Modern.az

Mətbuat Şurası bəyanat yayıb

Mətbuat Şurası bəyanat yayıb

14 Dekabr 2009, 17:49

Azərbaycan Mətbuat Şurası «Euronews» telekanalında Dağlıq Qarabağla bağlı yayımlanmış qərəzli reportaja etiraz əlaməti olaraq bəyanat yayıb. Bu barədə Modern.az-a şuradan məlumat verilib.

Bəyanatda bildirilib ki, medianın Dağlıq Qarabağ münaqişəsinə mövqeyi konfliktin müzakirəsinə yönəlmiş təşəbbüslərin daim gündəmdə olması məntiqinə söykənib. Bu mənada, 135 ölkədə 250 milyon tamaşaçı auditoriyasına malik «Euronews» telekanalının da məsələyə eyni prizmadan yanaşması gözlənilən idi: «Təəssüf ki, telekanal əməkdaşlarının Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa səfəri  və nəticə etibarilə hazırladıqları reportajda nəinki qeyri-obyektivliyə, qərəzə və birtərəfli məhsul təqdimatına yol verilib, eyni zamanda aşkar siyasi mövqe nümayiş etdirilib ki, bu isə sivil media standartları ilə qətiyyən uzlaşmır. Belə bir reportajın telekanalda günlərlə yayımlanması səfər təşkilatçısı - Ermənistanın Avropalı Dostları (EuFoA) adlı qurumun və deməli, Ermənistanın məramına xidmət təsiri bağışlayır».

 

Bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarının intensiv məcraya qədəm qoyduğu vurğulanıb. «İndiki həssas şəraitdə oxşar mənfi meyllərin bəzi ölkələrin mediasında yer almasını sülh prosesinin əngəllənməsinə yönəlmiş məkrli kampaniya kimi dəyərləndirmək də mümkündür. İstəməzdik ki, dünya miqyaslı media qurumlarından sayılan «Euronews»un belə kampaniyalarda iştirakını ehtiva edən şübhələr yaransın» - deyə bildirilib.

 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumatların yer aldığı bəyanatda eyni zamanda bildirilib ki, Mətbuat Şurası ölkənin media ictimaiyyətinin ciddi narazılığını ifadə edərkən bu qənaətdədir ki, reportajda Dağlıq Qarabağın guya erməni mədəniyyətinə aid cəlbedici, unikal bölgə olması kimi yanlış və qərəzli fikirlərin qabardılması, Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Dağlıq Qarabağda formalaşdırılan separatçı rejimin “müstəqil dövlət”, separatçıların başçısının isə qondarma qurumun “prezidenti” kimi təqdim edilməsi, məsələ ilə əlaqədar azərbaycanlıların rəyinin öyrənilməməsi jurnalistika standartlarına zidd, ədalətsiz mövqedir və «Euronews» telekanalının nüfuzuna yalnız xələl gətirə bilər: “Azərbaycan Mətbuat Şurası belə qərəzli reportajın yanlışlıq üzündən efirə verildiyini düşünmək istərdi. Lakin reportajın davamlı olaraq bir neçə gün nümayişi, bu fikri alt-üst edir. Şura ümid edir ki, “Euronews” öz standartlarının pozulmasına, onun haqqında mənfi rəy formalaşmasına biganə qalmayacaq. Biz, telekanalın xəbərlər departamentinin rəhbəri Piter Bababasın bu günlərdə mətbuata açıqlamasına inanaraq ümid edirik ki, “Euronews” məsələ ilə əlaqədar Azərbaycan ictimaiyyətinin mövqeyini öz auditoriyasına çatdıracaq”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir