Modern.az

Şəhid Vəli Məmmədovun Amerikada yaşayan yadigarı... - FOTOLAR

Şəhid Vəli Məmmədovun Amerikada yaşayan yadigarı... - FOTOLAR

Diaspor

25 Fevral 2019, 08:48

20 noyabr məlum vertolyot qəzasında həlak olan Vəli Məmmədov Azərbaycanın parlaq zəkalı aydınlarından biri idi. Uzun illər dövlət vəzifələrində çalışaraq, nüfuz qazanmışdı. O, həm də Nəriman Nərimanovun ilk tədqiqatçısı və yorulmaz təbliğatçısı olub. Bu gün sizə Vəli Məmmədovun sevimli qızı Leyla Halimidən söhbət açmaq istəyirəm...

Leyla xanım Bakıda dünyaya gəlib. 1982-ci ildə 6 nömrəli orta məktəbi bitirib və indiki Azərbaycan Dillər Universitetinə qəbul olunub. 1987-ci ildə ali təhsilini başa vuraraq, alman və ingilis dilləri müəllimi ixtisasına yiyələnib. 
1987-1992-ci illərdə indiki Azərbaycan Texniki Universitetində ingilis dilini tədris edib. Sonra üç il yeni doğulan övladının tərbiyəsi ilə məşğul olub. 
1995-1999-cu illərdə BP şirkətinin kadrlar şöbəsində çalışıb. 
1999-cu ildən ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayır…

…Ömür-gün yoldaşı Davud Halimi İran azərbaycanlısıdır. Özəl biznesi var. Qızı Solmazın (Erika) 36, böyük oğlu Cəmilin 29, ikinci oğlu Aydının isə 19 yaşı var. Solmaz bir neçə ildir ki, ailə qurub. Cəmil Texas Universitetini bitirib, neft şirkətində çalışır. Aydın isə tələbədir, Baylor Universitetində oxuyur…

Halimilər ailəsi Hyustonda məskunlaşandan sonra Leyla xanım bir müddət heç yerdə işləməyib, təhsilini Amerikada davam etdirməyə hazırlaşıb. 2002-ci ildə Hyustonda "HBU" universitetinə daxil olub, 2004-cü ildə oranı kurikulum və tədris üzrə magistr dərəcəsi ilə bitirib. 2004-cü ildən indiyədək Hyustonun ən qabaqcıl məktəblərindən birində müəllim işləyir. 2013-cü ildə "ESL" üzrə "Hyustonun ən yaxşı müəllimi" seçilib…

…Anası Xalidə xanım Əlizadə geologiya elmləri namizədidir. Uzun illər Geologiya Elmi Tədqiqat İnstitutunda işləyib. Qardaşı Azər Məmmədov SOCAR-ın Gürcüstan nümayəndəliyində çalışır…

Leyla xanım deyir: "Baxmayaraq üstündən xeyli zaman keçib, atamı itirəndən sonra özümü hələ də gücsüz hesab edirəm. Elə bil, ürəyimi açmağa bir kimsə yoxdur. O, məni daha çox anlayır, daha dolğun məsləhətlər verirdi"…

…Bütün analar kimi onun da arzuları övladları ilə bağlıdır. Amma ən böyük arzusu Qarabağın tezliklə geri qaytarılmasıdır. Axı mərhum atası Vəli Məmmədov Qarabağda şəhid olub…

"Amerikaya gəlmək istəyənlərə nə tövsiyələriniz var?"- deyə, soruşanda,- "Demirəm ki, gəlməsinlər, amma bir şeyi unutmasınlar ki, hansısa uğura nail olmaq üçün çox çalışmalı olacaqlar. Elə düşünməsinlər ki, burada yaşamaq asandır. Ömür boyu işləməlisən, daim inkişafda olmalısan"- söylədi…

…Uzun müddət ABŞ-da yaşadığına baxmayaraq hələ də Azərbaycan dilini mükəmməl bilir. Danışdıqca səsi anası Xalidə xanımı xatırladırdı. Xəyalən məni "Millətin Vəlisi" sənədli filmini çəkildiyimiz vaxtlara aparırdı. 

Çəkiliş zamanı Xalidə xanım təmkini, kübarlığı, mədəniyyəti ilə bizi heyran etmişdi. O, yalnız bizim deyil, çox insanların rəğbətini qazanıb, sevilən, hörmət edilən əsilzadə xanımlardandır…

Beləcə, bir mehriban, zərif, gülərüz, əzmkar xanım haqqında da söhbətim başa çatır. Bəli, o, bizim ehtiramla yad etdiyimiz Vəli Məmmədovun Amerikada yaşayan yadigarı Leyla Məmmədova- Halimidir…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi