Modern.az

Sabiq deputatlar haradadırlar? (IV yazı)

Sabiq deputatlar haradadırlar? (IV yazı)

9 Dekabr 2011, 12:10

Noyabrın 7-də dördüncü çağırış Milli Məclisə seçkilərin 1 ili tamam oldu. Son parlament seçkisindən sonra üçüncü çağırış Milli Məclisin üzvləri olmuş 38 nəfər deputat mandatı ilə vidalaşmalı oldu. 

Modern.az saytının əməkdaşı 2005-2010-cu illərdə deputat olmuş sabiqləri axtarıb, hal-əhval tutur.

Qeyd edək ki, dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinin 65 yaş müəyyənləşdirilməsi bəzi sabiq deputatların yeni işlə təmin olunması məsələsini xeyli çətinləşdirib. Çünki sabiqlərdən bəziləri dövlət orqanlarında rəsmi vəzifəyə təyinat alacaqlarını gözləyirdilər. Amma onların yaş həddi artıq bunu əngəlləyir.

Modern.az saytı sabiq deputatların bir neçəsi ilə əlaqə saxlayaraq hazırda onların hansı işlə məşğul olduqlarını öyrənməyə çalışıb.

111 saylı Zaqatala - Balakən seçki dairəsinin sabiq deputatı Dünyamin Xəlilov saytımıza bildirib ki, bir ilə yaxındır ki, qeyr-rəsmi işdə - “Şəki mədəniyyət irsinin qorunmasına dəstək” İctimai Birliyin sədri vəzifəsində çalışır.
“Milli Məclisin fəaliyyətini izləyirsinizmi” sualına keçmiş millət vəkilinin cavabı belə olub: “Əlbəttə izləyirəm, orada keçmiş həmkarlarım var, onlarla da əlaqəm var, həm televiziya vasitəsilə, həm də Modern.az saytı vasitəsilə 4-cü çağırış  Milli Məclisin fəaliyyətini izləyirəm”.

85 saylı Şamaxı seçki dairəsinin sabiq deputatı Maqsud İbrahimbəyovun suallarımıza cavabı çox qısa olub. “İnciməyin, mən indiyə kimi telefonla heç bir media orqanına məlumat verməmişəm, sağ olun”.

121 saylı Laçın seçki dairəsinin sabiq deputatı  Sevindik Hətəmov bildirib ki, Yeni Azərbaycan Partiyasının (YAP) Laçın rayon təşkilatının sədridir.
“Milli Məclisin fəaliyyətini izləyirsinizmi” sualını keçmiş deputat belə cavablandırıb: “Milli Məclis elə bir qurumdur ki, onun fəliyyəti hər zaman izlənilir. Təbii ki, mən də parlamentin fəaliyyətini izləyirəm”.

95 saylı Tərtər seçki dairəsinin sabiq deputatı Aynur Quliyeva bildirib ki, hələki ona heç bir rəsmi iş təklif olunmayıb: “Evdəyəm, uşaqlarımın tərbiyəsi ilə məşğulam. Boş vaxtım olanda mütaliə edirəm, media vasitəsi ilə ölkədə baş verən ictimai-siyasi hadisələri izləyirəm”.
“Milli Məclisin fəaliyyətini izləyirsinizmi” sualını keçmiş deputat belə cavablandırıb: “Dördüncü çağırış Milli Məclisin fəaliyyətini daha çox qəzet və internet mediası vasitəsilə izləyirəm. Həm keçmiş deputat həmkarlarımla əlaqəm var, həm də jurnalist həmkarlarımla əlaqə saxlayıram”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?