris edirdi. Humanitar, texniki, yaxud təbiət sahələrinə maraqlı olmasından asılı olmayaraq, bütün fənləri oxuyurduq. Göyüş müəllim mənə deyirdi ki, sən mütləq riyaziyyatçı olmalısan, üstəlik universitetin Mexanika-riyaziyyat fakültəsini bitirməlisən. O elə təmkinli, təlqinedici qabiliyyətə malik idi ki, bizi çox gözəl yetişdirmişdi. Sonuncu sinifdə oxuyanda məktəbimizə cavan müəllim gəlmişdi. Gəncə Pedaqoji İnstitutunu bitirmişdi. Bizim riyaziyyat fənnimizi isə tədris etməsi üçün ona vermişdilər. Bir dəfə dərs vaxtı müəllim bizə izah etməli olduğu məsələni həll edə bilmədi. Mən dedim, həll edə bilərəm. Gənc adam üzümə tərs baxdı, amma həll edə bilməyəcəyimi düşünüb, lövhəyə çıxmağıma icazə verdi. Mən lövhədə məsələni həll etdim, cavabı da aldım. Hiss etmədim ki, müəllimi bütün sinifin qarşısında pis vəziyyətdə qoymuşam. Gözləmədiyim halda o mənə bərk şillə vurdu. Bayıra çıxdım. Bu zaman məktəbin direktoru ilə qarşılaşdıq. Halımın yaxşı olmadığını görüb, məni direktor otağına apardı. Hadisəni olduğu kimi ona danışdım, çox təəccübləndi. Elə həmin gün Göyüş müəllimi yanına çağırıb, tapşırdı ki, sabahdan bu sinifə riyaziyyatı yenidən sən tədris edəcəksən. Səhəri gün uşaqlar da bunu alqışla qarşıladılar.

Kimya müəllimimiz Əli Orucov idi, fizika-riyaziyyatı Göyüş müəllim, dil-ədəbiyyatı direktorumuz Məcid Ağamalıyev tədris edirdi, çox savadlı, ziyalı insanlar idilər. 9-10-cu siniflərdə müəllimlər uşaqları döyməzdilər. Artıq formalaşmış şəxsiyyət kimi yanaşırdılar bizə. Amma ibtidai sinifdə döyülsək belə, müəllimə hədsiz hörmət edirdik, müqəddəs varlıq kimi baxırdıq. Onların dilindən çıxan hər sözü beynimizə həkk edirdik.   

“Kəndin ən hörmətli şəxsləri müəllimlər olduğundan toylarda məhz onlar aparıcılıq edirdilər”

- O zamanlar müəllimlərin maaşı kifayət qədər yüksək idi. Həm özlərini, həm ailələrini dolandıra bilirdilər, kənddə hörmətli insanlar idilər. Toy məclislərinə də onları çağırırdılar, aparıcılıq üçün seçirdilər. O zamanlar toya böyük məbləğdə pul salmaq adəti yox idi. Kəndlilər 1 manat, 50 qəpik yazdırırdı toya. Nisbətən imkanlı şəxslər, o cümlədən müəllimlər 2-3 manat yazdırırdılar.

Orta məktəbi bitirəndə məni qızıl medala namizəd kimi təqdim etdilər. Sənədlərim də göndərilmişdi, rayon Maarif şöbəsində biliyim də yoxlanmışdı. Amma sənədlərimi Bakıda qəbul etdirmək üçün məbləğ ödəməli idim. 300 manat pul istəmişdilər və o zaman üçün bu böyük məbləğ olduğundan mən ödəyə bilmədim. Ona görə, attestatımın hamısı “5” qiyməti olsa da, qızıl medal əvəzinə, sadəcə fərqlənmə diplomu ala bildim. 


“Atam – İsmixan kişinin müharibədən əvvəl “qara kağızı”, sonra özü gəlib”

- Atam hələ evlənməzdən əvvəl İkinci Dünya Müharibəsinin iştirakçısı olub və ağır yara alıb. Danışırdı ki, Berlin uğurunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib. Güllə qarnının sağ tərəfindən girib, solundan çıxıb. Atamın əvvəl müharibədən “qara kağızı” ailəsinə çatdırılıb, sonra özü gəlib.

Dediyinə görə, Berlin uğrunda gedən döyüşlərdə onun olduğu batalyonda yeganə azərbaycanlı imiş. O kəşfiyyat dəstəsinin rəhbəri, baş serjant olub. 1939-cu ildə hərbə çağırılıb, Finlandiya ilə Sovet İttifaqının döyüşlərində də iştirak edib. Təxminən 6 ildən çox Rusiya ordusunda döyüşüb. O iki rus, bir ləzgi ilə getdiyi kəşfiyyatda ciddi mina qəlpəsi və güllə yarası alıb. Komandir idi, amma dediyinə görə, həmin ruslar onu elə döyüş meydanında qoyub, qayıtmaq istəyiblər. Ləzgi millətindən olan əsgəri atamın ölümə tərk edilməsi ilə razılaşmayıb və ona kömək edərək, döyüş bölgəsindən çıxarıb. Qərargaha qayıdanda isə atamı ölü bilib, kütləvi yığılmış meyitlərin içərisinə atıblar. Həmin anda yarası incitdiyinə görə, anidən səsi çıxıb, qışqıra bilib. Səsini eşidən komandir onu meyitlərin içərisindən çıxartdırıb, sanitar maşınına qoyaraq, Varşavaya, hospitala göndərib. Valideynlərinə “qara kağızı”nın gəlməsinin səbəbi isə, meyitlərin içərisinə atılması haqqında əmr verilən kimi “piser”in onun öldüyünü qeyd etməsi olub.

Atam Varşavada hositalda iki aydan çox qalıb. Xəbər gələndən sonra kənddə adına yas məclisi qurulub. Hətta 40 mərasimi belə keçirilib. 40-ı çıxandan sonra bir gün atam çıxıb kəndə gəlir.

Bir müddət rus dili müəllimi işləyib. Sonradan kəndin kolxoz sədri atama çox kömək edib. Müxtəlif yüngül vəzifələrdə işləmişdi. Biz uşaqların ən böyük səhvi o oldu ki, atamın müharibədə aldığı orden və medalları saxlaya bilmədik. Onların içərisində xüsusi, böyük qiyməti olanlar var idi.  

“Atam rəhmətə gedəndə 9 nəfərlik ailəmiz başsız qaldı” 

- Ailəmiz 10 nəfərdən ibarət idi. 6 oğlan 2 qız idik. Böyük qardaşım çox da yüksək qiymətlə oxumurdu, peşəyə meyilli idi. Ona görə VIII sinifi bitirdikdən sonra Gəncəyə gedərək, orada peşə məktəbini oxudu. Oxuduğu peşə məktəbi Aliminium zavodu üçün ixtisaslı fəhlə mütəxəssisləri hazırlayırdı. Qardaşım da aparatçı və qaynaqçı ixtisaslarını bitirdi, dərhal da iş verdilər. Zavod kimyəvi zavod idi, həm sulfat turşusu istehsal edilirdi. Ona görə, ətrafı çirkləndirir, işçilərin səhhətinə zərərli mühiti ilə seçilirdi. Qardaşım orada 2 il işlədi, hələ evlənməmişdi, amma ona 2 otaqlı ev verdilər. Ondan sonra taleyini tamamilə Gəncə şəhəri ilə bağladı. İkinci qardaşım da Gəncədə yaşayır və inşaatçıdır.  

Mən ailədə beşinci uşaq olmuşam. Kənddə - ata evimizdə yaşayan məndən böyük – üçüncü qardaşımdır. O isə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirib. Elə o vaxtdan yaxşı əl qabiliyyəti var idi. İlk cibxərcliyini də rəssamlıqdan çıxarırdı. O, üçüncü övlad olsa da, evimizə ilk qazancı gətirən qardaşımızdır. Uşaqkən kənddə hərbi xidmətə gedən gənclərin portretini çəkir, müəyyən qədər pul alırdı. Amma sonradan  rəssamlığı kənara qoyub, rəngsaz işləməyə başladı.  

Mən VI sinifdə oxuyanda atam rəhmətə getdi. Ondan sonra ailəmizin çox çətin günləri başladı. 


“Həmişə qardaşlarımın ucbatından davaya düşürdüm”

- Uşaq vaxtı da təbiətcə çox sakit olmuşam. Böyük qardaşım da sakit idi. Xarakterimiz uyğun gəlirdi. O zamanlar kəndin futbol komandasında oynayırdım. İdmanla məşğul olsam da, dava-dalaşa qoşulan olmamışam. Halbuki, həmişə qardaşlarımın ucbatından davaya düşürdüm. Uşaqlar dalaşanda məni münsif seçirdilər, davanı sakitləşdirməli, kimin haqlı olduğunu müəyyən etməli, dalaşanları barışdırmalı idim. Qardaşlarım ədalətsizlik edəndə onlarla vuruşmalı olurdum. Amma çox hallarda qalib biz olurduq. 

Oğlanların ən çox oynadığı dirədöymə, futbol, voleybol idi. Qızlar isə beşdaş oynayırdılar. İkinci qardaşımın velosipedi var idi. Hamımız növbə ilə onu sürürdük. Mən bir dəfə traktorun təkərləri ilə özümə “ştank” düzəltmişdim. Məftildən arabalar, müxtəlif idman alətləri də hazırlayırdıq. Bu, kənddə uşaqlar arasında yayılmış ən yaxşı yaradıcılıq sahəsi idi. Bir-birimiz ilə yarışa girirdik ki, kim daha qəşəng düzəldəcək. Rəqabət o qədər güclü olurdu ki, yeni yaradıcı əl işləri düşünürdük. Qonşuluqda bir nəfər hətta məftildən ekskavatorun modelini düzəldə bilirdi. 

Futbolda da uğurlu idim. Çox sevirdim və kəndin seçmə komandasında oynayırdım. Bir dəfə rayon birinciliyi uğrunda futbol yarışı gedirdi. Səhləbat kəndi ilə bizim komanda yarışırdı. Oyunda qolun ikisini də mən vurdum və qalib olduq. O zaman “Qızıl Bayraq” qəzetindən müxbir bizi izləməyə gəlmişdi və oyun haqqında qəzetdə də yazmışdı. Qəzetin həmin sayını da, orada dərc olunan bütün yazılarımı da kəsib saxlamışam. 

“Kitab oxumağa fasilə verdikdə insanda kitaba çox böyük həsrət, yanğı oyanırdı”

- Uşaqlıqdan müxtəlif işlərdə çalışmışıq. Mən, qardaş-bacılarım, anam ailəmizi dolandırmaq üçün çox əziyyət çəkirdik. 6 yaşım olanda pambıq tarlasında pambıqyığan maşının yığdığı pambığı traktor qoşqularına boşaldanda yerə tökülən pambıqları toplayırdım. Günə 5-10 manat qazana bilirdim.


Mal-qoyun nobatına gedirdik. Ayda 1-2 dəfə nobat bizə düşürdü, qardaşlar arasında bölüşdürüb, yollanırdıq. Amma əlimizdə həmişə kitab olardı. Nobata gedəndə bir gözüm otlayan heyvanlara nəzarət edir, bir gözüm də kitab oxuyurdu. Nə qədər çox işləsək də, dərslərimizi axsatmırdıq. Həm oxuyub, ağ günə çıxacağımızı arzulayırdıq, həm də kitab oxumağa fasilə verdikdə kitaba çox böyük həsrət, yanğı oyanırdı. Sevərək oxuyurduq.

Uşaqlığımızın keçdiyi kənddəki evimiz palçıqdan kəsilmiş “ayıbalası” adlandırılan kərpiçlə hörülmüşdü. Taxta döşəmələri yox idi, yer torpaq idi. Kənddə tək-tük evlərin üstündə dam örtüyü var idi. Əksəriyyətinin üstübü torpaqla, böyük tirlərlə örtüb, suvayırdılar. Tirlər Kəlbəcər ərazisindən gətirilir, kənddə satılırdı. Qamış isə Araz çayının kənarından - Füzuli rayonundan kəsilirdi. 

Çətinliklə dolandığımızdan kənddəki evimizi təmir etdirməyə, yenidən tikməyə imkanımız olmadı. Yalnız hərə öz əlinə iş alandan sonra, çalışmağa başlayandan evimizi yeniləyə bildik.  

Bizdən fərqli olaraq, çox sakinin maddi vəziyyəti normal idi. Əksər ailələrin evi ikimərtəbəli idi. Üstəlik evlər “kubik” və çaylaq daşından tikilmişdi. “Kubik”lər Ağdamın Şahbulaq kəndindən gətirilirdi. Əsas dayaq divarlarını “kubik”lə orta hissələri isə çay daşı ilə hörürdülər. Evlərin birinci mərtəbəsi yarımzirzəmi şəklində idi, amma orada da yaşamaq olardı. O zamanlar ev tikmək çox uzun, əziyyətli proses idi. İndi bir aya tikilən evlər o zaman 2 ilə ancaq başa gələ bilərdi.   


“Ağdərə bazarına ərik satmağa gedirdik, ermənilər qəsdən bizim satdığımız heç nəyi almırdılar”

- Rəhmətlik atam həyətimizdə çox gözəl bağ salmışdı. Demək olar, bağımızda hər meyvədən var idi. Gilas, qoz, fındıq ağacları sortbasort idi. 20-dən çox ərik ağacı var idi. Kiçik bostanımız da mütləq olurdu.  Ailənin istehlakı üçün, demək olar, hər meyvə-tərəvəzi bağımızdan, bostanımızdan götürə bilirdik. Özümüzün istifadəmizdən əlavə qalan məhsulu bir neçə dəfə satmağa cəhd etmişik.  

Həyətimizdəki ərik ağaclarından 200-250 kiloqrama yaxın ərik götürmək olardı. Amma biz uşaq idik, gücümüz çatmırdı ki, onu satıb, qazanca çevirək. Bir dəfə qonşu uşaqlarından biri təklif etdi ki, əriyi Ağdərə rayonunda bazara aparıb sataq. Hərəyə 2 vedrə ərik yığdıq. Cəmi iki vedrəsini sata bildik. Bazara  gələnlərin əksəriyyəti ermənilər idi, hamısı da Azərbaycan dilini bilirdi. Onlar bizim məhsulları almırdılar. Bilirdilər ki, vedrələri qaytarıb evə aparası deyilik, satılmasa elə oradaca qoyub, qayıdacağıq. Qəsdən boykot edirdilər ki, məhsulumuz əlimizdə qalsın, ziyan olsun. Həmin gün satdığımız ərikdən yolpulumuzu güclə çıxardıq və bir daha ərik satmağa getmədik. 

O zamanlar Kooperasiya Təşkilatı var idi, bəzi məhsulları gəlib kəndlilərdən alırdılar. Bölgələrimizin birində şirə zavodu da fəaliyyət göstərirdi, həmin zavod isə nar, gilənar kimi meyvələri alırdı. Amma digər məhsullar, tərəvəzlər, meyvələr kəndlilərin əlində qalırdı. Fərasətli adamlar o zaman Rusiyaya pomidor aparıb sata bilirdilər. Amma tək-tük insan bunu edə bilərdi. Kəndimizdə Həbib kişi var idi. İlk dəfə o Rusiyaya pomidor aparıb, satdı. Sonradan sakinlər bunun yolunu öyrənməyə başladılar. O vaxtlar kolxozçunun fərdi şəkildə Rusiya bazarına məhsul çıxarmasına yol verilmirdi. Arayış almalı idin, Azərbaycan dilində qeyd edilirdi ki, bu mal sənə məxsusdur və onu xaricə çıxarıb satmağına icazə verilir. Sənədi almaq isə çox çətin idi.

Kəndimizin kolxozu Nəriman Nərimanovun adını daşıyırdı. Respublikada ilk pambıqyığan maşın 1956-cı ildə bizim kənddə tətbiq edilib. Kolxozumuz Respublikanın Təcrübə Məktəbi adlanırdı. Kolxoz sədri kəndi abadlaşdırmaq üçün çox işlər görürdü. Hələ o zamanlar hər evin həyətinə su çəkilmişdi, bir müddət sonra qaz da verildi. 

“Həyatımın ən ağır günlərini pambıq tarlalarında yaşamışam”

- Seydimlinin çox münbit torpaqları var idi. Hər hektardan 60 sentner pambıq yığılırdı. Pambıq yığımı kənddə məcburi idi. Çox sərt qaydalar qoyulurdu. Dərsdən sonra şagirdləri də pambıq yığımına aparırdılar. Bir dəfə anamla pambıq yığımına gedəndə, onun necə əziyyət çəkdiyini gözlərimlə görmüşəm. Pambıq tarlalarına dərman səpən təyyarələr elə insanlar işləyə-işləyə başımızın üstündən uçur, dərman səpirdilər. O qədər ziyanlı dərmanlar idi ki, tarladan işləyənlərin buna necə dözdüyünü ağıla gətirmək çətindir. Ona görə, hər kəsdə xəstəliklər yaranırdı. Anam da xəstə idi. Mən VII ya VIII sinifdə oxuyurdum. Anamın əziyyət çəkməyinə dözmədim, briqadirə yaxınlaşdım, soruşdum ki, nə qədər pambıq yığsam, anamı pambığa məcbur etməzsən. O əvvəl məni qovdu, amma sonra şərt kəsməyə razılaşdı. Onun şərti gündə 200 kilo pambıq yığmaq idi. Mən razılaşdım.

Səhəri gün obaşdan tarlaya gəlib, camaat yığılmamış 2 “fartuk” (ətək –red. ) pambıq yığırdım. Pambıq müvafiq sıra ilə becərilirdi, o sıralara vər deyirdilər. Pambıqçılar gəlməmiş 4 vəri götürüb, bitirməyə çalışırdım. O günlər həyatımda ən ağır günlər idi. Pambıq tarlalarında əllərim, qollarım yara olurdu, qan axırdı. Sahədə çalışan qadınlar isə pambıq yığmaqda bir-biri ilə yarışa girirdilər. Axı işin ucunda mükafat, medal almaq var idi. Mənə həmişə rişxənd edirdilər. Onlardan sürətli yığdığım üçün gözləri götürmürdü.

Pambıqları ətəklərə yığandan sonra bardana boşaltmaq lazım idi. Ən əziyyətli məqam da o idi. Hər çiynimə bir ətək atırdım, dişlərimdə birini, başımda da bir ətək pambığı daşıyırdım. Bir dəfəyə ən azı 60 kiloqramı sürüyə-sürüyə bardana boşaldırdım. İnsafı olan kömək edirdi, olmayan etmirdi.

Günün sonunda hamının yığdığı pambıq çəkilirdi, ona uyğun haqq alırdıq. Hər 10 kiloqramdan 1 kiloqramı nəmişliyə çıxırdılar. Əvvəl dediyim kimi, o vaxt həm də “Qızıl Bayraq” qəzetinin müxbiri idim. Bundan istifadə edib, briqadirə dedim ki, mənim yığdığım pambıqdan kəssəniz qəzetə yazacağam. O çəkindiyinə görə, düzgün addım atmağa məcbur oldu. 

Tarlada işlədiyim ilk gün 223 kilo pambıq yığmışdım. Hər kəs məəttəl qalmışdı. Həmin pambığın 20 kilosunu nəmişliyə çıxdılar, 203 kilo günümə pambıq yazdılar və onun haqqını aldım. 10 gün dalbadal pambığa getdim, hər gün də 220, 218, sonuncu gün isə 203 kilo pambıq yığdım. Bu o demək idi ki, 10 günə 2 ton pambıq yığmışdım. Buna görə raykom katibi (Rayon Partiya Komitəsinin katibi) bir dəfə pambıq tarlasına gələndə mənə mükafat olaraq, bir dəst kostyum hədiyyə etdi. O zaman bu uşaq əməyinin istismarı idi, təbliğ edilə bilməzdi, ona görə, məni medala namizəd göstərmədilər. 


“Ali məktəbdə aldığım təqaüdün yarısını güclə xərcləyə bilirdim”

- Orta məktəbi bitirdikdən sonra Pedaqoji İnstituta daxil oldum. Qəbul qiymətlərində yeganə “3” aldığım xarici dil idi. Çünki orta məktəblərimizdə xarici dil müəllimi olmadığından biz bu fənni öyrənə bilmədik. Ali məktəbi də fərqlənmə diplomu ilə bitirmişəm.

O dövrdə ali məktəblərdə “Lelin təqaüdü” var idi. Bunu fakültədə yalnız bir uşağa verirdilər. Həmin uşaq institutu bitirənə qədər ikinci adam bu təqaüdə layiq görülməzdi. Mən bu təqaüdü ikinci kursdan almağa başladım. 120 manat idi. O dövrdə digər təqaüdlərin məbləği də yaxşı idi. Əlaçılar 50 manat, “3” qiyməti olmayan uşaqlar 45 manat alırdılar. Ali məktəbdə müəllim çalışan şəxslər 80 manat maaş alırdılar.

Mən “Lelin təqaüdü” aldığım 3 ildə hər ay onun maksimum 60 manatını xərcləyə bilirdim. Xeyli çox olduğundan qalanını ailəmə göndərirdim. 

Seydimlinin adət-ənənələri

- Seydimli camaatı keçmişdə çox mühafizəkar idi. Milli adət-ənənələrə hörmət, ağsaqqal sözü qanun hesab olunurdu. Mübahisələr, davalar kəndin daxilində, ağsaqqalların işə qarışması ilə həll olunurdu. Cavanlar dalaşanda polisə düşməzdilər. Yaşlılar məsləhət verər, düzgün yol göstərib, tərəfləri barışdırardılar. 

Adət-ənənələrin özünəməxsusluğu el məclislərində, toylarda, yaslarda daha qabarıq görünürdü. İnsanlar kənddə qız alıb-qız verirdilər. Kimsə kənardan nadir hallarda evlənərdi. O zamanlar mağar toyları olurdu. İçki toylara gec gəlib çıxdı. Biz ali məktəbdə oxuduğumuz illərdə ancaq seyrək halda çaxır verilməyə başladı. Tədricən arağa keçildi. Əvəllər masalarda sadəcə dovğa, kənd bozbaşı, dolma kimi yeməklər düzülür, evdə hazırlanan şirələr olurdu.    

Kənd camaatı kollektivlçilik psixologiyası ilə yaşayırdı. İnsanlar xüsusi mülkiyyətə ikrahla baxırdılar, xüsusi mülkiyyət təqib olunurdu. Sosializmin neqativ hallarından biri o idi ki, zirək və təşəbbüskar insanların enerjisini özü üçün deyil, kollektiv təsərrüfat üçün yönəltmək tələb edilirdi.

Amma mehribanlıq, qonşuluq münasibətləri kənddə çox möhkəm idi. Adət-ənənələrdə böyük mühafizəkarlıq var idi. İnsanlarda yardımlaşma, bir-birinə kömək hissi çox güclü idi. Mən ailə həyatının dağılması hallarına, boşanmalara uşaq vaxtı rast gəlmədim. Yox dərəcəsində idi. 

Bayramlar xüsusilə gözəl keçirdi kəndimizdə. Novruz bayramına neçə həftə əvvəldən hazırlaşırdıq. Lopa düzəldirdik, qapı pusurduq. Bir neçə gün davam edən bayramda hamı bir-birinə pay göndərirdi. Çərşənbələr çox maraqlı keçirdi.  

Dini bayramlar – Qurban, Ramazan gizli keçirilirdi. İnsanlar məhərrəmliyi də gizli qeyd edirdilər. “Qətl sınanda” hər kəs küçəyə şərbət qoyardı. Bəzi valideynlər uşağının başını kiçik ölçüdə çərtirdi ki, İmam Hüseyn yolunda fədakarlıq göstərməyə hazırdır. 

Kənd idarəsinin önündəki siyasi söhbətlər 

- Kənd ağsaqqalları bir yerə yığışanda həmişə siyasi söhbətlər edirdilər. Kəndin “idarəsinin” – klubun qarşısı asfaltlanmış, abadlaşdırılmışdı. Kəndimizin kolxoz sədri yaxşı klub, idarə binası tikdirmişdi. Bu binaların qarşısı şam ağacları ilə bəzədilmiş, parka oxşar şəkildə düzəldilmişdi. İdarəyə yaxın olan məktəbimizin həyəti də çox geniş, abad idi. Biz hərdən idarənin qabağında yaşlıların söhbətlərinə qulaq asmaq istəyirdik. Amma onlar icazə vermirdilər. Bizi qovurdular. Kəndimizdən Rusiyaya ilk pomidor aparan Həbib kişi həm də xarici radiolara qulaq asırdı. “Spidola” adlı radioqəbuledicisi var ki, kənddə bir neçə nəfərdə olardı. Onunla “Qolos Amerika”, “Azadlıq radiosu”nun qırıq-qırıq eşidilən proqramlarını gecə səhərə qədər dinləyirdi. Səhər isə pafosla idarənin qabağına çıxır, camaata eşitdiklərini bəzəyib-düzəyib, danışırdı. Uşaqlarla bir yerdə gizlənib, Həbib kişinin söhbətlərinə gizlincə qulaq asırdıq. Onun dedikləri bizim, hətta bütün kənd camaatının eşitmədiyi fikirlər idi. 

Həbib kişi, təlaşla:

- Bilirsiniz, “Qolos Amerika” axşam nə dedi?   

Camaat o dəqiqə intizarla səs-küy salırdı:

- Nə dedi, ay Həbib kişi? 

- Dedi ki, SSRİ-ni biz dağıdacağıq, məhv edəcəyik, nə bilim nələr…

Bunları elə deyirdi ki, onun üçün mənfi nəticələnməsin. Axı o dövrdə SSRİ-nin əleyhinə bir söz deyən olanda, tutub, aparardılar. Ona görə, Amerika radiolarına qulaq assa da, çox zaman SSRİ-ni tərifləyirdi. Ətrafına yığışan adamlar da ona qoşulurdu, SSRİ-ni az qala göyə qaldırırdılar. 

Amma Sovet dövründə milli mədəniyyətə, milli özünüdərkə meyl daha güclü idi. Sovet adamlarının çoxu milli vətənpərvərlik hissini açıq göstərə bilməyəndə, idmanda, incəsənətdə, yaxşı şeir yazmaqda özlərini realizə edirdilər. O dövrdə məsələn, yaxşı idmançı Azərbaycan xalqının başqa millətlərdən üstünlüyünü önə çəkmək, milli qürurumuzu təmsil etmək üçün formalaşdırılırdı. Ona görə, SSRİ-nin tərənnümü içərisində yaşasaq da, məndə də milli ruh çox erkən formalaşmışdı.


“Kəndin Mədəniyyət evində tamaşalar nümayiş etdirir, musiqi proqramları hazırlayırdıq”

- Uşaqlığımız boş, darıxdırıcı keçməyib. Kəndlərdə o zamanlar Mədəniyyət evləri var idi. Orada dərnəklər açılmışdı. Mən özüm həmin dərnəklərdə şagird yoldaşlarımla birlikdə aktiv iştirak edirdim. Tamaşalar, kiçik konsertlər keçirirdik. Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” pyesini səhnələşdirmişdik. Kəndin klubunda camaata bir neçə dəfə tamaşamızı nümayiş etdirmişdik.

Bundan başqa, Cəfər Cabbarlının “1905-ci ildə” əsərini, “Sevil” pyesini və s. hazırlamışıq. Bu tamaşalarda bizim məktəbin müəllimləri baş rolları ifa edirdilər, bizə isə yardımçı rollar verilirdi. 

Hətta Bakıdan da tez-tez kəndimizə teatr heyəti gəlirdi. Tamaşalar göstərirdilər.

Şagirdlərlə birlikdə kiçik bir ansambl da yaratmışdıq. Səsimiz ala-babat olsa da, həvəslə müxtəlif musiqiləri ifa edirdik. Mən qaval, nağara çalırdım. 

1964-cü ildə kəndimizə ilk televizor gəlib. Qonşularımızdan biri almışdı. Uşaqlarla yığışıb, ona baxırdıq. Televizor gəlməyinə baxmayaraq, kəndin klubunda nümayiş olunan kinoya maraq qalırdı. 20 qəpiyimizi verib, müxtəlif kinolara baxırdıq. 

“Ən böyük nöqsanım odur ki, kəndlə əlaqələrim sıx deyil”

- Sovet dövrünün özəlliyi var idi. Amma müstəqil dövlətin vətəndaşı olmaq sözsüz ki, qürurverici hisdir.

Birinci Qarabağ müharibəsi illərində Tərtərə çox gedib-gəlirdim. Sərhəd bölgələrini daim diqqətdə saxlayırdıq. Təşviqat briqadası yaradılmışdı.  Mən o zamanlar kafedra müdiri kimi çalışırdım. Elə öz kafedramızın müəllimləri, Milli Azadlıq Hərəkatının liderlərindən olan İskəndər Həmidov və Tərtər Cəmiyyətinin digər üzvləri, rayonun ziyalıları bir yerə yığışıb, rayona yardımlar aparırdıq. Xocalı soyqırımından sonra bizim səfərlərimiz daha çox artdı, əsgərlərlə, komandirlərlə sıx sıx görüşlər keçirirdik.


Hərdən düşünürəm ki, ən böyük nöqsanım, kəndlə əlaqələrimin sıx olmamasıdır. Xüsusilə, son dövrlərdə. Amma bu, tək mənim laqeydliyim, mənim günahım deyil. Çünki, mənə elə gəlir, kəndlərimiz əvvəlki simasını qoruyub saxlaya bilməyib. Kənd boşalıb. Gedirsən, əvvəlki dadı-tamı, cah-cəlalı yox dərəcəsindədir. Söhbət etməyə adam da tapa bilmirsən. 

Kəndlərimizə kömək etmək lazımdır. Kənd camaatına yardım göstərmək, insanların xüsusi mülkiyyətini idarə edə bilməsinə, qonşu ölkələrə işləmək üçün meyl etməməsinə çalışmaq lazımdır. Düzdür, bu sahədə müəyyən uğurlar var, amma daha kütləvi hal almasına səy göstərməliyik.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır