Modern.az

Mənim kəndim - Xalq artisti: “Atam rektora məktub yazdı: “Oğlum sizin universitetdə oxumayacaq””  

Mənim kəndim - Xalq artisti: “Atam rektora məktub yazdı: “Oğlum sizin universitetdə oxumayacaq””   

Reportaj

15 Fevral 2019, 12:35

Əjdər Həmidov: “O zaman evlərin kilidi olmurdu, qapıları bağlamazdılar... hamı bilirdi ki, oğurluq etməzlər”


Kənd mühiti, kənd camaatı, kəndin səfalı təbiəti şəhərə köçəndə insana daha doğma gəlir. Kəndin qədrini kənddən çıxıb, illərlə iri şəhərdə yaşayan bilər desək, yerinə düşər. Modern.az-ın “Mənim kəndim” layihəsinin qonaqları da uzun illərdir kənddən uzaqlaşan, dağda-daşda qaçan, at belində keçən uşaqlığı üçün burnunun ucu göynəyən ziyalılardır. Keçmişdəki uşaqlıq illərinə qayıdan böyük insanlar körpə uşaq kövrəklikliyi ilə yaddaşının künc-bucağında ilişib qalan maraqlı xatirələri bizimlə paylaşırlar.


Bu dəfə xalq artisti, tanınmış aktyor Əjdər Həmidovu kövrəltdik. Özü də deyir ki, o, indi kəndə gedəndə kənd ona daha gözəl, daha şirin gəlir. Axı biz əlimizdə, hər gün gözümüzün qarşısında olan bir şeyi dəyərləndirə bilmirik. Ona görə, müsahibə ərzində arabir qısa xatırlatmalarla Əjdər müəllimin yaddaşını təzələsək də, onun öz ritmində ürəyini boşaltmasına aramsız suallarımızla mane olmadıq.

Müsahibimiz haqqında qısa xatırlatma

- Əjdər Həmidov 14 avqust 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olub. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilən Ə.Həmidov bu teatrın səhnəsində bir sıra maraqlı rolların ifaçısı olub.

Aktyor teatr fəaliyyəti ilə yanaşı, "Azərbaycanfilm"in istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar da yaradıb. "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirib. 2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib.

Əjdər Həmidov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 27 may 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.


İki rayonun, iki kəndin övladı…

- Kəndimizin coğrafi mövqeyindən harda yerləşməsindən, adının tarixindən danışım sizə. Hazırda Aygünlü adlanan kəndimiz əslində əvvəllər iki kənd olan Mollakamallı və Aygünlünün birləşdirilməsi ilə formalaşıb. Bu kəndlər bir-birinə çox yaxın olduğu üçün birləşdirilib, birinin - Aygünlünün adı ilə adlandırılıb.

Mən əvvəlki Mollakamallı kəndində anadan olmuşam. Kəndimiz Quba ilə Şabranın sərhəddində yerləşsə də, Şabranın tərkibinə daxildir. Elə maraqlısı da odur ki, mənim anam Qubadan, atam isə Şabrandandır. Sərhəddə doğulduğuma görə, özümü hər iki rayonun, hər iki kəndin övladı sayıram.

Mollakamallı kəndində böyümüşəm və Aygünlü kəndində orta məktəbə getmişəm. Anam Aygünlü məktəbində riyaziyyat müəllimi olduğuna görə, məni də həmin kəndə məktəbə yazdırdılar. Anam mənə də dərs deyib.

“Dərsdən evə çatan kimi atamdan gələcək şilləm hazır olardı”

- Anam ziyalı olsa da, biz daha çox atamdan qorxurduq. Çünki o, təhsilimizə çox fikir verirdi. Bizi oxutmaq məsələsində əzazil idi. Baxmayaraq ki, ali təhsil almamışdı, dərslərimizlə yaxından maraqlanardı. Bir də görürdün, dərsin şirin yerində qapı açıldı. Atam sinifə girdi. Ondakı həvəsə bax ki, bizdən xəbərsiz məktəbə gələr, sinifə girib, salamsız-kəlamsız arxa partada oturar, dərsi izləyərdi. Müəllimlərimiz də artıq onun xasiyyətini bilirdilər deyə, atam içəri girən kimi, məni lövhəyə çağırırdılar. O elə bilirdi ki, müəllimlər anamın xətrinə mənə şişirtmə qiymətlər yazırlar. Hətta anama həmişə tapşırardı ki, Əjdərə yalandan, şişirtmə qiymətlər yazma, yazdırma. Lövhəyə çıxıb, dərsimi danışa biləndə razı olurdu, dərsə hazır olmayanda isə evə gedib, məni gözləyirdi. Evə çatan kimi mənim “yağlı” bir şilləm hazır olardı.


“Atamın dediyi kimi oldu”

- İki qardaşıq. Atam həmişə mənə deyirdi ki, sən aktyor olacaqsan. Qardaşımı isə o zamanlar çox məşhur olan “prokuror” yəni, hüquqşünas vəzifəsində görürdü. Halbuki, məktəb vaxtı mənim yaxşı rəsm çəkmək qabiliyyətim var idi. Nizaminin, Füzulinin, Nəsiminin portretlərini çəkmişdim və onlar məktəbimizin dəhlizində asılmışdı. Rəssamlığa böyük həvəsim var idi. Atam isə icazə vermədi. Həmişə sözünü keçirən idi – “mən deyən olacaq, sən aktyor olacaqsan”. Anam qarışıq, bütün qohum-əqrəba atama qarşı idi. Deyinirdilər ki, uşağın rəssamlıq qabiliyyəti var, imkan ver öz yolu ilə getsin, kənd yerində aktyor olub, neynəyəcək? Amma atam heç kimi dinləmirdi. Teatrı, aktyor sənətini çox sevirdi. Bir dəfə yadımdadır, kəndimizə qonşu olan Rəhimli kəndinə mərhum xalq artistləri Nəsibə Zeyalova, Bəşir Səfəroğlu, Lütfəli Abdullayev qastrola gəlmişdilər. Atam həmin vaxt o kənddə işləyirdi. Birdən atam evə gəldi, tələsik yeməyini yedi, çıxdı. Bəs deməzsənmi, Nəsibə Zeynalova gəlir, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu – hamısı tamaşa göstərəcəklər, hazırlıq görməliyik. Mən o zaman atamın teatrı, aktyorları necə sevdiyini, hörmət etdiyini anladım.

Elə bil əli ilə qoymuşdu, atam. Mən orta məktəbi bitirən kimi sənədlərimi İncəsənət İnstitutuna  verdim, amma birinci il kəsildim. Daha sonra qardaşım Pedoqoji Universitetin Tarix fakültəsinə qəbul olundu. Halbuki, atam ona icazə vermirdi. Rektora məktub yazdı. Kənd camaatı birinci dəfə idi ki, belə bir şey görürdü, eşidirdi. Atam rektora yazmışdı ki, “mənim oğlum sizin universitetdə oxumayacaq. Xahiş edirəm, onu universitetən azad edəsiniz”. Dediyi kimi oldu, qardaşım dərsə gedə bilmədi. Və qəbul olunduğu Tarix fakültəsindəki təhsili yarımçıq qaldı.


İkimiz də ali təhsil ala bilmədən hərbi xidmətə yola düşdük. Bir yerdə əsgərliyə getdik, Yeni Sibir adalarında ikimiz də tank sürürdük.


Nəhayət atamın hər ikimizə - qardaşıma və mənə biçdiyi sənətlərə ancaq hərbidən qayıdandan sonra yiyələnə bildik. Dediyi həyata keçdi, mən aktyor oldum, qardaşım isə prokuror. İncəsənət İnstitunun Dram, Kino aktyorluğu fakültəsinə mən, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə isə qardaşım daxil oldu.


“Kənddə keçən uşaqlığım yadıma düşdükcə, indi də kövrəlirəm”

- Kəndimiz mənim üçün çox doğmadır. Orada keçən uşaqlıq illərim, çətinlik içərisində yaşadığımız xoş anlar yadıma düşdükcə, kövrəlirəm. Məktəbdən çıxandan sonra uşaqlarla bir yerə yığışıb, oyunlar oynayardıq. Məktəbimizin yanında köhnə su dəyirmanı vardı. Onun gizlənə biləcəyimiz yerlərində qamışlarla müxtəlif oyunlar qururduq. O vaxt “Çinkhaçuk”  kimi filmlər var idi. Ondan ilhamlanıb, özümüz üçün oyunlar yaradırdrıq. Dava-dava oyunlarımızın adını da elə “çinkhaçuq” qoymuşduq.

Ən sevdiyimiz oyun isə futbol idi. Çoxlu futbol oynayırdıq. Biz futbol oynayanda böyüklər stadiona gəlib, oyunumuzu izləyirdi.  Ağsaqqallar belə işlərlə yaxından maraqlanırdılar.

Bir dəfə, futbol oynamaq üçün özümüzə boş sahədə yer ayırmışdıq. Meydançamızda dirəkləri yerə basdırıb, qapılar düzəltmişdik. Bu vaxt atam gəldi, əlində də “lapatka”. Futbol oynamağımıza əsəbiləşib, əlindəki kürəyi mənə necə atdısa, bir o yadımdadır, dabanıma tüpürüb qaçdım. Çünki vaxtında tərpənib, qaçmasaydım atdığı “lapatka” məni ikiyə böləcəkdi. Uzaqdan baxıb, gördüm ki, kişi meydançadakı qapıları söküb, çaya atır. Atam o qədər çətin adam idi ki, bütün kəndin uşaqları ondan qorxurdu, “Qüdrət gəldi!” deyəndə uşaqların arasına vəlvələ düşürdü.

“Kəndin ləzzəti, doğmalığı ancaq ordan köçüb gedəndə bilinir”

- Əgər mən kənddə qalsaydım, kənd həyatı mənə maraqlı, saf, duru gəlməzdi. Bir yerdə qaldıqca adamın gözü öyrəşir, yaşadığın həyat sənin üçün adiləşir. İndi isə hər dəfə kəndə gedəndə o günlər, futbol oynamağımız, uşaqlarla çöllərdə, kanalın ətrafında hoppanıb-düşməyimiz, elədiyimiz dəcəlliklər - hamısı gözümün qabağında canlanır. Kanal dediyim, kəndin kənarı ilə axan Dəvəçi-Samur su kanalıdır. Orada su daim palçıqlı axırdı. Heç nəyə fikir vermirdik, yay aylarında girirdik o palçıqlı suyun içərisinə, çimirdik. Sudan çıxanda üst-başımız pis günə düşürdü deyə, hər dəfə evdə döyülürdük.

Kənddəki evimiz, dediyim kimi, ikimərtəbəli idi. Damına çıxanda həm Quba yolu, həm də Xaçmaz yolu görünürdü. Atam işdən gələndə Xaçmaz yolu ilə gəlirdi. Biz hər gün atamın işdən gəlməyini evin damına çıxıb, gözləyirdik. O işdə olanda bütün gün oynayan, şuluqluq edən uşaqlar, gəldiyini görən kimi qaçırdıq, kitab-dəftərin üstünə. Nədir-nədir, atam gələndə bizi dərs oxuyan görsün.


Anam atamdan fərqli olaraq, daha mülayim xasiyyətli idi. Hətta hərdən atama acığı tutardı ki, bu uşaqlardan əl çək, uşaqdılar dərs də oxumalıdırlar, oyun da oynamalıdırlar, belə zalımlıq olmaz. Atam deyirdi yox, belə əzazil olmaq yaxşıdır. Uşaqlarla belə rəftar etməsən, onlar cığırından çıxar. İndi başa düşürəm ki, atam haqlı imiş. Onun sərt nəzarəti olmasaydı, məndən heç kim olmazdı.

Sadəcə, uzun illərdir mənə qaranlıq qalan məqam odur ki, atam məndə aktyorluq istedadını necə görüb. Bunu soruşmağa macalım olmadı. Hələ də düşünürəm. Uşaq vaxtı məktəbdə hazırlanan tamaşalarda mən dovşan rolunu oynamışam. Onu da deyim ki, atam mənə tar almışdı, rayona babamgilin yanına apardılar ki, tar öyrənim. Orda qalmadım, qaçdım evə gəldim. Nə çox sevdiyim rəssamlığın arxasınca getdim, nə də tarzənliyi öyrəndim. İndi peşmanam, rəsm çəkməyə əlim yatmır, tar çalmağı isə heç bacarmıram. Heyif, artıq gecdir.


“O zamanlar müəllim müəllim idi, şagird də ki, şagird”

- Kənd məktəbində o zamanlar tamam başqa abu-hava, tamam başqa aləm var idi. Müəllimlər müəllim idi, şagirdlər də şagird kimi yerini bilirdilər. Müəllimlərə hörmət-izzət böyük olardı. Yeddidən yetmiş yeddiyə müəllimə hörmət etməyən, baş əyməyən adam yox idi.

Şagirdlər məktəbdə müəllimin himayəsində olardı. Müəllim nə dedi, odur. Əlisahib adında bir riyaziyyat müəllimimiz var idi. Uşaqlar ondan elə qorxurdular ki, heç atalarından elə qorxmazdılar. Əlisahib müəllim  görəndə ki, uşaqlar küçədə futbol oynayırlar, gəlib dağıdırdı. Həmişə əsəbləşirdi futbol oynamağımıza. Gedin, dərsinizi oxuyun, nə boş-boş işlərlə məğulsunuz?! – deyirdi. Bizim müəllim qorxumuz dərsə davamiyyətin, nizam-intizamın da yüksək səviyyədə olmasına rəvac verirdi. Dərsə gecikmək, dərsdən qaçmaq olmazdı.

Aygünlü kəndindəki məktəbimiz tam orta məktəb deyildi, 8 illik idi. 9-10-cu siniflərini qonşu Beynəlmiləl kənd orta məktəbində oxumalı olduq. Atam bizim üçün velosiped almışdı. Məktəbə velosipedlə gedib-gəlirdik. Qardaşım, mən, əmimoğlu hər səhər velosipedimizə minib, dərsə yollanırdıq. Günorta növbəsi oxuyanda isə gecə evə gəlib, çıxırdıq. Bir dəfə yenə qış vaxtı axşam dərsdən qayıdırdıq. Kəndə çathaçatda yolumuzu canavarlar kəsdi. Üstümüzə hücum çəkdilər. İnandırım sizi, velosipedlə olmasaydıq, canavarlar bizi oradaca parçalamışdı. Yaxşı ki, cığırda deyil, torpaq maşın yolunda gedirdik. Bir də gördük, qabaqdan iri yük maşını gəlir. Sürücü bizi görən kimi maşının işıqlarını yandırıb canavarların üstünə sürdü. Biz isə qorxumuzdan var gücümüzlə velosipedlərimizi sürməyə başladıq. Necə canavarlardan yaxa qurtarmağa köklənmişdiksə, təngnəfəs gəlib kəndə çata bildik.

“Dağlarda bitən yemlik, turşəng, qanqalı yemək üçün darıxmışam”

- Yaz ayları gəlsin, kəndə qayıdacağam. Dağlarda bitən yemlik, turşəng, qanqal yemək üçün darıxmışam. Bizim kənd Qafqaz sıra dağlarının ətəyindədir. Samurdan – Rusiya sərhəddindən başlayan Samur-Dəvəçi su kanalı Ceyranbatana qədər davam edir və bizim kənddən keçir. Kanaldan o tərəf artıq düzənliklər bitir, dağlar başlayır. Həmin dağlarda imkan tapdıqca çox gəzirdik, yemlik, turşəng, qanqal dərib yeyirdik. Mən indi onun həvəsindəyəm ki, dağların döşündə bitən o yemlikdən, turşəngdən, qanqaldan yenə yeyim.

Vaxt əl verən kimi kəndə gedirəm. Dağlara da qalxıram. Kəndə gedəndə heç nə etmədən evdə otursan belə, oranın təbiətini seyr etmək, xoş havasını udmaq ən gözəl duyğudur. O dağların ətəyində, təbiətin gözəlliyindən doymaq olmur. Yadıma ən xoş xatirələr düşür. Bənövşə dərirdik, kolların dibindən. Qıpqırmızı lalələr yaz aylarında çəmənlərə səpələnirdi. Bənövşələr kolun dibində tək bitir, özü də boynu bükük olur. Xalq şairi Bəxtiyar Vahabzadə ona görə belə yazırdı:

“Kolların dibində tək bitdiyindən
Boynu bükük olur bənövşənin də”.

Mən kəndə gedəndə təbiəti, havası, suyu öz yerində, uşaqlıqda gördüyüm o həyati, insanlıq mənzərələrini axtarıram. İndi çox şey dəyişib. Həmin dağlar, həmin meşələr, həmin dağlar, həmin çəmənlər… Dəyişən isə insnalardır. Bu gün gedirəm kəndə, dağı-daşı gəzirəm, yola çıxıram, amma heç kimi tanımıram. Yaşlı insanlar rəhmətə gediblər, hətta mənim öz sinif yoldaşlarımın belə bir neçəsi dünyasını dəyişib. Yeni nəsli – cavanları görürəm, kənddə, heç birini tanımadığıma görə, onlarla söhbətim də alınmır.


Mollakamallı (Aygünlü) camaatının adətləri

- Əslində xüsusilə, bir kəndə xas olan xüsusi adətlər olmur. O zamanlar elə başqa bölgələrdə kənd mühiti necə idisə, bizim kənddə də insanların xarakteri, məşğuliyyəti, adət-ənənələri  oxşar idi. Məsələn, toy, yas mərasimləri, bayramlar elin qeyd etdiyi kimi yadda qalırdı. Birinin yası düşəndə bütün kənd yığılar, öz yası kimi onu yola verərdi. Toy olardısa, hamı toy sahibinin başına toplaşardı. Hərə əlindən gəldiyi bir köməyi etməyə çalışardı.


Novruz bayramları kənddə uşaqların da böyüklərin də ən çox maraqla gözlədiyi bayram olardı. Novruzda biz – uşaqlar şamları yerə basdırıb, yandırardıq. Məftilin ucuna əski bağlayıb, “nöyüt”ü vurub alışdırardıq. Lopa düzəldərdik. Lopanı göyə fırladıb, qonşuların bağına atardıq.


Bir də xüsusilə maraqlı yerə yumurta basdırmaq adətimiz idi. Yerdə beş gümbəz düzəldib, birində yumurta gizlədirdik. Dostlarla birlikdə belə oyunlar keçirirdik, gizlədilmiş yumurtanı tapa bilsən, özünə götürürdün. Elə olurdu ki, qardaşımla birlikdə kənd uşaqları ilə yarışırdıq, qazanıb, axşama hərəmiz evə dörd-beş yumurta ilə qayıdırdıq.

O vaxtlar böyüklər də uşaqlarla birlikdə oyunlar oynayırdılar, bizi izləyib, maraqlanırdılar. Böyüklər də hərdən uşaqlaşırdılar. Yumurta döyüşdürmə, çilingağac, ənzəli kimi oyunları böyüklərlə birlikdə oynadığımız günlər olub.

Kənddə el məclisləri olanda hamı bir-birinə kömək edirdi, əl uzadırdı. Toy məclisləri böyüklər üçün açıq olardı. Biz uşaqlar isə palatka toylarında çadırların künc-bucağından izləyirdik. Toya girə bilmirdik.

Kənd əhalisi çox mehriban idi. İnsanlar bir-birinə etibar edirdi. O zaman evlərin kilidi olmurdu. Kənddə kimsə evdən çıxıb gedəndə də bağlamazdılar. Çünki hamı bilirdi ki, kiminsə evindən oğurluq etməzlər.


“Biz kənd uşaqları həm oxuyurduq, həm də sahələrdə işləyirdik”


- Kənddə mal-qoyun nobatına gedirdilər. Növbə bizə çatanda qardaşımla birlikdə qoyun otarmağa gedirdik. Kəndin içində otarmazdıq. Qoyunları qovub, kanaldan o tərəfə aparırdıq.  Dağın ətəyində qoyunları otlağa ötürür, hərdən oyun oynayır, hərdən də kitab oxuyurduq. İşləri belə əyləncəyə çevirə bilirdik. Heç nədən bezmirdik, usanmırdıq.

Həyətimizdə atam böyük meyvə bağı salmışdı. Tək bizim yox, kənddə çox adamın bağı cürbəcür meyvə ağacları ilə dolu olardı. Biz bağdan meyvələri dərib, yeşiklərə yığırdıq. Səhər açılan kimi aparıb, Şabran bazarında satırdıq. Qazancımız pis deyildi, amma onu da atam əlimizdən alırdı.

Düzünü desəm, orta məktəb illərində dəcəl olmamışam. Ağıryana, sakit uşaq idim.  Amma qardaşımla hərdən dalaşırdıq. Bir dəfə qardaşıma həyətimizdə butulkada olan nefti limonad adı ilə içirtmişəm. O içəndən bir müddət sonra özündə olmadı. Bir az içmişdi, amma təsir etmişdi. Qaytardı. Qohum-qonşu tökülüşdü, hay saldılar ki, qardaşım zəhərlənib. Atam gəldi, məni təpiyinin altına saldı, o ki var məni çırpdı. Ondan sonra bir də qorxumdan qardaşımın başına oyun açmırdım.


“Yolka” oğurluğu, kənddə kino keyfi

- Kənd uşaqları ən çox meyvə oğurluğu ilə məşğul olurlar. Amma mən meyvə oğurluğuna getməmişəm. Çünki bağımızda meyvələr çox idi. Halbuki, başqa – daha təəccüblü oğurluq etmişəm. 1960-1965-ci illərdə Yeni il bayramında, kəndə yolka bəzəmək ənənəsi yayılmağa başladı, dəbə çevrildi. Bizim isə yolkamız yox idi. Kənddə heç bir həyətdə, heç yerdə şam ağacı yox idi. Tək bircə evdə, su kanalının yaxınlığında bir ev var idi, həyətində uzun küknar ağacı əkilmişdi. Beynimə düşmüşdü ki, mütləq yeni ildə mən də evimizdə şam ağacı bəzəməliyəm. Ona görə, həmin həyətə gəldim, qapıdan səsim çıxdıqca qışqırıb, ev yiyəsini çağırdım ki, ağacdan bir budaq sındırıb, mənə versinlər. Nə qədər çağırdımsa, bayıra çıxan olmadı. Ev sahibləri evdə yox imiş. Geri qayıtmadım, əksinə ağaca çıxıb, ağacın budaqlarından birini kəsib, sürüyə-sürüyə özümlə evimizə apardım. Böyük balkonumuz var idi. Kəsdiyim küknar budağını balkonumuzda bəzədim. O vaxt kənddə yolka oyuncağı da yox idi. Kağızları rəngləyib, bir-birinə zəncirvari yapışdırıb, Yolkanı onunla bəzəyirdik. Pambıqdan da istifadə edirdik. Səhəri gün kəndə camaatın arasına çıxanda gördüm ki, şam ağacının sahibi budağın sınmağına görə dayanmadan söyür, çox əsəbləşib. Onun nə isə edəcəyini düşünüb, yanından qaçdım. Demədim, ağacı kəsdiyimi bilmədi. Yalnız illər sonra etiraf etməyə cəsarətim çatdı. Kəndə gedəndə həmin kəndlini görmüşdüm, elə onda dedim ki, o vaxt bağından ağacın budağını kəsən mən idim. Gülüb, sənə halaldı dedi, ürəkli olmusan.

O zamanlar kəndə kinolar da gətirilirdi. Hər dəfə o kinolara baxmağa gedirdim. Ən çox da hind filmlərini maraqla izləyirdik. Kəndin içərisindən keçən torpaq yola bitişik yaşayış evi var idi. Binanın divarı ağ rənglənmişdi, sanki ekran idi. Yolun digər tərəfində qoyulan kinokameradan izlədiyimiz filmin əksi həmin ağ divara doğru düşürdü. Qocalar, cavanlar, uşaqlar, qadınlar, kişilər – hər kəs kinoları izləməyə gəlirdi. Kimisi daşın, kimisi yeşiyin üstündə, kimisi yerdə oturur, kimisi ağaca çıxırdı, kimisi də elə  ayaqüstə kinonu izləyirdi. Kino “ekranı” ilə izləyicilərin arasında da torpaq yol. Hərdən kinoya baxmaq üçün pul vermək istəməyənlər bizim izləməyimizə də mane olurdular. Nadir adında sinif yoldaşım vardı. Biz onda yuxarı siniflərdə oxuyurduq. Bir dəfə kino göstəriləndə o da baxmaq istədi. Amma pulunu vermədiyinə görə, onu buraxmadılar.  Gözünə döndüyüm Nadir, əsəbləşib, neynəsə yaxşıdır? Bir də gördük ki, o tərəfdən “Qaz 51” maşın gəlir, “bartovoy”. Sən demə, gedib atasının maşınını götürüb. Sürətlə gəldi, necə ekranın qabağından, həmin yoldan keçdisə, toz aləmi götürdü. Ekranın qabağını toz örtdüyünə görə, heç kim filmi izləyə bilmədi. Toz yatışana kimi, kinonun yarısı getdi. Başlayanda Nadir o tərəfdən maşınla yenə keçirdi. Qoymadı e, bizi kinoya baxaq.

Kənddə ilk televizor, ilk maqnitofonla bağlı xatirələr

- Yadıma gəlir ki, kəndimizə ilk televizoru 1965-1966-cı illərdə əmim gətirdi. O taksi sürücüsü idi. Amma diribaş adam idi. Kiçik ekranı var idi televizorun, ağ-qara göstərirdi. İlk dəfə görəndə biz kənd uşaqlarına bu “qutu” elə qəribə gəlirdi ki. Həftədə 4-5 gün televiziyada verilişlər yayımlanırdı. Yığışıb maraqla izləyirdik.

Həmin vaxt ilk maqnitofon da kəndimizə “gəldi”. Onu isə atam haradansa alıb, gətirmişdi. İri maqnitofon idi. Üstünün açılan qapağı var idi. Qapağı qaldıranda içərisindəki lentlə yazılar görünürdü. Yadımdadır ki, maqnitofonun balaca ağ rəngli mikrofonununu götürüb, ağzıma tuturdum. Danışırdım, o da səsini yazırdı. Həmişə şeir deyirdim. Sonra isə öz şeirimə qulaq asırdım. Təəssüf ki, həmin lent yazılarından da, antik əşyalardan da qalmayıb.

Biz sonralar atamın işi ilə əlaqədar qısa müddətlik rayon mərkəzinə köçməli olduq. Atam rayonun bazarında baytar həkim işləyirdi. Şabranın mərkəzindən kəndə gedib-gəlmək çətin olduğuna görə, atamla birlikdə orada kirayə yaşamağa başladıq. O zaman mən orta məktəbi bitirmişdim. Bir xoş təsadüfü də sizə deyim. Atam baytar həkim idi. Mənim ilk filmimdə oynadığım baş rol - “Kişi sözü”ndə Qasım da baytar həkim idi.

“Yağış yağanda evdə yata bilmirdik, üstümüzə damırdı”

- Kənd evləri palçıqdan tikilirdi. Palçıqdan “kubik” kimi kərpiclər kəsirdilər. Bu kərpici kəsmək üçün əvvəl böyük çökəklik düzəldirdilər. Ora su vururdular, palçıq olurdu. Sonra isə həmin qarışığa saman atırdılar. Biz ayaqlarımızı çırmalayıb, həmin samanlı palçığı tapdalayırdıq. Hazırlanmış torpaq-saman qarışığını kərpic kəsmək üçün xüsusi qəliblərə töküb, qurudurdular. Günün altında quruyub, bərkidikdən sonra evləri həmin kərpiclə tikirdilər. Evimiz həmin kərpicdən tikilmişdi, iki mərtəbəli idi. Amma dam örtüyü olmurdu o vaxtkı evlərin. Torpaqla örtülürdü əksəriyyəti. Yağış yağanda evimizdən su damırdı. O qədər elə gecələrimiz olub ki, səhərə qədər yorğan-döşəyimizi burdan ora, ordan bura sürümüşük.  Gecə yağış çox yağanda atam bizi dama çıxarırdı ki, ayaqyalın damı “şiyələyək”. Bu prosesdən sonra yağış dammır.


Mollakamallı (Aygünlü) əhlinin məşğuliyyəti

- İnsanlar kənd təsərrüfatı ilə məşğul olurdular. Meyvə-tərəvəz becərirdilər. Ən çox pomidor, xiyar, kələm bostanları var idi. Biz məktəb vaxtı da dərsdən sonra pomidor-xiyar yığmağa sahələrə yollanırdıq. Hətta yay vaxtı hamı tətilə çıxırdı, istirahət edirdi. Atam bizim yay istirahətimizə də imkan vermirdi. Sahəyə göndərirdi ki, pomidor yığacaqsınız. Səhər saat 6-da dururduq, bütün yayı işləyir, maaş alırdıq. Mənim əmim də o zamanlar sahə briqadiri idi. Atam həmişə bizi ona tapşırırdı. Bizim kənddə obyektimiz yox idi. Bircə dəyirmanımız var idi. Un üyüdürdülər orada. O vaxtı yadıma gəlir ki, kəndimizdə donuz ferması da fəaliyyət göstərirdi. Amma onun ömrü qısa oldu. Sonra dağıtdılar, qalmadı.

Dönə-dönə deyirəm ki, mən indi kəndə gedəndə kənd mənə daha gözəl, daha şirin gəlir. Axı biz əlimizdə, hər gün gözümüzün qarşısında olan bir şeyi dəyərləndirə bilmirik

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı