Modern.az

“Vikipediya”dakı Xocalı məlumatlarının redaktəyə ehtiyacı var  

“Vikipediya”dakı Xocalı məlumatlarının redaktəyə ehtiyacı var   

Aktual

26 Fevral 2019, 08:59

İnternetdə Xocalı soyqırımı haqqında axtarış etdikdə ilk olaraq qarşımıza elektron məlumat bazası “Vikipediya”da yerləşdirilən məqalə çıxır. Bir neçə kiçik məqalədən ibarət olan geniş “Vikipediya” yazısında qeyd olunan məqamlardan bəziləri isə birmənalı qarşılanmır. İstifadəçilər xarici mənbələrdən istifadə edilərək, tərcümə şəklində yerləşdirilmiş məqalələrdə düzəlişə ehtiyac olduğunu, məlumatların soyqırımı haqqında reallığı əks etdirmədiyini iddia edirlər.

Geniş məqalənin Xocalı soyqırımı başlıqlı hissəsində mübahisələrə səbəb olan fikir budur:

“Ermənistanın Qarabağla quru əlaqəsi yalnız vertolyotlar ilə daxil olunan Laçın dəhlizi idi. Bölgənin tək hava limanı paytaxt Xankəndindən yeddi km (4.3 mil) yerləşən təxminən əhalisi 6,000-10,000 olan Xocalı şəhəri idi. Bundan əlavə, Xocalı Qrad raketlərinin artilleriya bazası kimi xidmət etmişdir: Xankəndidə ermənilərin yaşadığı multi-mərtəbəli binalara 400 Qrad raketləri atılmışdır. Fevralın sonunda, erməni qüvvələri qarşıdakı hücum barədə xəbərdarlıq etdilər və Azərbaycana Xocalıda atəşin dayandırması üçün ultimatum vermişdi”.

Bundan əlavə, “Xocalıya hücum” başlıqlı hissədə isə bunlar yazılıb:

““Memorial” İnsan Hüquqları Mərkəzinin 25-26 fevral 1992-ci il tarixdə Xocalı yaşayış məntəqəsinin işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı hesabatında qeyd olunur ki, hücuma qədər Xocalıda şəhərin bir neçə yüz müdafiəçisi də daxil olmaqla 2-4 min əhali yaşayırdı. Xocalını könüllü müdafiə qüvvələri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis xüsusi təyinatlıları və Azərbaycan milli ordusunun əsgərləri qoruyurdu. Hər iki tərəfdən alınan məlumata görə şəhərdə üç ədəd zirehli texnika, həmçinin “Alazan” raket qurğusu yerləşirdi. Xocalıya hücum edən şəxslər və Dağlıq Qarabağ "rəsmiləri" Xocalıda həmçinin iki ədəd "Qrad" tipli reaktiv atəş sisteminin olduğunu söyləyirlər”.


Göründüyü kimi, bu məqalələrdən belə anlaşılır ki, həmin dövrdə Xocalı şəhərini Milli Ordunun əsgərləri qoruyublar və orada Azərbaycan tərəfinə məxsus olan silah-sursat, zirehli texnika mövcud olub.

Reallığı əks etdirməyən bu məlumatlarla bağlı AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin könüllüsü Firuzə Nəsibli qeyd etdi ki, yuxarıda adı çəkilən hissələr könüllülər tərəfindən əlavə edilməyib:


“Qeyd etdiyiniz hissələr Xocalı soyqırımı və Xocalıya hücum məqaləsi ilə bağlıdır. Biz isə sadəcə "Xocalı soyqırımının tanınması" məqaləsi üzərində işləmişik. Həmin məqaləni yunan, ispan, fars və Ukrayna dillərində yerləşdirmişik. Sırf Xocalı soyqırımı məqaləsi mühafizə olunur. İstifadəçilər, könüllülər deyil, yalnız idarəçi şəxslər həmin məqaləyə redaktələr edə bilərlər. Çox güman ki, həmin məqaləyə çoxlu müdaxilələr olub, ona görə qorunma altına alınıb. İdarəçilərlə əlaqə saxlayaraq, bu barədə narahatlığı çatdırmaq olar”.

Firuzə Nəsibli onu da vurğuladı ki, “Vikipediya” azad məkan olduğundan məlumatların əksini sübut edən arqumentlərin yer aldığı mötəbər mənbələr tapdıqdan sonra dəyişiklik etmək olar:


“Dediyim kimi, istinadlarla göstərilən bu hissələrdə düzəlişlər etmək üçün idarəçilərə müraciət etmək lazımdır”.

Məsələnin ciddiliyini nəzərə alıb, “Vikipediya”nın Azərbaycan versiyasının idaərçilərindən biri olan Tərxan Paşazadə ilə də əlaqə saxladıq. O bildirdi ki, Xocalı soyqırımı haqqında məlumat bir gün ərzində və bir istifadəçi tərəfindən yığılmayıb:

“Müvafiq məqalə “AzVikipedia”da 16 aprel 2006‎-cı ildə yaradılıb. Həmin vaxtdan indiyə kimi məqalə üzərində 200-dən çox istifadəçi işləyib və 1000 dəfədən çox redaktə edilib. Hər bir istifadəçi də fərdi şəkildə fəaliyyət göstərib. Kimisə hansısa dövlət qurumundan bu mövzuda rəsmi şəkildə məsləhət alıb-almaması barədə əlimdə dəqiq məlumat yoxdur. Lakin məqalədəki istinadlara baxdıqda dövlət qurumlarına aid çox sayda mənbənin olduğunu görmək olar.

Bundan başqa qeyd edim ki, “AzViki”də "Xocalı soyqırımı" adlı kateqoriya var ki, həmin kateqoriya tərkibində mövzu ilə əlaqəli başqa məqalələri də görmək olar.

Yuxarıda qeyd etdiyiniz hissə istifadəçilərdən biri tərəfindən məqaləyə yerləşdirilib. İstinad olunan mənbə də kifayət qədər etibarlı mənbə hesab olunur”.

Xocalı soyqırımı ilə bağlı “Vikipediya”da yerləşdirilən məlumatın xüsusi qorunmasına gəlincə, T. Paşazadə səbəblərini izah edib:

“Həmin məqalənin qorunmasının əsas səbəbi müxtəlif istifadəçilər tərəfindən məqalə adının dəfələrlə dəyişdirilməsinə cəhd edilməsidir. Belə ki, onlar soyqırımı sözünü faciə və ya qətliam ilə əvəz etməkdə maraqlıdırlar. Məqalədə kiminsə dəyişiklik təklifi olarsa, müzakirə səhifəsində yaza bilər. İdarəçilər məqaləni sadəcə qərəzli redaktələrdən qorumaq üçün mühafizə ediblər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?