Modern.az

Mən ləqayətli vətəndaş olmaq istəyirəm, bəs siz?..  

Mən ləqayətli vətəndaş olmaq istəyirəm, bəs siz?..   

7 Fevral 2019, 08:28

Əlisəfa Mehdiyev

Pensiyaya çıxandan sonra Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində dərs deyirdim. Bir gün kadrlar şöbəsinin rəisi məndən hərbi biletimi tələb etdi. Gəlib evi, kabineti ələk-vələk elədim, tapammadım. H/Komissarlığa zəng elədim, orada da yox idi. Dedilər polis şöbəsindən bileti itirməyin barədə bir arayış gətir, dublikat verək. Getdim yaxınlıqdakı polis şöbəsinə, ərizə verdim, dedilər 2-3 günə çağıracağıq. Çağırdılar. 

Kabinetdə başda bir mayor, solda işgüzar kapitan, sağda “gülü burnunda” bir leytenant oturmuşdu. Soruşdular: “ Nə vaxt itirmisən?” Dedim: “Bilmirəm. Pensiyaya çıxandan sonra gərəkliyini duymamışam deyə aramamışam, mənə məlum olmayan zamanda və məkanda itirmişəm. İndi TTM-də mütəxəssis-zabit kimi dərs deyirəm, tələb olunur”.
Ömürcəmlə maraqlandılar.

Ağır döyüşlərdə olduğumu danışdım. Onlara döyüşün mənzərəsini təsvir etdim. Son nəfəsində onu sevdiyimi duyduğuna görə baxışlarını məmnluqla əbədi donduran, “Yox, komandir, ölməməliyəm, mən burada olmalıyam!” deyib də ölən, “Komandir, necə döyüşdüm?!” deyib də razılıq cavabımı alandan sonra ölən və, və, və... əsgərlərimdən danışdım. 100-dən çox əsgər balamı itirdiyimi, onları bu dövlətin bayrağına büküb necə gömdüyümü, bu höyüllü olayları gözlərimdən, huşumdan çıxarda bilmədiyimi, çıxarda bilməyəcəyimi danışdım.

Mən onlara səngər gecəsinin vahiməsindən, gündüzün üzbəüz düşmən izləməsinin tıncıxmasından, aclığın zorunda yabanı otların ləzzətindən, bitin qaşındırmasından aldığım həzzdən, əsgərlərimin dəliqanlı döyüş ərdəmliyindən aldığım zövqdən danışırdım.
Mən onlara dəfələrlə hospitallarda yatdığımdan danışdım. Mən onlara ağrının cürbəcürə rənglərindən söz açdım. Güllə yarasının, qəlpə yarasının, partlayışda fuqasla ətin-qanın qarışığından yaranan baş çartladan iyindən danışdım. Əzabını azaltmaq üçün ağrını necə sevməyin, onu necə dinləməyin çəmindən danışdım.

Danışdım, danışdım, danışdım... 2 saat! Bir də baxdım, başqaları da gəlib söhbəti dinləyirlər.
Mayor: “Yaxşı, müəllim, zəng edəcəyik, gəlib arayışı alarsınız” dedi. Gəldim evimə.

3 gün sonra o mayor zəng elədi: 

... arayış hazırdır, gəlib ala bilərsiniz” – dedi.
“Yaxşı, gəlirəm”, – dedim. O mayor:
“O qadına da bir hörmət...”, sözünü kəsdim:
“İstəmirəm!” – dedim. – “Mən o arayışı istəmirəm!”
“Niyə?”
“Get o arvada de ki, mən milyonlarla dəyəri olan mülkümün küpçüsünü itirməmişəm! Bank kartımı itirməmişəm! Həsrətində olduğum Antalyaya sanatoriya biletimi itirməmişəm! Mən bu Ölkənin zabitinin biletini itirmişəm!” – dedim.

“Ay müəllim, ay qardaaş!”

“Yooox! Get o arvada deynən ki, mən o bileti almayacam! Alıb da cibimə qoymayacam! Mən onu alıb cibimə qoysam utanacam!” – dedim.

“Müəllim, bir dəqiqə, bir toxta!” – dedi.

Dedim: “Cənab mayor! Get o arvada deynən ki, bu ölkədə bütün dəyərlər tapdalanıb!” Dedim də, telefonu qapadım.

5-6 dəqiqə keçdi, o mayor zəng elədi. Sürəkli zəng elədi. Davamlı zəng elədi. Açdım. Soruşdu:
“Müəllim, xahiş edirəm, telefonu qapamayın. İndi haradasınız?”

“Uzaqdayam”, – dedim.

Dedi: “Müəllim, ölkənin harasında olursunuz olun, yerinizi deyin, arayışı özüm gətirirəm!”
Onun bu sayğılı ötkəmliyi məni islah etdi: “Universitetdəyəm”, – dedim.

5 dəqiqə keçməmiş zəng elədi. Bu qədər iti gəlmişdi. Düşdüm. Universitetin girişindəki M. Ə. Rəsulzadəyə heykəl qoyulası yerdə var-gəl edirdi. 

Əlimi iki əli ilə tutdu. O, israrla üzr istəyirdi! Dönə-dönə üzr istəyirdi. Mən yalnız bayrağımı təhqir edən adamdan bu sayaq üzr qəbul edərdim. O polis zabitinin peşmançılıq ifadəsi çırpıntı idi, bağışlanmayacağından qorxu xofu idi. Onun baxışlarındakı məzmun bütün şəhidlərimin, veteranlarımın əzabına məsul olma duyğusu idi. O bu an mənim mən olmağmda, ona bu sözləri deməyimdə bir bütöv, döyüşən Taborun haqqı, şərəfi, qeyrəti olduğunu sınırmışdı. O bu an bu davranışıyla Ulusumun ən ləyaqətli övladı olması görsənişlərini verirdi...

“Cənab mayor, özünüzü ələ alın, hər şey qaydasındadır, oldu, bitdi!” – dedim. Arayışı aldım. Sağollaşmaq istədim. O, N. Qoqolun tanınmış personajı kimi getməyə tərəddüd edirdi, sonacan əminlik almamışdı, deyəsən.

Əlimi sənəmə qoyub, bir az da təzim etdim, sayğı ilə üzünə təbəssüm sərgilədim, əlini sıxdım. Yola saldım. 

O, bir neçə addım gedəndən sonra dönüb çağırdım:

“Cənab mayor, bir dəqiqə”. Durdu. Dedim:

“Siz məni inandırdınız, cənab mayor! İnandım ki, insan nə qədər peşə xəstəliyinə tutulsa da, rüşvətə, dələduzluğa, haramxorluğa uğraşsa da insanlıq məsuliyyətini sonacan itirmir. İnandım ki, əxlaqı bulaşmış hər bir məmurun vicdanını oyatmaq, durultmaq mümkündür”.
Qollarını açıb yenidən yanına saldı. Demək istəyirdi ki, "neyniyəsən, quruluş belədir."
Mən ona, o da mənə hərbi salam verdik.

Dərindən nəfəs ala-ala, qanad açıb uça-uça gedirdim! 
Arxadaşlarım, bilirsiniz nə düşünürdüm? 
Siz nə düşünərdiniz?

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?