Modern.az

Ucarda heyvanlar xəstəliyə qarşı peyvəndlənir

Ucarda heyvanlar xəstəliyə qarşı peyvəndlənir

18 Fevral 2019, 14:54

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

Modern.az xəbər verir ki, Ucar Rayon Baytarlıq İdarəsi 2019-cu ilin ilk günlərindən başlayaraq rayonun 1 şəhər və 29 kəndində 13 sahə baytarlıq məntəqəsi vasitəsilə ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan heyvanlar arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verib.

Hazırda Ucar rayon Baytarlıq İdarəsi tərəfindən Təzə Şilyan kəndində yerləşən Məzahir Məmmədova məxsus təsərrüfatda lizinqlə alınmış 125 baş damazlıq macar cinsli camışlarda və 83 baş onlardan alınan balalarda qarayara xəstəliyi əleyhinə peyvəndlənmə tədbiri aparılıb. Ümumiyyətlə, cari ilin tədbirləri başlayandan indiyə kimi rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan 59085 baş iribuynuzlu, 400 baş təkdırnaqlı heyvanda qarayara, 2000 baş həyət itində quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbiri aparılaraq, 15000 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub. 

Fevral ayının 10-dan isə Ucar rayonunda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı (A,O,“Asiya-1” və Tur-15 tiplərinə qarşı) peyvəndləmə tədbirinə başlanılıb. Artıq 8 min başdan artıq iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb.  

Həmçinin rayonda bölgü əsasında quşlarda nyukasıl xəstəliyinə qarşı peyvəndləmə aparılması üçün vaksin verilib və tədbirin aparılmasına başlanılıb.

Ümumiyyətlə, Ucar rayonunda 59111 baş iribuynuzlu, 55362 baş xırdabuynuzlu, 400 baş at və 517 min başdan artıq ev quşu mövcuddur.  

Ucar rayonunda bundan sonra isə ev quşları arasında nyukasl, nodulyar dermatit, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epedidimit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulub.

Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri həm də maariflənmə işi apararaq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub