Modern.az

Cocuq-Mərcanlıdakı toya tanınmışlar da gəlmişdi  

Cocuq-Mərcanlıdakı toya tanınmışlar da gəlmişdi   

4 Mart 2019, 12:20

“Əmim qızının toyu idi. İlk dəfə idi ki, Cocuq-Mərcanlı kəndi bu böyüklükdə toy görürdü. İnsanlarımız o qədər sevincli idi ki! 25 il olardı ki, bu yerlərdə toy çadırları qurulmurdu”.

Bunu Modern.az-a açıqlamasında 25 ildən sonra Cocuq-Mərcanlıda toyları olan Həziyeva Aynurə və Fərhadov Akifin toy mərasimindən danışan Zamin Həziyev  deyib.


Zamin Həziyev əmisi qızının toyunda  bir neçə tanınmış şəxsin  iştirak etdiyini də bildirib.


“25 ildən sonra Cəbrayılın işğaldan azad olunmuş Cocuq-Mərcanlı kəndində çalınan toya rəhbər şəxslər də qatılmışdı. Belə ki, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bütün kollektivlə toya qatılmışdı. Həmçinin, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da, korpus komandiri Mais Bərxudarov da toyda iştirak edirdi”.

Zamin Həziyev toy mərasimini daha da şənləndirən musiqiçilərdən də danışıb:

“Bəziləri elə bilir ki, toyda müğənni olmayıb. Müğənnisiz toy olarmı?! Məclisi Vüsal Zamanov öz ansamblı ilə idarə edirdi. Vüsal Zamanov tanınmış muğam ifaçısıdır. Özü də Cəbrayıl rayonundandır. Muğam televiziya müsabiqəsinin iştirakçılarından olub”.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə düşmən tərəfindən işğal edilsə də, bir il sonra, yanvarın 6-da uğurlu Horadiz əməliyyatı nəticəsində azad olunub. Lakin yaxınlıqdakı Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan burada yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin “Aprel döyüşləri”ndə Lələtəpə yüksəkliyinin azad olunması bu təhlükəni aradan qaldırdı. Prezident İlham Əliyevin sərəncamları ilə Cocuq Mərcanlıda birinci mərhələdə 50 evin, məktəb binasının, məscidin, elektrik yarımstansiyasının tikintisi həyata keçirilib, qaz, elektrik, rabitə, içməli su xətləri, uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.

Kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 ev, uşaq bağçası, tibb məntəqəsi, poçt, klub-icma mərkəzi üçün binalar və digər zəruri infrastruktur obyektləri, “Qayıdış” parkı inşa edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi