Modern.az

Qalstuksuz həmsöhbət - “Evdə tək olanda ac qalıram, heç çay da dəmləyə bilmirəm” - LAYİHƏ

Qalstuksuz həmsöhbət - “Evdə tək olanda ac qalıram, heç çay da dəmləyə bilmirəm” - LAYİHƏ

12 Fevral 2019, 08:40

Tahir Kərimli: “Qayğanağa görə, ödümü qurban verdim”


TRT1-də yayımlanan üç seriala, digər kanallarda da yerli və xarici xəbərlərə baxıram” 
 

Modern.az saytı “Qalstuksuz həmsöhbət” layihəsinə start verir. Bəri başdan qeyd edək ki, layihənin adı o anlama gəlməsin ki, müsahiblərimiz elə ancaq qalstuk taxan kişilərlə qalstuksuz söhbət olacaq. Xeyr, bu layihənin qonaqları sırasında xanımları da görə biləcəksiniz. Yəni layihənin məqsədi müsahib olacaq tanınmış simaları qeyri-rəsmi söhbətə çəkməkdir. Və çalışacağıq ki, həmsöhbətlərimizlə onların elə öz evlərində üzbəsurət olaq... 

Layihəyə hələlik deputatlarla başlayırıq... Amma gələcəkdə bu sırada digər sahələrdən olan tanınmış simaları da görə bilməniz mümkündür. 
İlk müsahibimiz isə Ali Məhkəmənin keçmiş sədri, Vəhdət Partiyasının rəhbəri, hazırkı deputat Tahir Kərimlidir.

Tahir müəllimin söhbətə razılığını alandan həmən sonra onun şəhərin mərkəzində, “Sahil” metrosunun yaxınlığında yerləşən evəndəydik...
Deputat formata uyğun olaraq bizi qalstuksuz qarşıladı, çay süfrəsi arxasına dəvət etdi. Çaydan bir qurtum içib, söhbətə başladıq. 

Həmsöhbətimiz deyir ki, hazırda yaşadığı ev ona “Məhkəmə quruluşu haqqında” qanuna əsasən verilib:

 

- Tahir müəllim, özünüzü qalstuksuz rahat hiss edirsiniz, yoxsa heç bir fərqi yoxdur?
 

- Mən 17 yaşımda məhkəmədə iclas katibi işləməli olmuşam. Onda məcbur idik  qalstuk taxaq. Elə o vaxtdan da məndə qalstuk taxmaq ənənəsi yarandı. Rəsmi yerlərdə qalstuk taxanda sıxıntım olmur. Amma qeyri-rəsmi yerlərdə kim qalstukla oturar ki?! Hamı istəyər ki, sərbəst olsun! 
 

- Evdə rəsmi olursunuz, yoxsa qeyri-rəsmi? 
 

- Rəsmi deyiləm. Mən mühafizəkaram. Ailədə köhnə adət-ənənələrlə yaşayanam, sərtəm. Övladım əsgərliyə getdi-gəldi, amma mən onun üzündən öpmədim. Amma onu da bilirəm ki, Məhəmməd peyğəmbər buyurub ki, övladlarınıza nəvaziş göstərin. Gözümü açmışam, görmüşəm ki, rəhmətlik atam övladları ilə necə pərdə saxlayır. Mənimlə də övladlarım arasında belə pərdə var. Bəlkə də mənfi xarakterdir. Amma nədirsə, həmişə öz yaxınlarımda neqativ, özgələrdə isə müsbət axtarıram. 
 


- Mühafizəkarlıq deyərkən adətən belə başa düşülür ki, kişi ev işləri görməz. Bəs siz necəsiniz, heç mətbəxə keçib yemək bişirirsiniz? 

 

- Düzünü deyim ki, yemək bişirməyi bacarmıram. Yalnız yumurta, özü də qayğanaq bişirə bilirəm. Mən lap ac qalıram, amma mətbəx işlərinə qarışmıram. Həyatım belə olub ki, uşaqlıdan heç zaman bazara, mağazaya getməmişəm. Bunu həmişə ailə üzvlərim edib. Ancaq yeməyə görə də danışan olmamışam. “Ay bu yemək pisdir, başqasını gətir” deməmişəm. Nə olubsa, onu yemişəm. 
 

- Fərz edək ki, evdə heç kim yoxdur, təksiniz və acmısınız. Bəs onda nə edirsiniz? 
 

- Evdə tək olanda, adətən ac qalıram. Ola bilər ki, haradasa çörək, pendir tapım yeyim. Mən hətta onu da bilmirəm ki, çayı dəmləmək üçün nə edirlər! Çay da dəmləyə bilmirəm. 
 

- Qulluqçu saxlamırsınız?
 

- Mənim yoldaşının atası kolxoz sədri olub. Onların evində qulluqçu da saxlanılıb. Amma bizim evdə heç zaman qulluqçu olmayıb. Özümüz həm ev sahibi, həm də qulluqçuyuq. Bizim elə imkanlarımız da olmayıb ki, qulluqçu saxlayaq. 
 


- Ailəniz haqda hansı məlumatları verəcəksiniz? 

 

- Üç oğlum, bir qızım, dörd nəvəm var. Nəvələrimin də üçü oğlandır, biri qız. Bir oğlum, bir qızım evlidir. İki oğlum isə subaydır. Qızım ər evində yaşayır. Oğlumla biz burada yaşayırıq. İnşallah oğlum üçün də müəyyən ehtimal var ki, öz evi olsun. 
 

- Evinizdə üstünə sizin rəsminiz həkk olunan nərd görürük. Nərd oynamağı çox sevirsiniz?
 

- Mən nərd oynayan deyiləm. O nərdi partiyamızın Nizami rayon təşkilatının sədri 60 illiyimlə əlaqədar olaraq hədiyyə etmişdi. Xoşum gəldiyinə görə servantın üstünə qoymuşam. Mən həyatımda lotereya almamışam. Ona görə ki, heç zaman bəxtimə güvənməmişəm. Həmişə çalışmışam ki, nəyisə özüm edim. Bu baxımdan  nərd, domino, kart oynamağı xoşlamıram. Şahmat, dama oyunu oynayıram. Uşaqlıqda isə güləş, futbolla məşğul olmuşam. 
 

- Hamı çalışır ki, asudə vaxtını səmərəli keçirsin. Ona nə qədər əməl edə bilir, bu başqa məsələ. Bəs siz boş vaxtınızda nələr edirsiniz?
 

Mənim həyatım sıxıntılı görünə bilər. İstər işdə olum, istərsə evdə, oxumağı sevirəm. Narkomanlıq təkcə tüstünü içəri çəkmək deyil ki! Mən də oxumağın narkomanıyam. Oxumasam ölərəm. Bu, mənim həyat tərzimdir. Oğluma deyirəm: Mən gündə 15 saat öyrənirəm, sən isə 5 saat. Neçə il lazımdır ki, gəlib, mənə çatasan?!

Televiziyada isə ancaq 3 filmə baxıram. TRT1-də yayımlanan “Diriliş Ərtoğrul”a, “Payitaht Abdulhəmid”ə, bir də “Mehmetcik”ə. Ondan başqa ancaq yerli və xarici xəbərlərə baxıram. 
 


- Evdə xanımınızla televizora baxmaq üstündə mübahisə yaranırmı? Məsələn, o seriala baxmaq istəsin, siz isə başqa kanalda xəbərlərə. 

 

- Evdə 2 televizor var. Bu cəhətdən işim tam rahatdır. Mən o biri otaqda kanalları izləyirəm. Uşaqlar da telefona baxırlar. Yoldaşım, gəlinim, indi biz oturduğumuz otaqda seriallara baxırlar. 
 

- Ən bahalı kostyumunuzun qiyməti nə qədər olub? 
 

Bir dəfə 1992-ci ildə Amerikadan kostyum almışdım. Amerikada univermaqda o kostyumu gördük, 1700 dollar qiyməti var idi. Onda yanımızdakı adam başa saldı ki, yaxınlıaqdakı digər mağazada eyni kostyumdan daha ucuz qiymətə satılır. Rəhmətlik Baş prokuror Murad Babayevlə birlikdə idim. Getdik həmin kostyumdan 300 dollara aldıq. Azərbaycanda aldılarım arasında isə ən bahalı kostyumumun qiyməti 450-500 manat civarındadır. 
 

- Deməli yerli brendlərdən istifadə edirsiniz...
 

Yerli brend istəyərəm, amma yerli brend olurmu? Mən dərzidə paltar tikdirirəm. Oğlumun bir dərzisi var, sadə adamdır. İş yeri Yasamaldadır. 350 manata yaxşı kostyumlar tikir. 
 


- Bildiyimizə görə, şeir də yazırsınız.

 

- Şeirlərim ictimai-siyasi motivlidir. Şəhidlərimizlə bağlı şeirlərim olub. Səməd Vurğuna nəzirə yazmışam: 
 

Bəşərin iblisi, divi, şeytanı,

Hər cövrü-cəfası partiyamızdır.

Odur ilhamçısı diktaturanın,

Müharibə vəfası partiyamızdır. 
 

Bayaq yeməkdən danışdınız, bu sualı vermədik: hansı yeməkləri xoşlayırsınız? 
 

22 yaşım var idi. Mənimlə söhbət apardılar. Biz də ən çox, Karl Marksı, Lenini oxuyardıq. Karl Marksın qızları Jenni, Laura atalarına hansı yeməkləri xoşlamasına dair suallar verirlər. Karl Marks da cavablar verir.

Mən də bundan ilhamlanıb özüm üçün suallar düzəltmişdim. Orada yazmışdım ki, lüləkabab və qayğanağı xoşlayıram. Qayğanağı hələ də xoşlayıram. Baxmayaraq ki, qayğanağa görə, ödümü qurban vermişəm, həkimlər ödümü kəsib atıblar.

Yaxşı yeməkləri xoşlayıram. Hinduşka kababını xoşlayıram. Bişmiş soğanlı yeməkləri yeyə bilmirəm. Qalan nə oldusa, yeyə bilirəm. 
 

- Tahir müəllim, kabab çəkməyi də bacarmırsınız? 
 

- Xeyr, onu da bacarmıram. 
 


- Hazırda süfrəyə qoyulan mürəbbələr, dükandan alınma mürəbbəyə oxşamır. Yəqin ki, rayondan gətirirsiniz. 

 

Mürəbbələri Ağsudakı ata evimdə meyvələri yığıb bişiririk. İsmayıllıdakı evimdəki həyətdən də yığırıq. İsmayıllıda özüm də köməklik edirəm. Zoğal, gavalı yığmağa köməklik etmişəm.

Yay vaxtı ailəm, İsmayıllıya, oradan da Ağsuya gedir. Çalışırıq ki, qışın tədarükünü orada görək. Turşu, mürəbbə hazırlayıb, zirzəmiyə yığırıq. Bakıya gəldikcə, onlardan da gətiririk.

Keçən il isə böyük oğlum, evdə nə qədər banka var, götürüb kiməsə vermişdi. Özümüz isə qaldıq belə heç nəsiz (gülür). 
 

- Deyəsən, evdə dəbdəbəyə çox üstünlük vermirsiniz. 
 

- Ən yaxşı evimiz buradır. Şükür edirəm, şəhərin mərkəzində qalıram. Baxın, bu evimin divarları çat-çatdır. Burada 27 ildir ki, yaşayırıq. Amma açığını deyim ki, evimi təmir etdirmək imkanım yoxdur. Artıra bilmirəm, ailəmiz böyükdür. Qayğılarımız çoxdur.

Ancaq olanımıza da min şükür! Təmtəraq pula bağlı şeydir. Bu yaxınlarda yazmışdım ki, insanın dünyada ixtira etdiyi ən böyük şeytan puldur. Çünki insan öz yaratdığı pulun quludur. Gərək pulun ola ki, hər şeyi düzəldəsən!

Mən həyatımda heç vaxt nəfsli olmamışam, pul arxasınca, maddi nemətlər ardınca getməmişəm.

Hakim işləyəndə, istəyirdim ki, Ağsudakı həyətimizdə ev tikəm. Amma Qarabağ məsələsi düşdü. O pulların bir manatını da özümə saxlamadım. Evin pulunu hamısını Qarabağ üçün xərclədim, silah-sursat alıb cəbhəyə yolladım.

Taleyimdən narazı deyiləm. Bəziləri gedib, rüşvətlə ev, maşın alar. Şükürlər olsun ki, rüşvətsiz, dövlət tərəfindən mənə ev verilib. Hazırda oturduğumuz ev “Məhkəmə quruluşu haqqında” qanuna əsasən, mənə verilib. İsmayıllıdakı evimi özəlləşmə zamanı aldıq.

O vaxt meydanda insanlar çadırlar qururdular. Mənə qarşı təzyiqlər olanda, camaat pul yığıb İsmayıllıdakı evi mənə aldı. O evim də hazırda təmirsiz vəziyyətdədir. Oğlumun köhnə də olsa, bir maşını var. Partiyanın da avtomobilini satıb yenisini almaq istəyirik. 
 


- Bu evə hansı ictimai-siyasi xadimlər təşrif buyurub? 

 

O zaman qərargah bu evə yaxın olduğuna görə, yoldaşlarla nahara bura gələrdik. Bura Tofiq Qasımov, Mirmahmud Mirəlioğlu və digərləri gəlib. Hakimiyyətdən düşdük, vəzifəyə qoyduqlarım, hörmət etdiklərim mənə salam da verməyə qorxdular.

Onda qalmışdılar ki, evimizdə gələydilər. Özüm təşəbbüsündə olmuşdum, 1500-dən çox dustaq azad edilmişdi. Ancaq o adamların biri də onlara yaxşılıq etdiyimi bilməyiblər. Belə ümumi yaxşılıqlar gözə görünmür. Onları qınamıram.

Amma şəxsən vəzifəyə qoyduqlarım bayramlarda heç mənə zəng edib təbrik də etmədilər. Düzü, mən də qaçmışam. Düşünmüşəm ki, müxalifət olduğuma görə, kimsə mənə görə ziyan çəkər. Bu evə uzun illər yaxınlarım, qohumlarım gəlib. 
 

- Ümumiyyətlə, evin qonaqlı-qaralı olmasını sevənsiniz? 
 

Bir nəvəm var, adını da Tahir qoyublar. O gələn kimi, imkan vermir mənə! Deyir ki, məni boynunda gəzdir. Qoymur ki, kitab oxuyum. Şükür Allaha ki, nəvələrim, övladlarım bura qonaq gəlirlər. Yoldaşım deyir ki, onların nazı ilə az oyna.

Düzü, hansısa qonağın gəlib-gəlməməyi haqda düşünməmişəm.


- Məşhur deyimi xatırladaq: “Uzaq qohumdansa, yaxın qonşu yaxşıdır”. Sizin belə qonşunuz varmı?
 

- Hacı Said kişi adında biri var idi, mənə yaxın idi. Rəhmətə gedib. Qonşularımızdan onunla yaxın idik, xanımlarımız bir-biri ilə mehribanlıq edirlər.

1992-ci ildə bu ev veriləndə, mən o dəqiqə bura yığışmadım. Ta o zamana kimi ki, qardaşlarım bu evin sahibi olan ermənini tapdılar. Erməni mənim düşmənimdir, amma düşmən də olsa, halallıq verməmiş bu evə gəlməzdim.

Bu ermənini tapdılar, halallığını verdik, pulunu ödədik. Biz bura köçənə kimi, hakimiyyətdən düşdük, olduq müxalifət. İndi hansı qonşu ilə oturub-durum?!

Mənə salam da vermirdilər. Qonşular da məndən çəkinirdilər, mən də özümü onlardan kənar tutmağa çalışırdım. Ona görə də sıx, yaxın dostluqlarımız olmayıb.

Ağsudakı, İsmayıllıdakı qonşularla isə çox mehriban idik. Çünki onlarla əvvəldən bir yerdə yaşamışıq. 
 


- Evdə nəsə xarab olanda usta çağırırsınız, yoxsa özünüz təmir etməyi bacarırsınız? 

 

- İsmayıllıda evdə çox işləyirəm. Ağsuya gedəndə qonaq olduğuma görə işləmirəm. Burada da lampa xarab olanda dəyişirəm, mismar vururam. Amma lap dərin elektrik işlərini bacarmıram. Onları qardaşlarım, kürəkənim bacarır. Çalışıram ki, xarab olan, sınan əşyaları özüm düzəldəm. Elə də olur ki, nəyisə düzəltmək istəyirəm, amma daha da xarab edirəm. 
 

- Qənaət bir norma, etikadır. Evdə elektrikə, suya, qaza qənaət edirsiniz? 
 

Axşama qədər uşaqların dalınca yüyürürük! Onlar işıqları yanılı qoyur, biz də söndürürük. Hər bir evdə az da olsa işıq yanmalıdır. Biz də hamı kimi qənaət edirik. Kommunal xərclərə çox da yol vermək olmaz. 
 

- Sirr deyilsə, aylıq kommunal xərcləriniz nə qədər olur? 
 

- Bələdiyyə ayda 60-70 manat birdəfəlik pul alır. “JEK” də alır. Bunları çıxsaq, qaz, işıq, su, aylıq 100 manatdan yuxarı tutur. 
 

- Xanımızla bazarlığa gedirsiniz? 
 

Mənə ayaqqabı, kostyum almaq lazım olanda getmişik. Bəzən də qızım, oğlanlarım özü alıb gətirir. 
 

- Bu evdə özünüzü daha çox harada rahat hiss edirsiniz? 
 

İçəridə yazı stolum var, işim olanda ora keçirəm. O biri otaqda da televizora baxıram. Mən onda əsəbiləşirəm ki, telekanallara baxanda yanımda səs-küy olsun.

Tək nəyəsə baxanda rahat oluram. Neçə illər, qohumlar rayondan gəlib bizim evdə qalıblar. Bu baxımdan evdə tam sərbəst, rahat ola bilməmişəm. Evdə adam olanda gərək abır-həyanı daha çox gözləyəsən.

Həmişə ya yoldaşımın, ya da mənim ehtiyacı olan qohumlardan kimsə gəlib bizim evdə qalıb. Ya məktəbdə, ya da universitetdə oxuyanda bizdə qalıblar. 



Aqşin Kərimov,
Mirmahmud Kazımoğlu
Fotolar İsmət Paşa

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...