Modern.az

Bakıda dayanma-durma nişanları dəyişdirilir - FOTOLAR

Bakıda dayanma-durma nişanları dəyişdirilir - FOTOLAR

21 Fevral 2019, 12:53

Bakı Nəqliyyat Agentliyinin (BNA) qanunsuz parklanma ilə bağlı həyata keçirdiyi tərdbirlər çərçivəsində narazılıqlar olsa da, şəhərdə bəzi küçə və prospektlərdə tıxacın azaldığı müşahidə edilir. Xarici təcrübədə gecə saatlarında avtomobillərin birinci zolaqda parklamasına icazə verilməsinə dair xüsusi nişanlar qoyulur və bu, sürücü məmnunluğuna səbəb olur. Bakıda hansı ərazilərdə bu nişanlardan istifadə edilir?

Modern.az-ın bu qəbildən olan suallarını BNA-nın mətbuat katibi Mais Ağayev cavablandırıb.

M.Ağayevin sözlərinə görə, hazırda qanunsuz parklanmaya intellektual nəzarət kameralarının olduğu mərkəzi küçələrdə yolların buraxıcılıq qabiliyyəti və nəqliyyat vasitələrinin intensivliyi təhlil edilir:

“Kameraların fəaliyyəti nəticəsində nəqliyyat sıxlığını artıran, yolların buraxıcılıq qabiliyyətinə mənfi təsir edən süni amillərin tədricən aradan qalxdığı müşahidə edilir. Parklanmanın daha səmərəli idarə edilməsi məqsədilə, nəqliyyat vasitələrinin intensivliyinin buraxıcılıq qabiliyyətindən daha az olduğu yollardakı müvafiq nişanlarda dəyişikliklər olunur.

Bu çərçivədə paytaxtın Azadlıq prospekti, Bülbül, S.Vurğun, D.Əliyeva, R.Behbudov və Ü.Hacıbəyov küçələrində ümumilikdə 33 nişan qanunvericiliyin tələbinə uyğun dəyişdirilib. 19 yerdə 3.27 nişanı 3.28 nişanı ilə əvəz edilib. 14 nişanda isə çatışmazlıq aradan qaldırılıb. Dəyişiklik edilən yol nişanlarına onların tələbinin qüvvədə olduğu vaxtla bağlı (07:30-20:00) məlumat lövhələri də (7.5.4 yol nişanı) qoyulub”.

 

BNA rəsmisi qeyd edib ki, 3.27 və 3.28 nişanlarının tələbinin qüvvədə olmadığı müddətdə nəqliyyat vasitəsinin yolun 2-ci, 3-cü cərgəsində saxlanılması zamanı sürücülərə qarşı inzibati tənbeh tədbirləri görüləcək:

 

“Qanunsuz parklanmaya intellektual nəzarət kameralarının quraşdırılması nəzərdə tutulan yollar da müəyyən müddətdən sonra təhlil ediləcək. Nəqliyyat intensivliyinin artması və azalmasına uyğun olaraq yolun buraxıcılıq qabiliyyətinə əsasən yol nişanlarında dəyişikliklər edilə bilər”.

Məlumat üçün bildiririk ki, qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameralarının quraşdırılması işləri çərçivəsində ümumilikdə 360 məntəqədə kameraların quraşdırılması planlaşdırılır.

 


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi