Arxiv
15 Fervral 2019, 11:01 | MƏDƏNİYYƏT
Bakıdan namusu üstə gedən sənətkar - “Mixaylo”...  

Modern.az saytı tanınmış jurnalist Ramilə Qurbanlının yazısını təqdim edir.

Bakı həyatımı, kino yaradıcılığımı məhəbbətimə qurban verməli oldum"

 
"Sərt Mixaylo siması heç vaxt dönüb lirik Məcnun ola bilməz", - dedilər. Rejissor inadından dönmədi, çünki seçdiyi aktyorun potensialını duyurdu. Söhbətin mövzusu nə Sovet İttifaqı Qəhrəmanıdır, nə lirik qəhrəman. Bu dəfə özüdür - Nodar Şaşıqoğlu.


Əslən türk olan ata Şaşıqoğlu

Batuminin Türkiyə ilə sərhəd olan kəndində İzzət Rəcəb oğlu Şaşıqoğlu adlı bir keçmiş çar zabiti olub. Onun anası azərbaycanlı, atası acar, bir babası türk, nənəsinin biri rus imiş. Bu keçmiş rus zabitinin xanımı gürcü idi, onun anası rusdu, ata nənəsi tərəfdən isə turklərlə qarışığı vardı.

Nodar bu ailədə dünyaya gəlib. Repressiyaya uğramış məşhur Azərbaycan aktyoru Ülvi Rəcəb Nodarın əmisi idi.

Nodarın atası 1914-cü ildə rus-türk müharibəsində vuruşan zaman Ülvi balaca imiş. Onun üstündə əsirmişlər ki, evin sonbeşiyi, həm də son ümididir. Sən saydığını say, gör fələk nə sayır. Bu qədər qorunan qardaş gənc yaşlarında repressiyaya uğraycaqmış. Tale...

Türk ola-ola rus ordusu tərəfdə vuruşmalı olan İzzət Şaşıqoğlu birinci və ikinci dərəcəli "Georgi" ordenli ştabs-kapitan idi. Kapitanın parlaq hərbi karyerası olub. Rusiyada vətəndaş müharibəsi gedən zaman isə istefaya çıxmışdı, nə "qırmızılar", nə də ağ qvardiyaçılar tərəfdə vuruşub. Sovet dövründə Stalin repressiyalarından onu xilas edən də elə bu fakt olub.

Nadinc oğul Şaşıqoğlu

Nodar tək övlad olmasına rəğmən, atası onu ərköyün böyütmədi. Deyirmiş ki, əsl oğul böyütmək istəyirsənsə, ona düşmən kimi yanaş.

Bununla belə atası Nodarın nadincliyinin qarşısını ala bilmirdi. Bu yerdə ağlıma nənələrin bir fikri gəlir - qanında o qədər millətin qarışığı olan adam bir yerdə otura bilər?

Elə bir gün yox idi ki, atasına Nodarın oxuduğu məktəbdən, ya hardansa şikayət gəlməsin.

Balaca Nodar Sovet hökumətinin təhsilə xüsusi yer ayırdığı vaxtlarda məktəbə getdi. Dəcəlliyindən beş dəfə qovulub ayrı-ayrı məktəblərdə oxusa da, mükəmməl təhsil ala bilmişdi.

Hətta rus dili olimpiadasında birinci yeri tutmuşdu. Bütün Gürcüstanda rusca qiraət müsabiqəsində onunla bir sırada dayana bilən olmadı. Gözəl şeir deməyi vardı Nodarın. Onu oxuduğu məktəbdən Ümumittifaq bədii qiraət müsabiqəsinə namizəd vermişdilər. Nodar da, müəllimi də əmin idi ki, o, birinci yeri tutacaq, amma…

Amma müharibə imkan vermədi. Həmin illəri Şaşıqoğlu ailəsi Tiflisdə yaşadı. Müharibə daha yarım il davam etsəydi, Nodar da müharibəyə gedəcək yaşa çatacaqdı.


Üç məktəbə qəbul olundu, birini seçdi, amma qovuldu

On yeddi yaşının tamamında atası Nodarı Moskvaya təhsil arxasınca göndərir. "Get, hansı sənəti istəyirsən seç, oxu, yetər ki, seçdiyin sənəti mükəmməl bil", - deyir.

Nodar eyni vaxtda həm Teatr İnstitutuna, həm üç teatr-studiyası məktəbinə imtahan verir. İşini ehtiyatlı tutur ki, heç olmasa, birinə girə bilsin. Tale elə gətirir ki, bütün imtahanlardan keçib sənədlərini verdiyi məktəblərin hamısına qəbul olunur. Seçim qarşısında qalanda evə, atasına zəng edir, qərara gəlirlər ki, Teatr İnstitutunda oxusun. Moskva kimi şəhər, rus qızları, yaraşıqlı yarı türk, yarı qafqazlı oğlan. Belə şəraitdə onu oxumadığına, dərsə getmədiyinə görə kim qınaya bilər? Ancaq nainsaf olan. Nəticədə 12 fənndən iki alan gənc, yaraşıqlı Nodar ali məktəbdən xaric edilir.

Növbəti il Nodar yenidən, bu dəfə Şukşin adına Teatr Məktəbinə daxil olur. Elə orada oxuya-oxuya Vaxtanqov Teatrında işləməyə başlayır ki, başı işə, təhsilə qarışsın. Təyinatla Kiçik Teatrın aktyoru olmalıykən, Taqanqadakı teatrda işləməyə başlayan Şaşıqoğlu bir il keçməmiş orada darıxmağa başlayır.

Səbəbkar erməni qayınana idi

Amma bu bir il müddətində evlənməyə də vaxt tapmışdı. Qadın heyranlarının arasından seçdiyi qızın anası erməni idi. Olduqca qəşəng olan bu qız xüsusən baş rollarda oynayan aktyorun sevgisini qazana bilmişdi. Onun darıxmasının, yeni evləndiyi xanımından da ayrılmağının səbəbkarı erməni qaynanası oldu. Nodar Şaşıqoğlu evini də xanımına verib evdən də, işdən də çıxdı.

Nodar Şaşıqoğlu ümumilikdə dörd dəfə evil olub, hər dəfə də evini ayrıldığı xanıma verib, bir çemodanla çıxıb.

Taqanka teatrında işlədiyi vaxtlardan artıq kinolara çəkilməyə başlamışdı. Məşhur kinorejissor Sergey Yutkeviç ilk dəfə onu "Böyük döyüşçü İsgəndər bəy" adlanan filmində Sultan Mehmet roluna çəkdi.

Özü də əvvəlcə aktyordan soruşub ki, türk sultanının rolunda oynaya bilərsən? Nodar Şaşıqoğlu - “Mənim əcdadlarım türk olub”, - deyib.

Film çəkilişindən sonra onun üzünə teatrın qapıları bağlandı, o vaxt teatr aktyoru filmə çəkilməməli idi. Ancaq zaman keçdi və Nodar Şaşıqoğlu yenidən Taqankaya dəvət olundu.

Əlvida, Moskva, salam, Bakı

Həmin vaxt Bakıdan kinorejissor Rəşid Atamalıbəyov Taqankadakı tamaşalara baxmaq üçün gedibmiş. Tamaşadan sonra Nodar Şaşıqoğlu ilə görüşən rejissor ona əsl tapıntı olduğunu deyib. Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı Mehdi Hüseynzadə rolu üçün tapıntı.

Təklif edən Mixaylo haqda çəkiləcək filmin ikinci rejissoru idi.

Azərbaycanlı qəhrəman, baş rol... Şirinikləndirici təklif idi, amma bunun üçün Nodar Şaşıqoğlu Moskva həyatı ilə vidalaşmalı idi. Razı oldu, çünki bu şəhərdə onun qohumları yaşayırdı, çoxdan gəlmək istədiyi, nədənsə onu hər zaman çəkən bir şəhər idi Bakı. Qohumu Mərziyyə Davudova da hələ sağ idi, ondan çox şeylər öyrənmək olardı. Anası da Bakıya vaxtaşırı gəlirdi. Bütün bunları düşünüb razılıq verdi.

Bu rola onlarca namizəd var idi. Dövrünün tanınmış aktyoru Möhsün Sənani də sınaq çəkilişində iştirak edirdi. Onda güclü komizm vardı. Mehdi Hüseynzadə rolu isə cidd simalı aktyor axtarırdı. Həm də ciddiliklə faciəvinin bir simada birləşməsi lazımdı.


Qadınlar onun əynindəki kostyumu cırıq-cırıq elədilər

Tofiq Tağızadənin "Uzaq sahillərdə" filmi Sovet İttifaqında o zaman kəşfiyyatçı haqqında çəkilən ikinci film idi. "Kəşfiyyatçının şücaəti" adlanan birinci filmdə məşhur aktyor Kadoçnikov oynamışdı. "Uzaq sahillərdə" hər cəhətdən o filmi arxada qoya bildi. Film Daşkənd festivalında birinci yeri tutdu. Filmin nümayişindən sonra adamlar Nodar Şaşıqoğlunu Mixaylonun özüymüş kimi əlləri üstündə aparırdılar. Əynindəki kostyumdan özlərində nə isə bir yadigar saxlamaq üçün hərə bir kəsim götürmüş, onu cırıqcırıq etmişdilər.

Bundan sonra Nodar Şaşıqoğlu səkkiz il Bakıda yaşadı. Rejissor Məhərrəm Haşımov onu dəfələrlə Rus Dram Teatrında işləməyə çağırdı. Hər dəfə imtina edirdi, çünki filmlərə çəkilirdi. 50-ci illərin sonu - 60-cı illərin əvvəllərində "Azərbaycanfilm"in ən parlaq aktyoru Nodar Şaşıqoğlu idi. Eyni vaxtda iki-üç filmə çəkilirdi. Pula da pul demirdi. Bakının gözəl vaxtları idi. Dövlət Bakıda ona ev də vermişdi. Bakının iki Mixaylosu vardı - biri müharibədə həlak olan, biri Nodar Şaşıqoğlu. Təkcə Mehdinin ailəsi yox, bütün Azərbaycan bunu belə qəbul eləmişdi.

Küçədə onu "Mixaylo" deyib qucaqlayıb öpürdülər. Nodar Şaşıqoğlu bu şöhrətdən şaşırmırdı. Küçələrdə piyada gəzməkdən çəkinmirdi.

Bakını namus üstdə tərk etməli oldu

O zamanlar Bakıda Rubinçik adında məşhur fotoqraf var idi. Dövlət tədbirlərinin hamısını, respublika rəhbərinin bütün səfərlərini o çəkərmiş. Nodar Şaşıqoğlu ilə də tanış imişlər, gediş-gəlişləri varmış. Fotoqrafın çox gözəl xanımı olub. Nodar Şaşıqoğlu ilə bu xanım elə ilk görüşdən bir-birilərinə aşiq olurlar. Bu sevgi Nodar Şaşıqoğlunun hesab etdiyi qədər də ötəri olmur, alovlanır, hisslərinə hakim ola bilmirlər. Bu həmin dövr idi ki, Nodar Şaşıqoğlu Lətif Səfərovun "Leyli və Məcnun" filmində Məcnun rolunda çəkilirdi.

Həyatda yaşadığı sevgi filmdə gözlərində əksini tapır. Füzulinin misralarını qəlbindəki dəli, ümidsiz sevgi ilə alovlandıran Nodar Şaşıqoğlu sonralar bu rolu ən çox sevdiyi obraz adlandırıb: “Filmdə dəli insanın surətini yaratmamışam, məhəbbətin filosofunu oynamışam”, – deyrdi.

Filmdən fərqli olaraq həyatda sevgisinə qovuşur. Qadınla evlənirlər. Onun soyadı Şepeleva idi. Atası tanınmış idman məşqçisiydi. Respublikada bir çoxları bu izdivaca görə Nodar Şaşıqoğlu ilə münaqişəyə girdi. Mentalitet, adət-ənənə, hamısı “baş rol”da oldu. Nodar Şaşıqoğlunun Azərbaycanda bütün yolları bağlandı, təbii ki, vəzifəli şəxslər tərəfindən. 70-80-ci illərdə belə rejissorlara icazə verilmirdi ki, Nodar Şaşıqoğlunu rola dəvət etsinlər. Məsələn, "Dədə Qorqud" filmində baş rola çəkilməli imiş. Həmin adam siyahıda onun adının üstündən qalın bir xətt çəkir, üstəlik Tofiq Tağızadəyə də gözlərini ağardır.


Məcburən Moskva həyatı

“Leyli və Məcnun” filminin Sankt-Peterburqdakı səsləndirilməsi zamanı Azərbaycanın o vaxt əməkdar artisti Nodar Şaşıqoğlu möhtəşəm Aleksandrinsk Teatrında işə götürülür. Yenicə Məcnun rolundan çıxmış aktyor teatrda ilk dəfə Don Juanı oynayır.

Sağlığında kişilərə maraqlı məsləhətlər verib: “Həyatda həmişə Don Juan olmuşam. Amma həyatda mənim kimi Don Juan kişilərin heç birinə arzu etmirəm ki, günlərin bir günü dönüb Məcnun olsunlar. Bu fəlakətdir. Görün, məcnunluğuma nələri qurban verdim?.. Mən bütünlüklə Bakı həyatımı, kino yaradıcılığımı məhəbbətimə qurban verməli oldum.

Bakı ilə uzun müddətə vidalaşdım. Yalnız teatrın qastrol səfərləri ilə neçə ildən bir bura gəlirdim. Yadıma gəlir, Aleksidzenin tamaşaya qoyduğu "Antiqona" və "Günün gur vaxtı" ("Ças pik") tamaşalarıyla bura gəlmişdim. Çox uğurlu tamaşalar idi. Biri klassik yunan faciəsi, digəri müasir psixoloji dram. Qastroldan savayı, bəzən həyat yoldaşımın burdakı işləriylə əlaqədar Bakıya bir neçə günlüyə gəlməli olurdum. Bunlara baxmayaraq, Bakı mənim üçün onda keçmiş idi. Artıq Peterburq həyatımı yaşayırdım. Əvvəlki xasiyyətimdə qala-qala”.

Xasiyyətindən özü də şikayətçi olub. Növbəti dəfə ailəsindən ayrıldı. Onun üçün öz ərini, hər şeyi qoyub gedən xanımına evini verib çıxdı. Bakıdakı mənzilini isə onun atasına bağışlamışdı. Onu Aleksandrinsk Teatrından üç dəfə xaric ediblər. Sonra yenə teatra qəbul etdilər. Çıxarılmağının səbəbi isə tez-tez fərdi yara dıcılıq səfərlərinə çıxmağı, xaltura ilə məşğul olmağı idi. Həm pul qazanmalı idi, həm də yeni münasibətlər axtarırdı, darıxırdı.

Bakı isə onun üçün böyük məna kəsb edirdi. Ömrünün sonlarında yenə bura – Bakıya qayıtdı. Bura onun sevdiyi, onu sevənlərin çoxluq təşkil etdiyi şəhər idi.

Azərbaycan teatrını da çox sevirdi. Bütün filmlərdə onun səsi olan Əli Zeynalov və özü xasiyyətdə Eldəniz Zeynalovla dostluq edərdi. Hər ikisinin dəfnində də Bakıya gəlib. Barat Şəkinskayanı sevərdi, hər gəlişində onunla görüşə can atarmış. Bir dəfə özünü saxlaya bilməyib onu sevdiyini deyib. Barat Şəkinskaya gülümsəyib ona – "eyni sözləri əmin Ülvi də deyib mənə", - deyə etiraf edib.

Sonuncu sevgisi Rusiyada özündən 25 yaş kiçik bir qız oldu, evləndilər. Fürsət tapan kimi ona xəynət edən bu qadını da Nodar Şaşıqoğlu bir ev hədiyyəsi ilə buraxır.

Bakıya qayıdandan sonra Rus Dram Teatrında fəaliyyətə başlayan aktyor bir gün rejissor Aleksandr Şarovskinin kabinetinə girib: “Cənab rejissor, mənim üçün "Kral Lir" tamaşasını qoy, Kral Liri oynayıb teatrın və dünyanın qapısını arxamca örtüb gedim”, - deyir.

Dünyanıı işinə, möcüzəsinə bax, İlahi. Elə də oldu. Bakıya qayıdandan sonra, (elə bil ölməyə gəlmişdi) Heydər Əliyevin ona bağışladığı mənzilində uzun müddət xəstə yatdı. Moskvadan, dörd arvaddan qalan iki oğlundan biri gəlib onun yanında qalırdı. Oğlanlarının ikisinin də adı Nodardır, çünki hər ikisi o, analarını qoyub gedəndən sonra dünyaya gəlib. Anaları da onun adını oğlanlarına verib.

 Özündən sonra yer üzündə iki Nodar Şaşıqoğlu, bir də yüzlərlə obraz qoyub getdi.


Ramilə Qurbanlı,
"33 pərdəli dram"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
176 nəfərin adı AZAL-ın “Arzuolunmaz sərnişinlər siyahısı”na düşüb 12 Dekabr 2019, 09:15 Nazir müavininin qardaşı vəfat edib 12 Dekabr 2019, 08:49 YAP-ın növbədənkənar seçkidəki nümayəndələri onlar oldu - SİYAHI 12 Dekabr 2019, 08:27 Bu gün AvroLiqada 22 oyun - “Qarabağ” son matçına çıxır - TƏQVİM 12 Dekabr 2019, 08:17 Çempionlar Liqasında qrup mərhələsi yekunlaşdı - “Qalatasaray” darmadağın oldu - NƏTİCƏLƏR 12 Dekabr 2019, 08:13 Hərbi bazaya silahlı hücumda 5 gürcü əsgər yaralandı 12 Dekabr 2019, 00:48 Mehriban Əliyeva: “Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm” 12 Dekabr 2019, 00:32 Bakıda 31 yaşlı kişi bıçaqlandı 12 Dekabr 2019, 00:14 Heydər Əliyevin anım günüdür - VİDEO 12 Dekabr 2019, 00:00 PSJ - "Qalatasaray" matçından öncə qarşıdurma  - VİDEO 11 Dekabr 2019, 23:44 YÖS, ALES, SAT və İELTS nəticələrində inqilab edəcək tədris mərkəzi – Uğur sirri 11 Dekabr 2019, 23:31 FED uçot dərəcəsini dəyişmədi 11 Dekabr 2019, 23:17 Azərbaycan neftinin qiyməti dəyişib 11 Dekabr 2019, 22:58 Bakı metrosunda qorxulu anlar - VİDEO 11 Dekabr 2019, 22:45 Qarabağda döyüşən qadınlar haqqında ən gözəl kitabın müəllifi 11 Dekabr 2019, 22:29 Ərdoğanla Putin Suriyadakı durumu müzakirə etdi 11 Dekabr 2019, 22:19 Hulusi Akara qarşı məhdudiyyətlər 11 Dekabr 2019, 21:53 Qatil məhkəmənin tavanından qaçmaq istədi - VİDEO 11 Dekabr 2019, 21:36 İrandan ABŞ-ın sanksiyalarına cavab 11 Dekabr 2019, 21:21 Davudoğlu partiyasının adını açıqladı 11 Dekabr 2019, 21:07 Lvov meri Azərbaycan diaspor rəhbəri ilə müzakirə apardı - FOTO 11 Dekabr 2019, 20:52 "Oyun daha çox "Qarabağ" üçün əhəmiyyətlidir" - Rəqib baş məşqçi 11 Dekabr 2019, 20:44 Azay Quliyev Oktay Gülalıyevdən yazdı - FOTO 11 Dekabr 2019, 20:30 Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək 11 Dekabr 2019, 20:17 AŞPA-nın həmməruzəçiləri Azərbaycana gəlir 11 Dekabr 2019, 20:03 Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb 11 Dekabr 2019, 19:51 “Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir” 11 Dekabr 2019, 19:45 Komitə sədri: “ Heydər Əliyev strategiyası uğurla davam etdirilir” 11 Dekabr 2019, 19:33 İstanbulda FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən daha 22 nəfər saxlanıldı 11 Dekabr 2019, 19:26 Qroznı şəhərinin polis rəisi ABŞ-ın “qara siyahı”sına düşdü 11 Dekabr 2019, 19:16 UNEC tələbələrinin “Nəsimi” tamaşası Ankarada anşlaqla qarşılanıb 11 Dekabr 2019, 18:53 Yunis Səfərov və digərlərinin cinayət işi icraata verilib 11 Dekabr 2019, 18:41 Ağstafada 7 nəfəri güllələyən şəxsin məhkəməsi başlayır 11 Dekabr 2019, 18:22 İsrail Knesseti özünü buraxmaq barədə qərar qəbul etdi 11 Dekabr 2019, 18:15 Bakıda 91 yaşlı qadının evinə basqın edildi 11 Dekabr 2019, 18:08