Modern.az

Bənzərsiz AzTV

Bənzərsiz AzTV

Media

14 Fevral 2019, 12:44

Orxan Qasımbəyli
 

fevralın 14-də Azərbaycan Televiziyasının 63, “Mədəniyyət” telekanalının 8 yaşı tamam olur

         
Hər bir demokratik dövlət yerüstü və yeraltı sərvətindən daha çox kütləvi informasiya vasitələri ilə tanınır. Nə xoş ki, bu “imzalar içində” Azərbaycanın da imzası var. Əgər ABŞ deyərkən CNN, Böyük Britaniyada BBC, Rusiyada “Pervı”, Türkiyədə TRT, Azərbaycan deyəndə düz 63 il öncə - fevralın 14-də ilk dəfə efirə çıxmış ilk televiziyamız – Azərbaycan Televiziyası (AzTV) yada düşür. Öz fəaliyyətində akademik ənənələrlə müasirliyi əks etdirməyə çalışması son illərdə AzTV-ni teleməkanın flaqmanına, daxili və xarici mətbuat üçün isə bir çox hallarda ilk informasiya mənbəyinə çevirib. Paytaxtımız Bakıda keçirilən bütün irimiqyaslı tədbirləri işıqlandırması (Silahlı Qüvvələrimizin və Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə keçirilmiş hərbi paradlar buna gözəl nümunədir), efir etikasına və estetikasına yüksək səviyyədə əməl etməsi, efirə düşünən və düşündürən ziyalıları cəlb etməsi, bayağı və ucuz verilişlərdən imtina etməsi AzTV-nin daha fərqli və samballı imicinin yaranmasına səbəb olub. Bu gün AzTV öz proqram siyasətində “xalqın sevinci sevincimiz, xalqın kədəri kədərimizdir” prinsipinə əməl edən tək-tük televiziyalardan biridir.

         
7-ci onilliyyinə doğru uğurlu və inamlı addımlarla irəliləyən AzTV-nin ictimai-siyasi və mədəni həyatımızda oynadığı müstəsna roldan çox danışılıb. Bir daha təkrar etmək istərdik ki, AzTV bu uzun və kəşməkeşli illərdə milli-mənəvi dəyərlərimizə sadiqliyini həm sözdə, həm də əməldə nümayiş etdirib, milli özünüdərkin formalaşmasında, böyük televiziya ailəsinin yaranmasında misilsiz xidmətlər göstərib.

         
Qürurverici tarixə malikdir AzTV! Elə onun yalnız 1988-ci ildə milli azadlıq hərəkatı zamanı nümayiş etdirdiyi cəsarəti xatırlatmaq yetərlidir. Kommust rəhbərliyinin bütün əngəllərinə baxmayaraq Azadlıq Meydanındakı mitinqdən canlı yayıma çıxan AzTV öz reportajı ilə yarım saatın içində SSRİ rəhbərliyinin yalan təbliğatını alt-üst etdi. AzTV-nin efirindən ziyalıların M.Qorbaçovun məkrli əməllərini ifşa etmələri, Vətənimizin başına açılan dəhşətli oyunları bütün xırdalıqları və təfərrüatı ilə açıqlamaları xalqımızın ürəyindəki azadlıq işartılarını daha da alovlandırdı. Dövlət Müstəqilliyinin əldə olunması yolunda AzTV-nin də itki verməsi xalqla birliyindən irəli gəlirdi. 20 Yanvar hadisələri AzTV-nin enerji blokunun partladılması, AzTV əməkdaşlarının SSRİ-nin həbsxanalarına atılması ilə nəticələndisə, Qarabağdakı müharibə AzTV-nin 6 əməkdaşının şəhidlik zirvəsinə ucalmasına gətirib çıxardı...

         
Müstəqil Dövlət quruculuğu mərhələsi ölkəmizin bütün sahələrində olduğu kimi, teleməkanımızın da inkişafına da gətirib çıxardı. 1956-cı ildə həftədə 2-3 dəfə 2 saat efirə çıxan Bakı telestudiyası (indiki AzTV) hazırda iri media holdinqinə çevrilib. Bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin tərkibində Azərbaycan Radiosu ilə yanaşı, cəmiyyətdə böyük rəğbət doğuran “Mədəniyyət” və “İdman Azərbaycan” telekanalları da fəaliyyət göstərir.

         
Onu da qeyd edək ki, AzTV-nin inkişaf tarixində bir sıra ictimai-siyasi xadimlərin rolu olub. Amma onların arasında böyük azərbaycanlı, milli lider Heydər Əliyevin və prezident İlham Əliyevin xidmətləri xüsusi yer tutur. 70-ci illərdə H.Əliyev öz dinamik və coşqun fəaliyyətilə AzTV-nin kütləvi informasiya vasitəsi kimi ictimai-siyasi yükünün artırılmasına, beləliklə, onun cəmiyyətə təsirinin və nüfuzunun yüksəlməsinə səbəb oldu. Onun hakimiyyətə ikinci qayıdışından sonra Milli Məclisdəki iclasların canlı yayılması, 1994-1995-ci illərdə paytaxtdakı həyəcanlı günlər zamanı xalqa müraciət etməsi AzTV-ni əsas informasiya mənbəyinə çevirmişdi. Həmin günlərdə xalq və beynəlxalq çevrələr məhz AzTV-ni izləyirdi.  Təsadüfi deyil ki, böyük lider Azərbaycan Televiziyasını “xalqımızın milli sərvəti” adlandırırdı. Onun ilk televiziyaya bu qiyməti verməsi, təbii ki, AzTV əməkdaşlarına böyük qürur verir.


Prezident İlham Əliyev isə AzTV-nin tarixinə iri hərflərlə yazılacaq böyük addım atdı. Yəqin ki, bir çoxlarının xatirindədir, 2005-ci ildə beynəlxalq qurumlar israrla AzTV-nin ləğv olunmasını və onun bazasında İctimai Televiziyanın yaradılmasını tələb edirdi. Lakin İlham Əliyev bu israrı qəbul etmədi və Azərbaycan Televiziyasının şərəfli tarixinin üstündən xətt çəkilməsinə yol vermədi. O, AzTV-ni Qapalı Səhmdar Cəmiyyətə çevirməklə ölkəmizin bəlli tarixinin audio və vizual salnaməçisinə çevrilmiş ilk teleradiomuzu qoruyub saxladı, AzTV-2 kanalının bazasında isə İTV-ni yaratmaqla həm demokratik dəyərlərə sadiqliyini təsdiqlədi, həm də yerli teleməkanın daha da genişlənməsinə və inkişafına təkan verdi.


Prezident İlham Əliyev iki dəfə – 2006-cı və 2019-cu illərdə AzTV rəhbərliyində kadr dəyişikliyinə getməklə bu media quruluşunun inkişaf mərhələlərinin fasiləsizliyini təmin edib. Məhz bu vacib addımlar AzTV-nin nüfuzunu cəmiyyətdə artıran amillərdəndir. Azərbaycan Televiziyasını hər kəs izləyir, hətta dövlətin siyasi xəttinə sadiq qaldığı üçün onu “bəyənmədiklərini” deyənlər belə bu televiziyaya diqqətlə baxdıqlarını etiraf etməli olurlar.


Məhz dövlətin qayğısı nəticəsində birinci mərhələdə AzTV-nin maddi-texniki bazası gücləndirildi, köklü kadr dəyişikliyi və islahatlar aparıldı, yeni nəsil aparıcılarının, reportyorların, rejissorların, operatorların yetişdirilməsi üçün mühüm addımlar atıldı. Bu tədbirlər QSC-nin nəzdində “İdman Azərbaycan” və “Mədəniyyət” telekanallarının yaranmasi, AzTV-nin daha bir korpusunun, özü də müasir texniki avadanlıqlarla təchiz olunmuş yeni studiyalardan ibarət olan binasının tikilməsilə nəticələndi.


Bu illər ərzində Rafiq Hüseynov, Həqiqət Əsgərzadə, Nərgiz Cəlilova, Dilarə Səlim, Rafiq Həşimov, Eldar Məmmədov və başqa tanınmış aparıcılar və mütəxəssislər AzTV-yə qayıtdılar. Əfsanəvi diktor Rafiq Hüseynovun aparıcıların bədii rəhbəri təyin edilməsi onlarla gəncin bu ixtisas üzrə efirə vəsiqə qazanmasına səbəb oldu. Bundan başqa, teleməkandakı tanınmış aparıcıların AzTV-yə dəvət olunmaları və burada daha da təkmilləşmələri üçün bütün şərait yaradıldı. Hazırda AzTV, Mədəniyyət və “İdman Azərbaycan” telekanallarının aparıcıları və şərhçiləri elə peşəkarcasına sənətlərinə yiyələniblər ki, onlar veriliş və proqrama qatılan mütəxəssislərlə bərabər səviyyədə istənilən mövzunu sərbəst şəkildə müzakirə edə bilirlər.


Bu gün AzTV, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarında Nərgiz Cəlilova, Dilarə Səlim, Rafiq Həşimov, Fikrət Adıgözəlov kimi təcrübəli aparıcılarla yanaşı, Rövşən Məmmədov, Rəşad Mehdili, Ruslan Həsənov, Rüfət Həmzəyev, Aqil Məmmədov, Elnur Orucov, Nailə Babayeva, Tural Orucov, Lalə Məmmədova, Ceyhun Vaqifoğlu, Nərmin Xəlilova, Kazım Quliyev, Natəvan Babayeva, Röya Bənənyarlı, Kseniya Anisimova, Nəzrin Kazımova, Əfsanə Mehdiyeva, Ayşəm Bəşirova, Gülər Quliyeva, Təranə Ziyadzadə, Səyavuş Əliyev, Rəşad Rafiqoğlu, Ramiz Məmmədzadə, Tural Məmmədov, İsmayıl Abdullayev, Nurlan Hacıyev, Fərid Ramazanov, Tərlan Şahinoğlu, Əli Tağızadə, Ruslan Rüstəmov İqbal Aslanov kimi peşəkar aparıcılar və şərhçilər fəaliyyət göstərir. Onların hər biri təkcə aparıcı kimi deyil, həm də əsl televiziya mütəxəssisi kimi yetişdirilir.


AzTV, “Mədəniyyət” və İdman Azərbaycan”dakı veriliş və proqramlar xəbərləmə, maarifçilik və əqləncə prinsiplərinə tam uyğun şəkildə yayımlanır. AzTV-nin ictimai-siyasi blokuna daxil olan “Həftə”, “Günün nəbzi”, “Əsas məsələ”, “Bizim planet”, “Nəsillərin debatı” proqramları səviyyə baxımından çox fərqlidir. Hazırda AzTV sədrinin vəzifəsini icra edən Rövşən Məmmədovu isə bu kanal üçün “əsl tapıntı” adlandırmaq olar. Təsadüfi deyil ki, AzTV-nin yeni mərhələsində məhz Rövşən Məmmədova yüksək etimad göstərilib.


Hazırkı mərhələdə AzTV-də yeni tok-şouların efirə çıxması, “Xəbərlər” proqramı studiyasının yenidən qurulması və yeni formatda tamaşaçılara təqdim edilməsinə hazırlıq işləri görülür. Bundan başqa, yaxın günlərdə yeni layihələrin efirə çıxacağı gözlənilir. AzTV-nin fəaliyyətində duyulan bu hərəkətlilik və intensivlik prezidentin AzTV kollektivinə göstərdiyi etimada layiq olmağa çalışmadan xəbər verir.


AzTV-də “Səhər”, “Səadət”, “Görüş yeri”, “Ana dili”, “Elm və innovasiya”, “Tələbə dünyası”, “Xəmsə”, “Mən azərbaycanlıyam”, Şahmat klubu”, “Turan”, “Kino-xəbər”, “Regiön xəbərləri”, “İllərin nəğmələri”, “Dadlı dünya”, “Kənd saatı”, “Bağçılıq” kimi, “Mədəniyyət” kanalında “Buta”, “Xəbər var”, “Məclisi üns”, “Tam fərqli”, “Zamanın sorağında”, “Yaddaş”, “Yada düşər xatirələr”, “Azərbaycan dili”, “Azərbaycan Tarixi”, “Keçmisdən gələcəyə”, “Musiqi xəzinəsi”, “Azərbaycan muğamı”, “Sərbəst söhbət”, “Teatr”, “Rənglərin nəğməsi”, “PalitraART”, “Haqqın dərgahı”, “Kinosalnamə”, “Sönməyən ulduzlar”, “Azərbaycan muzeyləri”, “Balacam”, “Dərsdən sonra”, “Sənət Ocağı”, “İdman Azərbaycan” kanalında “İnstasport”, “İdman ve media”, “Favorit”, “Telefitnes”, “Oyunun hakimi”, “Flaqman” və sair kimi veriliş və proqramlar tamaşaçılarda böyük rəğmət doğurur.                             


İstər AzTV, istərsə də “Mədəniyyət” telekanalında ölkə ziyalılarının verilişlər aparması isə bu media quruluşlarına yalnız başucalığı gətirir. Bu mənada, Rasim Əliquliyev (“Elm və innovasiya”), Nizami Cəfərov (“Azərbaycan dili”), Sərdar Fərəcov (“Musiqi xəzinəsi”), İlqar Fəhmi (“Məclisi üns”), Kərim Şükürov (“Azərbaycan tarixi”), Yunus Oğuz (“Yaddaş”), Aydın Kazımzadə (“Kinosalnamə”), Arif Hüseynov (Dərsdən sonra”) kimi tanınmış ziyalıların verilişlərə cəlb olunması təcrübəsinə hər kanalda rast gəlmirsən.


Bundan başqa, AzTV və “Mədəniyyət” kanalının bir sıra mədəniyyət ocaqları ilə birlikdə mədəniyyət və incəsənətimizin inkişafına töhfələr vermiş korifeylərə, görkəmli mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş konsertlərin, ədəbi-bədii gecələrin təşkilatçısı qismində çıxış etməsi, tamaşaçılara yüksək zövqlə hazırlanmış konsertlər bəxş etməsi çox sevindirici haldır. Bu, həm keçmişə hörmət, həm də gələcəyə ötürülən misilsiz sərvət deməkdir.


Amma, əlbəttə ki, tamaşaçıların səbirsizliklə gözlədikləri proqramlardan biri də Heydər Əliyev Fondunun dəstəyilə keçirilən muğam televiziya müsabiqələridir.  Bu il martın sonunda başlayacaq 7-ci Muğam Televiziya Müsabiqəsinin klassik sənətimizə yeni səs və avazlar bəxş edəcəyi, xanəndələr ordusunu daha da zənginləşdirəcəyi şübhəsizdir.  


Bu ilin sonunda 60 illiyini qeyd edəcək “Azərbaycantelefilm” də dəyişikliklərdən kənarda qalmayıb. Artıq bu yaradıcılıq birliyi “Sabah” emalatxanası ilə də müştərək fəaliyyət göstərəcək. “Azərbaycantelefilm” il ərzində bədii, sənədli televiziya filmlərini və cizgi filmlərini çəkməyə hazırlaşır. Seyrçilərin hökmünə veriləcək əsərlər arasında film-tamaşalar da olacaq.


Bir sözlə, 63 yaşını qarşılayan AzTV-ni irəlidə maraqlı günlər gözləyir. Bizə isə ölkənin Birinci kanalına “Yolun açıq və uğurların bol olsun!” demək qalır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu