Modern.az

Gəlin onu hamılıqla qoruyaq!” - Vahid Mustafayev Cəfər Cabbarlının evini müdafiəyə çağırdı

“Gəlin onu hamılıqla qoruyaq!” - Vahid Mustafayev Cəfər Cabbarlının evini müdafiəyə çağırdı

4 Mart 2019, 10:47

"Azərbaycanın dahi mədəniyyət və ictimai xadimi Cəfər Cabbarlının ev muzeyinin dağıdılması və yerində yeni tikilinin inşası məsələsi tədricən şərti azərbaycanlılarla şərti anti-azərbaycanlılar arasında olan mübahisələrə çevrilməkdədir".

Bu fikirlər ANS Şirkətlər Qrupunun prezidenti, tanınmış rejissor Vahid Mustafayevə məxsusdur. Modern.az xəbər verir ki, İstiPress onun "Facebook" sosial şəbəkəsində yazdığı statusu təqdim edib. 

"Düşünürəm ki, bu küfrü etmək istəyən azərbaycanlı 2019-cu ildə Cəfər Cabbarlının ev muzeyini dağıtmaq yox, öz mənəvi və maddi axtarışlarının uğursuz nəticələrini dağıtmaq istəyir və bu hekayənin ən dramatik epiloqu ola bilər… hekayənin proloqu isə 1979-cu ildə rəhmətlik Heydər Əliyevin təşəbbüsü ilə Cəfər Cabbarlının Ev Muzeyi istifadəyə veriləndə yazılmışdı. Düz 40 il bundan əvvəl!

Bu arada Cəfər Cabbarlını “sovet şairi” adlandıranlar da tapıldı, kommunist adlandıranlar da… Maraqlıdır, bizim millətin Cəfər Cabbarlı kimi neçə ali xadimi var ki, onları, heyfi gəlmədən belə, səviyyəsiz ictimai müzakirələrə çıxardırlar və bunun qiyməti nədir - bir dənə “novostroyka”? Ola bilməz! Axı Cəfər Cabbarlı kimi dahi insanlar hər bir xalqa Allah tərəfindən çox nadir hallarda sovqat edilir və hər bir toplu bu kimi görkəmli şəxsiyyətləri göz bəbəyi kimi qorumalıdır. Onu kommunist adlandıranlara bir ismarışım var – unutmayın ki, Qızıl Ordu Bakıya daxil olanda Məhəmməd Əmin Rəsulzadəni Bakıdan çıxarıb Lahıcda gizlətmək planının iştirakçılarından və icraçılardan biri məhz Cəfər Cabbarlı olmuşdu.


Cəfər Cabbarlının ev muzeyi və ya Mikayıl Müşfiqin heykəlinin, ümimiyyətlə digər monumental mübarizə təzahürlərinə qarşı alternativ olaraq yenidən düşünmə və milli özünüdərketmə prinsiplərinə qayıtmağı təklif edirəm. Yeni “binalar” inşa etmək üçün mövcud nailiyyətləri ləğv edib şəhərin toponimikasını dəyişmək lazım deyil. Azərbaycan tarixinin, şükür Allaha ki, bizim iştirakımız olmadan, inşa etdiyi simvolik məkanda yaşamaqla inkişaf etmək kifayətdir – üzr istəyirəm ki, bunları sizə yazıram, amma bütün sivil və inkişaf etməkdə olan dünya belə yaşayır. Uilyams Şekspirdən tutmuş, Valter Skottun ev muzeyinədək ziyarət etmişəm, nə qədər maraqlı faktlarla tanış olmuşam… yazıçıların məişəti, yaşayış şəraiti, yazı masasının yerləşdiyi məkan, yazı alətləri və mənim üçün ən əsası - qarşısındakı pəncərə... Neçə fəsillər təsvir olunub bu aynada, neçə talelər canlanıb, günəşlə sevinib və ay işığında kədərlənib… Bunlar, Böyük Britaniyanın muzeylərinə səyahət turlarının əsas proqramındadır. Xalqlar öz dahiləri ilə fəxr edir və onları digər millətlərə göstərməklə özünə hörmət qazanır. Məhz bu səbəbdən ser Valter Skottun evini söküb yerində “novostroyka” tikmək heç kimin ağlına belə gəlməz. Qohumlarının ağlına gəlsə belə - buna Dövlət izn verməz! Dahilər ayrı-ayrı ailələrin yox, Millətin, Dövlətin sərvətidir. Yaxşı olardı ki, Azərbaycana gələn ərəb turistlərinin proqramlarına “İnfiniti” kimi gecə klublarından əlavə Üzeyir bəy Hacıbəyli və Cəfər Cabbarlının ev muzeylərinə səyahət daxil olunsun. Onsuz da “İnfiniti”yə gecə gedirlər, muzeylərimiz isə gündüz işləyir – hələ arada yatıb yuxularını almağa vaxtları da çatar.

Artıq hətta Azərbaycanda hamıya aydın olmalı idi ki, insanın ayaqları olmasa, o, irəliyə addımlaya bilməz və ya ağacın kökləri olmasa, o inkişaf edə bilməz və ayaqlarla kökləri dağıdandan sonra onları sonra pulla almaq olmaz.

Köklərin nə olduğunu ümumiyyətlə dərk etməyən yeni asfalt və ya liftdən çıxan tumurcuqlar etiraz edə bilərlər ki, axı ayaqsız da addımlamaq mümkündür, bunun üçün Almaniya gözəl protezlər istehsal edir…

Düzdür, bu gözəl protezləri Almaniya istehsal edir, “Mercedes Benz” buraxan ölkə və bu protezlər hər hansı bir fəlakət və ya faciə nəticəsində ayaqlarını itirmişlər üçündür, daha sağ-salamat əza üçün yox.

Kök olmaq iddiası ilə yaşayan hər hansı tumurcuq baltaya əl atarsa, arzusuna çatıb rahatlanmağa başlayanda və əli artıq balta tuta bilməyəndə həmin balta bir başqasının əlinə keçəcək və onun tumurköklərini kəsəcək ki, artıq tumurkökü özü olsun. Mən yeni tumurköklərin yaranmasının əleyhinə deyiləm, lakin mən onların kiminsə evini yıxaraq kök salmaqlarının tərəfdarı deyiləm. Nə boyda ölkəmiz var – Bakidan Kurdəmirə qədər və ya Salyana qədər və s. boş torpaqlardır – buraxın kökünüzü oralarda.

Mənəviyyəti olan adam Yorku dağıtmır, New York (Yeni York) yaradır. Yalnız yaramaz və bivec insan digərlərinin zəhmətinə laqeyd ola bilər və onu öz tumur nəfsi və paxıllığı naminə dağıtmağa cəhd edə bilər və ya dağıdar. Bu tumur cahilliyinin qarşısını zorla almaq mümkün deyil ona görə ki, o özü zorun yekəsidir və artıq onun adı legiondur. Bəs neyləyək? Varmı Zordan daha böyük qüvvə? Bəli, var və onun adı mənəviyyatdır, mədəniyyətin işığıdır… Nizamidən Cabbarlıya çatan alov və Cabbarlıdan Vahabzadəyə qədər qorunan od bu günümüzə incə parıltı şəkilində gəlib çatıb. Hardadır o? Nizami Gəncəvinin məqbərəsində, Cəfər Cabbarlının, Bəxtiyar Vahabzadə və digər görkəmli mədəniyyət xadimlərimizin ev muzeylərində. Məhz bu səbəbdən onlara dəymək olmaz!

Köklərə qayıdarkən… Mənim babam Əliməmməd Mustafayev Cəfər Cabbarlının müəllimi olub və hər zaman deyərdi ki, Cəfər böyük Azərbaycanın müasir ədəbiyyatının binövrəsidir və onun üzərində möhkəm bir ev inşa olunacaq… Mən Vahid Mustafayev və bütün bizim nəslimiz o kişinin evinin yıxılmasının əleyhinəyik. Gəlin onu hamılıqla qoruyaq, yoxsa bir gün gələcək və sizin də evinizi kimsə yıxacaq.

Fürsətdən istifadə edib 1979-cu ildə şəxsi təşəbbüsü ilə Cəfər Cabbarlının Ev Muzeyini təmir edib istifadəyə verdiyinə görə rəhmətlik Heydər Əliyevə və 2019-cu ildə bu muzeyin dağıdılmasına qarşı çıxan Haqqın.az redaksiyası, yazıçı Çingiz Abdullayevə, Memarlıq və Şəhərsalma Dövlət Komitəsinin əməkdaşlarına və müdafiyə qalxan hər bir qardaş-bacımıza vətəndaş mövqeyinə görə təşəkkür edirəm!”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı