Modern.az

“Diaspor Komitəsinin məmurları kimi çalışmaqla, diasporumuzu gücləndirməmiz mümkün deyil”

“Diaspor Komitəsinin məmurları kimi çalışmaqla, diasporumuzu gücləndirməmiz mümkün deyil”

2 Dekabr 2011, 12:50

Camal Mehmetxanoğlu: “Azərbaycan diasporu, Bütöv Azərbaycan diasporu olaraq formalaşmalıdır

Camal Mehmetxanoğlu milliyyətcə Azərbaycan türküdür. O, Türkiyənin Qars şəhərində anadan olub. 17 il Qarsda, 5 il İstanbulda yaşadıqdan sonra, 1980-ci ildən İzmirə köçüb. Artıq 31 ildir İzmirdə yaşayır. Camal bəy hazırda İzmir Azərbaycan Kültür Mərkəzinin və internetdə yayınlanan Canaz TV-nin rəhbəridir.

Modern.az saytı onunla müsahibəni təqdim edir.

- İzmir Azərbaycan Kültür Mərkəzi nə zaman yaradılıb, Mərkəzi yaratmaqda məqsədiniz nədir?

- İzmirdə 1991-ci ildə, Çağdaş Azərbaycan Kültür və Sənət Dərnəyi adıyla ilk Azərbaycan Dərnəyini yaradanların arasında mən də olmuşam. O tarixdən bu yana, İzmirdə 7-8 dərnək qurulub və qapanıb, hal- hazıda 2 dərnəyimiz var. Bizim dərnəyimiz 2008-ci ilin yanvar ayında yaranıb.
Hər il, “Azərbaycan Novruz Festivali” adıyla bir festival keçiririk. İki il üst-üstə, “Türkiyədə Muğam Fırtınası” adıyla, Qars, İğdır, Amasya, Ankara İzmir, İstanbul şəhərlərində silsilə muğam konsertleri təşkil etdik.

Bu il, “Türkiyədə yaşayan Azərbaycan Türklərinin I Qurultayı” adıyla bir qurultay keçirdik. Qurultayımıza 400-dən çox nümayəndə qatıldı. Azərbaycanımızın bütün məsələlərini bu qurultayda dilə gətirdik.

Bu il, Güney Azərbaycanın Milli Qəhrəmanı Səttərxanı anma gecəsi təşkil etdik. Önümüzdəki ay, Güney Azərbaycan Milli hökumətinin qurulması və yıxılması mövzusunda bir konfransımız olacaq. Bundan başqa 28 May günlərində Azərbaycan Cümhuriyətinin yaranması münsaibətilə konsertlərimiz, tədbirlərimiz olur. Yenə hər il, 31 Dekabrda “Həmrəylik Günü”nü qeyd edirik. 20 Yanvar olayları və Xocalı soyqırımı ilə bağlı “rəsmi dərnəyimizin” keçirdiyi tədbilərə qatılırıq, dəstək  veririk.

İnternetdə və facebook-da yaratdığımız qruplarla, üzvlərimizi, soydaşlarımızı mədəniyyətimiz və tariximiz barədə bilgiləndirməyə çalışırıq.

- İzmirdə nə qədər azərbaycanlı yaşayır? 

- Təxminən 50 mindən çox. Bunlar Qarsdan, İğdırdan, Amasyadan, Ağrıdan, sonralar Güney Azərbaycandan və son 20 il içində də Quzey Azərbaycandan gələn Azərbaycan Türkləridir.

- İzmirdə yaşayan azərbaycanlılar əsasən hansı sahələrdə çalışırlar? İzmir universitetlərində azərbaycanlı tələbələr təhsil alırlarmı?  

- Qarslı və iğdırlı, ümumiyyətlə türkiyəli Azərbaycan Türkləri, dövlət məmuru, işçi, tələbə, kiçik ticarətçidirlər, tək-tük iş adamlarımız da var.

Güney Azərbaycanlı dostlarımız (bunların sayıları təxminən 150 ailədir) İzmirdə,  ya da Türkiyədə universitet oxuyub, sonra da İzmirdə məskunlaşıb, Türk vətəndaşı olanlardır. Bunların çoxu həkimdir. Memar, mühəndis olanlar da var.

Quzeyli Azərbaycan Türklərinin bir qismi isə evlilik səbəbiylə gələnlər, bir qismi, musqiçilər, müğənnilərimiz, bir qismi də universitetlərdə dərs deyən professorlardır. Təxminən 150 ailə Quzey Azərbaycanlı dostumuz vardır.

İzmirdə təxminən, 300 civarında Quzeyli, 150-200 civarında Güneyli gəncimiz təhsil alır. Quzeyli tələbələrimizin böyük qismi Diaspor Komitəsiylə əlaqələrinə görə və tələbə təmsilçisinin, bizim dərnəyimizi, “rəsmi dərnək” olaraq görməməsinə görə, bizim tədbirlərimizə qatılmırlar.

Güneyli gənclərin milli fəalları bizim dərnyimizlə yaxın münasibətdədirlər.

- Tədbirlərinizə nə qədər azərbaycanlı qatılır?

- Bizim müxtəlif tədbirlərimizə qatılan, toplam 1000 civarında dostumuz vardır. Elə olur ki, bəzi tədbirlərimizə 50 nəfər, bəzi tədbirlərimizə 500 nəfər qatılır. Amma ümumiyyətlə 1000 civarında insanımız, bu və ya digər şəkildə müxtəlif tədbirlərimizə qatılırlar.

- İzmirdə digər diaspor təşkilatlarımız da varmı? Varsa onlarla əlaqələriniz hansı səviyyədədir?

- Yuxarıda dediyim kimi, Azərbaycanın Diasporla İş üzrə Komitəsi ilə yaxın əlaqədə olan bir dərnəyimiz də vardır. Ancaq, bu dərnək bizim dərnəyimizin varlığından narahat olmaqdadır.

Biz özümüzü Qeyri-Hökumət Təşkilatı kimi görürük. Onlar isə, özlərini Azərbaycan dövlətinin tanıdığı “rəsmi dərnək” kimi görür.

Bir də fərqimiz odur ki, biz Azərbaycanı bütöv olaraq görür ve Güney Azərbaycanın problemlərriylə daha çox məşğul oluruq.  Onlar da özlərini  “rəsmi dərnək” kimi gördüklərinə görə, bu məsələnin kənarında dayanırlar.

- Türkiyə bizə dost, qardaş ölkə olsa da, bəzən Türk vətəndaşları Azərbaycan haqqında yetərli bilgilərə sahib deyillər. Ötən il İzmir Qəzetçilər Cəmiyyətinin başkanı Atilla Sertel Azərbaycan Parlament Jurnalistlər Birliyinin dəvətilə Bakıya gəlmişdi. Onunla birgə gələn jurnalistlərdən biri “Sarı gəlin”in ermənilərə məzxsus olduğunu deyirdi. Biz ona başa saldıq ki, bu mahnı bizə - türklərə məxsusdur... Söhbətlərimiz zamanı onların Azərbaycan barədə çox da informasiyalı olmadığı görünürdü. O baxımdan da bilmək istəyirik ki, Türkiyədə - İzmirdə Azərbaycanı necə tanıyırlar?

- Təsbitiniz doğrudur, ümumiyyətlə Türkiyədə Azərbaycanı yaxşı tanımırlar. Ən pisi isə, Güney Azərbaycanı heç tanımırlar. Biz fəaliyyətlərimizlə, İzmirdə Azərbaycanın bütöv olaraq tanınması iüçün əlimizdən gələni edirik. Ən acısı da odur ki, Türkiyədə yaşayan Türkiyə azərbaycanlılarının özləri də, Azərbaycanı, mədəniyyətini, tarixini  yaxşı tanımırlar, hətta Güney Azərbaycanı çox az tanıyırlar. Biz hər şeydən öncə öz insanlarımıza mədəniyyətimizi, incəsənətimizi, tariximizi, ümumiyyətlə bütöv ölkəmizi tanıtmağa çalışırıq.

Artıq 5 ildir ki, təşkil etdiyimiz “Azərbaycan Novruz Festivalları”mızda bir gün Bakı, bir gün Təbriz gecəsi edirik, bir gün quzey, bir gün güneyli şairlərimizi, musiqiçilərimizi tanıdaraq, millətimizi, Azərbaycanı bir az daha yaxından tanınması üçün çalışırıq.

- Siz həmçinin Canaz TV-nin təsisçisisiz. Bu internet TV-ni  yaratmaq təşəbbüsü özünüzə məxsusdur?

- Bəli, özümə məxsusdur. Canaz TV-ni yaratdıq ancaq, heç kimdən dəstək görmədiyimizə görə, hələlik internet TV yayınlarımızı dayandırmışıq. İnternet TV-ni daha sonra peyk yayınına çevirməyi fikirləşirdik ancaq, internet yayınlarına belə davam edə bilmədik.

- TV-də əsasən hansı mövzulara üstünlük verirdiniz? Siz Qarabağla bağlı, Güney Azərbaycanın, bütövlükdə Bütöv Azərbaycan həqiqətlərinin dünyaya çatdırmaq üçün nə iş görmüsünüz və bundan sonra nələr etmək fikrindəsiniz?

-TV yayınlarımızı etdiyimiz zaman iki məsələni önə çıxarmışdıq - Güney Azərbaycan və Qarabağ məsələsini, bir də mədəniyyətimizin təbliği. İndi isə, yenə də, Güney Azərbaycan və Qarabağ problemlərimizi xəbər portalı kimi canaz.tv yayınlamağa davam edir. Öz imkanlarımız təzədən yerinə düşəndə, yenə də internet tv yayınlarımızı başladacayıq.

- Türkiyə mətbuatı ilə münasibətlərinizi necə qurursunuz?

- Məncə zəifdir. Türkiyədə mətbuatda ümumiyyətlə, solçular və dinçilərin fəaliyyəti var. Solçuların içində isə, kürd aydınlar və ermənilərin bəlli bir fəaliyyəti var. Dinçi mətbuatın marağı da, İslam ölkələri üzərinə fokuslanmış vəziyyətdədir.

- Türkiyədə - İzmirdə Azərbaycan türklərinə məxsus digər qəzet, jurnal, TV varmı?

- Təəssüflər olsun ki, yoxdur. Mən daha öncə, Boran FM adıyla bir radiostansiyası qurmuşdum. Azərbaycan musiqiləri səsləndirilən bir radio idi. Amma çox təəssüf ki, bu radionu da bir il ancaq yaşada bildik.

- Azərbaycan səfirliyindən, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən diqqət görürsünüzmü?

- Əfsuslar olsun ki, görmürük. Bizi “rəsmi dərnək” kimi görmürlər.

- “Diasporumuz formalaşmayıb” fikrini qəbul edirsizmi?

- “Diasporumuz formalaşmayıb” demək düz olmaz. Belə demək bəlkə daha düzdür: “Diasporumız yavaş-yavaş formalaşır”.

- Başqa qeyd etmək istədikləriniz varmı?

- Azərbaycan diasporu, Bütöv Azərbaycan diasporu olaraq formalaşmalıdır. Bunun üçün də, Qeyri-Hökumət Təşkilatları olaraq təşkilatlanmalıdır.

Dövlətə bağlı Diaspor Komitəsinin məmurları kimi çalışmaqla, Güney Azərbaycan məsələmizdən, Borçalı məsələmizdən, Dərbənd məsələmizdən uzaq dayanaraq təşkilatlar yaratmaqla, diasporumuzu gücləndirməmiz mümkün deyildir.

Aqil ASLAN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!