Modern.az

Xocalı qurbanları yeni təşkilat YARADIR  

Xocalı qurbanları yeni təşkilat YARADIR   

Aktual

26 Fevral 2019, 08:52

“Xocalı soyqırımından zərər çəkmiş şəhid anaları, xanımları, onların övladlarının təşəbbüsü və iştirakı ilə yeni bir təşkilat yaradılacaq”.

Bu barədə Modern.az-a Xocalı hadisələrinin şahidi, bu hadisələrdə hər iki valideynini itirmiş Əfsanə Ələkbərova  məlumat verib. O qeyd edib ki, təşkilatın yaradılması ideyası uzun müddətdir müzakirə olunsa da, təşəbbüsçülərin şəxsi problemləri səbəbindən reallaşdırılması gecikir:

“Düşünürəm ki, artıq çox məsələlər yoluna qoyulub  və yaxın zamanlarda təşkilatın yaradılması qanuni formada təsdiqini tapacaqdır.

Fevral ayının 23-də Xocalıda hər iki valideynini itirən “25-lər” Bakıda Bosniyadan gəlmiş “Srebrenitsa anaları” ilə görüşdü. Bu görüşdən sonra bizdə daha da stimul yarandı. O anaların faciələrini dünyaya tanıtmaq uğrunda əzmli mübarizəsi bizi heyran etdi. Onlar bizə həm yol göstərdilər, həm də dəstək oldular. Bundan sonra biz təşkilatın yaradılması ilə bağlı daha fəal addımlar atmağa qərar verdik”.

Ə.Ələkbərova diqqətə çatdırıb ki, yeni yaradılacaq təşkilatın əsas fəaliyyəti xarici ölkələrdə Xocalı faciəsinin soyqırımı kimi qəbul edilməsinə çalışmaq olacaq:

“Xocalıda hər iki valideynini itirən 25 nəfərin çəkdiyi ağrı-acıların dünya birliyi önündə qaldırılması, faciəyə hüquqi qiymət verilməsi, soyqırımını törədən qatillərin layiqli cəzalandırılmasına nail olmaq üçün yeni təşkilatın daxilində əlimizdən gələni edəcəyik.

“Srebrenitsa anaları” Bakıya cəmi 5 nəfər gəlmişdi. Biz onlardan təşkilatlarında neçə nəfərin təmsil olunduğunu soruşduq. Nə qədər təəccüblü olsa da, təxmini 8 min üzvləri olduğunu dedilər. Ümid edirik ki, Xocalı, Qarabağ qadınlarının yaradacağı təşkilat da özünü doğruldacaq və üzvlərinin sayı artacaq. Əsas hədəfimiz qeyd etdiyim kimi, Xocalı faciəsinə hüquqi qiymət verilməsinə nail olmaqdır”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı