Modern.az

Mübarizlərin vətəni basılmaz!

Mübarizlərin vətəni basılmaz!

7 Fevral 2019, 16:49

Uşaqlıqdan mübariz oğlan

 

Mübariz İbrahimov Biləsuvar rayonunun Əliabad kəndində, 1988-ci ilin şaxtalı bir qış günündə, fevralın 7-də doğulub. Ailəsi iki ad seçib ona verməyə. Müqəddəs ya da Mübariz. Son qərarları Mübariz olub. Deyilənə görə, adın da insanın taleyində müəyyən təsirləri olur. Yoxsa bu qədər Vətən sevdalı, mübariz olmaq necə olardı? Mübariz uşaqlıqdan çalışqan, mübariz idi. Dərslərindən əlavə boksla da məşğul olurdu. O, şəhid M. Piriyev adına orta məktəbi bitirdikdən sonra 2005-ci ildə hərbi xidmətə çağırılıb.

 

Hərbi xidmətdən Qarabağa doğru

 

Bu çağırışa toya, bayrama gedən kimi fərəhlə yollanıb Mübariz. Çünki onun qəlbində dəniz kimi bir fırtına tüğyan edirdi. Qarabağ müharibəsinin acılarını başqa heç nə ona unutdura bilməzdi. Ürəyinin başında Xocalı adlı bir yarası vardı Mübarizin... O, hərbi xidmətini Daxili Qoşunların "N" saylı Hərbi Hissəsinin Xüsusi Təyinatlı Bölüyündə çavuş rütbəsində əzmlə başa vurdu. Ancaq yenə ürəyi rahatlıq tapmadı. 2009-cu ildə o, yenidən hərbi hissəyə qayıdaraq taleyini hərblə daha sıx bağlamağa nail olur. Mübariz  burada hərbi biliklərini daha da genişləndirərək böyük bir məktəb keçir. Bu dəfə onun qəlbindəki mübarizlik, döyüş əzmi daha da aşıb-daşır. Gizir rütbəsini qazanaraq bir arzusuna çatır. O, ən böyük arzuladığı yola, Qarabağa bir az da yaxınlaşır. Daha kimsə onu yolundan saxlaya bilməzdi... Amma imanı onu ata-anasının xeyir-duasını almadan yola çıxmağa imkan vermirdi. Ona görə də, bir gün ata-anasına ürəyini açdı, dərdini söylədi. Atası Ağakərim kişi arif adamdı. Bilirdi ki, oğlu yolundan dönməz, amalından əl çəkməz. Odur ki, onu daha artıq incitmək istəmədi. Ana... ana ürəyi isə bir başqadı... Fəqət o, Mübarizin anası idi, dözməliydi və dözdü də...

 

Sevinc və qüssə

 

Mübariz isə xoşbəxt idi o anlarda. Daha onun qarşısını heç nə ala bilməzdi. Yollandı Qarabağa, bir komandir kimi əsgərlərinə igidliyi, şücaəti, dönməzliyi aşılamağa çalışdı. Bütün bilik və bacarığını onlarla paylaşdı. Ürəyi bir az dinclik tapsa da, Şuşa gözləri önündə canlandı, Laçın qayalarında qartallar qıy vurdu, Xocalının naləsi yaddaşından çəkilmədi ki, çəkilmədi... Sərhəddən doğma Vətən torpağını seyr etdikcə ürəyi parçalandı. "Axı nə vaxtadək doğma torpaqlarımıza uzaqdan baxacağıq?" deyə, sual etdi özünə, bir də mərd əsgərlərinə...

 

Qəhrəmanlıq gecəsi

 

...Nəhayət o gün gəlib çatdı. Mübariz İbrahimov 18 iyun 2010- cu ildə gecə saat 23:30 radələrində qulluq etdiyi  cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində düşmənlə arada olan minalanmış sərhədi təkbaşına keçərək bir anda qartaltək onların üstünə şığıdı. Düşmən bu gözlənilməz  hücumdan çaşdı. Üzərinə bir nəfər deyil, sanki bir ordu gəlirmiş kimi qorxuya, təşvişə düşdü... Mübariz isə o anlarda elə bir qəhrəmanlıq salnaməsini yazırdı ki, bircə həmləsində neçə düşməni vurub yerə sərirdi... Düşməni məhv etdikcə irəliləyir, onların silahını özlərinə tuşlayırdı... Bax, bu Şuşanın, bu Laçının, bu da... bu da Xocalıda işgəncəylə öldürülən körpələrin intiqamı... deyə, güllə deyil, sanki qəzəbdən od püskürürdü...

...Dşünürəm ki, Mübariz o gecə mənim də intiqamımı alırdı... İşğal olunmuş Ağdamın, doğulduğum Qiyaslı kəndinin, şəhid olmuş atamın, əlil qardaşımın, bir də Bərdədə dəmir vaqona sığınaraq dərddən, əziyyətdən ürəyi çat vermiş anamın intiqamını.... Və bütün ürəyi dağlanmış  anaların, bacıların, vəhşicəsinə qətlə yetirilmiş körpələrin, dərddən kədər heykəlinə dönmuş ataların, babaların intiqamını...

Mübariz qeyri-adi bacarıq və çevikliklə düz 5 saat təkbaşına bir ordu ilə savaşır. Nə usanır, nə də geri çəkilməyi düşünür... Mübariz arzusuna çatmışdı həmin  anlarda... Qarabağın torpağından, havasından güc almışdı sanki... Bu elə bir qəhrəmanlıqdı ki, Mübariz o gecə Müqəddəs adına qovuşdu... Sonda qəhrəmanlıqla Şəhid olsa da əbədi ömür qazanmışdı... Əsl yaşamaq da onun üçün bu idi. Daha rahat "yaşayacaqdı"...   

Bunu Mübarizin valideynlərinə ünvanladığı sonuncu məktubundan da hiss etmək olar:

"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-ol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam- ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz... Haqqınızı halal edin."

 

Azərbaycanın Milli qəhrəmanı

 

Atası Ağakərim kişi söyləyir ki, o qəhrəmanlıq gecəsindən sonra qürur hissi ilə yanaşı, həm də bir narahatlıq keçirib. Ta o vaxta qədər ki, tezliklə cənab Prezidentimiz İlham Əliyev Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayıb. Bütün türk dünyasının qəhrəmanı olan M.İbrahimovun adının əbədiləşdirilməsi üçün ölkəmizdə və onun hüdudlarıdan kənarda bir sıra işlər görülməyə başlayıb. Belə ki, Biləsuvar şəhərində lisey-məktəb kompleksinə və küçəyə M.İbrahimovun adı verilib. 2010-cu ildə Eldar Məmmədovun rejissorluğu ilə M.İbrahimova həsr edilən "Müqəddəs zirvə" adlı film çəkilib. 2011-ci ildə "Palmali" şirkətinin Türkiyədə hazırlandığı yük gəmisi onun şərəfinə "Mübariz İbrahimov" adlandırılıb. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfəngləri ailəsindən olan 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə "Mübariz" adlandırılıb. 2011-ci ildə Milli Qəhrəman Çingiz Mustafayev fondu və ANS Şirkətlər Qrupu tərəfindən M.İbrahimov "İlin adamı" adına layiq görülüb. 2016- cı ildə Sumqayıtdakı küçələrdən birinə onun adı verilib. Həmin ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə M.İbrahimovun heykəli ucaldılıb.

2013-cü ildə TRT 1 kanalında nümayiş etdirilən "Sakarya Fırat" və 2014-cü ildə yayımlanan "Qızıl alma" adlı seriallarda M.İbrahimovun qəhrəmanlığına geniş yer ayrılıb. 2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə M.İbrahimovun adına xatirə lövhəsi vurulub... M.İbrahimovun adının əbədiləşdirilməsi təkcə bu sadaladıqlarımızla bitmir...

Atası ona "Vətən" deyirdi

 

Mübarizin Vətənə böyük sevgisini hiss edən atası ona "Vətən" deyə, müraciət edərmiş. Və bu uca, müqəddəs   addan Mübariz sevincindən sanki qanad açıb uçarmış... Ata öz övladını bax, belə ruhlandırmış, atalar! Lap ölməz şairimiz Xəlil Rza Ulutürk misalı...

Ancaq Vətən olanlar belə qəhrəmanlıq göstərə bilərlər. Ömrünün gənc çağında, 22 yaşında beləcə bütün türk dünyasının qəhrəmanına çevrilmək olar...

 

Mübariz düşmənə anlatdı ki...

 

...O gecə qeyi-adi bacarıq, müdhiş bir qəhrəmanlıqla Mübariz düşmənə dərs verdi. Anlatdı ki, bizim bircə əsgərimiz öz misilsiz şücaəti ilə düşmənin bir ordusuna dəyər... Elə bilməyin ki, biz bu işğalla barışıb sakitcə oturmuşuq. Bir gün bax belə qəfil bir həmləylə düşməni darmadağın edər Azərbaycan əsgəri! Həm də bu müharibə düşmən üçün ədalətsiz sayılsa da, bizim üçün ədalətlidir. Çünki bu torpaqlar azərbaycanlıların qədim məskənidir. Bir vaxt düzlərdə qalmış erməni bəlasını torpağımıza calayanların günahıdır ki, sonra da nankorluqla  gəmidə oturub gəmiçi ilə dava edirlər... Amma bunu unutmayın- Mübarizlərin Vətəni basılmaz! Nə qədər güclü xarici havadarlarınız olsa da bir gün haqq qalib gələcək!

 

Hər birimiz bir əsgər...

 

Bu düşüncəylə Mübarizin qəhrəmanlığından sonra sanki bütün Azərbaycan ayağa qalxdı, hər kəs bir əsgər kimi Vətənin müdafiəsinə hazır dayandı. Qələm adamları da susmadılar. Yazıçı və şairlərimiz öz doğma qəhrəmanına cild-cild roman, hekayə, poema və şeirlər həsr elədilər. Mən daha çox uşaq ədəbiyyatına könül verdiyimdəm belə bir şeir qopdu ürəyimdən...

 

Bilirsinizmi

Kimdi qəhrəman?

Savaşda verməz

Düşmənə aman!

 

Özünü atar

Odun içinə.

Qırar düşməni

Tək öz gücünə...

 

Tariximizdə

O, şanlı bir iz!

Adı Mübariz,

Özü Mübariz!

 

...İllər, əsrlər keçəcək, amma Mübariz İbrahimovun qəhrəmanlığı unudulmayacaq! Hələ onun adına çox dastanlar yazılacaq, kitablar bağlanacaq... Vətən belə bir qəhrəmanını unudarmı heç?

Düşünürəm ki, hər birimiz öz əməlimizlə bir Mübariz olmağa çalışsaq talan olmuş yurdlarımız tezliklə düşməndən azad edilər və Vətənimiz gülüstana dönər... Mən də o müqəddəs, haqq aşiqinin- Mübariz İbrahimovun adına əlimə qələm götürəndən bir başqa dünyadayam sanki... Qarabağın düşməndən azad olunduğu bir dünyada... Çünki

 

İllər gəlib keçsə də,

Sağalmır can yarası.

Böyüyür axşam-səhər

Qəlbimdə Yurd ağrısı...      

 

Mina RƏŞİD

Ağdamın Qiyaslı kəndində doğulmuşam. Atam Rəşid 1992-ci ildə şəhid olub. Qardaşım Talib 2-ci qrup Qarabağ Müharibəsi əlilidir. Anam 1998-ci ildə Bərdədəki Dəmir vaqon şəhərciyində ağır xəstəliyə düşərək dünyasını dəyişib... Ali təhsilliyəm. Amma  yetimliklə, min bir əziyyətlə oxumuşam. Bakı Mədəni-Maarif Texnikumunu, sonra isə BDU-nu bitirmişəm. Mətbuatda çalışmışam və bu gün də əməkdaşlıq edirəm...

3 kitab müəllifiyəm. 1 kitabım uşaqlar üçündü. Hazırda daha çox uşaqlar üçün yazıram. Düşünürəm ki, bu daha vacibdi... Bir dəfə böyük, bir dəfə də uşaqlar üçün olan şeir müsabiqəsində 2-ci yeri tutmuşam. YB-nin üzvü, Prezident təqaüdçüsüyəm (2013).

Mübariz haqqında Sizə göndərdiyim aşağıdakı nağılı da  müsabiqədən təsirlənib yazdım. İndiyədək doğma qəhrəmanımızla bağlı araşdırmalar aparıb yazılar yazmadığım üçün özümü günahkar sayıram... Buna görə də Sizə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, mənim kimi düşünənlər çox olacaq... Allah Sizdən razı olsun!

 

MÜBARİZ

Bu bir nağıl olsa da, həqiqətdir...

 

Biri vardı, biri yoxdu. Azərbaycan adlı bir ölkədə Mubariz adında qoçaq bir oğlan vardı. O, vətənini çox sevirdi. Ona görə də hərbi xidmətə böyük həvəslə yollandı. Mübariz elə cəsur, elə şücaətli idi ki, hərbi xidmətini çavuş kimi başa vurdu. Aradan bir az keçdi... Mübariz dözmədi, yenə də hərbi hissəyə üz tutdu. Bu dəfə o, daha inadkarlıqla hərbi sirlərə yiyələnərək gizir rütbəsini qazandı. Gizir olmaq Mübarizin arzusu idi...

Amma onun ən böyük arzusu azərbaycanlıların doğma ata-baba yurdu olan Qarabağın ermənilərdən azad olunması idi. Qarabağın 20 faizindən çox hissəsi böyük dövlətlərin himayəsi ilə Ermənistan ordusu tərəfindən işğal olunmuşdu... Dünyada tayı-bənzəri olmayan dağ başında başı buludlara dəyən Şuşa şəhəri, gözəllik abidəsi Laçın, hər daşı-qayası bir möcüzə olan Kəlbəcər, yaraşıqlı Ağdam, Zəngilan, Cəbrayıl və başqa obalarımız düşmən əsarətində idi. Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda misli görünməmiş amansızlıqla həyata keçirilən soyqırım aktı Mübarizə rahatlıq vermirdi. Xocalıda uşaqların necə vəhşicəsinə öldürülməsi illərdi onun qəlbindəki qəzəbi böyüdür, düşməndən intiqam alacağına söz verirdi...

Gizir Mübariz İbrahimov bax belə bir arzu ilə Qarabağa getməyə tələsirdi. Amma əvvəlcə o, Biləsuvar rayonunda yaşayan ata-anasının xeyir-duasını almaq istəyirdi. Çünki Mübariz də valideynləri kimi imanlı biri idi. "Vətəni sevmək imandandır" deyiminin təsdiqini o, elə öz ailəsində anlamışdı...

Atası Ağakərim kişi bilirdi ki, Mübariz haqq yolunun yolçusudu və onu heç nə yolundan saxlaya bilməz. Odur ki, oğluna xeyir-dua verdi. Beləcə Mübariz Qarabağa yola düşdü. O, Tərtər rayonunda düşmənlə sərhəddə bir komandir kimi Vətənin müdafiəsində dayandı... Əsgərlər ondan bilik, bacarıqla yanaşı, həm də igidlik, əsl Vətən sevgisinin nə demək olduğunu öyrəndilər...

Bir gün, Mübariz düşmənlə arada olan sərhədi təkbaşına keçərək cəngavər kimi onun üstünə atıldı. O, buna çoxdan hazır idi, lap çoxdan... Düşmən isə belə bir qəhrəmanın gözlənilməz həmləsinə heç hazır deyildi... Mübariz oda-alova dönmüşdü sanki....İrəlilədikcə düşmən əsgərləri bir-birinə dəydi, qorxudan tir-tir əsməyə başladılar. Mübariz isə getdikcə onların başına od yağdırır, onlarla düşməni məhv edirdi... Erməni əsgəri sanki üstünə bir ordu gəlirmiş kimi çıxılmaz bir vəziyyətə düşmüşdü... Xocalıda o günahsız körpələrin qanı yerdə qalardımı heç? Bax bu da Şuşanın, Laçının, Kəlbəcərin.... qisası....

Mübariz yaxşı bilirdi ki, bu yolun sonu ölümdür. Amma ŞƏHİD olmaq kimi şərəfli bir ölüm... Saatlarla düşmənlə təkbaşına savaşan gizir Mübariz İbrahimov sonda qəhrəmanlıqla şəhid oldu. Onun ölümündən sonra belə düşmən əsgərinin qorxusu hələ canından çıxmamışdı. Yoxsa şəhid olmuş bir igidin əllərini kim bağlayardı ki?...

Çox keçmədi ki, ölkəmizin başçısı cənab İlham Əliyev Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi ilə bağlı sərəncam imzaladı. Beləliklə, Mübariz bir xalq qəhrəmanına çevrildi... Məktəb, küçə, gəmi, silah belə onun adını daşıdı. Haqqında dastanlar yazıldı, filmlər çəkildi... Bütün türk dünyasının qəhrəmanı olan Mübariz qardaş Türkiyədə də çox hormətlə yaddaşlara yazıldı... Dünyanın bir çox ölkələrində Mübariz adlı Azərbaycan qəhrəmanının şərəfinə xatirə lövhələri vuruldu, üçrəngli bayrağımız dalğalandı...

Uşaqlar, indi bildinizmi kimdir Mübariz İbrahimov?...

 

Mina Rəşid    

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir