Modern.az

Kür çayı insan kimi doğulsaydı...

Kür çayı insan kimi doğulsaydı...

8 Fevral 2019, 14:36

Bu gün çağdaş Azərbaycan ədəbiyyatının özünəməxsus imzalarından olan, şair Əlisəmid Kürün 65 yaşı tamam olur.

Vurğulayaq ki, Əlisəmid Kür 1954-cü il, fevral ayının 8-i Salyan rayonunda doğulub Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib.

"Rəngli kölgələr", "Əlisəmid və qırx tanış üz","Kentavr","Çaylar məcrasından çıxanda", "Sonuncu dua" kitablarının müəllifi, bir sıra ədəbi mükafatlar lalaureatı, AYB-nin üzvüdür.

 

AYB-nin Muğan bölməsinin yaradıcısı və ilk sədri şair Namiq Hacıheydərli Əlisəmid Kürün yaradıcılığı haqda fikirlərini bir abzasa sığdırmağa çalışıb:

 

Dəli Kürə şeir deyən dəli-dolu şairimiz

 

- Əlisəmid Kür təpədən-dırnağa şairdir: yerişi, danışığı, davranışı, sağlıq deməsi, özünün əzab çəkə-çəkə ətrafındakılara "darıxma, yaxşı olacaq" söyləməsinə qədər bütün tərəfləri ilə. Və təxəllüsünə qədər... Mənə elə gəlir, Kür çayı bir şair adına təxəllüs kimi qoşulmaq üçün min il məhz Əlisəmidin gəlişini gözləyib. Bu adı ancaq Əlisəmid daşıya bilərdi. Əlisəmid dünyaya çay olaraq gəlsəydi, Kür çayı kimi var olardı. Kür çayı insan kimi doğulsaydı, Əlisəmid şəklində doğulardı. Kür çayına bu şeiri söyləyən dəli-dolu da ancaq o ola bilərdi:

 

Yağışlı bir gecədə

adımı söylədim Kürə.

Sağ-soluma baxdım

gördüm heç kəs eşitmədi.

Yağış dəli,

Kür dəli.

Qoşulub dəli sulara

şeir dedim

mən dəli...

 

Hazırladı: Nilufər Nil

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı