Modern.az

Rövşən Rzayev: “Keçmiş əlaqələrin bərpa olunmasına çalışırıq”

Rövşən Rzayev: “Keçmiş əlaqələrin bərpa olunmasına çalışırıq”

Müsahibə

4 Dekabr 2011, 19:50

Noyabrın 28-də Berlində Qarabağın Azərbaycanlı icması ilə erməni icması arasında görüş keçirilməli idi. Erməni icmasından “Dağlıq Qarabağ: Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqu” adlı foruma qatılan olmasa da, tədbirdə Ermənistandan gələn və Almaniyada təhsil alan ermənilər iştirak edib.

Həmin görüşdə “Qarabağın Azərbaycalı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü, millət vəkli Rövşən Rzayev də iştirak edib.

Deputat Modern.az saytına müsabibə verib.

Rövşən müəllim, qəfildən bu formatda görüşün keçirilməsi təşəbbüsü haradan gəldi?

- Öncə onu deyim ki, bu qəfil görüş deyildi. Yadınızdadırsa, hələ 2007-ci ildə ziyalılarımız Qarabağa səfər etmişdi. 2009-cu ildə də ziyalılar yenidən Qarabağa getdilər. Biz əminik ki, Qarabağa qayıdacağıq. Bu, birmənalıdır. Ona görə də icma mümkün bütün variantlardan istifadə edib keçmiş əlaqələri, münasibətləri bərpa etməyə çalışır. Hesab edirəm ki, Almaniyada keçirilən bu görüş yuxarıda qeyd etdiyim səfərlərin davamıdır. Bir daha qeyd etmək istəyirəm ki, icmamız ötən müddət ərzində keçmiş əlaqələri bərpa etməyə çalışıb. Bunun təşəbbüsçüsü isə AvroQafqaz Mədəni-Elmi Mərkəzin professoru Yeva-Mariya Ayx və Azad Berlin Universitetinin professoru Udo Ştaynbax oldu. Onlar “Dağlıq Qarabağ: Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqu” adlı forum təşkil etdilər. Biz də həmin görüşdə iştirak etmək üçün Berlinə getdik. Görüş oldu, icmalararası dialoq isə baş tutmadı. Ancaq Ermənistandan olan QHT nümayəndələri bizimlə bir araya gəldilər. Maraqlı diskusiya oldu. Almaniyada təhsil alan erməni tələbələrin 20-ə qədəri də orada iştirak etdi. Onların bizə ünvanladıqları suallar, bizim onlara cavablarımız görüşü xeyli canlandırdı. Oradakı çıxışlar belə görüşlərin gerçəkdən zəruri olduğunu bir daha ortaya qoydu.

Maraqlıdır, şəxsən Rövşən Rzayev belə görüşlərdən nə gözləyir?

- Bir daha qeyd etməliyəm ki, bizim öz torpaqlarımıza qayıdacağımız şübhəsizdir. Bu, birmənalıdır. Ancaq təəssüf ki, 20 ildir belə görüşlər keçirilmir. Buna görə də erməni gəncliyində Azərbaycan barədə doğru olmayan, mənfi fikirlər formalaşıb. Bu kimi görüşlərələ həmin gərginliyi azaltmaq mümkündür.

Bu istiqamətdə bundan sonra hansı addımlar atılacaq?

- Bundan sonra da həm Almaniya, həm də Avropanın digər dövlətləri, ABŞ, Rusiya ilə olan əlaqələrimizdən istifadə edib eyni çərçivədə icmaların görüşünə çalışacağıq. Dialoqun baş tutması üçün lazımı addımları atacağıq. Hesab edirik ki, nə qədər çox danışıb müzakirələr aparsaq, arada inam yarada bilərik. Biri-birimizə tez inteqrasiya edərik. Məsələnin siyasi həlli dövlətlərarası məsələdir. Sadəcə biz icmalar arasında keçmiş əlaqələrin bərpa olunmasına çalışırıq. Keçmiş əməkdaşlığın bərpa edilməsi üçün indiki yaşlı nəsl bir körpü rolunu oynayır. Çünki icmaların gənc nəsli biri-birini tanımır. Əminəm ki, mənim bu fikirlərimi Qarabağdakı ermənilər arasından da dəstəkləyənlər çoxluq təşkil edir. Şəxsən mən 2009-cu ildə Qarabağa gedəndə bunun şahidi oldum. Sadə insanlar arasında heç bir problem yoxdur. Bizə qarşı mənfi münasibət görmədim. Hətta orada jurnalistlət yaxınlaşıb dedilər ki, biri-birimizi tanımaqdan ötəri qarşılıqlı jurnalist səfərləri olsun. Mən də hesab edirəm ki, belə səfərlər olmalıdır. İnanıram ki, Ermənistanda da sülhsevər qüvvələr çoxdur. Onlar da sülhün əldə edilməsi üçün əllərindən gələni edəcəklər.

Almaniyada olarkən Bundestaqın deputatı Velmanla da görüşmüsünüz. İcma üzvləri alman deputatla nədən danışdı?

- Alman depuatatlarla görüş bizim üçün çox vacib idi. Xüsusilə də Velmanla... Onunla bizim görüşü təşkil etdiyinə görə ölkəmizin Alamniyadakı səfiri Pərviz Şahbazova təşəkkür edirik. Biz Velmanla da görüşdük. Aramızda geniş fikir mübadiləsi oldu və görüş zamanı əsl həqiqətləri Velmana çatdırmağa nail olduq. 

 Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər