Modern.az

“Separatçı çağırışlar edənlərin sonu bax, Fəxrəddin Abbasov kimi olur” - DEPUTATLAR  

“Separatçı çağırışlar edənlərin sonu bax, Fəxrəddin Abbasov kimi olur” - DEPUTATLAR   

Parlament

1 Mart 2019, 18:20

Azərbayacana qarşı separatçılıq edən Fəxrəddin Abbasov 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında hüquq- mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.

 

Hazırda onun Ermənistana səfərləri, özünün də bildirməsinə görə Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistanda keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir.

 

Məsələ ilə bağlı Milli Məclisin deputatları fikirlərini Modern.az-a bölüşüblər.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirib ki, Fəxrəddin Abbasov uzun illərdir ölkəmizin ərazi bütövlüyü əleyhinə, dövlət rəhbərinə qarşı hədyan və təhqir dolu çıxışlar etməklə məşğul olurdu:

“Sirr deyildi ki, o və ətrafındakı dəstə xaricdəki xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetırirdilər. Kimliyindən asılı olmayaraq dövlət əleyhinə yönələn, milli, irqi nifrət və düşmənçiliyin salınması çağırışları edən, separatçılıqla məşğul olanlar mütləq qanun qarşısında cavab verməlidir. Azərbaycan dövlətinin və xalqının çörəyini yeyən insanın başqa ölkələrdə dövlətimizə qarşı mənfi fikirlər yaratmaq istəyi utancvericidir. Fəxrəddin Abbasovun hazırkı durumu onun törətdiyi əməllərə görə aldığı cəzadır. Belələri həm qanun qarşısında, həm də Allah qarşısında cavab verəcək".

 

Deputat qeyd edib ki, xalqına üz çevirən bütün insanların aqibəti o sepratçının aqibəti kimi olacaq:

"Azərbaycanın apardığı daxili və xarici siyasəti xalqımız dəstəkləyir. Azərbaycan bu gün dünya ölkələri arasında öz sözünü deyənlərdən biridir. Ancaq bəzi qüvvələr Azərbaycanın uğurlarına sevinmək əvəzinə, onlara kölgə salmaq istəyirlər. Xaricdə oturub, başqa ölkələrin süfrəsinin qırıntılarını yeyənlərin və separatçı çağırışlar edənlərin sonu bax, belə olur. Fəxrəddin Abbasovun həbsindən qoy başqaları da dərs götürsün".

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib ki, Fəxrəddin Abbasovun həbsi gözlənilən idi.

 

“Çünki o  əməlləri ilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparırdı. Etdiyi əməllərə görə də hüquq müstəvisində cavab verməli idi. O, Azərbaycanda milli münaqişə qaratmaq, ölkəmizin unikal dövlətçiliyinə zərbə vurmaq kimi əməllərlə məşğul idi. Mən tamamilə əminəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları obyektiv olaraq bu araşdırmaları aparacaq və o özünün layiqli cəzasını alacaq”.

 

Deputat Avropa ölkələrindən Azərbaycan dövlətinə və hakimiyyətinə qarşı qarayaxma kampaniyası aparanlara da səslənib:

“Onlar öz cəzalarını alacaqlar. Mən buna şübhə etmirəm. Növbə onlara da çatacaq. Onlar milli dəyərlərimizə, əxlaqımıza uyğun olmayan tərbiyyəsiz hərəkətlər etməklə, böhtan və şər atmaqla məşğuldurlar. Azərbaycan xalqının pis görkəmini formalaşıdırblar. Bu Azərbaycana və xalqımıza qarşı böyük  təhqir, təxribatdır.  Azərbaycan xalqı dünyaya yüksək mədəniyyətə, savada sahib olan mədəniyyət xadimlərini, şairləri, idmançıları, dövlət xadimlərini bəxş edib. Bizim bəşəriyyətə vermiş olduğumuz yüksək dəyərlər var. Xalqımız ölkəmizə qarşı qarayaxma kampaniyası aparanları lənətləyir və onların hərəkətlərini qəbul etmir. Hətta onların ailələri belə onların etdikləri hərəkətlərdən xəcalət çəkirlər. Hesab edirəm ki, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən onların da bu əməllərinə hüquqi qiymət veriləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?