Modern.az

Tanınmış neft mühəndisi Yaşar İbrahimov vəfat edib

Tanınmış neft mühəndisi Yaşar İbrahimov vəfat edib

Allah rəhmət eləsi̇n

13 Fevral 2019, 01:16


Azərbaycan neft sənayesinə ağır itki üz verib. Respublikanın zəngin təcrübəli  neft mütəxəssisi Yaşar Əlyar oğlu İbrahimov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.


Yaşar İbrahimov 14 may 1935-ci ildə Şəki şəhərində dünyaya gəlmişdi. 1953-58-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun neft-qaz yataqlarının istismarı üzrə dağ-mühəndis fakültəsində ali təhsil alaraq,  neft mühəndisi ixtisasına yiyələnmişdi. İlk əmək fəaliyyətinə dövlət təyinatı ilə 1958-ci ildə keçmiş S.Orconikidze  adına Neft-qazçıxarma İdarəsində adi operatorluqdan başlayaraq, sonrakı illərdə usta, mühəndis, növbə rəisi, sex rəisi, baş mühəndis və idarə rəisi vəzifələrində çalışmışdı. İşə daim məsuliyyətlə, vicdanla yanaşması, dərin biliyi və peşəkarlığı, neftçi yoldaşları ilə səmimi münasibəti, eyni zamanda həqiqət naminə prinsipiallığı, obyektivliyi ona çalışdığı kollektivlərdə dərin hörmət qazandırmışdı.


İşə daim yaradıcılıqla yanaşması, əmək məhsuldarlığının, neft hasilatının artırılması, neftçi əməyinin yüngülləşdirilməsi məqsədilə istehsalata tətbiq edilən onlarla qitmətli səmərələşdirmə təklifləri  onu respublikada təcrübəli, istedadlı bir neftçi-mühəndis kimi tanıtmışdı. Təsadüfi deyil ki, o, neftçıxarma işinin bacarıqlı mütəxəssisi və təşkilatçısı kimi 1980-ci ildə dövlət xətti ilə Kuba Xalq Respublikasına ezam edilmişdi.Orda çalışdığı 3 il ərzində Azərbaycan neftçisi adını daim yüksək tutaraq əzmkarlıqla çalışmış, yeni neft yataqlarının istismara verilməsində, kubalı gənc neftçilərin peşəkarlıqlarının yüksəldilməsində, neft hasilatının artırılmasında mühüm rol oynamışdı. Onun nəticəsi idi ki, Azadlıq adasının neft sənayesinin inkişafında səmərəli, qüsursuz xidmətlərinə görə Kubanın orden və mükafatlarına layiq görülmüşdü.


Uzaq bir ölkəyə üç illik xidməti ezamiyyətini ləyaqətlə, şərəflə başa vurduqdan, daha da zəngin təcrübə qazandıqdan sonra 1983-cü ildə doğma Azərbaycana qayıdan Yaşar İbrahimov ölkəmizin neft  sənayesinin inkişafı naminə yüksək fəallıqla çalışmış, Vətənə ləyaqətlə xidmət göstərmişdir.


Yaşar müəllim həm də böyük ədəbiyyat həvəskarı idi. Azərbaycan poeziyasının korifeyləri Nizaminin, Nəsiminin, Füzulinin, S.Vurğunun, Bəxtiyar Vahabzadənin yaradıcılıqlarının vurğunu idi, özü də gənclik illərində gözəl şeirlər yazardı. Onun kiçik qardaşı, M.Qorki adına Ümumittifaq mükafat laureatı,  Azərbaycanın tanınmış şairlərindən olan Vaqif İbrahim məhz Yaşar müəllimin şeirə-sənətə vurğunluğundan təsirlənərək şeir yazmağa başlamış, yüzlərlə populyar şeirlərin, poema və romanın, 10-a qədər şeir və publisistika kitablarının müəllifi olmuşdu.


Təəssüf ki, qardaşı Vaqif İbrahim kimi təsadüfi avtomobil qəzasına düşərək (taleyin acısı!..),  sağlamlığını itirən veteran neftçi 2003-cü ildə 55 illik şərəfli əmək fəaliyyətinə son qoymalı olmuşdu.


Respublikamızın tanınmış, zəngin təcrübəyə malik istedadlı neftçisi Yaşar İbrahimovun əziz xatirəsi bir vaxt onunla çiyin-çiyinə çalışmış iş yoldaşlarının, onu səmimi, gözəl bir insan kimi tanıyanların yaddaşında daim yaşayacaqdır.


Allah o gözəl, nurlu insana rəhmət eləsin!

 

Yoldaşlarından bir qrup

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi