Modern.az

Azərbaycanda dövlət və din əməkdaşlığı - İki müxtəlif müstəvinin vahid mesajları...

Azərbaycanda dövlət və din əməkdaşlığı - İki müxtəlif müstəvinin vahid mesajları...

20 Fevral 2019, 10:21

Dünyanı əhatə edən qloballaşma prosesinin sürəti müasir insanın mənəviyyat məsələsinə diqqəti daha da artırmaqla gələcək təhlükələrin qarşısının alınmasında mənəvi dəyərlərin rolunun zəruriliyini də diqtə edir.

Bu baxımdan ənənəvi dini konfessiyaların  ölkənin ictimai-siyasi həyatına təsir faktını inkar etməyimiz dinin cəmiyyət həyatına təsiri ilə bağlı tarixi təcrübəni gözardı etmək olardı.  Azərbaycan dünyaya özünün tolerantlıq ideyalarını təqdim etməklə bu gün xalqları  öz girdabına salmış milli və dini ksenofobiyanın acı gerçəkliyinə qaşrı humanist  mesajını ortaya qoyur.

Tolerantlıq və vətəndaş həmrəyliyi ideyası ölkənin təhlükəsizliyini təmin edən zəruri faktorlardandır.  Ölkəmiz zaman-zaman müxtəlif  qüvvələrin dini təcrübə plantasiyasına çevirilmək cəhdləri ilə üzləşib. Lakin yürüdülən çevik dövlət siyasəti bu planların dağılması ilə nəticələnib.

Burada özünün düzgün hədəfləri sayəsində çox yaxşı qurulmuş dövlət-din münasibətləri məhək daşı kimi çıxış edir. Araşdırmalar göstərir ki, dövlətlə  inanclı kəsimin həmrəyliyi hakimiyyətin dünyada müstəqil siyasət yürütməsi üçün  zəruri amildir. Tarix subut edir ki, bu əlaqənin kəsilməsi heç birinin xeyrinə olmur.  
Din və dövlət müxtəlif, amma paralel yollarla addımlayır. Onlar bir-birinə dəstək verdikləri zaman daha uğurlu və effektli olurlar.  

Bu gün dünyada bir çox qlobal problemlərin həllində ruhanilərin mövqeyi ciddi rol oynayır. Dini dözümsüzlük zəmnində baş qaldıran millətçilik, zorakılıq, törədilən  cinayətlərin qarşısının alımmasında dini liderlərin rolu danılmazdır.  

Bu müstəvinin əsas vektorlarından biri Qafqaz Müsəlmanları İdarəsidir.  Məhz bu qurum müstəqil Azərbaycanda  cəmiyyət arasında harmoniyanın qorunmasında, siyasi proseslərin böhranlı vaxtlarında  mənəvi dəstəyi və bəzən proseslərin önünə çıxması ilə ictimai- siyasi sabitliyi qoruyan ciddi amil kimi çıxış edib.  Bu baxımdan QMİ və onun sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın prioritetlərini xaricə daşıyacaq nufuzulu din xadimi olmaqla bu prosesə öz böyük töhfələrini verir.  Heç kimə sirr deyil ki, hakimiyyət cəmiyyətdə mənəvi qayda-qanunların təbliği və formalaşması üçün dini liderlərin nufuzundan həmişə istifadə edib.


Bu da aydındır: Dövlət mənəvi dəyərləri pozulmuş, inamı sarsılmış cəmiyyətdə baş qaldıran cinayətkarları kütləvi şəkildə həbsxanaya doldura bilməz. Dövlət insan könlünün ümid, arzularına nəzarət edə bilməz. Bu keyfiyyətlərin stimullaşması din vasitəsilə mümkündür. Bu toxumlar əməllərə çevrilərsə, o zaman dövlət bunu tənzimləyir.  Vətəndaş həmrəyliyinə,  mənəvi dəyərlərin təntənəsinə  isə zor gücünə nail olmaq mümkün deyil, buna yalnız belə dəyərə etiqad edən insanı formalaşdırmaq  sayəsində nail olmaq olar.

Bu isə dövlət üçün hazırkı dövrdə çox vacib olan təhlükəsizlik məsələsini aktuallaşdırır.  Ölkəmiz  dini təhlükəsizlik problemləri hələ ötən əsrin 90-cı illərinin əvvəllərində qarşılaşıb.  Buna səbəb Azərbaycanda yaranmış ideoloji boşluq və xaosdan yararlanan xarici qüvvələrin ölkəmizdə geosiyasi maraqlarının təmin edilməsi məqsədilə yad dini-siyasi ideologiyaların nüfuz etdirilməsi olub. Həmin dövrlərdə ölkəmizdə sosial bazası olmayan qeyri-ənənəvi din və təriqətlərin təbliğinə geniş yer verilib. Bəzi xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən yönəldilən həmin  təşkilatlar vətəndaşlarımız arasında bir tərəfdən etnik və dini qarşıdurmanın yaradılmasına səy göstəriblər. Hədəf isə Azərbaycanda vətəndaş və milli birliyin tarixən formalaşmasına zəmin yaradan ənənəvi tolerantlıq mühitinin məhv edilməsi idi.

Burada zaman-zaman QMİ-nin, onun rəhbəri Allahşükür Paşazadənin  hədəf seçilməsi də təsadüfi olmayıb. Ona qarşı irəli sürülən ən müxtəlif  ittihamlara səbəb QMİ-nin ictimai rəyi formalaşdıran güclü ideoloji mərkəz kimi bu çirkin planlara qarşı dövlətin yanında durması olub.

Birmənalı olaraq Azərbaycanın müstəqilliyini müdafiə edən, tarixin həlledici periodunda milli qüvvələrlə birgə olan  QMİ və onun rəhbərinin belə mövqeyinə görə ölkəmizi dini təcrübə poliqonuna çevrimək istəyənlərin hədəf seçməsi təsadüfi sayıla bilməz. QMİ bu gün dini ekstremizmin ayaq açmasına müqavimət göstərən etibarlı dayaqdır. Bununla da qurum  siyasi sabitliyin, vətəndaş həmrəyliyinin mühüm rıçaqına çevrilməklə dövlətin prioritetlərinə müncər olunub.

Elə son hadisəyə baxdıqda bu daha aydın görünür: Moskvada süni şəkildə törədilmiş azərbaycanlı-çeçen qalmaqalının idbar hədəfi məzhəb davası idi. Uzağa gedən nəticələrə hesablanmış bu avantüranın bir məqsədi də Azərbaycanın MDB-də, o cümlədən Şimali Qafqazın dini cameəsində hakim mövqeyini sarsıtmaq cəhdi idi.  Məhz QMİ sədrinin nüfuzu və prosesə müdaxiləsi daha qanlı nəticələrin qarşısını almağa imkan verdi.  

QMİ-nin Şimali Qafqazda nufuzu, Rrezident İlham Əliyevin yürütdüyü siyasətin avanqard qüvvəsi kimi çıxış etməsini qısqanclıqla izləyən qüvvələr az deyil. A.Paşazadənin belə nufuz və təsiretmə gücü isə dövlətimizi istəməyənləri heç bir halda qane edə bilməz. 

Allahşükür Paşazadənin iştirakı ilə ötən il keçirilmiş beynəlxalq konfranslar və orada səslənən çağırışlar islam dünyasında nüfuz qazanmış Azərbaycana göstərilən etimadın təzahürü oldu.  Elə bu il QMİ sədrinin Qahirədə müsəlman dünyasındakı xidmətlərinə görə İslam Əməkdaşlıq Təşkilatının mükafatına layiq görülməsini ciddi hadisə saymaq olar.

Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan  prezident İlham Əliyevin siyasi iradəsinə söykənərək, sivilizasiyalararası dialoqun təmin olunması istiqamətində ardıcıl təşəbbüs və çağırışlarla çıxış edir.  Bu sırada Şeyxülislam Allahşükür Paşazadənin rolu danılmazdır.  Onun  müsəlman dünyasındakı mövqeyi, tanınmış dini liderlərlə isti və şəxsi dostluq əlaqələri Azərbaycanın tolerantlıq və həmrəylik modelini dünyaya təqdim etməkdə mühüm  rol oynayır.  Bu model isə ölkəmizi  müxtəlif problemlərlə üz-üzə qalan islam dünyasında  aparıcı dövlətə çevirir , həmrəylik, əməkdaşlıq  üçün özünün sanballı töhfələrini verir. 


A.SƏFƏRLİ
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi